Month: March 2026

  • Güləşçimiz erməni rəqibinə qalib gəlib medal qazandı

    Serbiyanın Zrenyanin şəhərində güləş üzrə keçirilən U-23 Avropa çempionatı zamanı Azərbaycan təmsilçisi Musa Ağayev (65 kq) erməni rəqibi Arman Musikyanı məğlub edib.

    Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

    Bildirilib ki, o, 6:4 hesabıyla qalib gələrək bürünc medal qazanıb.

  • Türkiyə parlamentində İranla bağlı İCLAS

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında ABŞ və İsrailin İrana qarşı hücumları, eləcə də regiondakı son vəziyyət qapalı iclasda müzakirə olunub.

    Median.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, təxminən dörd saat davam edən iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Güler deputatları məlumatlandırıblar.

    İclas parlamentin sədri Numan Kurtulmuşun rəhbərliyi ilə keçirilib və regiondakı hadisələr geniş şəkildə müzakirə edilib.

    Məlumatlandırmadan sonra parlamentdə təmsil olunan siyasi partiyaların qrup nümayəndələri və fraksiyası olmayan partiyalardan iki deputat çıxış edərək mövqelərini bildiriblər.

    Qapalı iclasdan sonra parlament sədrinin müavini Pervin Buldan növbəti iclasın sabah saat 14:00-da keçiriləcəyini elan edib.

  • Sarqsyanın ailəsində növbəti həbs: Eks-prezidentin qardaşı axtarışa verildi

    Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyan barəsində həbs qətimkan tədbiri seçilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    Məlumata görə, xəbəri Antikorrupsiya Məhkəməsinin sözçüsü Armine Novruzyan da təsdiqləyib. Onun sözlərinə görə, istintaq idarəsi Aleksandr Sarqsyanın həbs olunması ilə bağlı vəsatəti fevralın 24-də məhkəməyə təqdim edib. Hakim Sarkis Petrosyan isə vəsatəti təmin edib.

    Bildirilib ki, müraciətə baxılan zaman təqsirləndirilən şəxsin olduğu yer məlum olmadığından onun istintaqdan yayınmasının qarşısını almaq məqsədilə barəsində həbs qərarı çıxarılıb.

    Qeyd olunub ki, Aleksandr Sarqsyan aşkar edilərək Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilərsə, ona qarşı seçilmiş həbs qətimkan tədbiri məsələsinə yenidən baxıla bilər.

    Xatırladaq ki, bu, Sarqsyan ailəsinə qarşı irəli sürülən ilk hüquqi iddia deyil. Serj Sarqsyan hakimiyyətdən getdikdən sonra həm özü, həm də qardaşı Levon və qardaşı oğlu Narek dövlət vəsaitlərini mənimsəmə, qanunsuz varlanma və saxta sənədlərdən istifadə kimi müxtəlif ağır cinayət ittihamları ilə hüquqi məsuliyyətə cəlb olunublar.

    Ermənistan

    Aleksandr Sarkisyan

    Həbs qətimkan tədbiri

  • “Sabah” öz meydanında böyükhesablı qələbə qazandı

    Futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

    Son oyun günündə bir qarşılaşma keçirilib. Lider “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş ev sahiblərinin 7:1 hesablı qələbəsi ilə bitib.

    Bu nəticədən sonra xallarını 56-ya çatdıran “Sabah” turnir cədvəlində liderliyini möhkəmlədib. 16 xalı olan “Qəbələ” isə 11-ci sırada qərarlaşıb.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli” ilə qolsuz, “Karvan-Yevlax” “Sumqayıt”la 1:1, “Zirə” “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” “Araz-Naxçıvan”ı 6, “Turan Tovuz” isə “Neftçi”ni 1 cavabsız qolla üstələyib.

  • SEPAH-ın polkovniki öldürüldü

    İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli hərbçisi öldürülüb.

    Median.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, polkovnik Məcid Kaşefi İsrail və ABŞ-nin hava zərbələri nəticəsində məhv edilib.

    Qeyd edilir ki, Kaşefi pilotsuz uçuş aparatının nəqliyyat vasitəsinə hücumu zamanı ölüb.

  • “Qarabağ”ın futbolçusu Kolumbiya millisində – İlk dəfə

    “Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

    24 yaşlı futbolçu martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub.

    İndiyədək milli komandaya dəvət olunmayan Duran “Qarabağ”ın heyətində bu mövsümki çıxışından sonra Kolumbiya yığmasına çağırılıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-ın Orlando şəhərində baş tutacaq.

    Qeyd edək ki, Kamilo 2025-ci ilin avqustunda “Qarabağ”a keçib.

  • Cəlilabadda üzərində xəsarət izi olan yeniyetmə meyiti tapılıb

    Cəlilabad rayonunda üzərində xəsarət izi olan yeniyetmə meyiti aşkarlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.

    Tapılan meyitin kənd sakini, 14 yaşlı Mirkamal Mirqafur oğlu Abdulhüseynliyə məxsus olduğu məlum olub.

    İlkin məlumata əsasən, mərhumun ürək nahiyəsində xəsarət izi aşkar olunub.

    Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində baş verdiyi hələlik məlum deyil.

    Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Üç saat ərzində daha 5 nəfər İrandan Azərbaycana təxliyə olundu

    İrandan saat 16:00-19:00 aralığında daha 5 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

    “Report” xəbər verir ki, təxliyə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

    Onların 2-si Azərbaycan, 3-ü isə Hindistan vətəndaşıdır.

  • Türkiyənin Baş Ombudsmanı Azərbaycanın səfiri ilə görüşdü

    Türkiyənin İnsan hüquqları üzrə müvəkkili, Baş Ombudsman Mehmet Akarca Azərbaycanın bu ölkədəki səfirliyində olub.

    Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X”dəki hesabında yazıb.

    Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

  • Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib

    Avropada daha bir NATO üzvü olan dövlət məcburi hərbi xidmət sisteminə geri dönüb.

    Bu barədə UNIAN agentliyi məlumat yayıb.

    Məlumata görə, Xorvatiya 17 illik fasilədən sonra hərbi çağırışı yenidən bərpa edib. İlkin mərhələdə 800 gəncin çağırılması planlaşdırılır ki, onların yarısı könüllülərdən, 10 faizi isə qadınlardan ibarət olacaq. Növbəti illərdə isə hər il təxminən 4 min gənc hərbi hazırlıqdan keçəcək. Zaqreb hökuməti bu addımını Avropadakı təhlükəsizlik mühiti və Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib.

    Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron 2025-ci ilin noyabr ayında verdiyi bəyanatda 2026-cı ilin yay mövsümündən etibarən ölkədə könüllü hərbi xidmət modelinin tətbiq ediləcəyini açıqlamışdı. Dövlət başçısı xüsusilə vurğulamışdı ki, çağırışçı gənclər Ukraynada gedən döyüşlərə göndərilməyəcəklər.

    Bundan əvvəl isə Almaniya silahlı qüvvələrdə hərbi çağırışı bərpa etmək qərarını açıqlamışdı. Bu təşəbbüs birbaşa NATO-nun strategiyasına və ehtimal olunan müharibəyə hazırlıq məqsədinə xidmət edir. Yeni qaydalara əsasən, gənclərin hərbi xidmətə yararlılıq səviyyəsi yoxlanılacaq və əgər könüllülərin sayı yetərli olmasa, əlavə çağırışçılar püşkatma yolu ilə seçiləcək. Almaniyanın müdafiə naziri vətəndaşlara müharibədə iştirak etməmək öhdəliyinin də təmin ediləcəyini vurğulayıb.