Month: March 2026

  • Regionda qanlı müharibə: hansı ölkədə neçə nəfər həlak olub? – RƏQƏMLƏR

    Yaxın Şərqdə davam edən müharibə nəticəsində müxtəlif ölkələrdə yüzlərlə insanın həyatını itirdiyi bildirilir.

    Median.Az müharibənin başlamasından indiyədək müxtəlif ölkələrdə həyatını itirən insanlarla bağlı məlumatları təqdim edir.

    İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ölkədə indiyədək azı 1 230 nəfər həlak olub. Ölənlər arasında ölkənin cənubundakı Minab şəhərində müharibənin ilk günü ibtidai məktəbə raket zərbəsi nəticəsində həyatını itirən 175 məktəbli və məktəb əməkdaşı da var. Məlumatda bu rəqəmə İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçilərinin daxil olub-olmadığı dəqiq göstərilmir.

    İran ordusu isə ayrıca olaraq bildirib ki, ötən həftə ABŞ-ın sualtı qayığının Şri-Lanka sahilləri yaxınlığında İran hərbi gəmisini batırması nəticəsində azı 104 nəfər ölüb. Bu itkilərin Qızıl Ayparanın ümumi statistikasına daxil edilmədiyi qeyd olunur.

    Livanın Səhiyyə Nazirliyi İsrailin zərbələri nəticəsində ölkədə azı 394 nəfərin, o cümlədən 83 uşağın öldüyünü açıqlayıb.

    İsrail ordusu isə Cənubi Livanda iki əsgərin öldüyünü bildirib. Bu, “Hizbullah”ın İranı dəstəkləyərək İsrailə hücum etməsindən sonra yenidən başlayan döyüşlərdə ilk hərbi itkilər sayılır. İsraildə həmçinin 11 mülki şəxsin öldüyü bildirilir. Onlardan 9 nəfəri martın 1-də Qüds yaxınlığındakı Beyt-Şemeş şəhərinə İran raket zərbəsi zamanı həyatını itirib.

    ABŞ ordusunun məlumatına görə, İran əleyhinə əməliyyatlar zamanı 7 amerikalı hərbçi həlak olub.
    İraqda polis və səhiyyə orqanlarının məlumatına əsasən azı 15 nəfər ölüb. Martın 5-də İranın dəstəklədiyi silahlı qrupları birləşdirən “İraqda İslam Müqaviməti” təşkilatının bir komandiri də avtomobilinə endirilən hava zərbəsi nəticəsində öldürülüb.

    Suriyada isə fevralın 28-də İran raketinin Süveyda şəhərində binaya düşməsi nəticəsində 4 nəfər həlak olub.

    Körfəz ölkələrində də itkilər qeydə alınıb. Küveyt 5, Birləşmiş Ərəb Əmirlikləri 4, Səudiyyə Ərəbistanı 2 nəfərin öldüyünü açıqlayıb. Bəhreyn və Oman isə hər biri 1 ölüm barədə məlumat verib.

  • İtkin düşən kişi axtarılır – FOTO

    Martın 8-də Nərimanov rayonu ərazisində altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

    Median.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

    Bildirilib ki, şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin (012) 566-02-15 və (012) 567-02-02 şəhər nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

  • Çərəz bazarında bahalaşma və durğunluq var (VİDEO)

    Novruz bayramı ərəfəsində çərəz bazarında qiymətlər artıb. Bəzi çərəzlərin  qiyməti 2 dəfə bahalaşıb.

    Hazırda bazarda ən bahalı quru meyvə püstədir.

    Püstə 50-55 manat, fındıq 28 manatadır.  Yerli püstəyə piştaxtalarda rast gəlinməsə də, xaricdən gətirilən məhsula tələbat var.

    Püstə ilə bərabər, bu il 100 faizlik bahalaşma fındıqda da müşahidə edilir. Satıcıların sözlərinə görə, qiymətlər son 10-15 gündür artıb. İrandan məhsul gətirilməsində çətinliklər yaşandığından bu bazara da təsir edib. Yerli məhsul isə bu il az olub.
    Digər quru meyvələrin qiymətlərində də artımlar var .

    Satıcıların sözlərinə görə, bayramla əlaqədar tələbatın artacağı gözlənilsə də bu il belə olmadı. Qarşıdakı günlərdə alıcılıq qabiliyyətinin artacağı gözlənilir.

    Xezerxeber.az-ın  mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

  • İranda bu şəxslərin əmlakları müsadirə ediləcək

    İran Baş Prokurorluğu ABŞ və İsraillə əməkdaşlıq etdiyi iddia edilən xaricdə yaşayan vətəndaşlarının bütün əmlaklarının ələ keçiriləcəyini açıqlayıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qərar Vaşinqton və Təl-Əvivin Tehrana qarşı başlatdığı müharibə fonunda düşmən hökumətlərin və ya qrupların xeyrinə hərəkət edən şəxsləri hədəfləyir.
    Qərarın əsas məqsədi “ölkənin təhlükəsizliyinə qarşı həyata keçirilən hər cür əməliyyat hərəkətlərini” dayandırmaq və cəzalandırmaqdır.

    Dövlət televiziyasının yaydığı məlumata görə, sanksiyalar 2025-ci ilin oktyabrında qüvvəyə minmiş İran İslam Cinayət Məcəlləsinə əsaslanır.
    “Sionist rejimi, ABŞ hökuməti və ya digər düşmən rejimlər adından hərəkət edənlərin bütün əmlakları müsadirə ediləcək və bu şəxslər edam cəzasına məhkum ediləcək”, – sənəddə bildirilir.

  • Ramazan ayının iyirminci gününün duası: İmsak və iftar vaxtı

    Martın 10-u Ramazan ayının iyirminci günüdür.

    Median.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 05:35, iftar vaxtı isə saat 18:56-dır.

    Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

    Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

    Ramazan ayının iyirminci gününün duası:

    “Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin”.

    Tərcüməsi:

    “İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah”.

    İftardan qabaq oxunan dua:

    İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

    Qeyd edək ki, sabah Ramazan ayının ikinci Qədr gecəsidir.
    Növbəti Qədr gecələri 12 və 16 mart tarixlərinə təsadüf edir.
    Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.

  • Türkiyədə Özgür Özel barəsində istintaq başladıldı

    Türkiyədə müxalif Cünhuriyyət Xalq Partiyasınının (CHP) sədri Özgür Özel barəsində istintaq başladılıb.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, CHP sədri məhkəmə heyətini təhqir etməkdə ittiham olunur.

    Qeyd olunub ki, araşdırma Mərmərə Həbsxana Kompleksində keçirilən məhkəmə prosesinin ilk iclasından sonra Ö.Özelin mətbuata verdiyi açıqlamalarla bağlıdır.

    Hadisə ilə bağlı hüquqi prosesin davam etdiyi bildirilib.

  • Azərbaycan XİN Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb

    Martın 9-da xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Qeyd olunub ki, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb, hərbi eskalasiya fonunda son hadisələrin yaratdığı risklər və onların regional sabitliyə təsirləri müzakirə edilib.

    Nazir Ceyhun Bayramov bu gün Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

    Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi qeyd edilərək, gərginliyin azaldılması və dialoq mühitinin təşviqi istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.

    Qarşıdurma zamanı qonşu ölkələrə qarşı hücumların və suveren dövlətlərin ərazi bütövlüyünə yönəlmiş hər hansı addımların qəbuledilməz olduğu xüsusi vurğulanıb.

    Azərbaycan-Türkiyə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib, bu çərçivədə iki ölkə arasında qarşılıqlı məsləhətləşmələrin və regional məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

    Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

  • Rəcəb Tayyib Ərdoğan: “Türkiyənin bütün qurumları yüksək hazırlıq vəziyyətindədir”

    “Türkiyənin bütün qurumları ölkənin İranla bağlı böhrana cəlb olunmasının qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətindədir”.

    Median.Az “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair məlumat verərkən bildirib.

    Onun sözlərinə görə, Türkiyə İrana öz ərazisini hədəf alan raket hücumlarının yolverilməzliyi barədə xəbərdarlıq edib.

    “Can Azərbaycan başda olmaqla, qardaş ölkələrlə həmrəylik içindəyik. Bölgədəki terror ünsürlərini də izləyirik. Bölgəmizin sakitliyinə və sabitliyinə zərbə vuracaq hər cür ssenarinin qarşısındayıq. Heç kim yanlış hesab aparmasın. Qardaşı qardaşa qırdırmaq tələsinə düşülməməlidir”, – deyə Ərdoğan əlavə edib.

  • İrandan Azərbaycana 2000-dən çox şəxs təxliyə olunub

    Fevralın 28-i saat 8:00-dan martın 9-u saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 2 057 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 362 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda 594 Çin, 291 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 29 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 15 Almaniya, 13 Gürcüstan, 12 Macarıstan, 12 Özbəkistan, 12 Polşa, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Nigeriya, 8 Braziliya, 9 Böyük Britaniya, 8 Qazaxıstan, 10 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 8 Kanada, 6 Belçika, 5 Serbiya, 5 Əfqanıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstriya, 6 Rumıniya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Küveyt, 4 Banqladeş, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Xorvatiya, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 Kipr vətəndaşı, 2 Sloveniya, 2 İsveç, 2 ABŞ, həmçinin hər birinin bir vətəndaşı olmaqla Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya və Misir vətəndaşları Azərbaycana təxliyə olunublar.

    Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.

    Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

    Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

    Rəcəb Tayyib Ərdoğan telefon zənginə və mövqeyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.