Month: Mart 2026

  • Şəkidə evdə partlayış – Xəsarət alanlar var – Video

    Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verib.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 320kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

    Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Partlayış dalğasının təsirindən evə ziyan dəyib, mətbəxdə təxminən 5kv.m. sahə yanıb.

    Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

    Partlayış zamanı 2 nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi

    Sosial şəbəkələrdə 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında telefondan istifadə etməsinə dair görüntülər yayılıb.

    “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, həmin sürücü ilə bağlı tədbir görülüb:

    “170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında kobud qayda pozuntularına yol verməsi barədə məlumat araşdırılıb. Sürücü P.Salehliyə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilir. Həmçinin sürücülər bu kimi halların yolverilməz olması barədə növbəti dəfə təlimatlandırılıb”.

  • 26 yaşlı oğlan ahıl qadına təcavüz edib? – Cinayət işi açıldı

    Daşkəsəndə 65 yaşlı qadın seksual xarakterli təcavüzə məruz qaldığını iddia edir.

    Rayon sakini M.M. 26 yaşlı şəxs tərəfindən təcavüzə məruz qaldığını, məhkəmə tibbi ekspertizasının zorlanma faktını təsdiq etdiyini deyib.

    O, hüquq-mühafizə orqanlarına müraciət etdiyinə görə oğlanın yaxınları tərəfindən hədələndiyini əlavə edib. Şikayətçi qarşı tərəfinin qardaşının barışıq üçün evlənmə təklifi etdiyini, lakin bununla razılaşmadığını da əlavə edib. M.M. məsələnin nəzarətə götürülməsini və ədalətli qərar verilməsini xahiş edib.

    Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi açılıb: “Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb. Qeyd olunan müraciət üzrə Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.

    Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Cinayət işi üzrə bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

  • Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

    Ağdamda növbəti əmək yarmarkası keçiriləcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, aktiv məşğulluq tədbiri aprelin 3-ü saat 11:00-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında keçiriləcək. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim olunacaq.

    Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

    Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

  • Starlink peyki orbitadan çıxaraq partlayıb

    Starlink peyki gözlənilməz anomaliya səbəbindən Yerə yaxın orbitdən çıxaraq sıradan çıxıb və parçalanıb.

    BAKU.WS “The Verge” nəşrinə istinadən xəbər verir ki, SpaceX nümayəndələri X platformasında bildiriblər ki, 29 martda 34343 nömrəli Starlink peyki 560 kilometr yüksəklikdə olarkən idarəetməni itirib və orbitdən çıxıb.

    Şirkətin açıqlamasına görə, hadisənin səbəbi hələ də araşdırılır. SpaceX və Starlink komandaları nasazlığın ilkin səbəbini müəyyənləşdirmək üçün iş aparır.

    Məlumata görə, bu, son aylarda Starlink şəbəkəsində qeydə alınan ikinci oxşar hadisədir. Daha əvvəl başqa bir peyk də anomaliya səbəbindən sıradan çıxmışdı.

    Bildirilir ki, hadisə Beynəlxalq Kosmik Stansiya və NASA-nın gələcək “Artemis II” missiyası üçün təhlükə yaratmır. Mütəxəssislərin ehtimalına görə, dağılan peyk hissələri yaxın həftələrdə atmosferdə yanaraq yox olacaq.

  • “Qarabağ”ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər

    “Qarabağ”ın futbolçusu karyerasını İtaliyanın “Cenoa” klubunda davam etdirə bilər.

    Fanat.Az-ın əldə etdiyi məlumata görə, Genuya təmsilçisi cari mövsümün sonunda ağdamlıları tərk edəcəyi dəqiqləşən Emmanuel Addaini istəyir.

    “Köhlənlər”in sıralarında yeni inkişaf mərhələsinə qədəm qoyan qanalı vingerin UEFA Çempionlar Liqasındakı çıxışı A Seriyası klubunun skautlarının diqqətini çəkib. Bu isə o deməkdir ki, Avropadan 4-5 real təklif alan 24 yaşlı Emmanuel üçün daha bir variant yaranıb.

    Cari mövsüm “Qarabağ”ın forması ilə bütün turnirlərdə 41 matça çıxan Addai 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

  • “Qarabağ”ın futbolçusu məşhur İtaliya klubuna keçə bilər

    “Qarabağ”ın futbolçusu karyerasını İtaliyanın “Cenoa” klubunda davam etdirə bilər.

    Fanat.Az-ın əldə etdiyi məlumata görə, Genuya təmsilçisi cari mövsümün sonunda ağdamlıları tərk edəcəyi dəqiqləşən Emmanuel Addaini istəyir.

    “Köhlənlər”in sıralarında yeni inkişaf mərhələsinə qədəm qoyan qanalı vingerin UEFA Çempionlar Liqasındakı çıxışı A Seriyası klubunun skautlarının diqqətini çəkib. Bu isə o deməkdir ki, Avropadan 4-5 real təklif alan 24 yaşlı Emmanuel üçün daha bir variant yaranıb.

    Cari mövsüm “Qarabağ”ın forması ilə bütün turnirlərdə 41 matça çıxan Addai 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Xalq artisti: “Bizə gündə 25, mindiyimiz atlara 50 manat verirdilər”

    “SSRİ miqyasında “Yeddi oğul istərəm” on film içərisində ən çox valyuta gətirən idi. “Sovetskiy ekran” jurnalında bu barədə yazılmışdı. Dünyanın elə qitəsi yox idi ki, o film orada nümayiş olunmasın”.

    Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Rafiq Əzimov Musavat.com-a deyib:

    “O vaxt bizə deyirdilər ki, əgər o valyutanın bir faizi “Azərbaycanfilm”ə verilsəydi, kinostudiyanın qapıları qızıldan olardı. Amma çifayda, belə olmadı…

    O vaxt Bondarçuk (Sergey Bondarçuk – sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti – red.) çəkilişdən sonra gedib SSRİ bankına, pulunu alsın. Xruşşovun dövrü idi. Deyiblər nə pul? Xruşşova şikayət yazır ki, mən İtaliyada film çəkmişəm, valyutamı vermirlər. Xruşşov o vaxt onu partiyadan çıxartmaq istəyirdi. Deyib bankda olan pullar tək sizin deyil, SSRİ vətəndaşlarınındır”.

    Xalq artisti qeyd edib ki, onlar həmin vaxt pul haqqında düşünmürdülər:

    “İnanın mənə. Hətta o vaxt bu məsələ lətifəyə çevrilmişdi, mindiyimiz atlara görə günə 50 manat verirdilər, bizə isə 25 manat. İndi durumu təsəvvür edin. Amma bu günə qədər biz pul haqqında düşünmədik. Cavanlıqda “Torqovı”ya (Nizami küçəsinə) çıxanda bizi barmaqla göstərirdilər. “Velikolepnaya semyorka” deyirdilər. Amma 30-cu illərdə Səməd Vurğun “Komsomol” poemasını yazanda nə “Yeddi Samuray” var idi, nə də “Velikolepnaya semyorka”. Bizi görənlər filmdəki adımızla göstərirdilər ki, bax, Şahsuvardır, ya digərləri…

    Nə yaxşı ki, biz o günləri yaşadıq. Yaşamasaydıq, görməsəydik, bəlkə də bu sənətə gəldiyimizə peşman olardıq. Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məhərrəm Haşımov kimi müəllimlərimiz olub”.

  • Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır

    Azərbaycanda hüquq-mühafizə sistemində köklü dəyişikliklərə hazırlıq gedir.

    Sfera.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

    Həmin məlumata əsasən, Azərbaycanda Dövlət İstintaq Komitəsinin yaradılması nəzərdən keçirilir və müxtəlif qurumların istintaq səlahiyyətlərinin vahid mərkəzdə birləşdirilməsi planlaşdırılır.

    Hazırda ölkəmizdə istintaq aparmaq səlahiyyəti bir neçə dövlət qurumuna həvalə olunub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tərkibində ayrıca istintaq və ya ibtidai araşdırma aparan strukturlar fəaliyyət göstərir. Bundan başqa, bəzi xüsusi sahələr üzrə Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi daxilində də araşdırma səlahiyyətləri mövcuddur.

    Mövcud qaydalarla istintaqın bu şəkildə parçalanmış formada həyata keçirilməsi bir sıra hallarda paralel araşdırmaların aparılmasına, səlahiyyət bölgüsündə qeyri-müəyyənliyə və koordinasiya problemlərinə səbəb olur. Məhz bu səbəbdən uzun müddətdir müzakirə edilən vahid istintaq orqanının yaradılması ideyası yenidən aktuallaşıb.

    Məlumatlara əsasən, yaradılması planlaşdırılan Dövlət İstintaq Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti istisna olmaqla digər qurumların istintaq strukturlarını özündə birləşdirəcək. Bu isə xüsusilə iqtisadi və vəzifə cinayətləri, maliyyə pozuntuları və digər kateqoriyalar üzrə araşdırmaların vahid mexanizm əsasında aparılmasına imkan verəcək.

    Məlumata görə, yeni model istintaq prosesində operativliyi artırmaq, resurslardan daha səmərəli istifadəni təmin etmək və hüquqi prosedurları standartlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, istintaq orqanlarının institusional müstəqilliyinin gücləndirilməsi də əsas hədəflərdən biri kimi göstərilir.

    Qeyd edək ki, oxşar təcrübə bir sıra ölkələrdə tətbiq olunur. Məsələn, Rusiyada fəaliyyət göstərən Rusiya İstintaq Komitəsi modeli istintaq funksiyalarının prokurorluq və digər qurumlardan ayrılaraq müstəqil qurumda cəmlənməsini nəzərdə tutur. Qazaxıstandakı analoji strukturlar isə istintaqın müstəqil və mərkəzləşdirilmiş formada həyata keçirilməsinə imkan yaradır.

    Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, Dövlət İstintaq Komitəsinin yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması və müvafiq dəyişikliklərin edilməsi gözlənilir.

  • Sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşdi

    Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

    Yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:

    – sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

    – avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;

    – ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

    -qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:

    – avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

    – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;

    – bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.