Month: Mart 2026

  • QR kodlardan istifadə genişlənir: Mütəxəssis təhlükə barədə xəbərdarlıq edir

    Hazırda bir çox sahədə QR kodlardan istifadə geniş yayılıb. Xüsusilə restoran və kafelərdə menyular QR kodlar vasitəsilə ilə tətbiq olunur. Pandemiya dövründə yaranan tələbat bu texnologiyanın sürətlə yayılaraq, bir çox sahədə tətbiqinə səbəb oldu. Son dövrlərdə ictimai nəqliyyatda da bu texnologiyadan istifadə edilir. Bundan əlavə, QR kodlar mağazalarda məhsul haqqında əlavə məlumat əldə etmək, tədbirlərdə biletlərin yoxlanılması, reklam kampaniyalarında istifadəçiləri veb-saytlara yönləndirmək kimi müxtəlif sahələrdə də aktiv şəkildə istifadə olunur. Təhsil, səhiyyə və bank sektorunda da QR texnologiyasından istifadə daha da genişlənir.

    Bəs həyatımızın gündəlik bir hissəsinə çevrilən QR kodlardan istifadə təhlükəlidirmi? Biz QR kodlarla ödəniş edərkən nəyə diqqət etməliyik?

    İKT eksperti Elvin Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, QR kodlar gündəlik həyatımızı, xüsusən də restoranlarda menyuya baxmaq və ya nəqliyyatda ödəniş etmək prosesini xeyli sürətləndirir:

    “Azərbaycanda hazırda bir aparıcı ödəniş platformasında QR kodla ödənişlərin kütləvi tətbiqi həyata keçirilir və bu, gündəlik alış-verişi xeyli asanlaşdırır”.

    Elvin Abbasov əlavə edib ki, texniki tərəfdən baxsaq görərik ki, QR kodun özü sadəcə bir keçid (link) və ya məlumat daşıyıcısıdır və onun “içində” nəyin gizləndiyini gözlə görmək mümkün deyil:

    “Bu qeyri-müəyyənlikdən istifadə edən kiberdələduzlar, orijinal kodların üzərinə saxta stikerlər yapışdıraraq istifadəçiləri zərərli saytlara yönləndirə bilərlər. Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq çərçivəsində rəqəmsal ödəniş platformaları təhlükəsizlik qatlarını artırsa da, son nöqtədə istifadəçinin diqqəti ən vacib texniki sipərdir”.

    Ekspertin sözlərinə görə, QR kodla ödəniş edərkən və ya hər hansı məlumata daxil olarkən ilk növbədə kodun fiziki vəziyyətinə diqqət yetirmək lazımdır:

    “Əgər kod bir stiker kimi başqa bir səthin üzərinə sonradan yapışdırılıbsa, bu ciddi şübhə doğurmalıdır. Kodu skan etdikdən sonra telefonunuzda açılan linkin ünvanını mütləq yoxlayın; rəsmi qurumun, restoranın və ya ödəniş platformasının adı ünvan sətrində təhrif olunubsa, dərhal prosesi dayandırın. Vətəndaş məsuliyyəti baxımından yadda saxlamaq lazımdır ki, QR kod skan olunarkən sizdən birbaşa bank kartı məlumatlarını və ya şifrəni daxil etmək tələb olunursa, bu əksər hallarda dələduzluqdur. Təhlükəsizliyinizi artırmaq üçün hər hansı naməlum QR skaner tətbiqi əvəzinə telefonun öz kamerasından və ya rəsmi ödəniş tətbiqlərinin daxili skanerindən istifadə etmək ən doğru texniki addımdır”.

  • Yağışlardan sonra mənzil bazarında geriləmə: Alıcılar behlərini geri istəyir

    Aramsız yağan yağışlardan sonra fərdi yaşayış evi almaq məqsədilə beh verən alıcıların əksəriyyəti pullarını geri tələb etməyə başlayıb.

    Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

    Ekspertin sözlərinə görə, mövcud vəziyyət fonunda fərdi yaşayış evlərinə olan maraq psixoloji baxımdan müəyyən müddət azalacaq.

    Ramil Osmanlı bildirib ki, yaranmış vəziyyət fərdi yaşayış evlərinin qiymətlərinə də təsirsiz ötüşməyəcək:

    “Yağışlardan əvvəl ev alan və beh verən şəxslər hazırda verdikləri məbləği ev sahiblərindən geri tələb edirlər. Belə hallarda behin geri istənilməsi anlaşılandır”.

    Ekspert hesab edir ki, bu vəziyyət qısamüddətli xarakter daşıyacaq:

    “Təxminən bir-iki ay ərzində baş verənlər unudulacaq və bazarda fərdi yaşayış evlərinə əvvəlki münasibət bərpa olunacaq. Bu müddətdə tələb müəyyən qədər azalacaq. Belə hallarda qiymətlərin nisbi şəkildə aşağı düşməsi normal sayılır”.

  • BDU-nun 97 yaşlı dosenti dünyasını dəyişdi

    Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib.

    Zara Məmmədova 1929-cu il dekabrın 12-də Moskvada anadan olub. 1947-ci ildə Bakının Səbail rayonunda 134 nömrəli orta məktəbi, 1952-ci ildə BDU-nun Kimya fakültəsini bitirib. 1956-cı ildə Kimya fakültəsinin Üzvi kimya kafedrasında assistent kimi fəaliyyətə başlayıb. Elə həmin ildə “Tsikloparafinlərin olefinlərlə alkilləşməsi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi və dosent elmi adı alıb. 1958-ci ildən Kimya fakültəsinin Üzvi kimya kafedrasında müəllim kimi fəaliyyət göstərib. 1961-2023-cü illərdə Üzvi kimya kafedrasının dosenti olub. 2023-cü ildən indiyədək Kimya fakültəsinin Zərif üzvi sintez ETL-də aparıcı elmi işçi idi.

    Dosent Zara Məmmədovanın tədqiqat sahəsi kükürd və azot üzvi birləşmələr – korroziya əleyhinə əlavələr, tio-klayzen qruplaşması olub. O, respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 90-dan çox elmi işin müəllifi idi, onlardan 15-i müəlliflik şəhadətnaməsinə malik olub.

  • Sabahdan elektron siqaret çəkənlər cərimələnəcək

    Sabahdan qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

    Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

    Layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

  • Çindən Azərbaycana 29 milyon manatlıq elektrobuslar gətirilib

    Bu ilin yanvar ayında Çindən Azərbaycana 29,083 milyon ABŞ dolları dəyərində 105 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar idxal edilib.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bir avtobusun dəyəri təqribən 277 min manat təşkil edib.

    Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə, ümumilikdə, bu ilin yanvar ayında Azərbaycana 176,5 milyon ABŞ dolları dəyərində 7 591 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 72 ədəd və ya 0,9% azalıb, dəyər ifadəsi ilə 37,5 milyon ABŞ dolları, yaxud da 27% artıb.

    Dövr ərzində ölkəyə 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 125,7 milyon ABŞ dolları dəyərində 6 774 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

  • Aprelin ilk günündə 25 dərəcə isti olacaq

    Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacaq.

  • MİDA-dan ev alqı-satqısı adı ilə 240 min manatlıq dələduzluq etdilər

    Vətəndaşlara MİDA-dan ev-alqı satqısı adıyla külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlər dindirilib.

    Zərərçəkmiş İlham Məmmədov ona 10 min manat zərər dəydiyini bildirib:

    “Təqsirləndirilən şəxs olan Şəmsiyyə İsmayılovaya 10 min vermişəm. Mənə 2 otaqlı ev söz verilmişdi. Mənə dəymiş ziyan ödənilməyib”.

    Təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılova bildirib ki, zərərçəkmişin verdiyi puldan təqsirləndirilənlərdən 6 min manat, Ruslan Həsənova və özünə 2 min manat bölüşdürüblər.

    Zərərçəkmiş Əli İbrahimov bildirib, ikinci Qarabağ döyüşlərinin iştirakçısıdır və ev almaq üçün təqsirləndirilən şəxslərə 10 min verib:

    “Şəmsiyyəyə 10 min vermişəm. Ortaq tanışlıq sayəsində görüşüb özüm şəxsən vermişəm. Bu problem yarananda Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdim. Onlar da mənə dəymiş ziyanı geri qaytardılar. Təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm”.

    Təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılova bildirib ki, qaziyə dəymiş pulu Ruslanla birgə ödəyib.

    Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin edilib.

    Qeyd edək ki, hər dörd təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.
    //unikal.az

  • Ordubadda qaya uçqunu olub

    Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.

    İntensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub.

    Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.

  • Azərbaycan Ordusunda 31 Mart soyqırımı qurbanları anılıb

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və soyqırımı qurbanlarının, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

    Tədbirlərdə 1918-ci ildə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə törədilən kütləvi qətliamlar barədə məlumat verilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

    Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri, eləcə də torpaqlarımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının məzarları ziyarət olunub, sənədli filmlər nümayiş etdirilib.

  • Ağdamda gənc qız üzündən bıçaqlandı: Şübhəli bilinən dayısı oğlu saxlanıldı

    Ağdamın Quzanlı qəsəbəsində gənc qız bıçaqlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü Leyla Cəfərova öz dayısı oğlu tərəfindən bıçaqlanıb.

    19 yaşlı qız üz nahiyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    L.Cəfərovanın parfümeriya mağazasında işlədiyi bildirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.