Martın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında əməliyyat tədbirləri həyata keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildiirlib ki, nəticədə qanunsuz saxlanılan xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. Belə ki, polis əməkdaşları tərəfindən 8 avtomat silahı, 2 pulemyot, 1 tapança, 6 qumbara, 6 alışdırıcı, 15 tüfəng, 29 patron darağı və 1813 ədəd müxtəlif çaplı patron müsadirə olunub.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Vatsap üçün bir sıra yeni funksiyalar istifadəçilərə təqdim edilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, platformada uzun müddətdir test edilən yeniliklərdən 6-sı artıq rəsmi olaraq istifadəyə verilib.
Yeni funksiyalar əsasən yaddaş idarəetməsi, platformalararası çat köçürülməsi, eyni telefonda iki hesab istifadəsi və dizayn yeniliklərini əhatə edir.
Yaddaşın idarə olunması asanlaşır
Yeni xüsusiyyət sayəsində istifadəçilər böyük həcmli faylları birbaşa söhbət daxilində tapıb silə bilirlər. Bu isə yaddaşı boşaltmaq üçün bütün çatları silməyə ehtiyacı aradan qaldırır. Funksiyaya “Yaddaş sahəsini idarə et” bölməsindən daxil olmaq mümkündür.
Platformalararası çat köçürmə
İstifadəçilər artıq söhbətlərini iOS əməliyyat sistemindən Android sisteminə asanlıqla köçürə bilərlər. Yeni imkan sayəsində bu proses tək toxunuşla həyata keçirilir.
Eyni telefonda iki hesab
Android istifadəçiləri üçün mövcud olan bu funksiya artıq iOS istifadəçilərinə də təqdim olunub. Beləliklə, bir cihazda iki Vatsap hesabı istifadə etmək mümkün olur.
Meta AI yenilikləri
Meta tərəfindən təqdim edilən süni intellekt funksiyaları da genişləndirilib. Yeni imkanlara aşağıdakılar daxildir:
-Fotoşəkillərin avtomatik retuşu -Ruh halına uyğun stikerlər -Süni intellekt əsaslı yazı köməkçisi
ABŞ-da iki partiyadan olan senatorlar Ukraynaya yardımın bloklanmasında iştirak edən yüksək vəzifəli macar rəsmilərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayırlar.
Qaynarinfo xəbər verir ki, “Financial Times” nəşrinin yazdığına görə, “Block Putin act” adlı sənəd qəbul edilərsə, ABŞ prezidenti Donald Tramp Macarıstan hökumət nümayəndələrinə qarşı maliyyə sanksiyaları və viza məhdudiyyətləri tətbiq etməyə məcbur olacaq.
Sanksiyalar Macarıstanın Rusiya nefti və qazını almaqda iştirak edən, eləcə də Ukraynaya dəstəyin qarşısını almağa çalışan rəsmiləri hədəf alacaq.
Qanun layihəsi Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq Aİ kreditini ləngitdiyi bir vaxta təsadüf edir. Nəşr qeyd edir ki, Orban bunu qarşıdan gələn parlament seçkiləri ərəfəsində apardığı sərt seçki kampaniyası fonunda edir.
Layihəni NATO üzrə Senat müşahidə qrupunun həmsədrləri – demokrat Cin Şahin və respublikaçı Tom Tillis təqdim etməyi planlaşdırır. Hər iki senator Avropanın Rusiya enerji resurslarından asılılığını dəfələrlə tənqid edib. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropanın böyük hissəsi bu asılılığı azaltmağa çalışsa da, Macarıstan və Slovakiya əksinə, Rusiyadan enerji idxalını artırıb.
Tom Tillis bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya dəstək məsələsində birlik nümayiş etdirməli və Rusiyanın müharibəni maliyyələşdirən gəlir axınlarını kəsməlidir.
Onun sözlərinə görə, qanun layihəsi Macarıstan üçün də aydın seçim yaradır: Rusiya enerjisindən asılılığı azaltmaq və Ukraynaya dəstəyin qarşısını almaqdan imtina etməklə müttəfiqlərlə eyni mövqeyə qayıtmaq.
Cin Şahin isə qeyd edib ki, ABŞ vitse-prezidenti Cey Di Vensin seçki öncəsi Macarıstana səfər edərək “korrupsiyalaşmış hökumətə” dəstək verməsi planları narahatlıq doğurur.
Qanun layihəsinin detalları
Məlumata görə, sənəd layihəsində Viktor Orbanın adı birbaşa sanksiya obyekti kimi göstərilmir. ABŞ Konqresindəki mənbələr bildirir ki, hansı macar rəsmilərin sanksiyaya məruz qalacağını müəyyənləşdirmək Tramp administrasiyasının səlahiyyətində olacaq.
Materialda həmçinin qeyd olunur ki, Viktor Orban və onun xarici işlər naziri Peter Siyarto uzun müddətdir Rusiya ilə yaxın münasibətlər qurmağa çalışır. Siyarto 2022-ci ildən bəri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 20-dən çox dəfə görüşüb.
Macarıstan–Ukrayna münasibətləri
Daha əvvəl Macarıstan hökuməti iyul ayından etibarən Ukraynaya təbii qaz tranzitini dayandırmaq qərarı vermişdi. Ekspertlər bu addımın ciddi hüquqi problemlər yarada biləcəyini bildirirlər.
Eyni zamanda Avropa İttifaqı Ukraynaya yardımın bloklanması səbəbindən Macarıstan üçün nəzərdə tutulan milyardlarla avronu dondurub. Avropa Komissiyası Viktor Orbanın “sadiq əməkdaşlıq” prinsipini pozduğunu və Ukraynaya maliyyə dəstəyinə mane olduğunu vurğulayır.
Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetlərindən birinə qəbul alıb.
Median.Az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1-ci kurs tələbəsi, Zəkalar liseyinin məzunu Elcan Əsədli ABŞ-ın aparıcı ali təhsil müəssisələrindən olan Kaliforniya Universiteti, Berkli kampusuna (University of California, Berkeley) qəbul alıb.
O, universitetin “Siyasi elmlər” ixtisası üzrə bakalavr pilləsinə qəbul olunan ilk azərbaycanlı kimi tarixə düşüb.
Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan bu universitet “Public University” kateqoriyası üzrə 1-ci yerdə qərarlaşır və qlobal reytinqlərdə TOP 10-luqda yer alır.
Qeyd edək ki, Elcan Əsədli dövlət məktəbi məzunu olaraq bu nəticəni əldə edən cəmi iki nəfərdən biri olub.
Xatırladaq ki, o, bundan əvvəl cari ildə Harvard Universitetinin yay məktəbinə qəbul alan yeganə azərbaycanlı olub. Elcan Əsədli eyni zamanda digər nüfuzlu ali məktəblərdən də qəbul alıb, bəzi müraciətlərinin nəticələri isə hələlik gözlənilir.
Azərbaycanda 2026-cı ilin aprel ayında bayram və ya hüzn günü ilə bağlı qeyri-iş günü olmayacaq.
Aprel ayında yalnız şənbə və bazar günləri istirahət günü hesab olunacaq. Beşgünlük iş həftəsi üzrə bu ayda ümumilikdə 8 gün (həftəsonları) qeyri-iş günü olacaq.
Qeyd edək ki, 2026-cı ildə ən çox qeyri-iş günü mart ayına düşür. Bu, Novruz və Ramazan bayramlarının eyni aya təsadüf etməsi ilə bağlıdır. //metbuat.az
Paytaxtın Xəzər rayonunda yerləşən Buzovna qəsəbəsində baş verən ağır insident cəmiyyət arasında geniş rezonans doğurub.
Xatırladaq ki, martın 17-də, Novruz çərşənbələrinin qeyd olunduğu bir vaxtda restoranlardan birində yaşanan dava bir nəfərin ciddi xəsarət alması ilə nəticələnib.
Məlumata görə, hadisə qeyd olunan tarixdə axşam saatlarında Buzovna qəsəbəsində fəaliyyət göstərən restoranlardan birinin ərazisində qeydə alınıb. Belə ki, ailəsi və yaxınları ilə birlikdə bayram qeyd etmək üçün restorana gələn Rauf Nuriyev bir müddət sonra dörd nəfər şəxs tərəfindən kənara çağırılıb. İddialara əsasən, həmin şəxslər onu restoranın qaranlıq və nəzarətdən kənar hissəsinə apararaq fiziki zorakılığa məruz qoyublar.
Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə zərərçəkənin qan içində, köməksiz vəziyyətdə yerdə qaldığı açıq şəkildə görünür. Zərərçəkən Rauf Nuriyev hadisənin təfərrüatlarını belə izah edir:
“Martın 17-də Çərşənbə bayramını qeyd etmək üçün ailəm və qohumlarımla saat 18:00-da restorana getmişdik. Təxminən saat 20:45-radələrində insanlar restoranın həyətində qalanan tonqalın ətrafına toplaşmağa başladılar. Mən və ailə üzvlərim də tonqalın ətrafında idik. Bir müddət sonra mən tonqaldan kənarlaşdım. Təxminən 10 dəqiqə sonra bir nəfər şəxs mənə yaxınlaşaraq, qaranlıq əraziyə itələdi, ardınca əlavə 3 nəfər də gəldi. Ümumilikdə 4 nəfər şəxs qəfil boyun, gicgah və göz nahiyəmə zərbələr endirməyə başladılar. Oranın qaranlıq və kolluq olması səbəbindən heç kim hadisəni görə bilmədi”.
Onun sözlərinə görə, hücum son dərəcə qəddar şəkildə həyata keçirilib:
“Məni o qədər döydülər ki, ağız-burnum qan içində idi. Huşumu itirənə qədər zərbələr endirdilər. Xırıltı səsimə ofisiant yaxınlaşıb və vəziyyətimi görərək ailəmə xəbər verib. Onlar elə biliblər ki, mən ölmüşəm və ya ölüm ayağındayam”.
Zərərçəkən bildirir ki, hadisədən sonra yalnız təcili tibbi yardım avtomobilində özünə gəlib:
“Bir də onda ayıldım ki, təcili yardım maşınındayam. Həkimlər mənə ilkin tibbi yardım göstərdilər. Daha sonra Sabunçu Tibb Mərkəzinə aparıldım, ordan isə travmatologiya mərkəzinə göndərildim. Gözümə tikiş qoyuldu, müalicə aldım. Xəstəxanada qalmağım təklif olunsa da, imtina etdim”.
Rauf Nuriyev onu döyən şəxslərin azadlıqda qalmasından narahat olduğunu da ifadə edərək deyib:
“Mən istintaqın gedişindən narazı deyiləm, amma onların azadlıqda olması məni narahat edir. Hər dəfə qapı döyüləndə psixoloji sarsıntı keçirirəm. Travmalarım var, xüsusilə sol göz nahiyəmdə ciddi xəsarətlər qalıb. Aidiyyəti qurumlardan xahiş edirəm ki, həmin şəxslər azadlıqda qalmasın, çünki yenidən mənə zərər verə bilərlər”.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılıb. Araşdırmalar zamanı onların 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1998-ci il təvəllüdlü E.Kazımov olduqları müəyyən edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Zərərçəkənin aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, videonu izləyənlər bildirirlər ki, rayonlarda bir dəstəsi 25 qəpiyə satılan göyərti ovuca sığmır, Bakıda isə eyni qiymətə satılan dəstədə cəmi bir neçə sap qalır.
Məsələni araşdırmaq üçün əvvəlcə təsərrüfat sahibləri ilə həmsöhbət olunub. Tovuzun Hunanlar kəndində fəaliyyət göstərən göyərti təsərrüfatı sahibləri bildirirlər ki, alverçilər kəndlinin satdığı göyərti dəstələrindən bir hissəni çıxararaq daha baha qiymətə satırlar.
Təsərrüfatçılar qeyd edirlər ki, min bir zəhmətlə yetişdirdikləri məhsulları yerli bazarlarda istədikləri qiymətə sata bilmirlər. Bazara çıxarılan məhsulun qiymətini isə alverçilər müəyyən edir.
Paytaxt bazarlarında göyərti satanlar isə bu iddiaları inkar edirlər. Onların sözlərinə görə, məhsulu rayonlardan necə alırlarsa, elə də satışa çıxarırlar.
Satıcılar “belə şey yoxdur” desələr də, müşahidələr fərqli mənzərəni ortaya qoyur. Rayondakı göyərti dəstələri ilə Bakıdakı dəstələr ölçü baxımından xeyli fərqlənir. Bu isə sadə fərq deyil, istehlakçının aldadılması və şəffaflığın pozulması kimi qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.
Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir”, – məlumatda qeyd edilib.
Birləşmiş Millətlər Təşkilatının Əhali üzrə bölməsi bildirir ki, son iki onillikdə ABŞ-da uzunömürlü insanların sayı iki dəfə artıb. Onların bəziləri uzun ömürlərini pozitiv dünyagörüşlə əlaqələndirir.
103 yaşlı Rozlin Menaker “The Guardian”a bildirib ki, xoşbəxtlik, sevinc, minnətdarlıq və müsbət düşüncə tərzi onun 100 yaşa çatmasına kömək edib. Eyni fikri digər 103 yaşlı qadın Rut Svidler də bölüşür.
“O, sinfə daxil olanda müəllimim mənə ‘Sabahın xeyir, günəşim!’ deyirdi, çünki çox şən idim”, deyə o, CNBC-yə bildirib.
Şəxsiyyət psixologiyası üzrə keçmiş professor Devid Uotson izah edir ki, pozitivlik və məsuliyyətlilik uzunömürlülüyün ən güclü amillərindəndir.
“Məsuliyyətli insanlar daha az qəzaya düşür və sağlamlıqlarına daha yaxşı diqqət yetirirlər. Onlar alkoqoldan ölçülü istifadə edir və sağlam qidalanmaya riayət edirlər”, deyə o qeyd edir.
Uotson əlavə edir ki, məsuliyyətlilik inkişaf etdirilə bilər: “Əgər bu keyfiyyəti artırmaq istəyirsinizsə, daha məsuliyyətli davranın və zamanla düşüncə tərziniz də buna uyğunlaşacaq. Vaxtında gəlməyə çalışın və öhdəliklərinizi yerinə yetirin”.
2019-cu ildə aparılan tədqiqatlar da pozitiv düşüncənin təsirini təsdiqləyir: bu, ömür uzunluğunu 11–15% artıra və 85 yaşdan yuxarı yaşamaq ehtimalını yüksəldə bilər. Pozitiv insanlar xroniki xəstəliklərdən və vaxtından əvvəl ölümdən daha az əziyyət çəkirlər.
“Psixoloji baxımdan sağlam insanlar daha tez bərpa olunur. Onlar özlərinə ‘Bu o qədər də böyük problem deyil’ deyə bilirlər və tarazlığı bərpa etməyin yollarını tapırlar”, deyə Uotson əlavə edir. //qaynar.az