Month: March 2026

  • Şəmkirdə eyni vaxtda iki qəza olub: Dörd nəfər xəsarət alıb

    Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı VAZ markalı maşın digər minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

    Digər hadisə isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

    Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Hər iki faktla bağlı araşdırma aparılır.

  • İranda 550 saatdan çoxdur internet tam kəsilib

    İranda 550 saatdan çoxdur internet tam kəsilib.

    Bu barədə beynəlxalq internet monitorinq xidməti “NetBlocks” sosial şəbəkə hesabında bildirib.

    “Bu gün İranda internetin kəsilməsinin 24-cü günü başlayır, məhdudiyyətlərin müddəti 552 saatı keçib. Bu da dünyada indiyədək qeydə alınmış ən genişmiqyaslı şəbəkə kəsilmələrindən biridir”, – deyə qeyd edilib.

    Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və nəticədə Tehran da daxil olmaqla bir neçə şəhərə zərbələr endirilib.

    Cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı genişmiqyaslı əməliyyat elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla, ABŞ-nin regiondakı bir neçə ölkəsindəki obyektlərinə zərbələr endirilib.

  • “İsrail bundan çox məmnun qalacaq” – Tramp

    İndi İranla təxminən 15 bənd üzrə çoxsaylı razılaşmalar əldə edilib.

    Bunu ABŞ prezidenti Donald Tramp deyib.

    “Birincisi, onların nüvə silahı olmayacaq. İkincisi və üçüncüsü, heç vaxt nüvə silahı olmayacaq. Onlar buna razılaşdılar”, – deyə o qeyd edib.

    O, İsrailin “sahib olduğumuz hər şeydən” çox məmnun qalacağını bildirib.

    “Düşünürəm ki, onlar çox məmnun olacaqlar”, – deyə o təkrarlayıb.

  • Bayram qonaqlığı FACİƏ ilə bitdi – TƏFƏRRÜAT – VİDEO

    Saatlıda bayram qonaqlığı qanlı hadisə ilə nəticələnib.

    Hadisə martın 22-də, saat 21 radələrində rayonun Fətəlikənd kəndində yerləşən kafelərin birinin qarşısında baş verib. Aralarında yaranan mübahisə zəminində 49 yaşlı Rizvan Söhbətov qohumu, 50 yaşlı Rövşən Abdullayevə bıçaqla çoxsaylı xəsarətlər yetirib. Ürək nahiyəsindən ağır yaralanan Rövşən Abdullayev xəstəxanaya aparılarkən yolda vəfat edib.

    Mərhumun qardaşı Baku TV-yə bildirib ki, tərəflər arasında əvvəlcə mübahisə yaranıb və onları ayırmaq mümkün olub: “Axşam saatlarında aralarında mübahisə oldu. Mən də orada idim, onları araladım. Sonra Rizvan evinə getdi, biz də düşündük ki, məsələ bitdi. Lakin sonradan evdən bıçaq götürərək yenidən hadisə yerinə qayıdıb. Qardaşıma oturduğu yerdə üç bıçaq zərbəsi vurub həyatına son qoydu”.

    Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Rizvan Söhbətov Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

  • Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq

    Sabah yağış və dumanla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, martın 24-də avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • İran İsrail HHQ-nin “Təl-Nof” bazasına zərbələr endirib

    İran İsrail Hərbi Hava Qüvvələrinin “Təl-Nof” aviabazasına hücum edib, həmçinin ABŞ-nin İordaniya ərazisindəki “Əl-Əzraq” bazasında yerləşən “F-35” və “F-15” qırıcılarına zərbələr endirib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, zərbələr zamanı dronlardan istifadə olunub.

    “İran İslam Respublikasının Silahlı Qüvvələri bu gün sübhdən etibarən İsrail Hərbi Hava Qüvvələrinin “Təl-Nof” aviabazasına, eləcə də “Əl-Əzraq” aviabazasında ABŞ-nin “F-35” və “F-15″ qırıcılarının yerləşdiyi məkanlara zərbələr endirmək üçün ölkənin müxtəlif rayonlarından pilotsuz uçuş aparatlarını cəlb edib”, – məlumatda bildirilib.

  • KİV: Zidan Fransa yığmasına başçılıq etmək üçün şifahi razılıq əldə edib

    “Real Madrid” futbol klubunun keçmiş baş məşqçisi Zinəddin Zidan Fransa Futbol Federasiyası (FFF) ilə milli komandada iş şərtləri barədə şifahi razılıq əldə edib.

    Median.Az bu barədə “Le 10Sport” portalına istinadən xəbər verir.

    Yanvar ayında “Reuters” agentliyi FFF-yə istinadən Didye Deşamın 2026-cı ilin yayında Kanada, ABŞ və Meksikada keçiriləcək dünya çempionatından sonra milli komandanın baş məşqçisi postunu tərk edəcəyini bildirmişdi.

    Danışıqların əsas məsələsi məşqçi qərargahının genişləndirilməsi ilə bağlıdır. Belə ki, Zidan Deşamdan daha çox assistent istəyir. Gözlənilir ki, bu məsələ yaxın vaxtlarda həll olunacaq.

  • “Kiyev təslim olsun, müharibə bitsin” – Zaxarova

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynadakı münaqişənin Kiyev tərəfinin təslim olması ilə bağlı razılaşmalar əsasında başa çata biləcəyini bildirib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya hərbçiləri ilə görüşü zamanı deyib.

    Diplomat münaqişənin sona çatma perspektivlərindən danışarkən bildirib ki, “İstənilən münaqişə razılaşma ilə başa çatır. Əgər beynəlxalq münaqişədən danışırıqsa, beynəlxalq səviyyədə rəsmiləşdirilmiş bir münaqişənin başa çatması üçün Kiyevin təslim olmalıdır”.

  • Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq

    Sabah Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq.

    Aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq martın 24-də saat 10:00-dan etibarən bir sıra ərazilərdə qazın verilməsi dayandırılacaq.

    Məlumata görə, qaz təchizatında yaranacaq fasilə Yaşıldərə və Ceyranbatan qəsəbəsi, Qurd dərəsi, Novxanı, Corat bağları, Corat və Yeni Corat yaşayış massivləri, eləcə də Novruz qəsəbəsini əhatə edəcək.

    Bununla yanaşı, Sumqayıt şəhəri üzrə 10, 11, 12, 13 və 17-ci mikrorayonların bir hissəsində, həmçinin 51-ci və 52-ci məhəllələrdə də qazın verilməsi müvəqqəti dayandırılacaq.

    Qaz təchizatında fasilə ümumilikdə 40 minə yaxın abonenti əhatə edəcək.

  • Osimhen futbol klubu alır

    “Qalatasaray”ın hücumçusu Viktor Osimhen Türkiyədə futbol klubu alır.

    Bu barədə Türkiyə KİV yazır.

    Qeyd olunur ki, nigeriyalı futbolçu “İstanbulspor” klubunu satın alacaq.