Month: April 2026

  • İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub?

    İrandan fevralın 28-i saat 08:00-dan aprelin 6-sı saat 10:00-dək Azərbaycana ümumilikdə 3 322 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 575 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 732, Rusiyanın 370, Hindistanın 238, Banqladeşin 198, Tacikistanın 189, Pakistanın 151, İranın 136, Omanın 84, İndoneziyanın 68, Əlcəzairin 57, İtaliyanın 44, İspaniyanın 26, Almaniyanın 27, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 16, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 13, Belarusun 11, Böyük Britaniyanın 10, Bolqarıstanın 10, Konqo Demokratik Respublikasının 10, Braziliyanın 9, Sudanın 8, Venesuelanın 7, Finlandiya, Ruminiya, Çexiya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.

    Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam və Qırğızıstanın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir və Sloveniyanın hər birinin 2 vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub.

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali lideri Əli Xamenei və bir sıra yüksəkvəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

  • Samux sakini bacısı oğlunu bıçaqladı

    Samuxda bıçaqlanma hadisəsi olub.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü F.Yolçuyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxsə dərhal yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, F.Yolçuyev dayısı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Fakt araşdırılır.

  • Sürücülərə və şagirdlərə müraciət

    “Məktəb ətrafı ərazilərdə hərəkət edən sürücülər və piyadalar xüsusi diqqətli olmalıdır. Sürücülər sürət həddini minimuma endirməli, piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalı və uşaqların qəfil yola çıxma ehtimalını nəzərə almalıdırlar”.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatında deyilir.

    “Piyadalar, xüsusilə şagirdlər, yolu yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, diqqəti yayındıran amillərdən uzaq durmalıdır.

    Valideynlər isə uşaqlara yol hərəkəti qaydalarını mütəmadi izah etməli və onlara şəxsi nümunə göstərməlidirlər.

    Unutmayaq ki, təhlükəsiz mühit yalnız qaydalara riayət etdikdə mümkündür. Qaydalara riayət etmək isə sürücülərin, piyadaların və digər yol iştirakçılarının təhlükəsizliyini təmin edir”, – deyə qurumun müraciətində deyilir.

  • Daha bir Türkiyə gəmisi Hörmüz boğazından keçdi

    İkinci Türkiyə gəmisi Hörmüz boğazından keçib.

    Bu barədə İran mətbuatı yazıb.

    Məlumata görə, təhlükəsiz keçid üçün İran İslam Respublikasının müvafiq orqanları ilə aparılan koordinasiyaya uyğun olaraq, ikinci Türkiyə gəmisi Hörmüz boğazından keçərək son təyinat yerinə doğru yola düşüb.
    //unikal.az

  • “Hazırda pul daha yavaş hərəkət edir” – İqtisadçı

    “Bu il martın 1-nə manatın dövretmə sürəti 2,83 olub. Bu o deməkdir ki, eyni 1 manat il ərzində cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda istifadə olunur. Müqayisə üçün deyim ki, 2005-ci ildə bu rəqəm 15,7 idi”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68-ə düşmüşdü.

    “Yəni trend aydındır, hazırda pul daha yavaş hərəkət edir. İnsanlar və bizneslər daha çox gözləyir, daha az xərcləyir. Pul iqtisadiyyatda dövr etməkdənsə, dayanır və gözləyir. Dayanıb gözləmə səbəbləri isə çoxdur. Pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin ritmini göstərən göstəricidir. Pul nə qədər tez hərəkət edirsə, iqtisadiyyat o qədər canlanır. Pul yavaşlayanda isə iqtisadiyyatın nəfəsi zəifləyir”.

  • Bu məmurun pulunu ələ keçirən şəxs məhkəmə zalında həbs olundu

    Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Dövlət ittihamçısı Ergin Qafarov çıxış edərək işin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.

    Məhkəmə qısa müşavirədən sonra qərarı elan edib.

    Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalından həbs olunub.

    Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib.

    Qeyd edək ki, məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.

    Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.

    Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

    R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

    Qeyd edək ki, Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. A.Dəmirov bir vaxtlar MTN tərəfindən tutulması, həmin nazirlik ləğv edildikdən sonra başlanmış cinayət işində zərərçəkmiş olması ilə də gündəmə gəlmişdi. Sonralar Dəmirovun adı müxtəlif korrupsiya cinayət işləri ilə bağlı hallanıb.

    Mediada Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu da deyilir.

    Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29,178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

  • “Liverpul”un baş məşqçisi bunu edə bilməsə, qovulacaq

    İngiltərənin “Liverpul” klubunda fövqəladə iclas keçirilib.

    Median.Az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, toplantı İngiltərə Kubokunun 1/4 final mərhələsində “Mançester Siti”yə 0:4 hesablı məğlubiyyətdən sonra baş tutub. İclasda komandanın baş məşqçisi Arne Slotun gələcəyi müzakirə olunub.

    Məlumata görə, “Liverpul”un növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanması əsas şərt kimi qoyulub. Əks halda, niderlandlı mütəxəssis vəzifəsini itirə bilər.

    “Mançester Siti” ilə qarşılaşmada alınan məğlubiyyət “Liverpul”un cari mövsümdə 15-ci uğursuz nəticəsi olub. Bu, eyni zamanda Mersisayd təmsilçisinin 2015-ci ildən bəri ən böyükhesablı məğlubiyyəti kimi qeydə alınıb.

    Qeyd edək ki, Arne Slot 2024-cü ildən “Liverpul”a rəhbərlik edir və komanda ilə 2024/2025-ci illər mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub. Hazırda “qırmızılar” 49 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Bundan əlavə, komanda UEFA Çempionlar Liqasında da mübarizəni davam etdirir.

  • Azərbaycan nefti nə qədər bahalaşa bilər? – AÇIQLAMA

    “Neftin və qazın qiymətinin bahalaşmasının fundamental iqtisadi təməl səbəbləri yoxdur. Burada yeganə səbəb müharibədir”.

    Bunu “Unikal”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, nə vaxt müharibə dayanacaqsa, həmin vaxt qiymətlərin kəskin şəkildə və bir neçə gün ərzində hətta 90 dollardan aşağı düşməsi gözlənilir

    “Məsələn, 2007-2008-ci illərdə bugünkü gündən daha baha qiymətlər idi. Neftin qiyməti 148 dollara çatmışdı. Çünki hasilat ilə bağlı problem var idi. Yəni, neft hasil edən ölkələr neftin hasilatını azaltmışdı, tələb çox idi. İndi isə hasilatla bağlı problem yoxdur. Daşınma ilə bağlı problem var. Daşınma isə müharibəyə görə problemə çevrilib. Müharibə bitən kimi neftin qiymətində azalmaların şahidi olacayıq”.

  • Sabiq bağça müdiri 10 nəfərdən pul tələb edibmiş

    Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Zaqatala rayon prokurorluğundan bildirilib ki, istintaq zamanı Lətifə Hasilovanın qeyd olunan vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbul olunması məqsədilə ümumilikdə 10 nəfərdən külli miqdarda pul vəsaitini rüşvət qismində alması və digər qanunsuzluqlar törətməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

    Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək

    Prokurorluq orqanlarına məxsus kriminalistik avadanlıqlarla təmin edilən avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək, onlara xüsusi işıq və səs siqnallarından istifadə hüququ veriləcək.

    Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin videokonfrans formatında birgə iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Layihə “operativ nəqliyyat vasitələri” anlayışının yeni redaksiyada genişləndirilməsini nəzərdə tutur.

    Hazırda qüvvədə olan qanuna görə, operativ nəqliyyat vasitələri yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.

    Təklif edilən dəyişikliyə əsasən, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger funksional rabitəsi orqanının tapşırıqlarının yerinə üzrə səlahiyyətli yetirilməsi, minatəmizləmə fəaliyyəti qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin həyata keçirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Respublikasının ali Azərbaycan vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası, poçt rabitəsinin milli operatoruna məxsus olan və poçtun daşınmasında istifadə edilməsi, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək təxirəsalınmaz hadisə yerində prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək.

    Dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir.

    Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.

    Qeyd olunan dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.
    //unikal.az