Month: April 2026

  • Bakının hansı istiqamətlərində nəqliyyatın hərəkəti çətinləşib?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Bakıda 54 yaşlı kişi maşında öldü

    Bakıda sürücü sükan arxasında dünyasını dəyişib.

    Hadisə aprelin 4-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

    Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobillə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, sükan arxasında infarkt keçirib və elə avtomobildə də ölüb.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan Prezidenti və Gürcüstanın baş naziri mətbuata bəyanatlarla çıxış ediblər – TAM MƏTN

    Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatla çıxış edib.

    Baş nazir İrakli Kobaxidzenin bəyanatı:

    – Salam, Zati-aliləri cənab Prezident.

    Hörmətli nazirlər.

    Xanımlar və cənablar.

    Media nümayəndələri.

    Əvvəlcə Gürcüstanın əziz dostu cənab İlham Əliyevə Gürcüstana səfər etdiyinə görə səmimi təşəkkürümü bildirmək istəyirəm. Onun Gürcüstana gəlişi hamımız üçün xüsusi şərəfdir.

    Cənab Prezident, Sizi Gürcüstanda qəbul etmək və həm ikitərəfli əməkdaşlığa aid məsələləri, həm də regiondakı cari prosesləri müzakirə etmək imkanından məmnunam. Mən bu fürsətdən istifadə edərək, Bütün Gürcüstanın Katolikos Patriarxı, Zati-müqəddəsləri II İlyanın vəfatı ilə əlaqədar Azərbaycanın və şəxsən Sizin verdiyiniz başsağlığına görə dərin təşəkkürümü bildirirəm.

    Əsrlər boyu xalqlarımızı yaxşı qonşuluq və xüsusi tarixi dostluq bağlayıb. Bu, məntiqi olaraq, dövlətlərimiz arasında güclü strateji tərəfdaşlığı əks etdirir. Gürcüstan ilə Azərbaycan arasında münasibətlər müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf edir. Biz bu prosesdə Sizin şəxsi səylərinizi və iştirakınızı xüsusi dəyərləndiririk. Mən, həmçinin həmin münasibətlərin inkişafında xüsusi rol oynayan nümayəndə heyətinin üzvlərinə, hökumət üzvlərinə və səfirlərə təşəkkür edirəm.

    Mən Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə Azərbaycanın verdiyi qəti dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Gürcüstan öz müstəqilliyini bərpa etdikdən etibarən hər zaman Azərbaycanın milli maraqlarının, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olub, hazırda tərəfdarıdır və gələcəkdə də tərəfdar qalacaq. Bu gün keçirilmiş görüş çərçivəsində, biz nəinki ikitərəfli münasibətləri, həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyinə dair məsələləri təfərrüatı ilə müzakirə etdik.

    Biz bu xüsusda Azərbaycan ilə Ermənistan arasında cari sülh prosesini alqışlayırıq. Gürcüstan dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsü qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır. Qlobal geosiyasi dəyişikliklər, ümumiyyətlə, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır.

    Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq.

    Görüş zamanı biz, həmçinin ticarət və iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri kimi qalır və həmçinin iqtisadi münasibətlərin artırılan sərmayələr sayəsində daha da dərinləşəcəyini gözləyirik. Biz yüksək səviyyədə dialoqu davam etdirməyə və müxtəlif sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğumuzu ifadə etdik.

    Əminəm ki, strateji tərəfdaşlığımız xalqlarımız və ölkələrimizin rifahı naminə uğurla inkişaf etməkdə davam edəcək. Prezidentin səfəri bu baxımdan mühüm rol oynayır.

    Yekun olaraq, cənab Prezident, dövlətlərimiz arasında münasibətlərin gücləndirilməsinə verdiyiniz şəxsi töhfəyə, səfərə gəldiyinizə və məhsuldar əməkdaşlığa görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, ikitərəfli münasibətlərin dərinləşməsi və inkişafına verdiyiniz şəxsi töhfəyə görə xüsusən minnətdaram.

    Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

    Prezident İlham Əliyevin bəyanatı:

    – Hörmətli cənab Baş nazir.

    Əziz dostlar.

    Cənab Baş nazir, dəvətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir. Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm.

    Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir. Gürcüstanda çox müsbət sərmayə iqlimi var və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. Bu siyasi sabitlik Gürcüstanda var. Bunun təminatçısı gürcü xalqıdır və Sizin apardığınız siyasətdir. Biz sizin dostlarınız, qonşularınız kimi buna sevinirik və əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.

    Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik.

    Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Mən səfərdən öncə arayışlara baxdıqda gördüm ki, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olub və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz, bəlkə də, ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq. Qeyd etdiyim kimi, Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3.7 milyard dollar sərmayə qoyulub. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər.

    Təbii ki, biz hər dəfə görüşəndə bir çox məsələləri müzakirə edirik, o cümlədən regional vəziyyət, regional təhlükəsizlik məsələlərini. Bu gün də istisna deyil. Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik, əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim.

    Cənab baş nazir Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxundu. Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim.

    Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilib və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.

    Bir sözlə, bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər, deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik.

    Fürsətdən istifadə edərək, qardaş Gürcüstan xalqına sülh, əmin-amanlıq, firavanlıq, xoşbəxtlik arzulayıram. Dəvətə və qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram.

  • Azər Maqsudov amnistiyaya düşdü

    Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudov amnistiyaya düşdüyü üçün cəzadan azad edilib.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Xatırladaq ki, 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində Azər Maqsudov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman Arif Acaloğlunu avtomobillə vurub. Nəticədə A.Acaloğlu aldığı xəsarətdən ölüb.

    Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

    A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.

    Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Hökmə əsasən, A.Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib.

  • Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

    Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Median.Az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.

    Şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.

    Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.

  • Yağışlı havada avtomobil idarə etmək ziyandır?

    Son günlər müşahidə olunan intensiv yağışlar sürücülər üçün əlavə risklər yaradır.

    Xüsusilə yollarda yaranan dərin su gölməçələri avtomobillərə ciddi ziyan vura bilər.

    Mütəxəssislər bildirirlər ki, gölməçələrdən yüksək sürətlə keçmək təkcə təhlükəli deyil, həm də avtomobilin mühərrik və elektrik sisteminə zərər yetirə bilər. Ən ciddi problemlərdən biri suyun mühərrikə daxil olmasıdır. Bu hal “hidrozərbə” adlanır və mühərrikin tam sıradan çıxmasına səbəb ola bilər.

    Bundan əlavə, su ilə təmas əyləc sisteminin effektivliyini azaldır, nəticədə avtomobilin dayanma məsafəsi uzanır. Elektrik naqilləri və sensorlar da sudan zərər görə bilər ki, bu da sonradan bahalı təmirə gətirib çıxarır.

    Digər tərəfdən, dərinliyi bilinməyən gölməçələrdə gizli çuxurlar ola bilər. Bu isə təkərlərin, disklərin və asqı sisteminin zədələnməsi ilə nəticələnə bilər.

    Mütəxəssislər sürücülərə belə hallarda sürəti minimuma endirməyi, mümkün olduqda gölməçələrdən yan keçməyi və avtomobilin texniki vəziyyətini daim yoxlamağı tövsiyə edirlər.

    Qeyd olunur ki, düzgün idarəetmə və ehtiyatlı davranış güclü yağışın avtomobilə vurduğu zərəri minimuma endirə bilər.

  • Песков заявил о паузе в трехсторонних переговорах по Украине: У США много дел

    Трехсторонний переговорный процесс России, США и Украины в настоящее время находится на паузе, поскольку у американской стороны много дел и собраться в таком формате сейчас трудно.

    Как передает Median.Az со ссылкой на “Известия”, об этом 6 апреля сообщил официальный представитель Кремля Дмитрий Песков.

    “Что касается процесса переговорного, да, он пока на паузе. У американцев много дел, других, понятно каких, и сейчас в этой связи в трехстороннем формате трудно собраться”, – сказал Песков.

    Он отметил, что по тем каналам, которые имеются, продолжается обмен информацией с американцами.

  • Peskovdan Ukrayna danışıqlarında fasilə ilə bağlı MARAQLI AÇIQLAMA: “Amerikalıların işi çoxdur”

    “Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar prosesi hazırda dayandırılıb”.

    Median.Az-ın “İzvestiya” nəşrinə istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

    “Danışıqlar prosesinə gəldikdə, bəli, hazırda fasilə vəziyyətindədir. Amerikalıların işi çoxdur, məlumdur ki, söhbət hansı işlərdən gedir. Bu baxımdan hazırda üçtərəfli formatda toplaşmaq çətindir”.

    O bildirib ki, mövcud kanallar vasitəsilə ABŞ rəsmiləri ilə məlumat mübadiləsi davam edir.

  • Həmin ev söküldü, xəttin bərpası işlərinə başlanıldı – Video

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansındakı diamertri 1200 mm-lik tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən biri komissiyanın qərarı əsasında sökülüb.

    Xətai rayonu, Rəşid Bağırov küçəsindən keçən kollektorda izafi yüklənmə nəticəsində baş verən qəza hadisəsi suyun ətraf ərazilərə yığılmasına səbəb olub. Hazırda həmin ərazilərdə suyun kənarlaşdırılması istiqamətində intensiv işlər aparılır.
    ADSEA sədri Zaur Mikayılov da mütəmadi ərazidə olur, görülən işləri şəxsən nəzarətdə saxlayır. Agentlik sədri yaranmış vəziyyətə yerində baxış keçirərək hadisənin daha tez, optimal və təhlükəsiz şəraitdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Bununla yanaşı müvafiq dövlət qurumlarının rəhbər şəxsləri də əraziyə baxış keçirirlər.

    Kollektorun üzərində inşa edilmiş ev artıq sökülüb. ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları yüklənmə nəticəsində çökən tullantı su kollektorunun təmir-bərpasını həyata keçirirlər. 9 metr dərinlikdə olan kollektorun üzərindən torpaq qatının götürülməsi üçün qazıntı işləri aparılır.

    Qeyd edək ki, bir müddət əvvəl həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.

    Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.

  • Oğrunu tutmağa çalışan satıcı işdən çıxarıldı

    Mağazadan oğurluq edən şəxsi saxlamağa cəhd edən işçi işdən çıxarılıb.

    Qeyri-adi olay Londonda “Waitrose” supermarket şəbəkəsində baş verib.

    Belə ki, 54 yaşlı mağaza satıcısı Uoker Smit növbəsi zamanı bir müştərinin mağazadan şokoladlar götürdüyünü görüb. O, müdaxilə etməyə çalışsa da, qısa mübahisə yaranıb, torba cırılıb və məhsullar yerə tökülüb. Şokoladlardan biri qırılıb.

    Hadisədən sonra mağaza meneceri Smitə töhmət verib və məsələ rəhbərliyə ötürülüb. Smit bildirib ki, əvvəllər işçilərə oğurluq hallarında müdaxilə etməmək tapşırılıb, lakin davamlı hadisələr onu hərəkətə keçməyə vadar edib.

    Şirkət isə açıqlamasında təhlükəsizlik qaydalarına ciddi riayət etdiklərini və əməkdaşların bu qaydalara əməl etməli olduğunu vurğulayıb.