Month: April 2026

  • Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşdı

    Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilənin vəkili müvəkkili barədə psixiatrik ekspertizanın təyin edilməsi barədə vəsatət verib.

    Vəsatətin təmin edilməyib.

    Vəkilin növbəti vəsatəti isə qətldə istifadə olunan bıçağın soyuq silah olub-olmaması ilə bağlı məhkəmə kriminalistik ekspertizanın təyini ilə bağlı olub. Vəkilin bu vəsatəti də təmin edilməyib.

    Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

    Növbəti proses aprelin 13-nə təyin edilib.

    Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

    20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

    B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Sürücülərə XƏBƏRDARLIQ: Bəzi yollarda duman olacaq

    Sabah ölkə ərazisində müəyyən yollarda görünüş məsafəsinin azalacağına dair xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, aprelin 2-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

  • Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

    Azərbaycan vətəndaşlarına qarşı yönəlmiş genişmiqyaslı fişinq kampaniyası aşkar edilib.

    Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

    Qeyd edilib ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal Azərbaycan domeninə aid e-poçt ünvanına, eləcə də 12 000-dən çox vətəndaşa (həm şəxsi, həm də korporativ e-poçt ünvanları daxil olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib. Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.

    İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

    • Naməlum və şübhəli mənbələrdən daxil olan e-poçt məktublarını açmamaq;

    • E-poçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl onların doğruluğunu mütləq yoxlamaq;

    • Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;

    • Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin qurumların alternativ rəsmi kanalları vasitəsilə dəqiqləşdirmək;

    • Belə hallarla qarşılaşdıqda dərhal Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək.

    Hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.

  • Şağanda qaz təchizatı dayandırılacaq

    Sabah Xəzər rayonunun Şağan qəsəbəsində təmir-bərpa işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatı sabah saat 10:00-dan təmir-bərpa işləri başa çatanadək dayandırılacaq.

  • Gədəbəy Rayon İcra Hakimiyyətində 32 nəfər işdən çıxarıldı

    İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Gədəbəyin icra başçısı vəzifəsini icra edən Natiq Nağıyevin əmri ilə 32 nəfər işdən çıxarılıb. İşini itirənlərin əksəriyyəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi – baş mühasibidir. Digər şəxslər isə icra hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

    Xatırladaq ki, Gədəbəyin sabiq icra başçısı Orxan Mürsəlov 2025-ci ilin noyabr ayında Göyçay rayonunun icra başçısı təyin edilib. Həmin vaxtdan etibarən Gədəbəydə icra başçısı vəzifəsini Natiq Nağıyev icra edir.

  • Ardıcıl 3 gün ardıcıl yenə YAĞIŞ YAĞACAQ – Bu tarixdən…

    Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir.

    Hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 4, 5 və 6 aprel tarixlərində yağış yağacağı ehtimal olunur.

    Hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.

  • Səsini itirdiyi deyilən tanınmış azərbaycanlı müğənni: “Həkim nəzarətindəyəm”

    Dünyada məşhurluq qazanan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) səsinin batması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

    Populyar sənətçi bu barədə özünün şəxsi “Instagram” səhifəsi üzərindən pərəstişkarlarına müraciət ünvanlayıb.

    “Səsimdə yaranan problemlə əlaqədar yayılan xəbərlərdən təşvişə düşən sevənlərimə öncə diqqətlərinə görə minnətdarlığımı bildirir və onlardan narahat olmamalarını xahiş edirəm. Doğrudur, səsimlə əlaqədar bəzi çətinliklər meydana gəlib, ancaq hazırda həkimlərin tam nəzarəti altındayam.

    Çox əfsus ki, aprel ayının 4-nə Daşkənd şəhərində planlaşdırılan konsertimizin tarixini dəyişmək məcburiyyətində qaldıq. Digər işlərimizin vaxtlarında isə heç bir fərqlilik yoxdur. Çıxışlarımızın yüksək keyfiyyətdə keçməsi və dinləyicilərimizin yaxşı əhvali-ruhiyyədə olması bizim üçün çox önəmlidir.

    Elə buna görə də dəyişdirilmiş tarixdə baş tutacaq konsertimizə tam şəkildə hazır olmalıyıq. Təxirə salınan konsert aprelin 17-də keçiriləcək”, – deyə ifaçı bildirib.

  • Yağışın həcminə görə onun qarşısını almaq mümkün idi? – RƏSMİ CAVAB

    “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əvvəlcədən intensiv yağıntılarla bağlı xəbərdarlıq edilsə də, mart ayının son günlərində müşahidə olunan güclü yağışlar gözləniləndən də artıq olub. Rəsmi məlumatlara görə, cəmi üç gün ərzində yağan yağıntının həcmi aylıq normanı təxminən 6 dəfə (146 mm) üstələyərək rekord səviyyəyə çatıb”.

    Bu sözləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov bildirib.

    O əlavə edib ki, belə ekstremal hava şəraiti mövcud infrastrukturun imkanlarını ciddi şəkildə aşır:

    “Məsələn, kollektor və kanalizasiya xətlərinin daşıma gücü müəyyən həddə hesablanıb və normadan dəfələrlə çox yağan yağışı eyni anda ötürmək texniki baxımdan mümkün deyil. Bu səbəbdən, istifadə olunan texnika və cəlb edilən canlı qüvvədən asılı olmayaraq, belə hallarda su basmalarının qarşısını tam şəkildə almaq mümkün olmur.

    Bununla belə, aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Bütün texnika və əməkdaşlar gücləndirilmiş, 24 saatlıq iş rejiminə keçirilmiş, xətlərdə profilaktik təmizləmə və yuma işləri aparılaraq onların ötürücülük qabiliyyəti artırılmağa çalışılıb. Yağıntılar dayandıqdan qısa müddət sonra küçələrdə yığılan suyun çəkilməsi də bu tədbirlərin effektivliyini göstərir”.

    İdarənin rəis müavini həmçinin deyib ki, vətəndaşlara da əvvəlcədən xəbərdarlıq olunub:

    “Onlara tövsiyə edilib ki, xüsusilə çökək ərazilərdə yaşayanlar öz evlərini qorumaq üçün əlavə tədbirlər görsünlər, suyun qarşısını almaq üçün fərdi səviyyədə hazırlıq işləri həyata keçirsinlər.

    Ümumilikdə, baş verənlər onu göstərir ki, problem hazırlıqsızlıqdan deyil, yağıntının normadan dəfələrlə artıq olmasından qaynaqlanıb və bu kimi ekstremal halların təsirini minimuma endirmək üçün həm infrastrukturun, həm də fərdi hazırlığın daha da gücləndirilməsi vacibdir”.

  • Suqovuşanda mina partladı – Kənd sakini yaralandı

    Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib.

    Hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.

    Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

    Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

  • Küveyt hava limanı 7-ci dəfə hücuma məruz qaldı

    Küveyt hava limanı müharibə başlayandan bəri yeddinci dəfə zərbələrə məruz qalıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə, ötən həftə yanacaq çəni alovlanıb və mülki müdafiə qrupları onu söndürmək üçün 58 saat vaxt sərf ediblər.

    Məlumata görə, son iki həftə ərzində Küveytdə mülki infrastrukturun dağıdılması həyəcan verici səviyyədə olub.

    Son bir neçə gündə neft emalı zavodları, limanlar, hava limanı, duzsuzlaşdırma zavodu və elektrik stansiyaları zədələnib.