Month: May 2026

  • Alimlər sübut etdi: Müasir musiqi getdikcə “fastfuda”a çevrilir

    Alimlər sübut etdi: Müasir musiqi getdikcə “fastfuda”a çevrilir

    İtalyan alimləri təxminən 20 min musiqi əsərini təhlil edərək belə qənaətə gəliblər ki, son dörd əsr ərzində musiqi tədricən daha sadə və daha vahid hala düşüb.

    Bədqiqat “Nature Publishing Group” jurnalında dərc olunub.

    Tədqiqatçılar klassikadan hip-hopa qədər altı böyük janrı araşdırıblar. Onlar şəbəkə nəzəriyyəsi metodlarından istifadə ediblər: notlar düyünlər, notlar arasındakı keçidlər isə əlaqələr kimi götürülüb. Bu yanaşma melodik və harmonik mürəkkəbliyi “qulaqla deyil”, riyazi şəkildə qiymətləndirməyə imkan verib.

    Nəticələr müasir pop musiqi üçün kifayət qədər kəskin mənzərə ortaya qoyub. Əvvəlki dövrlərdə musiqi əsərləri struktur baxımından daha mürəkkəb olub, lakin zaman keçdikcə sadələşmə tendensiyası artıb. Bu, demək olar ki, bütün janrlarda müşahidə olunur.

    Tədqiqatda qeyd olunur ki, “uzunmüddətli və ənənəvi olaraq mürəkkəb janrlar, məsələn klassika və caz, getdikcə yeni janrlara bənzəyən struktur nümunələri nümayiş etdirir. Bu isə melodik və harmonik strukturların homogenləşməsi və sadələşməsi prosesini göstərir”.

    Başqa sözlə, hətta caz və klassik musiqi belə tədricən “musiqi fastfudu” adlandırıla biləcək daha sadə formata yaxınlaşır. Alimlərin fikrincə, bunun səbəbi musiqinin yaradılma və istehlak üsullarının dəyişməsidir. Striminq platformaları, tövsiyə alqoritmləri və rəqəmsal mühit ümumilikdə dinləyicini tez “tutacaq”, lakin mürəkkəb harmoniyalardan və qeyri-adi keçidlərdən uzaq kompozisiyaları təşviq edir.

    Tədqiqat müəllifləri qeyd edirlər ki, musiqişünaslar və musiqiçilər artıq uzun müddətdir musiqidə ümumi sadələşmə tendensiyasından danışırlar.

    Bununla belə, alimlər müasir musiqini tamamilə “geri” kimi qiymətləndirməyə tələsmirlər. Araşdırmada vurğulanır ki, melodik sadələşmə musiqi mədəniyyətinin ümumi “deqredasiyası” demək deyil. Mürəkkəbliyin bir hissəsinin digər sahələrə – səs dizaynı, tekstura, audio işlənmə və ritmik strukturlara keçdiyi ehtimal olunur.

    Alimlər həmçinin diqqətə çatdırırlar ki, onların işi “Spotify”, “TikTok” və ya tövsiyə alqoritmləri ilə musiqinin sadələşməsi arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Lakin əldə olunan nəticələr müasir rəqəmsal mühitin populyar musiqinin strukturuna təsir göstərə biləcəyi ilə bağlı hipotezlərlə uzlaşır.
    //qaynar.az

  • Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)

    Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar.

    Onlardan biri bildirib ki, ardıcıl yağan yağışlar bağlarda lazımi işlərin görülməsinə mane olub:

    “Şaftalı, nektarin və alça bağlarım var. Yağışlar ardıcıl yağdığı üçün işlərimizi tamamlaya bilmədik. Bundan əlavə, dərman preparatlarının vaxtında çilənməməsi, çilənən dərmanların isə yağışla yuyulub getməsi böyük ziyana səbəb olub. Bu il, demək olar ki, məhsulun 85-90%-i yoxdur. Təxminən 8-9 min manat civarında ziyana düşmüşəm”.

    Digər bir fermer isə qeyri-sabit havanın müxtəlif bölgələrə fərqli dərəcədə təsir etdiyini qeyd edib:

    “Hava şəraiti Zaqatala, Balakən və Qax rayonlarında daha çox fəsad törədib. Bu bölgələr iqlim baxımından daha həssasdır. Yağıntıların çox olması həm rütubəti, həm də nəmliyi artırır ki, bu da müxtəlif xəstəliklərin sürətlə yayılmasına şərait yaradır. Məhsulun az olması, şübhəsiz ki, bu il satış qiymətlərinə də təsir edəcək. Görünən odur ki, gilas, alça və şaftalı bazarlarda daha baha qiymətə satılacaq”.

  • Əməkdar artistin səhhətində problem yarandı

    Əməkdar artistin səhhətində problem yarandı

    “Əməliyyata getməklə həyatımın ən böyük səhvini etdim”.

    Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ələkbər Əliyev “Günə uğurla” verilişində deyib. Aktyor səhhətində olan problemlərdən danışıb. O bildirib ki, insult keçirib, şəkərli diabet, yüksək təzyiq və onurğa problemlərindən əziyyət çəkir:

    “İnsult olmuşam, şəkər həmişə mənimlə dostdur. Onurğamdan iki dəfə əməliyyat olunmuşam, indi yenidən problem yaranıb. Təzyiq də var, hər şey də var”.

    Ə.Əliyev insultdan sonra müalicə aldığını və hazırda yenidən müalicəyə ehtiyacı olduğunu qeyd edib:

    “Elə bilirdim bir dəfə müalicədən sonra keçib gedir. Sən demə yenidən lazımdır. Əməliyyat mənim həyatda ən böyük səhvim oldu. Çünki elə həkimlər var ki, onu əməliyyatsız da sağalda bilirlər. İlk problem cəmi 7 millimetr idi. Amma ikinci dəfə artıq 25 millimetr oldu və əməliyyat qaçılmaz idi”.

  • Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir

    Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir

    Türkiyə üçün Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması və hazırkı sülh prosesinin müvafiq sazişin imzalanması ilə yekunlaşması çox önəmlidir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz “Şərqi və Cənub-Şərqi Anadolu Bölgələrinin Görüşü” adlı tədbirdə çıxışında deyib.

    C. Yılmazın sözlərinə görə, Türkiyə Cənubi Qafqazda davamlı sülhün əldə olunmasını istəyir.

    “Bölgədə reallaşdırılacaq Zəngəzur dəhlizi, Orta Dəhliz Türkiyə üçün əhəmiyyətlidir, çünki bu koridorlar Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə quru əlaqəni yaratmaqla yanaşı, Asiya ilə Avropa arasında ticarətin inkişafına töhfə verəcək. Regionun iqtisadiyyatı inkişaf edəcək”, – Türkiyənin Vitse-prezidenti bildirib.

  • Kişi icarədar idmançı qızın burnunu qırdı – Bakıda restoranda insident

    Kişi icarədar idmançı qızın burnunu qırdı – Bakıda restoranda insident

    Bakıda qadın müştəri restoranda döyülüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Azadlıq prospektində yerləşən restoranlardan birində qeydə alınıb. İttiham aktında qeyd olunan yekun protokola görə, səhərə yaxın saat 5 radələrində zərərçəkən şəxs Gülsüm (şərti adla) sərxoş halda restoranda digər qadın müştəriləri narahat edib. Buna görə də obyektin icarədarı Musa İslamov (ad və soyad şərtidir) yaxınlaşaraq ondan hesabı ödəyib restoranı tərk etməsini tələb edib. Lakin Gülsüm həm buna etiraz edib, həm də Musanı söyüb. Əsəbiləşən Musa Gülsümün sifətinə zərbə vurub. Nəticədə qızın burun sümüyü qırılıb və bir sıra digər xəsarətlər yetirib.

    Faktla bağlı Musa İslamova qarşı cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, restoranı doğma bacısı ilə birgə işlədir. Zərərçəkən qadının sözlərinə görə isə taekvando idman növü ilə məşğul olub. Lakin hadisə zamanı 6 nəfər onun üzərinə gəldiyi üçün gücü çatmayıb. Gülsüm həmçinin kuryer işlədiyini və hadisə nəticəsində ona 6500 manat ziyan dəydiyini də deyib.

    İfadə verən qadın şahidlər Gülsümün sərxoş halda musiqi qoşub oynayarkən onlara sataşdığını, masasında əyləşərkən isə dayanmadan üzlərinə baxdığını deyiblər. Müştərilər narahat olduqları üçün restoran icarədarlarına müraciət edərək Gülsümün obyektdən çıxarılmasını istəyiblər. Hadisə də məhz bu zəmində baş verib.

    Məhkəmənin qərarı ilə Musa İslamov barəsində 8 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin onun haqqında amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad olunub.

  • Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb

    Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb

    Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, mayın 1-də ölkə ərazisində qanunsuz saxlanılan 3 avtomat silahı, 1 tapança, 3 tüfəng, 4 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

  • Müharibədə İrana dəyən ziyanın məbləği AÇIQLANDI

    Müharibədə İrana dəyən ziyanın məbləği AÇIQLANDI

    40 günlük müharibə ərzində İsrail və ABŞ-nin İran infrastrukturuna vurduğu zərər 270 milyard dollar olaraq qiymətləndirilir.

    Median.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

    O, zərərin miqyasının daha geniş olması ehtimalına işarə edib: “Birbaşa və dolayı zərərləri də əhatə edən bu rəqəm ilkin qiymətləndirmə hesab olunur və tam deyil”.

  • Bu sürücülərin “prava”sı əlindən alınacaq – SƏBƏB NƏDİR?

    Bu sürücülərin “prava”sı əlindən alınacaq – SƏBƏB NƏDİR?

    Azərbaycan Respublikasında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə hüquqi nəticələr yarada bilər. Xüsusilə, uzun müddət ödənilməyən inzibati cərimələrin sürücülük hüquqlarına təsir edib-etməyəcəyi tez-tez müzakirə olunan məsələlərdəndir.

    Bəs, inzibati cəriməni ödəməyən sürücülərin sürücülük hüququ məhdudlaşdırıla bilərmi?

    Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı konkret.az-a açıqlama verən vəkil Tural Həsənli bildirib ki, belə hallar qanunvericilikdə nəzərdə tutulub və konkret müddətlər çərçivəsində tədbirlər görülür.

    “Müvafiq qərar qüvvəyə minir. Əgər 3 ay ərzində cərimə ödənilməzsə və bunun üçün qanuni əsas olmazsa, tədbir görülür. Həmin şəxsə qarşı əlavə qərar qəbul edilir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Eyni zamanda cərimənin ödənilməsi üçün iş məcburi icraya göndərilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür”.

    Vəkil vurğulayıb ki, belə halların qarşısını almaq üçün sürücülər cərimələri vaxtında ödəməli və məsuliyyətdən yayınmamalıdırlar.

  • İran neft hasilatını azaltmağa başlayıb

    İran neft hasilatını azaltmağa başlayıb

    İran ABŞ-ın tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Məlumata görə, Tehran anbarlar tam dolmadan əvvəl bu addımı atıb.

    Qeyd olunur ki, iranlı mühəndislər quyuları zərər görmədən müvəqqəti bağlamaq və sonradan hasilatı bərpa etmək imkanına malikdir.

  • Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

    Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

    Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq.

    Halbuki həkim rəyi olmadan hər hansı bir dərmanın, xüsusilə də ağrıkəsicinin qəbulu ciddi risklərə yol açır.

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, ağrıkəsicilərdən davamlı şəkildə istifadə olunması ilk növbədə mədə-bağırsaq sisteminin selikli qişalarına mənfi təsir göstərir:

    “Belə ki, mədədə turşunun miqdarı artır. Mədənin turşular konsentrasiyası artan kimi mədənin divarları zərər görməyə başlayır. Daha sonra mədənin divarlarında yaralar əmələ gəlir və mədə-bağırsaq prosesinin fəaliyyətində müəyyən pozuntular yaranır.

    Digər tərəfdən qanyaranma prosesində ciddi fəsadlar ortaya çıxır. Eyni zamanda ağrıkəsicilərin uzun müddət davamlı qəbulu metobolik məhsulların parçalanması nəticəsində oynaqlarda, böyrək və qaraciyərdə toplanaraq bu sistemin də fəaliyyətini zədələmiş olur”.