Month: May 2026

  • Vidadi İsayevin təyin etdiyi baş memara cinayət işi açılıbmış – Hökm oxundu

    Vidadi İsayevin təyin etdiyi baş memara cinayət işi açılıbmış – Hökm oxundu

    Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin sabiq müdiri – baş memar Toğrul Şadlinskiyə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1987-ci il təvəllüdlü Toğrul Şadlinskiyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi açılıb.

    Məlum olub ki, Toğrul Şadlinski Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin əmri ilə aparıcı məsləhətçi vəzifəsindən azad olunaraq, 2023-cü ilə qədər Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işlədiyi dövrdə bir sıra qanun pozuntularına yol verib. Belə ki, o, vəzifədə olduğu müddətdə İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağında R.O. adlı şəxsi Bərdədə DOST Mərkəzinə işə düzəldəcəyini vəd edərək 10 000 manat pul alıb və dələduzluq edib.

    Bundan başqa, Toğrul Şadlinski öz qulluq mövqeyindən təkrar istifadə edərək sahibkar Cavid Şükürova məxsus Əliyanlı kəndində yerləşən 0,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirərək qeyri-yaşayış sahəsi kimi çıxarış alınmasına köməklik göstərəcəyini bildirib və bu yolla 12 500 manat pul ələ keçirib.

    Məhkəmədə ifadə verən Toğrul Şadlinski əməlindən peşman olduğunu bildirib. O, hazırda Şamaxıda fəaliyyət göstərən şirkətlərdən birinin filialında sahə mühəndisi işlədiyini və aylıq 2500 manat əmək haqqı aldığını deyib. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlərə dəymiş ziyanı hər ay hissə-hissə ödədiyini qeyd edib və bir daha qanunsuz əməl törətməyəcəyinə söz verib. O, məhkəmədən ona qarşı rəhmli olunmasını xahiş edib.

    Məhkəmənin hökmü ilə Toğrul Şadlinskiyə 1 il 6 ay müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Cəza müddətindən onun 2 gün həbsdə saxlanıldığı vaxt çıxılıb.

    Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə bir sıra məhdudiyyətlər qoyulub: hər gün saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsi daşımaq və onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, Bərdə rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək, iş yerini dəyişdiyi halda nəzarət orqanını əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək.

    Qeyd edək ki, iki il əvvəl Toğrul Şadlinskinin yaxın qohumu, Bərdə Məşğulluq Mərkəzinin sabiq direktoru Bilman Şadlinski barəsində də Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi açılmış və hökm çıxarılmışdı.

    Həmçinin onun qohumlarından Fəxrəddin Şadlinski Bərdə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, Fəqət Şadlinski isə YAP Bərdə rayon təşkilatının sədridir. Digər yaxınları da rayonda müxtəlif vəzifələrdə çalışıblar.

  • “Ən böyük arzum prokuror olmaqdır” – Maksimal bal toplayan Səma

    “Ən böyük arzum prokuror olmaqdır” – Maksimal bal toplayan Səma

    “Repetitor yanına getmək kifayət deyil, eyni zamanda davamlı məktəbə gedib dərsləri yaxşı oxumaq lazımdır”.

    Bu sözləri Bizim.Media-ya açıqlamasında 9-cu sinif şagirdlərinin buraxılış imtahanında maksimum bal toplayan Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdi Səma Dünyamin qızı Hətəmli söyləyib.

    O, birinci sinfə gedəndən dərslərini yaxşı oxuduğunu qeyd edib:

    “Mən birinci sinifdə oxuyan vaxtdan dərslərimi yaxşı oxumağa başladım. Doqquzuncu sinifdən etibarən repetitor yanına getdim. Bir çox uşaqlar düşünür ki, yalnız repetitor yanına getməklə yüksək nəticə əldə etmək mümkündür. Amma mən belə düşünmürəm. Məncə, repetitor sadəcə istiqamət göstərən bir dəstəkdir.

    Əgər şagird məktəbdə dərslərini diqqətlə oxumasa, müəllimlərini dinləməsə və özü çalışmasa, yüksək nəticə qazanmaq çətin olar. Uğurun əsas sirri insanın öz zəhməti, məsuliyyəti və davamlı çalışmasıdır.

    Mən də uğur qazanmaq üçün həm məktəb dərslərimə ciddi yanaşdım, həm də repetitor məşğələlərindən düzgün faydalanmağa çalışdım. Ən böyük arzum prokuror olmaqdır. Arzuma çatmaq üçün ailəm, doğmalarım daima mənə dəstək olurlar”.

    O, nəticəsini gördüyü uğurun sirlərindən də danışıb:

    “Uğurun sirri hər kəs üçün fərqlidir. Hər insan uğura gedən yolda müxtəlif çətinliklərdən və fərqli mərhələlərdən keçir. Amma ən mühüm məsələ insanın qarşısına məqsəd qoyması və o məqsədə çatmaq üçün əzm, iradə və inamla çalışmasıdır.

    Aşağı nəticə əldə etdikdə məyus olmaq yox, əksinə bundan motivasiya almaq daha vacibdir. İnsan zəif olduğu mövzular üzərində daha çox işləməli, özünü inkişaf etdirmək üçün daim çalışmalıdır. Çünki uğur təsadüfən qazanmır — uğur davamlı zəhmətin, səbrin və intizamın nəticəsidir.

    Uğur qazanmaq istəyən insan mütəmadi şəkildə çalışmalı, vaxtını düzgün dəyərləndirməli və oxuduğu dərslərin keyfiyyətinə xüsusi önəm verməlidir. Ən əsası isə insan özünə inanmalıdır. İnam və zəhmət bir araya gəldikdə, qarşıya qoyulan məqsədlərə çatmaq mümkündür.”

    Səma builki imtahan suallarının onun üçün çox çətin olmadığını, bundan öncə daha ağır testlər işlədiyini də vurğulayıb.

  • Slovakiya Prezidenti Azərbaycana gələcək

    Slovakiya Prezidenti Azərbaycana gələcək

    Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri planlaşdırılır.

    Trend xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

    “Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Slovakiya da təmsil olunacaq: baş nazirin müavini, eləcə də regional inkişaf naziri gələcək. Bundan əlavə, artıq may ayında, WUF ərəfəsində, parlament sədrinin səfəri gözlənilir. Həmçinin Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır”,- deyə səfir bildirib.

    E.Qasımov qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur: “Biz müdafiə sənayesi sahəsində, eləcə də infrastruktur layihələrində yaxşı əməkdaşlıq edirik”.

    “Çox müsbət təəssüratlarım formalaşıb. Qarabağda artıq bir neçə dəfə olmuşam, buna görə ümumilikdə təəssüratlarım müsbətdir”,- deyə diplomat səfəri şərh edərkən əlavə edib.

    Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

    Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.

    İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.

    Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.

  • Dubayda yaşayış icazəsi almaq asanlaşdı

    Dubayda yaşayış icazəsi almaq asanlaşdı

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubayda yaşayış icazəsi almaq üçün daşınmaz əmlaka minimum investisiya həddi ləğv edilib.

    Bu barədə “DLD Cube” platformasının məlumatında bildirilib.

    Yeni qaydalara əsasən, tək mülkiyyətçilərin Dubayda 2 illik yaşayış icazəsi alması üçün əldə etdiyi mənzilin dəyəri ilə bağlı minumum tələb ləğv edilib.

    Bununla belə, əmlaka başqa biri ilə birgə sahib olmaq istəyən şəxslər üçün isə 400 min BƏƏ dirhəmi (təxminən 185 min AZN) həddi saxlanılıb.

    Qeyd edək ki, əvvəlki qaydalara əsasən, tək mülkiyyətçilərin yaşayış icazəsi almaq üçün əldə etdiyi mənzilin dəyərinin minimum həddi 750 min BƏƏ dirhəmi (347 min AZN) təşkil edirdi.

  • Cevdet Yılmaz Ermənistana gedir

    Cevdet Yılmaz Ermənistana gedir

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz gələn həftə Ermənistana səfər edəcək.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.Yılmaz mayın 4-də İrəvanda keçiriləcək “Avropa Siyasi Birliyi”nin 8-ci sammitində iştirak edəcək.

  • “Niva” “Chevrolet”lə toqquşdu – Xəsarət alanlar var

    “Niva” “Chevrolet”lə toqquşdu – Xəsarət alanlar var

    Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza şəhərin Bağman adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan “Niva” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

    Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

    Qəza yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • İran daha iki casusu edam etdi

    İran daha iki casusu edam etdi

    İranda İsraillə əlaqəsi olan iki agent edam edilib.

    Bu barədə “Fars” agentliyi məlumat yayıb.

    Yaqub Kərimpur və Nasir Baqerzadə İsrail və Mossad kəşfiyyat xidməti üçün kəşfiyyat əməkdaşlığı və casusluq ittihamları ilə məhkəmədən sonra asılıblar.

    Hökmlər ölkənin Ali Məhkəməsi tərəfindən çıxarılıb.

  • İstirahət günü hava necə olacaq?

    İstirahət günü hava necə olacaq?

    Mayın 3-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

  • Ürəyiniz sağlam, ömrünüz uzun olsun – Alimlər çarəni tapdı

    Ürəyiniz sağlam, ömrünüz uzun olsun – Alimlər çarəni tapdı

    Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliyi ilə aparılıb.

    Araşdırma zamanı alimlər təbii berberin birləşməsi əsasında hazırlanmış eksperimental maddə – mitorubinin təsirini öyrəniblər. Bu maddə bəzi dərman preparatlarında istifadə olunur və müxtəlif bitkilərin tərkibində mövcuddur. Təcrübələr siçan hüceyrələri üzərində aparılıb ki, maddənin hüceyrə enerjisinə təsiri müəyyənləşdirilsin.

    Alimlərin sözlərinə görə, yaş artdıqca hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin sayı azalır və funksiyası zəifləyir. Bu isə ürək əzələsinin vəziyyətinə mənfi təsir göstərir. Araşdırma göstərib ki, mitorubin MITOL molekullarının səviyyəsini artırır. Bu molekullar mitoxondrilərin “keyfiyyətinə nəzarət” edir və onların sayının artmasına kömək edir.

    Nəticədə hüceyrələrin enerji istehsal etmək qabiliyyəti güclənir. Təcrübə nəticələrinə əsasən, bu proses ürəyin fəaliyyətinin yaşla bağlı zəifləməsini ləngidə və müəyyən dərəcədə bərpa edə bilər.

    Bununla belə, alimlər vurğulayırlar ki, nəticələr hələlik yalnız heyvan modelləri üzərində əldə olunub. Metodun insanlarda effektivliyi və təhlükəsizliyi üçün əlavə tədqiqatlara ehtiyac var.

    Tədqiqat müəllifləri qeyd edirlər ki, mitoxondri aktivliyinin azalması bir çox yaşa bağlı xəstəliklərin əsas səbəblərindən biridir. Mitorubinin gələcək araşdırmaları ürək-damar xəstəliklərinin müalicəsində yeni yanaşmaların hazırlanmasını sürətləndirə bilər.

  • ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

    ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

    Almaniyadan 5000 Amerika əsgərinin çıxarılır.

    Bu barədə xarici mətbuat yazır.

    Qeyd olunur ki, ABŞ Almaniyadan 5000 əsgərini geri çəkir, çünki Avropa müttəfiqləri ABŞ prezidentinin gözlədiyi dəstəyi ona göstərmir.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl “Truth Social” sosial şəbəkəsində Almaniyadakı ABŞ hərbi kontingentinin azaldılmasını təklif etmişdi.