Month: May 2026

  • Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? – ARAŞDIRMA

    Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? – ARAŞDIRMA

    Bayram mövsümü ərəfəsində sürücülər üçün xərclərə qənaət etməyin effektiv üsulları açıqlanıb.

    Mütəxəssislərin fikrincə, sürətə edilən kiçik dəyişiklik yanacaq sərfiyyatında ciddi fərq yarada bilər. Belə ki, optimal sürət rejiminə riayət etməklə yanacaq xərclərini 15 faizə qədər azaltmaq mümkündür.

    Qarşıdan gələn bayram günləri ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin sayının kəskin artacağı gözlənilir. Bu fonda yanacaq qiymətlərinin yüksəlməsi sürücüləri daha qənaətcil idarəetmə üsullarına yönəldir. Statistik məlumatlara görə, son aylarda “yanacaq qənaəti” ilə bağlı axtarışların əhəmiyyətli dərəcədə artması da bunu təsdiqləyir.
    Avtomobil mütəxəssisləri bildirirlər ki, daxiliyanma mühərrikləri üçün ən səmərəli sürət təxminən 90–100 km/saat intervalında hesab olunur. Sürətin bundan yuxarı qaldırılması, xüsusilə 110–120 km/saat və daha artıq olduqda, aerodinamik müqaviməti artırır və mühərrikin daha çox enerji sərf etməsinə səbəb olur. Nəticədə yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə yüksəlir.

    Araşdırmalar göstərir ki, sürətdə təxminən 15–20 km/saat artım yanacaq sərfiyyatını 10–15 faizədək yüksəldə bilər. Halbuki daha sabit və optimal sürətlə hərəkət etmək səyahət müddətinə ciddi təsir etmədən qənaət etməyə imkan yaradır. Məsələn, uzun məsafələrdə bu fərq vaxt baxımından cəmi bir neçə dəqiqə təşkil etsə də, yanacaq sərfiyyatında hiss olunan üstünlük təmin edir.

    Mütəxəssislər xüsusilə magistral yollarda sabit sürəti qorumaq üçün kruiz-kontrol sistemindən istifadəni tövsiyə edirlər. Bu, həm sürücünün yorğunluğunu azaldır, həm də yanacaq sərfiyyatını optimallaşdırır.

    Qeyd olunur ki, qlobal enerji bazarındakı dəyişikliklər sürücülərin davranışına da təsir edir. Yanacaq xərclərini azaltmaq istəyənlərin sayı artdıqca, alternativ nəqliyyat vasitələrinə, xüsusilə elektrik avtomobillərinə maraq da yüksəlir.

    Ekspertlərin qənaətinə görə, düzgün sürət seçimi və stabil idarəetmə tərzi sadə görünsə də, uzunmüddətli perspektivdə sürücülər üçün həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyətli üstünlüklər yaradır.
    //avtosfer.az

  • Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

    Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

    Bosfor boğazında gəmilərin hərəkəti Panama bayrağı altında üzən “Queen Bee” yük daşıyıcısının mühərrikində nasazlıq yarandığı üçün dayandırılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Haberturk” televiziya kanalı məlumat verib.

    Sahil mühafizəsi qayıqları hadisə yerinə tez bir zamanda göndərib, problemin aradan qaldırılması üçün işlər görülür.

    Qeyd edək ki, 3 may tarixində Panama bayrağı altında üzən Zaltron yük daşıyıcısı Bosfor boğazında mühərrikində nasazlıq yaranmışdı. Gəmi Misirdən Rusiyaya gedirmiş.

  • Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?

    Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?

    2026-cı ilin yanvar-mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı azalıb.

    Cari ilin ilk 3 ayında xaricə səfər edən işsiz şəxslərin sayı 887 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 nəfər və ya 2,95% azdır. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında bu kateqoriya üzrə xaricə səfər edənlərin sayı 914 nəfər olub.

    İşsiz Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr arasında Gürcüstan və Rusiya ilk sıralarda yer alıb:

    Gürcüstan – 404 nəfər

    Rusiya Federasiyası – 173 nəfər

    Çin – 56 nəfər

    Birləşmiş Ərəb Əmirlikləri – 30 nəfər

    Moldova – 25 nəfər

    Özbəkistan – 23 nəfər

    Belarus – 17 nəfər

    Polşa – 17 nəfər

    İran – 14 nəfər

    Avstriya – 10 nəfər

    Hindistan – 7 nəfər

    İsrail – 3 nəfər

    Niderland – 1 nəfər

  • Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq

    Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq

    Mayın 7-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.

  • Aptekdə yoxlama – Vaxtı keçmiş dərmanlar satılıb

    Aptekdə yoxlama – Vaxtı keçmiş dərmanlar satılıb

    Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığı və digər bir sıra nöqsanlar aşkarlanıb.

    Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib. Yararlılıq müddəti bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

  • Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu

    Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu

    Paytaxt sakinlərindən biri polisə müraciət edərək ona məxsus bank kartının oğurlandığını bildirib.

    Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Nağıyev saxlanılıb.

    Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin bank kartını ələ keçirəndən sonra paytaxt ərazisində yerləşən geyim mağazalarından birində 576 manatlıq alış-veriş də edib.

    Araşdırma aparılır.

  • Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb

    Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı aparılıb.

    Bu barədə Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.

    “Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla səmərəli söhbətim oldu. Həmkarıma qonaqpərvərliyinə və liderlərimizin Qəbələ səfəri və danışıqları zamanı mənimlə görüşdüyünə görə təşəkkür etdim. Biz bu danışıqlar zamanı əldə edilən razılaşmaların həyata keçirilməsinə diqqət yetirdik və ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi üçün gələcək addımları müzakirə etdik”, – deyə paylaşımda qeyd olunur.

    Sibiqanın sözlərinə görə, tərəflər həmçinin regiondakı təhlükəsizlik vəziyyəti və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar:

    “Ukrayna suverenliyimizi və ərazi bütövlüyümüzü davamlı olaraq dəstəklədiyinə, eləcə də xüsusilə enerji sektorunda göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır. Biz fəal dialoq aparmaq və əlaqələrimizi davam etdirmək barədə razılığa gəldik”.

  • QR kodları nə qədər təhlükəsizdir?

    QR kodları nə qədər təhlükəsizdir?

    Gündəlik həyatın bir çox sahəsində rast gəlinən QR kodlar, təklif etdiyi sürətli əməliyyat imkanları ilə yanaşı, müxtəlif kiber riskləri də özü ilə gətirir. Restoran menyularından rəqəmsal ödəniş nöqtələrinə qədər geniş yayılan bu texnologiya kibercinayətkarlar üçün yeni hücum kanalı yaradır.

    ESET kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri istifadəçilərin bu vizual kodları skan edərkən qarşılaşa biləcəyi məxfilik riskləri barədə məlumat veriblər. “Quick Response” (sürətli cavab) ifadəsinin qısaltması olan QR sistemləri əslində ikiölçülü barkod növü kimi fəaliyyət göstərir.

    QR kodlar ənənəvi barkodlarla müqayisədə daha çox məlumat saxlama qabiliyyətinə malikdir. Zədələnsələr belə oxuna bilməsi və istənilən bucaqdan skan edilə bilməsi onları logistika və maliyyə kimi sahələrdə geniş istifadə edilən texnologiyaya çevirib. Lakin bu çeviklik zərərli şəxslərin təhlükəli keçidləri fiziki və rəqəmsal mühitlərə yerləşdirməsini də asanlaşdırır.

    Kibertəhlükəsizlik mütəxəssisləri bildirirlər ki, etibarsız mənbələrdən gələn QR kodlar “Qrishing” adlı fişinq (kimlik oğurluğu) üsuluna çevrilib. Bu üsulda istifadəçilər saxta bank səhifələrinə və ya alış-veriş platformalarına yönləndirilərək giriş məlumatlarını özləri təqdim edirlər. Bəzi kodlar isə skan edilən anda telefonda gizli şəkildə SMS göndərilməsi, zəng edilməsi və ya məkan məlumatlarının paylaşılması kimi icazəsiz əməliyyatları işə sala bilər. Xüsusilə ictimai yerlərdə ödəniş nöqtələrinə yapışdırılan saxta QR stikerləri vətəndaşların ödənişlərinin birbaşa hücumçuların hesabına yönləndirilməsinə səbəb ola bilir.

    Məlumat təhlükəsizliyini qorumaq üçün sadə, lakin effektiv tədbirlər mövcuddur. Mütəxəssislər naməlum mənbələrdən gələn afişa və ya sosial şəbəkə paylaşımlarındakı kodların yoxlanılmadan skan edilməməsini tövsiyə edirlər. Cihazlarda güncəllənmiş təhlükəsizlik proqramlarının olması və iki faktorlu autentifikasiya sistemlərinin aktivləşdirilməsi mümkün məlumat sızmalarının qarşısını alır. Bundan əlavə, məkan icazələrinin məhdudlaşdırılması şəxsi məlumatların üçüncü tərəflərin əlinə keçmə riskini azaldan vacib addımlardan biridir. Texnologiyanın sürətli inkişafı yalnız düzgün təhlükəsizlik tədbirləri ilə birlikdə istifadə olunduqda riskdən daha çox fayda verir.
    //valyuta.az

  • Dünya yeni pandemiyanın astanasındadır? – ÜST-dən açıqlama

    Dünya yeni pandemiyanın astanasındadır? – ÜST-dən açıqlama

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Atlantik okeanının cənubundakı Argentina ilə Afrikanın qərbindəki Kabo Verde arasında hərəkət edən sərnişin gəmisində qeydə alınan hallardan sonra gündəmə gələn hantavirusu qlobal əhali üçün “aşağı riskli” kimi qiymətləndirib. Təşkilat eyni zamanda virusun genom sekvensi üzrə araşdırmaların davam etdiyini bildirib.

    Qaynarinfo xəbər verir ki, gəmidə aşkarlanan 7 hantavirus yoluxmasından 3-nün ölümlə nəticələnməsi beynəlxalq ictimaiyyətdə geniş müzakirə doğurub. ÜST-nin məlumatlarına əsasən, hantaviruslar gəmiricilər tərəfindən daşınan və insanlarda ağır xəstəliklərə səbəb ola bilən virus qrupuna aiddir.

    Artıq İsveçrədə də hantavirus infeksiyası halı aşkarlanıb. “Reuters” agentliyinin İsveçrə hökumətinə istinadən verdiyi məlumata görə, bir kişi Sürix xəstəxanasında müalicə alır. Onun bir neçə hantavirus infeksiyası halının baş verdiyi gəmidə kruizdən sonra İsveçrəyə qayıtdığı bildirilir.

    Virusun xüsusiyyətləri və yoluxma yolları

    Hantaviruslar nadir hallarda insana keçən zoonoz viruslar kimi tanınır. İnsanlar əsasən yoluxmuş gəmiricilərlə və ya onların sidiyi, nəcis və tüpürcəyi ilə təmas nəticəsində yoluxur. Daha az hallarda isə gəmirici dişləmələri ilə də keçə bilər.

    İnkubasiya dövrü adətən 1–6 həftə təşkil edir və xəstəlik çox vaxt hərarət, baş ağrısı, əzələ ağrıları, qarın ağrısı, ürəkbulanma və qusma kimi əlamətlərlə başlayır. Erkən mərhələdə diaqnozun çətin olduğu, simptomların qrip, Kovid-19, dang qızdırması və ya sepsis kimi xəstəliklərlə qarışa bildiyi bildirilir.

    Ağır fəsadlar

    Hantavirus infeksiyası ciddi ağırlaşmalara və ölümə səbəb ola bilər. Amerika qitəsində bu viruslar ölüm faizi 50 faizə çata bilən hantavirus kardiopulmonar sindromu ilə əlaqələndirilir. Cənubi Amerikada isə insandan insana məhdud keçidi qeydə alınmış Andes virusu bu qrupun nümunələrindən biridir.

    Avropa və Asiyada isə hantaviruslar böyrək sindromlu hemorragik qızdırmaya (HFRS) səbəb ola bilir.

    Qlobal vəziyyət

    Dünyada hantavirus infeksiyalarının nisbətən nadir olduğu bildirilir. İllik yoluxma sayının 10 min ilə 100 min arasında dəyişdiyi təxmin edilir. Ən yüksək xəstəlik yükü Asiya və Avropa regionlarında qeydə alınır.

    Xüsusilə Çin və Cənubi Koreya kimi ölkələrdə hər il minlərlə HFRS hadisəsi aşkarlanır, lakin son illərdə azalma tendensiyası müşahidə edilir.

    ÜST-dən açıqlama

    ÜST-nin Epidemiya və Pandemiyaların Qarşısının Alınması Bölməsinin direktoru Mariya van Kerkhove bildirib ki, hantaviruslar gəmiricilər tərəfindən yayılır və ciddi xəstəliklərə səbəb ola bilər. O, eyni mühitdə yaşayan və yaxın təmasda olan insanlar arasında “insandan insana keçidin mümkün ola biləcəyini” qeyd edib.

    Gəmidə başqa simptomatik xəstənin olmadığı, gəminin isə Kanar adalarına doğru hərəkətini davam etdirdiyi və İspaniya rəsmiləri ilə koordinasiyanın aparıldığı bildirilib.

    ÜST həmçinin xəstəliyin ilkin mərhələdə daha yoluxucu ola biləcəyini ehtimal edir.

    Müalicə və profilaktika

    Hantavirus üçün xüsusi müalicə və ya təsdiqlənmiş vaksin mövcud deyil. Erkən mərhələdə göstərilən dəstəkləyici tibbi yardım sağ qalma ehtimalını artırır.

    Profilaktik tədbirlər əsasən gəmiricilərlə təmasın azaldılmasına yönəlib: yaşayış və iş yerlərinin təmiz saxlanması, gəmiricilərin girişinin qarşısının alınması, çirklənmiş sahələrin təhlükəsiz təmizlənməsi və gigiyena qaydalarına əməl edilməsi əsas tədbirlər sırasındadır.

    ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus isə vəziyyətin hazırkı məlumatlara əsasən qlobal miqyasda “aşağı risk” səviyyəsində qiymətləndirildiyini və monitorinqin davam etdiyini açıqlayıb.

  • Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı

    Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı

    “Suraxanı Oil Operation Company S.A.” şirkətinin ərazisində hasarlama işi aparan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Qaynarinfo xəbər verir ki, həmin şəxsə Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ittiham elan edilib.

    Cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə baxılıb.

    Məhkəmin hökmü ilə müttəhim 1 il müddətinə azadlığın məhdudlaşdırılıması cəzasına məhkum edilib.