Category: Avto

  • Yüz yaşlı avtomobili sintetik yanacaqla işlətdilər

    1970-ci ilədək iustehsal olunmuş avtomobillərin saxlanması və istismarında çətinliklər çoxdur.

    Əgər 50 yaşlı maşının istismarı üçün yanacaq tapmaq çətinlik yaratmırsa, daha köhnə maşınlarla bağlı vəziyyət fərqlidir.

    Mütəxəssislər 1926-cı ildə istehsal edilmiş Bugatti Royale Coupe modeli üçün sitetik yanacaq hazırlayıblar. Yeni yanacaq Fransanın Müluz şəhərindəki avtomobil muzeyində sınaqdan çıxarılıb.

    Cəmi 6 ədəd istehsal olunmuş model 13 litrlik 300 at gücündə 8 silindrli mühərriklə təchiz edilib. əvvəllər aviasiya üçün nəzərdə tutulmuş mühərrikin iştahı da böyükdür: hər 100 kilometrə 50 litr.

    Yeni yanacaq hazırlayanların məqsədi mühərrikin konstrruksiyasına dəyişiklik etmədən işlənmiş qazların həcmini azaltmaq olub.

    Muzeyin həyətində bir neçə dövrə vurduqdan sonra avtomobil yenidən qapalı sahəyə qaytarılıb. Sınaq yoxlaması zamanı mühərrikə edilən yeganə dəyişiklik alışdırma bucağının bir qədər geri çəkilməsi olub. Bu proseduru 20-25 il əvvələdək bütün sürücülər bacarırdı.
    //avtosfer.az

  • Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

    Krossoverlər dünyanın bir çox ölkəsində ən populyar minik avtomobili növü olaraq qalır. Bu səbəbdən hansı modeli alacağınıza qərar vermək çətin ola bilər.

    Car and Driver 2025-ci ilin ən yaxşı krossoverlərini açıqlayıb. Ekspertlər bu modellərin bütün rəqiblərindən üstün olduğunu bildiriblər.

    2025-ci ilin 13 ən yaxşı krossoverləri:

    1. Honda CR-V

    2. Genesis GV70

    3. Chevrolet Trax

    4. Porsche Macan

    5. Hyundai Ioniq 5

    6. Kia EV6

    7. Mazda CX-50

    8. Volvo XC40

    9. BMW iX

    10. Mazda CX-3

    11. Ford Mustang Mach-E

    12. BMW X1

    13. Buick Envista

    Honda CR-V 2025-ci ilin ən yaxşı krossoveri kimi tanınıb. Ekspertlər bu modeli xoş idarəçiliyə, yüksək quruluş keyfiyyətinə və zəngin avadanlıqlara görə yüksək qiymətləndiriblər.

    Həmçinin vurğulanıb ki, Honda CR-V rahat oturacaqlar və aşağı yanacaq sərfiyyatı təklif edir. Ekspertlərin fikrincə, bu, bir çox gündəlik işlərin öhdəsindən gələ bilən çox praktik avtomobildir.
    //lent.az

  • Təmir xərcləri baha başa gələ bilər: Ən etibarsız avtomobil istehsalçısı açıqlandı

    Əksər sürücülər avtomobillərinə təmir üçün böyük məbləğlər xərcləmək istəmir. Lakin elə avtomobil istehsalçıları var ki, onların bəzi modelləri olduqca baha başa gələn texniki xidmət və təmir tələb edir.

    Bu barədə “Express” nəşri yazır.

    Təcrübəli avtomexanik Skotti Kilmer özünün “YouTube” kanalında dərc etdiyi videoda təmir xərcləri yüksək olan məşhur bir marka barədə danışıb. Onun sözlərinə görə, həmin markanın avtomobillərinin təmiri “bütün varidatın” itkisi ilə nəticələnə bilər.

    Kilmer qeyd edib ki, “Volkswagen” markalı avtomobillərin yığılma keyfiyyəti çox da yaxşı deyil. Hətta o, bu avtomobillərdə istifadə edilən bir çox ehtiyat hissələrinin aşağı keyfiyyətli materiallardan hazırlandığını və tez-tez sıradan çıxdığını bildirib.

    Mexanik xüsusilə “Volkswagen” avtomobillərindəki avtomatik sürətlər qutusunu tənqid edib. Onun fikrincə, bu problem əsasən 2000-ci illərdə istehsal olunmuş modellərdə daha qabarıq şəkildə özünü göstərir.

    “Onların avtomatik sürətlər qutusu bərbaddır – tez-tez sıradan çıxır və təmiri olduqca bahalıdır”, deyə Kilmer bildirib.
    //qaynar.az

  • Avtomobilləri bir dəqiqəyə tam şarj etmək mümkün olacaq

    Hazırda Çinin Şençjen şəhərində keçirilən beynəlxalq avtomobil sərgisində elektrik avtomobilləri üçün yeni ultrasürətli enerji doldurma stansiyaları şəbəkəsinin yaradılacağı elan edilib.

    Median.Az auto.ru-ya istinadən xəbər verir ki, layihəni “BYD Auto” təqdim edib.

    Elektrik avtomobilləri istehsalçısı Çində 1 meqavata qədər cərəyan verən 15 000 terminal quraşdıracaq ki, bu da son nəsil “Tesla Supercharger V4″dən iki dəfə sürətlidir.

    Söhbət martın ortalarında təqdim olunan “BYD Megawatt Flash Charger” adlı yeni şarj stansiyasından gedir. O, 1 saniyəyə elektromobili 2 kilometr səyahət üçün kifayət edən enerji ilə doldurur. Beləliklə, 1 dəqiqəyə 120, 5 dəqiqəyə isə 500 kilometrlik enerji yığmaq mümkündür.

    Nəzərə alsaq ki, bu gün Çin istehsalı olan bir sıra avtomobillərin, xüsusilə “plug-in hybrid”lərin elektrik mühərriki ilə gediş məsafəsi 55-125 km arasındadır, cəmi 1 dəqiqəyə tam şarj imkanı bu sahədə əsl inqilab sayıla bilər.

  • İşlənmiş 8 etibarlı avtomobil – 2025-ci ildə almağa dəyər

    Təkrar bazarda satış üçün çoxlu sayda müxtəlif avtomobil tapmaq olar. Ancaq bütün modellər diqqətə layiq deyil.

    Lent.az xarici mediaya istinadla xəbərinə görə, 2025-ci ildə almağa dəyər 8 əla işlənmiş avtomobili təqdim edir. “CFR Classic”in satış və marketinq direktoru Co Jiranda və EpicVIN avtomobil eksperti və marketinq direktoru Aleks Blek bu modellərin əsas üstünlüklərini bölüşür.

    Mazda3 (2019-cu ildən 2023-cü ilə qədər) 

    Jiranda görə, Mazda3 kompakt avtomobil seqmentində premium interyeri və rahat idarəetməsi ilə seçilir.

    “Bu, modelə giriş səviyyəli lüks avtomobillərlə rəqabət aparmağa imkan verir, lakin daha aşağı qiymətə”, – “CFR Classic”in satış və marketinq direktoru izah edib.

    Chevrolet Bolt EV (2021-ci ildən 2023-cu ilə qədər) 

    Chevrolet Bolt EV bir dəfə doldurulmaqla 416 kilometr məsafə qət edir və bir çox digər elektrikli avtomobillərdən daha sərfəli qiymətə malikdir. Jiranda qeyd edib ki, bu model böyük təmir xərcləri tələb etmir və kifayət qədər etibarlıdır.

    Lexus GS 350 (2013-cu ildən 2019-ci ilə qədər)

    Blek əmin edir ki, Lexus GS 350 işlənmiş avtomobil bazarının “gizli incilərindən” biridir. Onun sözlərinə görə, bu, əla performansı və yüksək komfortu ilə heyran edən avtomobildir.

    “Bu, BMW 5 Series və ya Mercedes-Benz E-Class-a yaxşı alternativdir, lakin Lexus GS 350-nin sahiblik dəyəri əhəmiyyətli dərəcədə aşağıdır”, – avtoekspert Blek deyir.

    Toyota Corolla (2021-ci ildən 2023-cu ilə qədər)

    Jiranda “Toyota Corolla”nı aşağı yanacaq sərfiyyatı və misilsiz etibarlılığı üçün tərifləyib. O, modelin hətta əsas konfiqurasiyada belə zəngin avadanlıqlara malik olduğunu və texniki xidmət xərclərinin rəqiblərinkindən xeyli aşağı olduğunu bölüşüb.

    Honda Accord (2021-ci ildən 2023-cü ilə qədər)

    Jiranda hesab edir ki, Honda Accord orta ölçülü sedan seqmentində “ikona”dır. O, bu modelin özündə qabaqcıl texnologiyalar və yüksək etibarlılığı birləşdirdiyini vurğulayıb.

    “Honda Accord, bir çox rəqiblərinə nisbətən daha az təmir problemi ilə məşhurdur və bu, ailələr üçün əla seçimdir”, – Jiranda deyib.

    Acura TSX Sport Wagon (2011-ci ildən 2014-cü ilə qədər)

    Blek, yüksək praktikliyə malik etibarlı avtomobil istəyən insanlar üçün “Acura TSX Sport Wagon”u tövsiyə edib. Onun sözlərinə görə, bu universal geniş salon və zəngin avadanlıq təklif edir.

    Toyota Avalon (2013-cü ildən 2018-ci ilə qədər)

    Blek “Toyota Avalon”un kifayət qədər dəbdəbəli, lakin ucuz avtomobil axtaran sürücülər üçün uyğun olduğunu paylaşdı.

    “Bu, mahiyyətcə adı olmayan Lexusdur. O, hamardır, daş kimi möhkəm mühərrikə malikdir, lakin gözlədiyinizdən çox aşağı qiymətə gəlir”, – avtoekspert bildirib.

    Ford Flex (2009-cu ildən 2019-cu ilə qədər)

    Ford Flex qeyri-adi dizaynı və təsir edici tutumu ilə seçilir. Blek modelin çoxuşaqlı ailələri olan sürücülər üçün ideal olacağını bildirib.

  • Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ!

    Çin avtomobilləri son illərdə sürətlə inkişaf edərək dünya avtomobil bazarında önəmli yer tutmağa başlayıb.

    Avtomobil ustası Əli Əliyev avtomobillərin üstünlüklərindən və mənfi cəhətlərindən danışıb.

    O bildirib ki, əsas üstünlüklərdən biri avtomobillərin yeni olmasıdır:

    “Bu, alıcıların diqqətini cəlb edir. Çünki yeni avtomobil sürmək, nə qədər brend olsa da, ikinci əl avtomobildən daha üstündür. Yeni avtomobildə hər şey təzə olur, müəyyən müddət ustaya ehtiyac olmur. Bu avtomobillər yeni texnologiyalarla təchiz olunub. Elektron sistemlər, ağıllı idarəetmə funksiyaları və müxtəlif sensorlarla təmin olunması avtomobilləri daha cəlbedici və sərfəli edir”.

    Ə.Əliyevin sözlərinə görə, Çin istehsalı avtomobillərin rahat və geniş olması da vacib məsələdir:

    “Alman, Avropa və ya Koreya avtomobilləri ilə qiymət baxımından müqayisə aparıldıqda, məsələn, 20 000 manat civarındakı avtomobillər adətən kiçik seqmentə aiddir. Lakin eyni qiymətə olan Çin avtomobilləri daha geniş salona və yüksək komforta malik olur. Bu səbəbdən alıcılar daha çox Çin avtomobillərinə üstünlük verirlər”.

    Usta bu maşınların mənfi cəhətlərindən söz açarkən qeyd edib ki, əsas narahatlıq dözümlülüklə bağlıdır:

    “Bu avtomobillər beş il sonra necə işləyəcək, davamlı olacaqmı, sual altındadır. Avtomobili almamışdan əvvəl qiymətə yox, ehtiyat hissələrinin mövcudluğuna baxmaq lazımdır. Hazırda bunların servis xidmətləri zəifdir. Hamısı yeni texnologiyadan ibarət olduğu üçün onları diaqnostika və təmir etmək çətindir. Bu maşınlar ancaq öz rəsmi dilerlərində təmir olunmalıdır, yəni servis mərkəzi olmalıdır”.

    Avtomobil mütəxəssisi brend dəyərindən də danışıb. O deyib ki,Çin avtomobillərinin ikinci əl bazarında nə dərəcədə satılacağı bəlli deyil:

    “Yapon və Amerika avtomobilləri ilə müqayisədə Çin avtomobillərində brend məsələsi ön plana çıxır. Alıcı üçün əsas suallardan biri budur: sabah bu avtomobili sata biləcəyəmmi, ikinci əl bazarı olacaqmı? Bu, hələ də qeyri-müəyyən olaraq qalır. Brendin etibarlılığı və detalların uzunömürlü olub-olmaması da vacib amillərdəndir. Məsələn, Avropa və Koreya avtomobilləri adətən 150–200 min kilometr məsafə problemsiz qət edə bilir. Amma Çin avtomobillərinin 50 və ya 100 min kilometrdən sonra necə işləyəcəyi məlum deyil. Üstəlik, bu avtomobillər korporativ istehsal olduğu üçün bəzən daha tez sıradan çıxırlar. Batareya və zavod qüsurları kimi problemlər digər rəqiblərlə müqayisədə daha çox müşahidə olunur”.(metbuat.az)

  • Bakıda qadınlar, yoxsa kişilər daha yaxşı avtomobil sürür?

    Paytaxt küçələrində bu mövzu bəzən sözlü mübahisə, bəzən də emosional qarşıdurma ilə müşayiət olunur…

    Avtomobil idarəetməsi uzun illərdir ki, cinslər arasında gizli bir rəqabət mövzusuna çevrilib. Bakı küçələrində isə bu mövzu bəzən sözlü mübahisə, bəzən də emosional qarşıdurma ilə müşayiət olunur. “Qadınlar maşın sürə bilmir”, “kişilər daha peşəkardır” kimi fikirlər hələ də cəmiyyətin bir hissəsində dolaşır. Amma bu düşüncələr nə dərəcədə obyektivdir?!

    Qeyri-rəsmi məlumatlara görə, Bakıda sükan arxasında olan hər 10 sürücüdən təxminən 7-si kişidir. Bu isə o deməkdir ki, avtomobil idarə edənlərin əksəriyyəti kişilərdir və yol hərəkətində dominantlıq onlara məxsusdur. Lakin bu, avtomatik olaraq onların daha yaxşı sürücü olduğunu sübut etmir.

    Əksər hallarda qadın sürücülər yola çıxarkən daha ehtiyatlı, daha diqqətli davranmağa çalışırlar. Onların bu yanaşması bəzən kişi sürücülər tərəfindən “qorxaqlıq”, ya da “təcrübəsizlik” kimi yozulur. Elə buna görə də bəzi kişilər qadın sürücüləri təhqir edir, onların davranışlarını ələ salır, kobud jestlərə və sözlərə əl atırlar. Halbuki ehtiyatlı sürücülük – xüsusilə də şəhər içində – qəzalardan qorunmanın əsas yoludur.

    Reallığı da danmaq olmaz: yol hərəkətində bəzən sürmə qaydalarını pozan, özündənrazı davranan qadın sürücülərə də rast gəlmək mümkündür. Lakin bu cür hallar təkcə qadınlara deyil, kişi sürücülərə də aiddir. Qayda pozan, sürət həddini aşan, siqnallarla və jestlərlə aqressiya göstərən kişi sürücülərin sayı az deyil.

    Ekspertlərin fikrincə, kişi və qadın sürücülər arasında davranış fərqlərinin kökündə sosial-mədəni stereotiplər və psixoloji faktorlar dayanır. Kişilər daha riskli və emosional, qadınlar isə daha ehtiyatlı və hesablama meylli davranırlar. Cəmiyyətin bir hissəsinin qadın sürücülərə qarşı sərt mövqeyi isə onların sükan arxasında gərginliyini artırır, bu da bəzən səhvlərə yol açır.

    Sürücünün yaxşı və ya pis olması onun cinsindən çox, fərdi bacarığı, psixoloji hazırlığı, məsuliyyət hissi və qaydalara münasibəti ilə ölçülür. Həm qadın, həm də kişi sürücülər arasında həm nümunəvi, həm də təhlükəli davranışlar göstərənlər var. Əsas məsələ sükan arxasında nə qədər diqqətli, qaydalara nə dərəcədə sadiq və məsuliyyətli olmaqdır.

    Yaxşı sürücü olmaq üçün kişi və ya qadın olmaq kifayət etmir – düzgün davranış və yol mədəniyyəti əsas göstəricidir.

    Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, qadın və ya kişi olmasından asılı olmayaraq, yaxşı təlim görən sürücü avtomobili də yaxşı idarə edir: “Kim yaxşı təlim görübsə, kim qaydaları yaxşı bilirsə, o da yaxşı sürücüdür. Qaydanı pozmayan, təhlükə yaratmayan sürücüdən söhbət gedir. Naşı adamdan təlim alan, oxumayan, tam təcrübə qazanmayan sürücü əlbəttə ki, qaydaları pozacaq. Bəzən əzbərçilik edib imtahandan keçirlər, amma bilik və bacarıqları olmur. Sürücüləri bu baxımdan qadın və ya kişi cinsinə bölmək istəməzdim. Təəssüf ki, kişilər və qadınlar arasında sürücülük mədəniyyəti aşağı olan insanlar var. Deyirlər ki, qadınlar aşağı sürətlə maşın idarə edir. Burada ayıb görüləsi bir şey yoxdur. Sadəcə, lüzumsuz olaraq sol, yəni sürətlənmə zolağını zəbt edirlər. Bəzən kimsə arxadan siqnal verir, qadın isə onun nə üçün verildiyini başa düşmür. Doğrudur, siqnal vermək qadağandır, lakin bəzən məcburiyyətdən yol istəyirlər. Çünki qadınlar işıq siqnallarına əhəmiyyət vermirlər. Ona görə də kişilər səs siqnalından istifadə edirlər. Xanımlar isə öz aləmlərində fikirləşir ki, kişilər belə siqnallarla onlara söz atırlar, sataşırlar, tanış olmaq istəyirlər. Başa düşmürlər ki, işıq və səs siqnalı nə üçün verilib. Bunu ona təlimçisi də heç vaxt deməyib və izah etməyib ki, sağda yol boşdursa, ora ilə getməlidir. Çünki həmin xanım sürücülərin təlimçilərinin də təlimə ehtiyacı var. İnstagram sosial şəbəkəsində qadınlar üçün müxtəlif adlar altında təlimlər təklif edilir. “Elnarə təlim, “Niqulya təlim” adlı səhifələr var. Mən bu təlimçilərin bir neçəsinin maşın idarə etməsini müşahidə etmişəm və görmüşəm ki, onların özlərinə təlim lazımdır. Hətta özlərinə də demişəm, gülüblər. Yolda elə hərəkətlər edirlər ki, normal sürücü bunu etməməlidir”.

    Ekspert deyir ki, yol hərəkəti qaydalarında qadınlarla bağlı yalnız bir istisna hal var: “Hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Qanunun üstünlük verdiyi yeganə məsələ budur. Digər məqamlarda isə qadın və kişi sürücülərin məsuliyyəti eynidir. Mentalitet bəzən rol oynayır. Kişi sürücü bir sıra hallarda qadın sürücüyə yol verir. Lakin bu pis vərdişə gətirib çıxarır. Qadın arxayın olur ki, nizamlanmayan yol ayrıcında sağdakı sürücülər onsuz da ona yol verəcək. Beləliklə, yol ayrıcına giri və dəhşətli qəza baş verir. Bu, doğru yanaşma deyil. Hər dəfə qadın olduğu üçün yol verəndə o düşünür ki, üstünlük hüququ var. Nəticədə kimsə ona yol verməyəndə aləm bir-birinə dəyir. Bəs iki qadın sürücü üz-üzə gələndə nə olacaq? Ona görə də yol hərəkəti təhlükəsizliyində belə istisnaları yığışdırmaq lazımdır və heç kimə güzəşt edilməməlidir. İstənilən qayda hamı üçün eyni olmalıdır. Mentalitet onsuz da hər zaman nəzərə alınır. Maşını parkinq edəndə birinci qadın sürücüyə yol verilir.

    Avtoxuliqanlıqla bağlı, daha sonra spirtli içkinin təsiri altında maşın idarə etdiyi üçün saxlanılan xanım sürücülər var. Məhkəmə və polis onlara kifayət qədər hörmət edir. Lakin bəzi qadınlar polisə söyüş söyür və kobudluq edir. Belə sürücü xanımlarla bağlı sərt tədbirlər görülür.

    Avtoxuliqanlıq edən xanımlar motosiklet və moped sürücüləri arasında da var. 8 Noyabr prospektində sürücülük hüququ əlindən alınmış bir xanım bu yaxınlarda dəhşətli qəza törətdi. Xeyli sayda cərimələri var imiş, sürücülük hüququ məhdudlaşdırılmış imiş, amma yenə də sürürmüş”.

    Keçmiş deputat Sona Əliyeva da avtomobil idarə edir. O, qəzetə məsələ ilə bağlı fikirlərini bildirib: “Azərbaycanda kişilər qadınlardan yaxşı maşın sürür, bu, reallıqdır. Qadınlar bu məsələdə geri qalırlar. Bakıda bir çox qadın yaxşı parkinq edə bilmir və astadırlar. Bu xanımların psixologiyasından irəli gəlir. Çünki onlar daha məsuliyyətli və ehtiyatlıdırlar. Bu da onların gec reaksiya verməsinə səbəb olur. Kişilər isə maşın sürəndə manevrlərə çox sürətli reaksiya verirlər. Lakin bu o demək deyil ki, qadınların hamısı elədir. Yaxşı maşın sürən qadınlar var. Maşın sürmək həyati təhlükəsizlik baxımından çox vacib bir məsələdir. Ona görə də həm xanımlar, həm də bəylər ehtiyatlı olmalıdır”.(musavat)

  • Naxçıvan Nazirlər Kabineti yeni avtomobillər alır

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni xidməti minik avtomobilləri sifariş edəcək.

    Median.Az “Trend”ə istinadla xəbər verir ki, artıq bununla bağlı müvafiq işlərə başlanılıb.

    Belə ki, sifariş ediləcək üç ədəd hibrid mühərrikli avtomobilin 2024-cü il istehsallı olması əsas şərtlərdəndir.

    Nazirlər Kabineti hazırda avtomobilləri təhvil verəcək şirkəti müəyyənləşdirməkdədir.

    Eyni zamanda, Nazirlər Kabineti avtomobillərin satın alınmasının 203.6 min manata başa gələcəyini proqnozlaşdırıb.

  • Azərbaycan ötən il “Formula 1”in keçirilməsinə 168 milyon manat xərcləyib

    2024-cü ildə Bakıda “Formula 1” Azərbaycan Qran-Prisinin keçirilməsi üçün 168 milyon manat xərclənib.

    Median.Az bu barədə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir.

    Sənədə əsasən, ötən il ümumilikdə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat vəsait istifadə edilib.

  • “Tesla”nın Çin rəqibi avtomobillərin qiymətini kəskin endirdi

    BYD şirkəti Çində elektrik avtomobillərinin qiymətlərini kəskin şəkildə endirib və bununla da “Tesla” ilə rəqabəti daha da gücləndirib.

    Bu barədə “The Telegraph” məlumat yayıb.

    Məşhur Çin istehsalçısı özünün bazar modelini “Tesla”nın ən ucuz avtomobilindən demək olar ki, 75% aşağı qiymətə satışa çıxarıb. Bu, “Seagull” hetçbek modelinin 20% ucuzlaşaraq 55 800 yuana (təxminən 7700 dollar) düşməsindən sonra baş verib.

    Bu məbləğ, “Tesla”nın ən ucuz modeli olan Model 3-ün (231 900 yuan) qiymətinin cəmi dörddə biri qədərdir.

    Şenjen şəhərində yerləşən BYD-nin investorları arasında Uorren Baffet də yer alır. Şirkət həftə sonu elan edib ki, iyunun sonunadək Çində 22 modelə endirim tətbiq ediləcək. Bu addım daxili bazarda tələbatın azalması və AB və ABŞ-da gömrük rüsumlarının artırılmasına cavab olaraq atılıb.

    Kütləvi endirimlər bazarda şiddətli rəqabəti nümayiş etdirir. Aprel ayında dilerlərin anbarlarında 3,5 milyon satılmamış elektrikli avtomobil qalıb – bu, 2023-cü ilin dekabrından bəri ən yüksək göstəricidir. Satışlar Çində iqtisadi artımın ləngiməsi səbəbindən zəifləyib.

    Mütəxəssislər bildirirlər ki, “Tesla” və digər Qərb istehsalçıları qiymət baxımından çinli rəqiblərinə artıq uzun müddətdir uduzurlar.

    Məsələn, ötən ay BYD Avropada satış həcminə görə ilk dəfə “Tesla”nı geridə qoyub, yanvar ayında isə bu hal Böyük Britaniyada baş verib. Buna İlon Maskın Donald Trampı dəstəkləməsi səbəbilə “Tesla”ya qarşı yaranan boykot dalğası da təkan verib.
    //qaynar.az