Category: Avto

  • Yeni “Moskviç” modelinin İLK FOTOsu

    “Moskviç” zavodunun yeni modelinin ilk casus fotoları ortaya çıxıb.

    Yeni modelin sınaq prototipi Moskva avtomobil zavodunun “Moskviç” ərazisində görünüb. “Sıx kamuflyaj rəngində olan krossover kuzovun konturuna və ön işıq optikasının yerləşməsinə görə JAC bazasında istehsal olunan dörd hazırkı “Moskviç” modelinin heç birinə bənzəmir. Ehtimal etmək olar ki, bu, yeni M70-dir”, – Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məlumatda vurğulanır. Güman edilir ki, bu model Çin-Britaniya MG brendindən olan avtomobil olacaq. Bununla belə, fotoda orijinal avtomobildə olmayan kütləvi elementləri görə bilərsiniz. Əvvəllər “Moskviç” şirkətinin nümayəndələri onların flaqman modeli olan yeddi yerlik ailə krossoveri “Moskviç 8”ə tələbatın tam olmaması ilə bağlı məlumatları təkzib ediblər. “Moskviç” nümayəndələrinin sözlərinə görə, satışlar başlayandan Rusiyada ümumilikdə 24 ədəd “Moskviç 8” markalı avtomobil satılıb. Şirkət hazırkı satış dərəcələrinin “müəyyən edilmiş qrafikə uyğun olduğunu” açıqlayıb, lakin satış planı haqqında konkret məlumat verməyib və ya bu avtomobillərin alındığı şəhərlərin adını çəkməyib. (lent.az)

  • Azərbaycanda daha 56 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

    Oktyabrın 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 89 min 600 manat olan 56 nəqliyyat vasitəsi çıxarılacaq.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

  • Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalaşa bilər

    Məlum olduğu kimi, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib.

    Yeniavaz.com xəbər verir ki, bu ilin sonunda tətbiq edilən güzəşt müddəti başa çatır və güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə heç bir rəsmi məlumat açıqlanmayıb.

    Qeyd edək ki, güzəşt tətbiq edildikdən sonra ölkəyə idxal olunan hibrid avtomobillərin sayında kəskin artım olub. Əgər 2021-ci ildə ölkəyə idxal olunan 91 min 194 ədəd avtomobilin 14,2%-i və ya 12 min 936 ədədi hibrid avtomobil olubsa, ötən il bu göstərici 28,5% və ya 26 min 197 ədədə yüksəlib. Bu ilin ilk 7 ayında isə artım daha böyük olub. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan 63 min 401 ədəd avtomobilin 47,3%-i və ya 29 min 958 ədədi hibrid avtomobil olub.

    Onu da bildirək ki, bu ilin ilk 7 ayında idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri təxminən 20 min 70 dollar (34 min 120 manat) təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 28 min 930 dollar (49 min 180 manat) olub. Beləliklə, idxal edilən bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri son bir il ərzində 8 min 860 dollar (16 min 60 manat) və ya 30,6% ucuzlaşıb.

    Bəs vergi güzəşti ləğv olunarsa, bu Azərbaycanda avtomobil bazarına necə təsir edəcək?

    Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, əgər 1 yanvar 2025-ci ildən etibarən hibrid avtomobillərə tətbiq olunan ƏDV güzəşti ləğv edilərsə, bu, bazarda həm qiymətlərə, həm də tələbə birbaşa təsir göstərəcək:

    “Hazırda idxalçılar və alıcılar üçün əsas stimullaşdırıcı amil məhz həmin vergi güzəştidir. Onun aradan qaldırılması avtomobillərin satış qiymətinin ən azı 18% artmasına səbəb olacaq. Bu isə, təxminən, orta hesabla 34 min manata başa gələn hibrid avtomobilin ən azı 6 min manat bahalaşması ilə nəticələnəcək.

    Nəticədə, alıcıların bir hissəsi hibrid avtomobil əvəzinə ya köhnə benzin ilə işləyən modellərə, ya da daha ucuz avtomobillərə üz tutacaq. Bu isə hibridlərin satış tempini ciddi şəkildə azalda bilər. Digər tərəfdən, əgər güzəşt dayandırılarsa, son zamanlar avtomobil qiymətlərində müşahidə olunan ucuzlaşma tendensiyasını qorumaq çətin olacaq”.

    İqtisadçı bildirir ki, əgər güzəşt müddəti artırılmasa, növbəti ilin ilk aylarından başlayaraq avtomobil satışları kəskin zəifləyəcək, qiymətlər isə yükəsləcək:

    “Uzunmüddətli perspektivdə dövlətin vergi güzəştini davam etdirməsi həm ekologiya, həm də yanacaq sərfiyyatına qənaət baxımından ölkə iqtisadiyyatı üçün daha sərfəlidir. Çünki hibrid avtomobillərdən istifadə həm benzin idxalına tələbatı azaldır, həm də hava çirkliliyini müəyyən qədər aşağı salır. Yəni əgər güzəşt uzadılmasa, hibridlər bazarda əvvəlki qədər əlçatan olmayacaq və ölkəyə gətirilən maşınların strukturunda yenidən ənənəvi benzin mühərrikli modellərin payı artacaq. Bu isə həm alıcıların cibinə əlavə yük gətirəcək, həm də ölkənin enerji və ekoloji siyasətinə mənfi təsir göstərəcək”.

  • “Formula 1”: Azərbaycan Qran-prisinin qalibləri Bakıya gələcəklər

    “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibləri Serxio Peres və Valtteri Bottas Bakıya gələcəklər.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

    “Cadillac” 2026-cı ildə ilk dəfə “Formula 1” çempionatında iştirak edəcək heyətini açıqlayıb. Komanda təcrübəli pilotlar, çoxsaylı Qran-pri qalibləri Serxio Peres və Valtteri Bottas ilə müqavilə bağladığını elan edib. Onlar birlikdə 527 Qran-priyə qatılıb və 16 qələbə qazanıblar. Bu da onları çempionatın ən təcrübəli duetlərindən birinə çevirib.

    S.Peres Azərbaycan Qran-prisinin ikiqat qalibidir. O, “Red Bull Honda”nın heyətində 2021 və 2023-cü illərdə Bakıda qalib gəlib. V.Bottas isə 2019-cu ildə “Mercedes” komandasının tərkibində Azərbaycan Qran-prisinin qalibi olub. “Cadillac” 2026-cı ildən etibarən “Formula 1” üzrə dünya çempionatının 11-ci rəsmi iştirakçısı olacaq.

    Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

  • Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?

    Günümüzdə hər kəs gündəlik istifadə üçün daha sərfəli və iqtisadi avtomobil axtarışındadır. Yüksələn yanacaq qiymətləri, texniki xidmət xərcləri və şəhər mühitində yaranan müxtəlif çətinliklər sürücüləri daha praktik seçimlər etməyə məcbur edir.

    Bu səbəbdən insanlar həm şəhər daxilində, həm də uzun yollarda istifadəyə uyğun, büdcəyə qənaət edən və ehtiyat hissələri asanlıqla tapılan avtomobillərə üstünlük verirlər.

    Təlimçi Adil Nəbiyev Valyuta.az-a bildirir ki, günümüzdə elektrik avtomobillər daha sərfəlidir:

    “Bu gün yeni elektrik avtomobilləri daha sərfəlidir. Lakin uzun yollarda elektrikli avtomobillər o qədər də əlverişli deyil. Bunun əsas səbəbi hər yerdə, istənilən vaxt şarj edə biləcəyimiz şarj məntəqələrinin kifayət qədər olmamasıdır. Yəni şarj məntəqələri hər zaman əlçatan deyil. Bundan başqa, şarj məntəqəsi olsa belə, dayanıb avtomobili şarj etmək uzun vaxt aparır və çox vaxt itkisinə səbəb olur. Buna görə də uzun yollar üçün hibrid avtomobillər daha əlverişlidir. Lakin bir neçə ildən sonra elektrik avtomobillərinin sayı artdıqca şarj aparatları da hər yerdə daha əlçatan olacaq”.

    “Dizel avtomobillər isə ümumiyyətlə, şəhər daxilində istifadə edilməsə yaxşıdır. Çünki şəhərdə asta sürətlə hərəkət edildikdə filtrin dolması problemi yaranır. Ancaq uzaq yola çıxdıqda, sürət yüksək olduğu üçün filtrlər dolmur. Satış baxımından Yaponiya və Koreya avtomobilləri ikinci əl bazarında daha çox üstünlük qazanır. Bir sözlə, ən çox istifadə edilən avtomobilləri sürmək daha məqsədəuyğundur.

    Çünki bu cür avtomobillərin ehtiyat hissələrini tapmaq daha asan olur. Həm də tələbat çox olduğu üçün onların təmir ustaları da kifayət qədər mövcuddur. Bundan əlavə, ən çox istifadə edilən avtomobillərin əksəriyyəti iqtisadi modellərdir ki, bu da belə avtomobilləri almağı daha sərfəli edir”- deyə təlimçi A.Nəbiyev qeyd edir.

  • Avropada ən çox satılan elektrikli avtomobillər açıqlandı – CƏDVƏL

    2025-ci ilin ilk altı ayına dair Avropada elektrikli avtomobil satışları ilə bağlı statistika açıqlanıb.

    Valyuta.az xəbər verir ki, “Tesla Model Y” bütün tənqidlərə və “populyarlığını itirir” iddialarına baxmayaraq, 69.766 ədəd satışla siyahının açıq fərqlə lideri olub.

    Onu “Volkswagen ID.4” (40.946 ədəd) və “Tesla Model 3” (39.384 ədəd) izləyib. Avropada elektrikli avtomobillərə maraq 2025-ci ildə daha da artaraq, elektrik modellərinin ümumi satışlardakı payı %29-a çatıb. Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

    Siyahıda yer alan modellər aşağıdakılardır:

  • Alman avtomobil sənayesi çöküş astanasında: Əfsanəvi brendlər niyə mövqelərini itirir?

    Onilliklər boyu etibarlılığın və texnoloji üstünlüyün simvolu sayılan Alman avtomobil sənayesi bu gün dərin böhranla üz-üzədir. Səbəblər arasında istehsal xərclərinin yüksəkliyi, innovasiyaların itirilməsi və Çin kimi ölkələrin elektroavtomobil bazarında liderliyidir.

    Qayanrinfo xəbər verir ki, bu barədə UNIAN agentliyinə açıqlamasında “Luaz Motor” şirkətinin baş direktoru Vadim İqnatov məlumat verib.

    2025-ci ilin ikinci rübündə “Volkswagen” şirkətinin mənfəəti 36,3% azalaraq 2,3 milyard avroya düşüb. Şirkət 2030-cu ilə qədər 35 min iş yerinin ixtisarını planlaşdırır. Xüsusilə “Audi” və “Porsche” brendləri ciddi itkilərlə üzləşib:

    “Audi”: Mənfəət 50% azalaraq 1,35 milyard avroya düşüb, avtomobil tədarükləri isə 5,9% azalıb. Şirkət 7,5 min işçini ixtisar etməklə ildə 1 milyard avro qənaət etməyi planlaşdırır.

    “Porsche”: ABŞ-ın tətbiq etdiyi rüsumlara görə 400 milyon avro itirib və 1,9 min əməkdaşın ixtisarını nəzərdən keçirir.

    “Mercedes-Benz”: Mənfəət 55,8% azalaraq 2,7 milyard avroya düşüb. Şirkət işçilərə 500 min avroya qədər könüllü təzminat təklif edərək kadr ixtisarına gedir.

    İqnatova görə, Alman avtomobil nəhəngləri zamanında elektromobil sektoruna keçidi düzgün dəyərləndirməyiblər və bu, onların rəqabətə davam gətirməməsinə səbəb olub:

    “Onlar yeni modellər təqdim edə bilmirlər, bəzi hallarda isə Çindən hazır platformalar alırlar”.

    Əlavə olaraq, Almaniyada enerji qiymətlərinin artması və atom elektrik stansiyalarının bağlanması, istehsalın maya dəyərini artırıb. Alman avtomobil zavodlarında hələ də yüksək maaşlı işçilərin əli ilə çoxlu sayda əməliyyat yerinə yetirilir, bu isə istehsalın avtomatlaşdırılması baxımından Çindən geri qalmağa səbəb olub.

    Avropada avtomobil satışları düşməkdədir. Dizel və benzinlə işləyən avtomobillərə tələbat kəskin azalıb. Əvəzində elektroavtomobillərin satışı 22% artıb. Amma alman istehsalçılar elektroavtomobilləri kifayət qədər sərfəli qiymətə təqdim edə bilmirlər.

    Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər Alman şirkətlərinin Amerika bazarında da sıxışdırılmasına səbəb olub. Çin bazarında isə alman avtomobilləri artıq əvvəlki kimi populyar deyil.

    * BMW fərqli yol seçərək “Neue Klasse” adlı yeni elektroavtomobil platformasına fokuslanır.
    * “Mercedes-Benz” və “Audi” gələcəyə dair aydın strategiya ortaya qoya bilmir, bazar payını sürətlə itirirlər.
    * “Porsche” isə elektromobillərə keçidlə bağlı ziddiyyətli qərarlarla alıcıları çaşdırır: elektrik modellər pis satılır, benzin modellərinin gələcəyi isə qeyri-müəyyəndir.

    Ekspertlərin fikrincə, Alman avtomobil istehsalçıları öz mövqelərini artıq dünya miqyasında əhəmiyyətli dərəcədə itiriblər:

    “Alman avtomobilləri bir vaxtlar texnologiya və etibarlılıq nümunəsi idi. İndi isə bu sahədə onları Çin və Yapon avtomobilləri qabaqlayır”.

    Ən əsası, sənaye köhnə model idarəetmə yanaşmalarına əsaslanmağa davam edir. Əvvəllər uğurlu olan “eyni dizaynın illərlə tətbiqi” strategiyası artıq işlək deyil. Müasir bazar daha çevik və innovativ yanaşmalar tələb edir.

    Qeyd: 2025-ci ilin iyun ayında Avropada yeni avtomobil satışları son 10 ayda ən kəskin enişi göstərib. Ən böyük düşüş Almaniyada qeydə alınıb. Eyni zamanda “Mercedes-Benz” ABŞ-da istehsal sahələrini dəyişmək məcburiyyətində qalıb.

  • Elektromobillərə maraq azalır – STATİSTİKA

    Avropa İttifaqında (Aİ) 2024-cü ildə elektromobillərin yeni avtomobillər sırasında payı azalaraq 13,6 faiz təşkil edib. Bu, 2015-ci ildən bəri ilk dəfə qeydə alınan azalmadır.

    Bu barədə “AZƏRTAC” Avropa Statistika İdarəsinin (Eurostat) təqdim etdiyi son hesabata istinadən xəbər verir ki, ötən il Aİ-də yalnız batareya ilə işləyən 1,45 milyon yeni elektromobil qeydiyyatdan keçib ki, bu da 2023-cü illə müqayisədə 6,1 faiz azdır.

    Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 1,55 milyon təşkil etmişdi. Mütəxəssislər bunu Aİ-də elektromobillərə olan ictimai marağın azalması ilə izah edirlər. Halbuki 2015–2023-cü illər ərzində elektromobillərin sayı orta hesabla hər il 58 faiz artmaqda idi. Ümumilikdə, 2024-cü ilin sonuna Aİ-də istifadə edilən yalnız batareya ilə işləyən elektromobillərin sayı 5,87 milyona çatıb ki, bu da əvvəlki illə müqayisədə 32,4 faiz artım deməkdir (2023-cü ildə – 4,43 milyon).

    Ölkələr üzrə müqayisəyə gəlincə, ən yüksək göstəricilər Danimarka (51,3 faiz), Malta (37,7 faiz) və İsveçdə (34,9 faiz), ən aşağı göstəricilər isə Cənubi və Mərkəzi Avropa ölkələrində qeydə alınıb. Xüsusilə Xorvatiya cəmi 1,8 faiz göstərici ilə Aİ ölkələri arasında sonuncu yerdə qərarlaşıb. Slovakiya (2,4 faiz) və Polşa (3 faiz) da elektromobillərin alışında geridə qalan ölkələr sırasındadır.

    Qeyd edək ki, 2018-ci ilə qədər yeni elektromobillərin qeydiyyatda payı 1 faizdən aşağı olsa da, son illərdə bu göstərici sabit şəkildə artmaqda idi: 2020-ci ildə – 5,3 faiz, 2021-ci ildə – 9 faiz, 2022-ci ildə – 12,1 faiz və 2023-cü ildə – 14,6 faiz.

    Avropa Statistika İdarəsi bu tendensiyanın gələcək illərdə dəyişib-dəyişməyəcəyini bazar və texnoloji faktorların müəyyən edəcəyini bildirib.

  • “Nissan” xaricdəki zavodlarını bağlamağa başlayacaq

    Yaponiyanın avtomobil istehsalçısı “Nissan” 2026-27-ci illərdə Meksikadakı iki zavodunu bağlamağı planlaşdırır.

    Bu barədə mənbələrə istinadən “Automotive News” məlumat yayıb.

    Qeyd olunub ki, “Nissan Motor Co. Mercedes-Benz” ilə birgə istehsal müəssisəsi də daxil olmaqla, iki montaj zavodunda istehsalı bağlamaqla Meksikanın sənayesində iştirakını azaltmağı planlaşdırır.

    Meksikanın Xyutepeke şəhərindəki “Civac” zavodunun 2027-ci ilin martından gec olmayaraq bağlanması planlaşdırılır. Bu zavod “Nissan”ın Yaponiyadan kənarda açdığı ilk zavod idi. Həmçinin Akuaskalyentesdə “Nissan”ın premium brendi olan “Infiniti” və Almaniyanın “Mercedes-Benz” avtomobillərini istehsal edən birgə müəssisənin bağlanması planlaşdırılır.

    “Nissan”ın orada iki “Infiniti” krossoverinin istehsalını 2025-ci ilin sonunadək, “Mercedes-Benz”in isə GLB krossover modelinin istehsalını 2026-cı ilin birinci rübündə bitirəcəyi gözlənilir.

  • 2025-ci ilin ən yaxşı 10 ailə avtomobili açıqlandı

    Ailə avtomobilləri gündəlik həyatın müxtəlif tələblərinə cavab verə bildikləri üçün sürücülər tərəfindən yüksək qiymətləndirilir. Bununla belə, bazarda olan bütün modellər eyni səviyyədə diqqətə layiq deyil.

    “What Car” nəşri 2025-ci ildə yeni almağa dəyən 10 ən yaxşı ailə avtomobilini müəyyən edib. Ekspertlər bu modellərin rəqiblərindən üstün olduğunu vurğulayıblar.

    2025-ci ilin ən yaxşı 10 ailə avtomobili:

    1. Toyota Corolla
    2. SEAT Leon
    3. Skoda Octavia
    4. Skoda Scala
    5. Honda Civic
    6. Cupra Born
    7. Audi A3
    8. Volkswagen ID.3
    9. MG4 EV
    10. Ford Focus

    Reytinqin lideri Toyota Corolla olub. Ekspertlər bu modelin nisbətən ucuz qiymətə, praktik interyerə və aşağı yanacaq sərfiyyatına malik olduğunu bildiriblər.

    Həmçinin Corolla rahat asqı sistemi və hətta baza komplektasiyasında belə zəngin təchizatı ilə müsbət qiymətləndirilib. Lakin əsas çatışmazlıq kimi informasiya-əyləncə sisteminin zəifliyi qeyd olunub.