Category: Avto

  • Avtomobillərin utilizasiyası sistemində boşluqlar – İşbazlar fürsətdən istifadə edirlər – VİDEO

    Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur.

    Vətəndaşlar bildirirlər ki, utilizasiya prosesi çərçivəsində köhnə və yararsız avtomobillər paytaxt Bakı ilə bərabər bir müddətdir Gəncə şəhərində də qəbul edilir. Lakin rayonlarda yaşayan insanlar qeyd olunan ünvanlara köhnə avtomobillərini təqdim etmək üçün müəyyən çətinliklər və əlavə xərclərinin çıxdığını bildirirlər.

    Bölgələrdə yaşayan sürücülərin sözlərinə görə, utilizasiya qəbul məntəqələrinin sayının artırılaraq rayonlarda da olması bu prosesi sürətləndirəcək.

    Utilizasiya üçün qəbul məntəqələrinin bölgələrdə olmaması bu işlə məşğul olan bəzi işbazlar üçün də fürsət yaradır. Onlar nəqliyyat vasitələrini sahiblərindən qəbul məntəqəsində verilən puldan dəfələrlə ucuz qiymətə alırlar.

    Ekspertlər bildirirlər ki, nəqliyyat vasitələrinin utilizasiyası qəbul məntəqələri tələbata uyğun olaraq açıla bilər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Yolda qəfil dayanma: “Ford” 850 min avtomobili geri çağırır

    “Ford Motor” şirkəti ABŞ-də 850 300 avtomobili geri çağırır. Buna səbəb, yanacaq nasosunda nasazlıq riski ilə bağlı narahatlıqlardır.

    Median.Az-ın “Reuters”ə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) xəbər yayıb.

    NHTSA-nın məktubuna əsasən, nasaz yanacaq nasosu yanacağın çəndən mühərrikə ötürülməsini azalda bilər ki, bu da mühərrikin dayanmasına və qəza riskinin artmasına səbəb ola bilər.

    Qeyd olunur ki, nasazlıq yaranmazdan əvvəl sürücülər mühərrikin işində nasazlıq (atlama, titrəmə), gücün azalması və “Check Engine” xəbərdarlıq işığının yanması kimi əlamətləri müşahidə edə bilərlər. Bu nasazlıqlar xüsusilə az yanacaq səviyyəsi və ya isti hava şəraiti zamanı daha çox ehtimal olunur.

    “Ford” şirkəti yaxın günlərdə pulsuz təmir tədbirləri barədə məlumat verəcək.

  • Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər – TOP-5

    Bəzi avtomobillər yüksək texniki xidmət xərcləri və tez-tez baş verən nasazlıqları ilə seçilir. Lakin bu avtomobillərin hansı modellər olduğunu müəyyənləşdirmək bəzən çətin olur.

    “German Car Depot”un sahibi və təcrübəli mexanik olan Alan Gelfand “GOBankingRates” nəşrinə verdiyi müsahibədə 2025-ci ildə alınmaması lazım olan beş avtomobil modelini açıqlayıb. Onun sözlərinə görə, bu avtomobillər bir sıra texniki problemlərlə tez-tez üzləşir.

    2025-ci ildə alınmaması tövsiyə olunan avtomobillər:

    1. Chrysler 200

    Bu sedan 2017-ci ildən bəri istehsal olunmur və hazırda ikinci əl bazarda münasib qiymətə tapmaq mümkündür. Lakin Gelfand bu modeldən uzaq durmağı məsləhət görür.

    “Chrysler 200″un texniki xidməti bahalıdır”, deyə o bildirib.

    Onun sözlərinə görə, bu avtomobildə tez-tez ötürücü sistem və elektrik komponentləri ilə bağlı problemlər baş verir. Bundan əlavə, modelin idarəetməsi də çox da xoş deyil.

    2. Nissan Altima (2013–2020-ci il modelləri)

    “Nissan Altima” müasir təchizatı və cəlbedici dizaynı ilə diqqət çəksə də, ciddi texniki çatışmazlıqları da var. Xüsusilə bu modeldə tez-tez dəyişən ötürücü (CVT) qutusu sıradan çıxır.

    “Bu avtomobili heç vaxt almazdım. CVT onun əsas zəif yeridir. Biz “Altima” modellərində saysız-hesabsız ötürücü qutusunu dəyişdirmişik. Onlar adətən 95.000 km-dən sonra sıradan çıxır”, deyə Gelfand vurğulayıb.

    3. Jeep Renegade

    Kompakt krossover olan “Jeep Renegade” cəlbedici dizaynı və nisbətən aşağı qiyməti ilə seçilir. Lakin mexanik bu avtomobili “ən etibarsız modellərdən biri” kimi xarakterizə edir.

    “Avtomobil müasir görünsə də, elektrik nasazlıqları ilə tez-tez üzləşir və komfort səviyyəsi də çox aşağıdır”, deyə o xəbərdarlıq edib.

    4. Range Rover Evoque

    Stil və lüks görünüşü ilə tanınan “Range Rover Evoque” etibar baxımından geridə qalır.

    “Şık görünür, lakin etibarlılığı ilə seçilmir. Biz bu modeldə tez-tez mühərrik yağı sızıntısı, ötürücü problemləri və elektrik sisteminin tam sıradan çıxması hallarını müşahidə etmişik. Bütün bunlar 125.000 km-dən az yürüşdə baş verir”, deyə Gelfand qeyd edib.

    5. Chevrolet Spark

    Şəhər içi gedişlər üçün münasib və kompakt avtomobil olan “Chevrolet Spark” tez-tez təmirə ehtiyac duyur.

    “Bu modelin yığılma keyfiyyəti aşağıdır, yüksək səs-küyə malikdir və zəif performans göstərir”, deyə mexanik bildirib.

    Gelfand bu avtomobil əvəzinə istifadə olunmuş “Toyota” və ya “Honda” modellərinə üstünlük verilməsini tövsiyə edir.
    //valyuta.az

  • “Formula 1”: 2026-cı ildəki Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib (FOTO)

    2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.

    Bu barədə “Formula 1″in mətbuat xidməti məlumat yayıb.

    Bakıdakı mərhələ sentyabrın 24-26-sı aralığında təşkil olunacaq.

    Qurum daha əvvəl yarışın sentyabrın 25-27-si aralığında gerçəkləşəcəyini açıqlamışdı.

    Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək və 3 gün davam edəcək.

  • Azərbaycanda daha 98 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

    Avqustun 1-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 209 min 730 manat olan 98 nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi çıxarılacaq.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

  • Mask “Tesla”nın sürücüsüz taksisinin avtonom çatdırıldığını bildirib

    Tesla”nın rəhbəri İlon Mask, “Tesla Model Y” sürücüsüz taksinin ilk avtonom çatdırılmasının vaxtından bir gün əvvəl tamamlandığını açıqlayıb.

    Sahibkar bu barədə “X” hesabında məlumat verib.

    “Tesla Model Y”nin zavoddan müştərinin evinə ilk tam avtonom çatdırılması vaxtından bir gün əvvəl tamamlandı!” , – o yazıb.

    Mask layihənin uğurla həyata keçirilməsinə görə “Tesla”nın proqram təminatı tərtibatçılarına və süni intellekt mikrosxeminin tərtibatçılarına təşəkkür edib.

    “Tesla” ABŞ daxili bazarında 2020-ci ildə tətbiq olunmağa başlayan sürücüsüz “Waymo” taksi xidməti ilə rəqabətə girəcək. Qlobal bazarda Maskın şirkəti Çinin “Apollo Go”, “WeRide” və “Pony AI” şirkətləri ilə rəqabət aparacaq.

  • “Ford” 132 mindən çox avtomobili geri çağırır

    ABŞ-nin avtomobil nəhəngi “Ford” 2020-2025-ci illər arasında istehsal edilmiş 132 914 ədəd “Lincoln Aviator” modelini geri çağırır.

    Bu barədə “Reuters” xəbər yayıb.

    Bildirilir ki, avtomobillərdə arxa qapıların pəncərə barmaqlıqlarının hərəkət zamanı yerindən qopma riski var. Bu, xüsusilə nəqliyyat vasitəsinin yolla təmasının zəiflədiyi hallarda baş verə bilər.

    Hələlik bu nasazlıqla bağlı heç bir xəsarət halı qeydə alınmasa da, mümkün qəza riski yüksək qiymətləndirilir. Şirkət bildirib ki, avtomobil sahiblərini tez bir zamanda məlumatlandıracaq və onlar problemin rəsmi servis mərkəzlərində ödənişsiz aradan qaldırılması üçün müraciət edə biləcəklər.

  • Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır

    Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimində qeyd olunub.

    Məhərrəm ayının ilk günü iyunun 26-a təsadüf edir. Aşura günü iyulun 5-nə təsadüf edəcək.

    İyulun 25-i Məhərrəm ayının son günüdür. Daha sonra isə Səfər ayı başlayır.

  • 70 ildən çoxdur istehsal olunur: ABŞ-da ən populyar avtomobil məlum oldu

    ABŞ-da 2025-ci ilin satış statistikasına əsaslanan yeni reytinq Ford F-Series modelinin liderliyini bir daha təsdiqləyib. Eyni zamanda Tesla Model Y geriləyərək yalnız 9-cu yeri tutub.

    Qaynarinfo xəbər verir ki, bu barədə Focus2Move adlı ixtisaslaşmış portal məlumat yayıb.

    Məlumata görə, Ford F-Series bu ilin may ayına olan göstəricilərə əsasən satışlarını 16% artırıb. Reytinqdə ikinci yeri Chevrolet Silverado, üçüncü yeri isə Toyota RAV4 tutur. Maraqlıdır ki, hər iki modelin satışları nisbətən azalıb. İlk onluğun son pilləsində isə Honda Civic qərarlaşıb.
    ABŞ-da ən çox satılan 10 avtomobil (2025, may ayına qədər):

    1. Ford F-Series (+16%)
    2. Chevrolet Silverado (−10,5%)
    3. Toyota RAV4 (−4,4%)
    4. Honda CR-V (+17,6%)
    5. Chevrolet Equinox (+46,4%)
    6. Ram Pick-Up (−7,8%)
    7. GMC Sierra (+36,5%)
    8. Toyota Camry (−0,5%)
    9. Tesla Model Y (−34,5%)
    10. Honda Civic (+0,4%)

    Digər bir araşdırmaya əsasən, Amerikadakı varlıların ən çox üstünlük verdiyi marka Tesla-dır. Reytinqdə Ford da yer alıb. İlk onluğu isə ABŞ-da tanınmış elektrikli avtomobil istehsalçısı Rivian tamamlayır.

    Qeyd: Ford F-Series ilk dəfə 1950-ci illərdə satışa çıxarılıb və bu günə qədər ABŞ-da ən uzunömürlü və stabil satılan pikap seriyası kimi tanınır.

  • Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

    “Pirelli” şirkətinin yeni layihəsi, ağıllı təkərlərin yol örtüyünün vəziyyətini real vaxtda izləməsinə və yol təmir işlərinə istiqamət verməsinə imkan yaradacaq.

    Qaynarinfo xəbər verir ki, ağıllı təkər texnologiyası yalnız nəqliyyat vasitələrinin təhlükəsizliyi və performansı baxımından deyil, eyni zamanda yol infrastrukturunun davamlılığına dəstək verməyə hazırlaşır.

    Xüsusilə İtaliyanın Apuliya bölgəsində başladılan pilot proqram çərçivəsində “Pirelli” şirkətinin “Cyber Tyre” adını verdiyi ağıllı təkərlərin tətbiqi ilə bölgədəki yol şəbəkəsinin “sağlamlıq xəritəsi” hazırlanacaq. Bu layihə təkərlərdən toplanan məlumatları avtomobillərə quraşdırılmış kameralar vasitəsilə əldə edilən vizual görüntülərlə birləşdirərək, yol vəziyyəti barədə əhatəli analiz təqdim edəcək.

    “Pirelli”nin “Cyber Tyre” sistemi təkərin içərisinə yerləşdirilmiş sensorlar vasitəsilə asfaltın kobudluğu və nizamsızlığı kimi amilləri təhlil edən alqoritmlərlə işləyir. Toplanan məlumatlar bulud sisteminə ötürülərək emal edilir və yerli idarəetmə orqanlarına rəqəmsal panel üzərindən yol vəziyyətini izləməyə imkan yaradır. Beləliklə, yol təmir qrupları problemləri daha tez və səmərəli şəkildə aşkar edərək müdaxilə edə biləcək, bu isə yolların ümumi keyfiyyətini və təhlükəsizliyini artıracaq.

    Bu pilot proqram göstərir ki, ağıllı təkərlər yalnız fərdi avtomobillərin təhlükəsizliyinə deyil, bütövlükdə yol şəbəkəsinin idarə olunmasına da əsaslı şəkildə təsir edə bilər.

    Gələcəkdə bu kimi texnologiyalar vasitəsilə yol vəziyyəti barədə daimi və dəqiq məlumat əldə etmək daha düzgün infrastruktur qərarlarının verilməsinə, təmir xərclərinin azaldılmasına və sürüş təcrübəsinin yaxşılaşdırılmasına kömək edəcək. Ağıllı təkərlər nəqliyyat vasitələrinin yol ilə qarşılıqlı əlaqəsini optimallaşdıraraq həm yol hərəkəti təhlükəsizliyinə, həm də yanacaq səmərəliliyinə töhfə verəcək.

    Eyni zamanda avtonom idarəetmə texnologiyalarının inkişafı fonunda, nəqliyyat vasitələrinin yolun vəziyyətini analiz edərək uyğun sürüş tədbirləri görməsi üçün təkərlərdə bu cür sensorların olması həyati əhəmiyyət daşıyır.