Category: Avto

  • 10 ayda nə qədər avtomobil istehsal etmişik?

    Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-oktyabr aylarında 643,7 milyon manatlıq məhsul istehsal edilib.

    Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz artıb. Maşın və avadanlıqların istehsalı 43,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalıb. 2024-сü ilin yanvar-oktyabr aylarında 4 min 433 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 min 57 ədəd çox minik avtomobili istehsal olunub.

    Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 14,7 faiz azalıb.

  • Yanacaq nasosunun ömrünü uzatmağın sirləri

    “Yanacaq nasosunun nasazlıqları avtomobilin tam sıradan çıxmasına səbəb ola bilər”.

    Median.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Sergey Ponomaryov məlumat verib.

    Onun sözlərinə görə, bir neçə qaydaya əməl etməklə avtomobilin bu hissəsinin ömrünü uzatmaq olar.

    “Maşını boş çənlə sürməkdən çəkinmək vacibdir, yanacaq səviyyəsinin ümumi həcmin ¼-dən aşağı düşməməsi tövsiyə olunur. Nasos yanacaqla soyudulur və onun çatışmazlığı elementlərin qızmasına, sürtünmənin artmasına və hissənin resursunun azalmasına səbəb olur”, – deyə ekspert izah edib.

    Onun sözlərinə görə, həmçinin keyfiyyətsiz yanacaq ola biləcək naməlum yanacaqdoldurma məntəqələrindən (YDM) uzaq durmaq lazımdır.

    O, aşağıkeyfiyyətli benzinin mühərrikin işinə mənfi təsir göstərən qarışıqlar ehtiva etdiyini bildirib.

    “Yanacaq sistemində dərin və incə təmizləmə filtrləri təsadüfən nəzərdə tutulmayıb. Onları hər 20 min km yürüşdən sonra dəyişdirmək lazımdır. Filtrlər çirkləndikdə nasosa düşən yük artır və bunun nəticəsində onun xidmət müddəti kəskin şəkildə azalır”, – deyə ekspert sözlərini yekunlaşdırıb.
    //oxu.az

  • “Tesla” şirkəti “Cybertruck” pikaplarını geri çağırır

    “Tesla” təxminən 2.5 min “Cybertruck” elektrik pikapını geri çağırdığını elan edib.

    Median.Az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) bəyanatına istinadən məlumat verilib.

    Geri çağırılma 2 431 elektrik pikapına aiddir ki, bu avtomobillər ötən ilin 6 noyabrından bu il iyulun 30-dək istehsal edilib.

    Məlumata görə, geri çağırılma sürücü invertorunun nasazlığı ilə əlaqədardır ki, bu da dartma qabiliyyətinin itirilməsinə və qəza riskinin artmasına gətirib çıxara bilər. “Tesla”nın texniki işçiləri geri çağırılan avtomobillərdə sürücü invertorunu pulsuz əvəz edəcəklər.

    Qeyd edək ki, bu geri çağırılma bu il “Tesla”nın “Cybertruck” üçün altıncı çağırışıdır. Məsələn, iyun ayında bildirilmişdi ki, ABŞ-nin elektrik avtomobil istehsalçısı şüşə silən mühərrikin düzgün işləməməsi və baqaj bölməsində problemlər səbəbindən təxminən 12 min pikapı geri çağırır. Aprel ayında qaz pedalında nasazlıq səbəbindən 3 minə yaxın “Cybertruck”ın geri çağırıldığı məlum olmuşdu.

    Xatırladaq ki, “Cybertruck”ın seriyalı istehsalına 2023-cü ilin iyulunda başlanılıb, ilk müştəri tədarükləri isə noyabr ayında baş tutub.

  • Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər – AÇIQLAMA

    Azərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb. Belə ki, rəsmi məlumata görə, ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 562,3 milyon manatlıq məhsul istehsal edilib.

    Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında ölkədə 3623 ədəd minik avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, minik avtomobil istehsalı 71,7 faiz (və ya 1513 ədəd) artıb. Xatırladaq ki, 2023-cü ildə ölkədə 2110 ədəd minik avtomobili istehsal olunub.

    Ölkədə avtomobil istehsalında kəskin artımın qeydə alınması daxili bazarda qiymətlərə necə təsir göstərəcək?

    Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Trend-ə açıqlamasında deyib ki, yerli istehsal aktual və vacib məsələdir.

    O bildirib ki, yerli avtomobillər digərlərinə nisbətən qiymət baxımından istehlakçılara daha ucuz başa gəlir:

    “Artıq, demək olar ki, taksi parkımız yenilənməkdədir. Buna yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsi, utilizasiya prosesinə start verilməsi təsir göstərib. İndiki məqamda yerli istehsalın həcminin artması çox vacibdir”.

    Mütəxəssisin sözlərinə görə, istehsalda kəskin artım daxili bazarda müəyyən qisim avtomobilərin qiymətlərinə təsir göstərə bilər:

    “Lakin ciddi qiymət fərqini müşahidə etməyəcəyik. Çünki yalnız daxili istehsal hesabına tələbi qarşılamaq qeyri-mümkündür. Azərbaycana Koreya, Yaponiya və xüsusən də Çindən avtomobillər idxal olunur. Yerli avtomobil istehsalında artım ikinci əl avtomobil bazarında yaşı 10 ilə qədər olan minik nəqliyyat vasitələrinə müəyyən mənada təsir göstərə bilər. Bunun digər avtomobillərə o dərəcədə də ciddi təsiri olmayacaq”.

    Qeyd edək ki, Azərbayanda ötən ilə nisbətən yük avtomobili istehsalında da artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 394 ədəd yük avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövründə isə bu göstərici 285 ədədə bərabər olub.

    Beləliklə, ölkədə yük avtomobili istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 faiz (və ya 109 ədəd) artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində isə traktorların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

  • Maşın almaq istəyənlərə ŞAD XƏBƏR

    Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir.

    2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz, 2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.

    Avtomobil satan Eldar Əliyev sözügedən ucuzlaşmanı ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqələndirib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, hibrid mühərrikli avtomobillər və elektromobillərin orta idxal qiymətinin azalması ölkəyə ucuz avtomobillərin gətirilməsi ilə bağlıdır:

    “İdxal olunan avtomobillərin qiymətində kəskin ucuzlaşma yoxdur. Burada seqment dəyişikliyi var. Yəni əvvəllər ölkəyə dəyəri yüksək olan avtomobillər gətirilirdisə, hazırda həmin seqmentdən olan ucuz avtomobillər gətirilir. Məsələn, əvvəllər 30 000 dollara elektromobil gətirilirdisə, indi isə bu 25 000 dollara başa gəlir”, – ekspert deyib.

    Qeyd edək ki, son illərdə hibrid mühərrikli avtomobillərin və elektromobillərin idxalına və satışına vergi güzəştlərinin tətbiq edilməsi onlara marağı artırıb.

  • Şumaxerin bolidi hərraca çıxarılıb

    “Ferrari” komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin dünya çempionatının son mövsümündə idarə etdiyi bolid (yarış avtomobili) hərraca çıxarılıb.

    Bu barədə “The Mirror” qəzeti məlumat yayıb.

    Bolidin 15 milyon ABŞ dollarına satıla biləcəyi gözlənilir. Şumaxer bu avtomobillə 2006-cı ildə yarışıb və beş yarışı qazanıb. Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək.

    Qeyd edək ki, 55 yaşlı Şumaxer “Formula 1” üzrə çempionluq rekordunun həmsahibidir: o və britaniyalı Lyuis Hemilton 7 dəfə çempionluq yaşayıblar. Ümumi yarış qələbələrinin sayına görə isə Şumaxer (91) yalnız Hemiltondan (105) geri qalaraq ikinci yerdədir. Almaniyalı pilot 1996-2006-cı illərdə “Ferrari”nin şərəfini qoruyub və komanda ilə 5 titul qazanıb.

  • Ferstappen ABŞ Qran-prisinin sprint yarışında sıralama turunun qalibi olub

    “Red Bull”un sürücüsü Maks Ferstappen “Formula 1” ABŞ Qran-prisində sprint yarışında sıralama turunun qalibi olub.

    Yarış həftəsonu Texas ştatının Ostin şəhərində keçirilir.

    Sıralama turunda “Mercedes”in pilotu Corc Rassel ikinci, “Ferrari” pilotu Şarl Lekler üçüncü nəticəni göstərib.

    Ferstappen son saniyələrdə 1:32,833 göstərici ilə vaxt cədvəlində birinci olub.

  • Azərbaycanda bu şəxslərə avtomobil veriləcək

    Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı diqqətdə saxlanılır.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu istiqamətdə növbəti hazırlıqlara başlayıb.

    Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar əlil olmuş və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan daha 39 şəxsə avtomobillər veriləcək.

    Agentlik bu istiqamətdə həyata keçirilən növbəti sosialyönümlü tədbirlər çərçivəsində ümumilikdə 39 minik avtomobili alır.

    Qurum minik avtomobillərinin satın alınmasına 721.500 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

  • Sürücülərin NƏZƏRİNƏ: Avtomobillərdə ən çox saxtalaşdırılan dörd ehtiyat hissəsi

    “Avtomobil bazarında ən çox saxtalaşdırılan komponentlər müntəzəm texniki xidmət üçün istifadə olunan hissələrdir”.

    Median.Az-ın “Tarantas Nyus”a istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Mixail Makovey bildirib.

    Onun sözlərinə görə, risk zonasında – avtomobilin texniki xidməti zamanı mütəmadi olaraq dəyişdirilməsi tələb olunan filtrlər, alışdırma şamları, əyləc sistemi və asqı hissələridir.

    Üstəlik, ekspertin bildirdiyinə görə, həm orijinal elementlər, həm də tanınmış Avropa və Asiya brendlərinin məhsulları saxtalaşdırılır.

    “Ən pis hallarda saxta ehtiyat hissələri parametrlərə uyğun gəlmədiyinə görə avtomobilə quraşdırmaq mümkün olmayacaq. Bundan əlavə, onlar nəqliyyat vasitəsinin qovşaq və aqreqatlarının sıradan çıxmasına səbəb ola bilər”, – deyə o bildirib.

    Ekspert vurğulayıb ki, kontrafakt hissələrin istifadəsi ciddi nəticələrə səbəb ola bilər.

    “Belə ehtiyat hissələrinin alınması riskini azaltmaq üçün komponentləri və sərfiyyat materiallarını rəsmi dilerlərdən, yaxud da etibarlı satıcılardan almaq lazımdır”, – deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

  • Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub

    Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 3 ildən 5 ilə kimi artırılıb.

    Bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.

    Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılıb.

    Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad idi.