Category: Avto

  • “Toyota” və “Subaru” müştərək elektrik krossoverini buraxacaqlar

    “Toyota” və “Subaru” 2026-cı ildə yeni birgə hazırladıqları elektrik krossoverini buraxacaqlar.

    Median.Az bu barədə Motor.ru portalına istinadən xəbər verir.

    Qeyd olunur ki, Yaponiya şirkətləri elektrik mühərriki ilə işləyən avtomobillər sahəsində əməkdaşlığı davam etdirir.

    Belə ki, üç il əvvəl “Toyota bZ4X” və “Subaru Solterra” əkiz krossoverlərinin debütü baş tutub və 2026-cı ilin yanvarında şirkətlər yeni və birgə hazırladıqları elektrik avtomobilini təqdim edəcəklər.

    Elektriklə işləyən “Subaru” “Yajima” zavodunda istehsal olunacaq və Yaponiya, Avropa, həmçinin ABŞ-də satılacaq.

  • Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət – Qiymət artımları və yeni trendlər

    Azərbaycan avtomobil bazarı dinamik və dəyişkən bir mərhələdədir. İdxal və yerli istehsal arasında balansın yaradılması, yeni ekoloji tələblərə cavab verən avtomobillərin bazara daxil olması və ikinci əl avtomobillərin bazar payının artması kimi amillər bazarın formalaşmasında əsas rol oynayır. Qiymət artımları, tədarük zəncirindəki qlobal problemlər və daxili iqtisadi təzyiqlər avtomobil almaq istəyən istehlakçılar üçün çətinliklər yaratsa da, bazar ümumilikdə sabit qalmaqdadır.

    Bu barədə “Report”a açıqlamasında avtomobil bazarı üzrə ekspert Elnar Rzayev bildirib.

    Onun sözlərinə görə, Azərbaycan avtomobil bazarının mövcud vəziyyəti bir sıra iqtisadi, sosial və texnoloji amillərin təsiri ilə formalaşır: “Bu bazarın dinamikası həm daxili, həm də xarici amillərlə, o cümlədən avtomobil idxalı, yerli istehsal, ikinci əl avtomobillərin satışı, avtomobil kreditləşməsi, qiymət dəyişiklikləri və digər iqtisadi göstəricilərlə müəyyən olunur. Azərbaycan avtomobil bazarı, əsasən xaricdən idxal olunan avtomobillərlə formalaşır. Ölkəyə hər il minlərlə avtomobil idxal olunur və bunlar arasında həm yeni, həm də istifadə olunmuş maşınlar üstünlük təşkil edir. Xüsusən də Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ kimi ölkələrdən idxal olunan avtomobillər böyük tələbat görür. Bu ildə isə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və gömrük prosedurlarının sadələşdirilməsi ilə idxalda artım müşahidə olunub”.

    Ekspert bildirib ki, Azərbaycanda ikinci əl avtomobil bazarı böyükdür və əhali arasında bu seqmentə maraq yüksəkdir. “Hazırda ikinci əl avtomobil bazarında maşınların qiymətlərində əhəmiyyətli artımlar qeydə alınıb. Bu artım bir tərəfdən də dünya miqyasında inflyasiya təzyiqləri və istehsal xərclərinin yüksəlməsi ilə bağlıdır. Digər tərəfdən, COVID-19 pandemiyası zamanı istehsalın yavaşlaması və tədarük zəncirinin pozulması da bazara təsir göstərib.”

    E. Rzayev ikinci əl avtomobillərin qiymətlərindəki artımın təxminən 15-25 % təşkil etdiyini diqqətə çatdırıb: “Bu, əsasən tələbatın çox olması və yeni avtomobillərin yüksək qiymətləri ilə bağlıdır. Xüsusən də daha populyar markalar və modellər üzrə qiymətlər daha yüksək faizlə artıb. Yeni avtomobillərin qiymətləri də artıb, lakin bu artım daha çox 10-20 % arasında dəyişir. Bunun səbəbi dünya üzrə avtomobil istehsalında yaranmış qıtlıq, logistika problemləri və xammal qiymətlərinin artmasıdır. Xüsusilə Avropa və Asiya ölkələrindən idxal olunan avtomobillərin qiymətləri bu kateqoriyada əhəmiyyətli dərəcədə artıb”.

    “Elektrik və hibrid avtomobillərin qiymətləri ən çox dəyişkənlik göstərən seqmentdir. Hazırda elektrikli avtomobillərin qiymətləri Azərbaycanda 20-30 % arası artım göstərib. Çünki bu seqment hələlik yenidir və infrastruktur məhduddur. Lüks avtomobil bazarında qiymət artımı ümumilikdə 10-15 % səviyyəsində qeydə alınıb. Bu tip avtomobillər üçün tələbat daha sabit olsa da, qlobal təchizat zəncirindəki gecikmələr və yüksək xərclər bu bazara da təsir göstərib”, – deyə ekspert əlavə edib.

    Digər avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, dünyada elektrik və hibrid avtomobillərə maraq artdıqca, Azərbaycanda da bu tendensiya müşahidə olunur. “Dövlətin ekoloji tələbləri sərtləşdirməsi və daha müasir avtomobillərin dəstəklənməsi siyasəti çərçivəsində hibrid və elektrikli nəqliyyat vasitələrinə tələb artmağa başlayıb. Hazırda elektrik avtomobillərinin idxalı və satışlarında müəyyən qədər artım olsa da, bazarın ümumi payında bu növ nəqliyyat vasitələri hələ də məhdud sayda təmsil olunur”.

    O qeyd edib ki, ikinci əl avtomobillərin qiymətlərinin artmasına avtomobil bazarında olan tələbatın çoxluğu və yenilənmiş nəqliyyat vasitələrinin çatışmazlığı da təsir edir: “Əksər istehlakçılar üçün yeni avtomobil almaq məhdudiyyətlərlə bağlıdır. Bu, ikinci əl bazarının güclü qalmasına səbəb olur. Xüsusilə SUV tipli avtomobillərə və yanacağa qənaətcil modellərə maraq daha yüksəkdir”.

  • Avtomobil mühərrikinin yuyulmasının təhlükələri: Ekspert izah edir

    Bir çox avtomobil sahibləri avtomobillərini təkcə xaricdən deyil, həm də kapotun altını ideal vəziyyətdə saxlamağa çalışırlar. Bununla belə, mühərrikin müntəzəm yuyulması hətta onun dəyişdirilməsi zərurətinə qədər ciddi problemlərə səbəb ola bilər.

    Median.Az-ın “Ridus”a istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Konstantin Liqaçyov xəbərdarlıq edib.

    “Adətən mühərriki avtomobili satmazdan əvvəl yuyurlar ki, kapotun altındakı hissə gözəl görünsün. Bu həmçinin müəyyən nasazlıqlar zamanı edilir: məsələn, yağ sızmasının səbəbini və yerini müəyyən etmək lazım olanda. Bütün digər hallarda avtomobilin mühərrikini yumağın heç bir mənası yoxdur”, – deyə Konstantin Liqaçyov bildirib.

    Onun sözlərinə görə, bu, bütöv bir texnoloji əməliyyatdır və onun hər hansı pozulması avtomobil üçün mənfi nəticələrə səbəb ola bilər.

    Mütəxəssis qeyd edib ki, çox vaxt mühərrikin yuyulması ilə avtomobillərdən kifayət qədər məlumatı olmayan ustalar məşğul olurlar.

    “Onlar mühərriki güclü təzyiqlə yuyurlar və vacib elementləri örtməyi unudurlar. Bu, suyun avtomobilin elektronikasına düşməsinə və qısaqapanmaya səbəb ola bilər”, – deyə ekspert vurğulayıb.

    Liqaçyovun sözlərinə görə, suyun avtomobilin hava filtrinə düşməsi xüsusilə təhlükəlidir.

    “Bu halda hidravlik zərbə ehtimalı böyükdür ki, bu da baha başa gəlir – mühərrikin dəyişdirilməsi tələb olunur”, – deyə mütəxəssis əlavə edib.

  • DİQQƏT: “Mercedes-Benz” minlərlə “S-Class”ı geri çağırır

    Almaniyanın “Mercedes-Benz” şirkəti V8 mühərriki ilə təchiz edilmiş “S-Class” modellərində yaranmış nasazlıqla əlaqədar maşınların geri çağırıldığını açıqlayıb.

    Median.Az bu barədə İxbt.com portalına istinadən xəbər verib.

    Qeyd olunur ki, söhbət 2021-2023-cü illərdə istehsal edilən “Mercedes S580” və “Mercedes-Maybach S580” modellərindən gedir. Ümumilikdə şirkətin 27 min avtomobilində nasazlıq aşkar edilib.

    Məlumatda həmçinin bildirilir ki, hər iki avtomobil 4 litrlik V8 mühərrikindən istifadə edir və 496 at gücünə malikdir.

  • Elektrik və hibrid avtomobillər – Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR

    Elektrikli və hibrid avtomobillər müasir dövrdə avtomobil sənayesində böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da bu avtomobillərin istifadəsi getdikcə artır. Elektrikli avtomobillər, əsasən, ətraf mühitin qorunmasına verdiyi töhfə ilə diqqət çəkir. Onlar benzinlə işləyən nəqliyyat vasitələrinə nisbətən daha az karbon emissiyası yaradır və istixana qazlarının azaldılmasına kömək edir.

    Bu isə iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm addımlardan biridir. Eyni zamanda, dövlət tərəfindən bu avtomobillərin idxalına tətbiq edilən vergi və gömrük güzəştləri, onların əlçatanlığını artırır və ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin yayılmasını sürətləndirir.

    Bu avtomobillərin bir çox üstünlükləri və ekoloji faydaları mövcuddur.

    Ekoloji təsir: Elektrikli avtomobillər (EV-lər) istixana qazı emissiyalarını azaldır. Məsələn, benzin və dizel avtomobillərinə nisbətən 17-30% daha az karbon emissiyası yaradırlar. İstehsal texnologiyaları və enerji mənbələri təmizləndikcə, bu göstərici 2050-ci ilə qədər daha da yaxşılaşa bilər.

    Enerji qənaəti: Elektrik enerjisi ilə işləyən avtomobillər daha az enerji sərf edir və yanacağa olan asılılığı azaldır. Dünyada EV-lərin kütləvi istifadəsi gündəlik neft istehlakını da azalda bilər.

    Dövlət güzəştləri: Azərbaycanda elektromobillərin istifadəsinin təşviqi üçün vergi güzəştləri tətbiq edilməyə başlanıb. Prezident İlham Əliyevin sərəncamı ilə bu sahənin inkişafına dair hüquqi çərçivə yaradılıb. Bu tədbirlər elektromobillərin ekoloji təsirlərini minimuma endirməyi hədəfləyir.

    Azərbaycanda elektrik və hibrid avtomobilləri üçün tətbiq edilən dövlət güzəştləri əsasən aşağıdakılardan ibarətdir:

    Vergi güzəştləri: Elektrikli avtomobillər və bəzi hibrid avtomobillər idxal edildikdə gömrük rüsumlarından azad edilir. Bu, ölkədə bu növ avtomobillərin istifadəsini artırmaq və ətraf mühitin qorunmasını təşviq etmək məqsədi daşıyır.

    ƏDV güzəştləri: Elektrik mühərrikli nəqliyyat vasitələri əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Bu, avtomobillərin maya dəyərini azaldır və alıcılar üçün daha cəlbedici edir.

    Gömrük rüsumlarından azadolma: Elektrikli avtomobillərin idxalı zamanı gömrük rüsumlarının tamamilə və ya qismən azaldılması nəzərdə tutulur ki, bu da avtomobillərin ölkəyə daha ucuz gətirilməsinə şərait yaradır.

    Bu tədbirlər elektromobillərin Azərbaycanda geniş yayılmasını sürətləndirməyi və ətraf mühitin qorunmasını təmin etməyi hədəfləyir.

    Hazırda Azərbaycanda avtomobil elan saytlarında təzə olmayan elektrik və hibrid avtomobillərin qiyməti ilinə, modelinə və digər xüsusiyyətlərinə görə dəyişir. Ortala qiymətlər isə 10 min AZN – 125 min AZN arasında dəyişir.
    //Baku.ws

  • Keyfiyyətsiz avtomobili necə tanımaq olar? – Təzə və işlənmiş maşın alışı üçün məsləhətlər

    Avtomobil almaq diqqət və bilik tələb edən məsuliyyətli bir qərardır. Təcrübə göstərir ki, keyfiyyətsiz nəqliyyat vasitəsinə təkcə işlənmiş maşınlar arasında deyil, həm də avtosalonlarda rast gəlinə bilər.

    Median.Az oxu.az-a istinadən bildirir ki, rusiyalı avtomobil mütəxəssisi Tatyana Malışeva problemli avtomobili tanımağa kömək edəcək əlamətlərdən danışıb.

    Onun sözlərinə görə, hətta rəsmi dilerlərdən yeni avtomobil almaq belə maşının qüsursuz olacağına zəmanət vermir.

    “Bəzi istehsalçılar xərcləri azaltmağa çalışaraq öz modellərində konstruktiv çatışmazlıqlara yol verirlər. Yeni maşınların tipik problemləri arasında bunları qeyd etmək olar: kuzovun geometriyasının pozulması, keyfiyyətsiz rəngləmə və korroziyaya səbəb olan çatlar, avtomobilin sistemlərindən birinin işində nasazlıqlar”, – deyə o bildirib.

    Ekspert işlənmiş avtomobil alarkən diqqətin daha çox tələb olunduğunu bildirib:

    “Kuzovdakı cızıqlar, sürtülmələr, həddindən artıq yeyilmiş pedallar (əyləc problemlərinin əlaməti), rəngin qeyri-bərabərliyi və qalın boya qatı (qəza izlərini gizlədə bilər) alıcı üçün həyəcan siqnalı olmalıdır. Kapotun altında yağ və antifriz sızmaları texniki nasazlıqlardan xəbər verir. Bundan başqa şübhəli dərəcədə az yürüş də narahatlıq doğurmalıdır – satıcı real rəqəmləri gizlədə bilər ki, bu da gələcəkdə böyük təmir xərclərinə səbəb ola bilər”.

    Malışeva şüşələrin markalanmasını, təkər tağı örtüklərinin oturmasını, cihaz panelinin vəziyyətini yoxlamağı məsləhət görür. Onun sözlərinə görə, yanan indikatorlar maşının sistemlərində xətaların olduğunu göstərir.

    “Diqqətli olmaq, texniki bilik və mütəxəssislərin köməyi – avtomobil alışının üç sütunudur”, – deyə Malışeva sözlərini yekunlaşdırıb.

  • Təkərdə ilişən xırda daşlar: Ekspert təhlükələrdən danışdı

    “Bir çox avtomobil sahibləri təkərlərin vəziyyətinə çox əhəmiyyət vermir və düşünürlər ki, əsas məsələ şinləri mövsümə uyğun vaxtında dəyişdirməkdir. Lakin təcrübə göstərir ki, təkərin protektorunda ilişib qalan hətta kiçik bir daş belə ciddi qəzaya səbəb ola bilər”.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksey Stasyuk xəbərdarlıq edib.

    Ekspertin sözlərinə görə, avtomobil tez-tez müxtəlif örtüklü yollarda istismar olunur və hər bir örtük şinlərə özünəməxsus şəkildə təsir edir.

    “Çınqıllı örtüklü yollarda və ya hətta az miqdarda daş olan yollarda rezinin mexaniki zədələnmə riski var” , – deyə Stasyuk qeyd edib.

    Mütəxssis bildirib ki, protektorda ilişib qalan kiçik daş görünüşcə zərərsiz olsa da, əslində çox pis nəticələrə gətirib çıxara bilər.

    “Təkər protektorunun kanallarında uzun müddət qalan daşlar, protektorun kanal altı qatını korda qədər zədələyə bilər. Zədələnmiş yerə nəm və tozun düşməsi isə kord və rezin arasındakı yapışmanı pozan geridönməz prosesləri başladır” , – deyə o əlavə edib.

    Stasyuk zədələnmiş şinin uzun müddət istismarının onun təbəqələrə ayrılması və vaxtından əvvəl sıradan çıxması ilə nəticələnə biləcəyini deyib.

    “Hətta hərəkət zamanı təkərin partlaması baş verə bilər ki, bu da demək olar ki, mütləq ağır nəticəli yol-nəqliyyat hadisəsinə səbəb olar” , – deyə o vurğulayıb.

    Ekspert qeyd edib ki, xüsusilə protektor dərinliyi az qalan şinlər deşilmə riski altındadır.

    Buna görə də o, təkərləri müntəzəm olaraq zədələnmələrə qarşı yoxlamağı, aşınma dərəcəsinə nəzarət etməyi və köhnəlmişləri vaxtında dəyişdirməyi məsləhət görüb.

  • Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – VİDEO

    Çindən gətirilən avtomobillərin sərhəddən buraxılmama səbəbi məlum olub.

    Xezerxeber.az-ın məlumatına görə, 40-45 günə çatdırılmalı olan Çin avtomobilləri bir neçə müddətdir ki, sərhəddə ləngiyib. Hətta bu səbəbdən bəzi avtomobil gətirən şirkətlər müştərilərinə gecikməyə görə müvəqqəti avtomobillər də təklif ediblər.

    Çindən Azərbaycana avtomobil gətirən şirkətin rəhbəri Kənan Heydərov bildirib ki, problemin səbəbini öyrənmək üçün nəqliyyat vasitələrinin ilişib qaldığı yerdə, Dağıstanda olublar. Məlum olub ki, avtomobillərin buraxılmamasına səbəb onların sənədlərindəki çatışmazlıqlardır.

    Kənan Heydərov qeyd edib ki, bəzi daşıyıcı şirkətlər ucuz başa gəlməsi üçün avtomobilləri Çindən Qazaxıstana idarə edərək keçiriblər. Bu isə daşınma qaydalarına uyğun gəlmədiyindən sənədlər qaydasında olmayıb.

    O vurğulayıb ki, avtomobillərin yenidən yola düşməsi üçün tətbiq olunan cərimə məbləği mütləq ödənilməli və sənədlər qaydasına salınmalıdır. Bunu etmək isə müştərinin, yəni avtomobil sifariş edən şəxsin yox, daşıyıcı şirkətin məsuliyyətidir.

    Ətraflı süjetdə:

  • Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?

    Dünyaca məşhur İtalyan avtomobil markası “Lamborghini”nin loqotipindəki öküz fiquru təkcə brendin gücünü deyil, həm də onun yaradıcısı Ferruccio Lamborghininin şəxsi xüsusiyyətlərini əks etdirir.
     
    Bəs, bu öküz fiquru haradan gəlir və bu nə deməkdir?

    Sfera.az sizə bu barədə yazı təqdim edir.

    İtalyan avtomobil nəhəngi “Lamborghini” ilk dəfə traktor istehsalçısı kimi tanınıb. Lakin zaman keçdikcə brend özünü avtomobil dünyasında bir fenomen kimi təsdiqləyib.

     
    “Lamborghini”nin əsası Ferruccio Lamborghini traktor istehsalı biznesinə girdiyi zaman qoyulub.

    Ferruccio Lamborghini “Ferrari” avtomobilləri ilə kifayətlənmədiyi üçün öz lüks idman avtomobillərini istehsal etmək qərarına gəlib. Beləliklə, “Lamborghini”nin avtomobil istehsal macərası başlayıb.
     

    Gələk loqonun hekayəsinə. “Lamborghini” brendinin loqotipindəki öküz fiquru təkcə simvol deyil, həm də brendin yaradıcısı Ferruccio Lamborghininin şəxsi xüsusiyyətlərini və ehtiraslarını əks etdirir.

    Ferruccio Lamborghini 28 apreldə doğulmuş və Buğa bürcü idi. O, bu bürcün xüsusiyyətləri – qətiyyət, güclü iradə və zəngin emosional həyatı ilə tanınırdı. “Lamborghini” avtomobilləri bu xüsusiyyətləri əks etdirmək üçün hazırlanmışdır: güclü, cəsarətli və təsir edici.


     
    Loqodakı öküz fiquru Ferruccio Lamborghininin öz ruhunu əks etdirmək və özünü brendi ilə eyniləşdirmək istəyindən ilhamlanıb.

    Lamborghininin öküz fiquru təkcə brendin loqosunda deyil, istehsal etdiyi modellərin adlarında da görünür.

    Məsələn, “Gallardo” və “Murcielago” modelləri ispan korridalarına istinad edərək adlandırılıb ki, bu da brendin öküz mövzusunun çoxdan formalaşmış ənənəyə çevrildiyini göstərir.

    Ümumiyyətlə, “Lamborghini”nin loqo dizaynı avtomobil həvəskarları tərəfindən güclü şəxsiyyət kimi qəbul edilir.

  • “YouTube”da yeni dövr: Videonu dayandırdığınız zaman reklam göstərəcək

    Çox reklam göstərdiyi üçün istifadəçilər tərəfindən tənqid edilən “YouTube” reklam sayını artırmaq qərarına gəlib.

    Artıq bundan sonra videonu dayandıran istifadəçilərə də reklam göstəriləcək.

    Dünyanın ən məşhur video paylaşma şəbəkəsi olan “YouTube” son vaxtlar reklam gəlirlərini artırmaq üçün yeni yollar axtarır.

    “YouTube Premium” abunəçilərinə heç bir reklam göstərməyən platforma pulsuz abunəçiləri reklamlarla doldurmağa başlayıb.

    “Google”un istifadəçiləri hiddətləndirəcək bu reklam strategiyasının əsas məqsədi isə istifadəçilərin ödəniş edərək “YouTube Premium”a keçməsinə nail olmaqdır.