Category: Avto

  • Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir

    Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı qərar imzalayıb. Qərar Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklikləri özündə ehtiva edir.

    “Report” xəbər verir ki, qərara əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3-dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər və maksimal sürəti 50 km/saatdan çox olan elektrik mühərrikli velosipedlər üçün 15 % səviyyəsində idxal gömrük rüsumu tətbiq olunacaq.

    Mayın 17-dən qüvvəyə minəcək bu qərar Azərbaycanda elektromobillərdən istifadənin genişləndirilməsinə yönəlmiş daha geniş strategiyanın tərkib hissəsidir. Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin dünənki iclasında elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin – EDM əhatə dairəsinin genişləndirilməsi, bu sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb.

    Azərbaycan öz hədəflərində tək deyil. Dünyanın bir çox ölkələri elektrikli avtomobillərdən istifadəni təşviq etmək üçün oxşar addımlar atır. Məsələn, Norveçdə elektromobillər artıq satılan bütün yeni avtomobillərin yarıdan çoxunu təşkil edir. Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çin elektromobil infrastrukturunun inkişafına milyardlarla dollar sərmayə qoyur.

    Hökumətin görülən və görüləcək yeni tədbirləri, şübhəsiz ki, Azərbaycanda elektromobil bazarının inkişafına töhfə verəcək. İndi sadəcə elektrikli avtomobillərin benzin və dizellə işləyən avtomobilləri nə qədər tez əvəz edə biləcəyini görmək üçün gözləmək qalır.

    Dünyada olduğu kimi, Azərbaycanda da elektromobillərin satışına təsir edən əsas amil enerji doldurma məntəqələrinin əlçatanlığıdır. Avtomobili enerji ilə doldurmaq üçün imkan olmayacaqsa, elektromobilləri almağın mənası da olmayacaq.

    Məlum olduğu kimi, hər on elektrikli avtomobilə bir enerji doldurma stansiyası düşməlidir. Əhalisinin elektromobillərdən aktiv istifadə etdiyi ölkələrdə bu normativə əməl olunur.

    Hazırda ölkədə 4 minə yaxın elektromobil və cəmi 33 enerji doldurma məntəqəsi fəaliyyət göstərir ki, onlar da əsasən Bakıda yerləşir. Buradan belə qənaətə gəlirik ki, ölkədə enerji doldurma məntəqələrinin sayı 400-ü ötməlidir. İlin sonuna qədər elektromobil parkının 8 min ədədə qədər arta biləcəyini nəzərə alsaq, 800 stansiyaya ehtiyac olacaq.

    Sürücülər üçün yanacaq əvəzinə elektrik enerjisindən istifadə etmək daha sərfəlidir. Məsələn, bir avtomobili 220 voltluq rozetkadan doldurmaq benzinlə müqayisədə beş dəfə ucuzdur. Kommersiya obyektlərində 1 kVt/saat 0,20-0,50 manata başa gələcək. Stansiya şəhərdən kənarda yerləşərsə, akkumlyatorun doldurulması, ola bilsin, bir qədər baha başa gəlsin.

    Məlum olduğu kimi, Azərbaycanda çoxlu günəş və külək ehtiyatları var ki, onlardan elektrikli avtomobillərin enerji doldurma stansiyaları və digər ehtiyaclar üçün elektrik enerjisi istehsal oluna bilər.

    Hökumətin yeni tədbirləri, şübhəsiz ki, istixana qazı emissiyalarının azaldılmasına, havanın keyfiyyətinin yaxşılaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına kömək edəcək. Elektromobillər heç bir zərərli qaz buraxmır, bu da atmosferdəki istixana qazı həcmlərini azaltmağa və iqlim dəyişikliyini yumşaltmağa kömək edir. Bundan əlavə, elektromobillər bərpa olunan enerji mənbələrindən (BOEM) əldə edilə bilən elektrik enerjisi ilə işləyir və bu, qalıq yanacağın başqa məqsədlər üçün istifadəyə kömək edəcək.

    Son illər Azərbaycan hökuməti BOEM infrastrukturunun, məsələn, günəş və külək elektrik stansiyalarının inkişafına fəal sərmayələr yatırır.

    Bundan əlavə, gələcəkdə hökumət elektromobilləri istehlakçılar üçün daha əlçatan eləmək məqsədilə onların istehsalçılarına subsidiyalar verə və ya vergi güzəştləri tətbiq edə bilər.

    Ümumiyyətlə, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri qalıq yanacaqlardan daha az asılı olacaq daha dayanıqlı iqtisadiyyatın yaradılmasına yönəlib.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il ölkəyə 386,3 milyon ABŞ dolları dəyərində 14,1 minə yaxın hibrid avtomobil, o cümlədən 125,3 milyon ABŞ dolları dəyərində 3,1 min ədəd elektromobil idxal edilib. Yəni 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib.

  • “Formula-1”: 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

    “Formula-1” üzrə dünya çempionatının 2025-ci il mövsümünün təqviminin ilkin versiyası açıqlanıb.

    Bu barədə yarışın mətbuat xidmətindən bildirilib.

    Vurğulanıb ki, sayca 9-cu olacaq Azərbaycan Qran-prisi gələn il sentyabrın 19-21-də baş tutacaq.

    Qeyd edək ki, təqvimin yekun versiyası payızda təsdiqlənir və ilkin versiyadan, demək olar ki, fərqlənmir.

    Xatırladaq ki, Bakıda builki yarış sentyabrın 13-15-də gerçəkləşəcək.

  • İkiqat “Formula-1” çempionundan karyerası ilə bağlı mühüm QƏRAR

    “Formula-1” üzrə ikiqat dünya çempionu, ispaniyalı Fernando Alonso “Aston Martin” komandası ilə müqaviləsini uzadıb.

    Bu barədə “Formula-1”in Mətbuat Xidməti məlumat yayıb.

    42 yaşlı Alonsonun yeni müqaviləsi 2026-cı ilə qədərdir.

    Qeyd edək ki, Alonso “Formula-1”də 381 yarış başa vurub və bu göstərici üzrə rekordçudur. İspaniyalı Qran-pri mərhələlərində 32 qələbə qazanıb. O, 106 dəfə podiuma yüksəlib və bu göstəricidə fransalı Alen Prostla dördüncü yeri bölüşür. Pilot yalnız britaniyalı Lyuis Hemilton (197) və alman Mixael Şumaxer (155) və Sebastyan Fetteldən (122) geri qalıb.

    İspan sürücü 2023-cü il mövsümü ərəfəsində “Aston Martin”ə keçib. O, əvvəllər “Minardi”, “Renault”, “McLaren”, “Ferrari” və “Alpin” komandalarında yarışıb.

    Alonso 2005 və 2006-cı illərdə dünya çempionu olub. Daha üç dəfə pilot ümumi çempionatda (2010, 2012, 2013) ikinci, bir dəfə (2007) isə üçüncü yeri tutub.

    Bu mövsüm Alonso dörd Qran-pri mərhələsindən sonra 24 xalla ümumi sıralamada səkkizinci yerdədir.

    Mənbə: TASS

  • Xaricdən avtomobil alarkən aldanmamaq üçün nə etmək lazımdır? – VİDEO

    İkinci əl avtomobil satan şəxslər nəqliyyat vasitəsinin problemini ört-basdır etmək üçün min bir üsula əl atırlar.

    Xezerxeber.az-ın məlumatına görə, avtomobil ustası Sahil Ağabəyli bildirib ki, belə faktlarla demək olar, hər gün rastlaşır.

    O qeyd edib ki, satıcılar maşının kilometrajını da geri çəkirlər.

    Ustanın sözlərinə görə, bunu diaqnostika ilə müəyyən etmək mümkündür.

    Bəs xaricdən internet üzərindən avtomobil alarkən aldanmamaq üçün nə etmək lazımdır?

    Sürücülərlə söhbətdən məlum olur ki, onlar adətən avtomobil alan zaman onun xarici görnüşünə üstünlük verirlər.

    Ətraflı süjetdə:

  • Məşhur avtomobil markasının Azərbaycanda istehsalına BAŞLANILDI

    Rusiyanın minik avtomobilləri istehsalçısı “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” modellərinin yığılmasına başladığını elan edib.

    Bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.

    “Azərbaycanda “Lada” avtomobilləri ənənəvi olaraq sevilir. Onlara uzun onilliklər ərzində tələbat var və bu gün biz respublikadakı müştərilərimizə bir az da yaxınlaşırıq”, – deyə “AvtoVAZ”ın prezidenti Maksim Sokolov bildirib.

    Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda 1 500-ə qədər avtomobil istehsal edilə bilər.

    “Biz “Granta” ilə başlayırıq və 2024-cü ilin sonuna qədər “Niva” ailəsi – “Legend” və “Travel” ilə (sınaq nümunələri artıq yığılıb və keyfiyyət auditindən keçir), eləcə də “Vesta” ailəsi ilə yerli istehsalın çeşidini genişləndirməyi planlaşdırırıq”, – deyə o, bildirib.

    Sokolov illik istehsal həcminin 4-5 min avtomobilə çata biləcəyini gözləyir. İstehsalçı yaxın bir neçə ildə bu rəqəmlərə çatmağa ümid edir.

    Şirkət prezidentinin sözlərinə görə, Azərbaycanda istehsalın açılması “Lada”ya yerli bazar payını böhrandan əvvəlki səviyyəyə qaytarmağa və brendin respublikada mövcudluğunu artırmağa kömək edəcək.

    Şirkətdən bildirilib ki, hazırda Azərbaycanda yerli istehsal sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanılması üçün dayanacaq təşkil edilib.

    Onlar əlavə ediblər ki, bu layihənin heyətinə Tolyattidən olan mütəxəssislər təlim keçiblər və istehsal olunan hər bir avtomobil yol sınaqlarından keçirilir.

    Mənbə: RBK

  • “Mercedes-Benz” minlərlə avtomobilini geri çağıracaq

    “Mercedes-Benz” şirkəti 116 min GLE və GLS avtomobilini təmir üçün geri çağıracaq.

    Məlumata görə, belə maşınlarda yerləndirmə (elektrik cərəyanını yerə ötürmə) kabeli düzgün quraşdırılmayıb. Bu texniki qüsur qısaqapanmaya səbəb ola bilər ki, yekunda yanğın riski artır.

    Dilerlər yerləndirmə kabelini yoxlayacaq və onu düzgün quraşdıracaqlar.

    Mənbə: Gazeta.ru

  • İkinci əl avtomobil alanlar nələrə diqqət etməlidirlər?

    Mart ayı Azərbaycanda ikinci əl avtomobil bazarının durğunluğunun son aylarındandır. Artıq aprel ayından başlayaraq ikinci əl avtomobil bazarında canlanma başlayır və bu canlanma may ayında özünü daha çox büruzə verir. İkinci əl avtomobil bazarında canlanmanın başlaması özü ilə bərabər bu sahədə olan problemləri də qabardır. Digər zamanlarda daha az rast qarşılanan problemlərə bu dövrdə tez-tez rast gəlinir.

    Belə problemlərlə qarşılaşmamaları üçün AZƏRTAC bir neçə vacib məqamı ikinci əl avtomobil almaq fikrində olan oxucuların diqqətinə çatdırır.

    İkinci əl avtomobil sahiblərinin ən çox qarşılaşdıqları problemlər

    Bakı sakini Ləman Rəcəbova ikinci əl avtomobil alandan sonra ortaya çıxan problemlərə görə təxminən ümumilikdə 3000 manat əlavə pul sərf etməli olub və sonunda avtomobilini satıb.

    “Ötən ilin fevralında maşın bazarından ikinci əl “Hyundai Matrix” avtomobili aldıq. Təbii ki, avtomobili satan adam maşının hər bir hissəsinin yerində olduğunu və heç bir problemin olmadığını dedi. Sonra valideynim avtomobili yoxlanışa apardı. Yoxlanışda da avtomobilin heç bir problemi olmadığı görünürdü. Bir müddət sonra avtomobil sürüldükcə problemlər özünü büruzə verməyə başladı. Maşını fevral ayında alıb, avqust ayında satdıq. Fevral-avqust aralığında avtomobilin satılması üçün valideynim çox get-gəldə oldu. Ümumilikdə avtomobilə 17-18 min manat xərc çəkməyimizə baxmayaraq, 12 minə güclə sata bildik. Nəticə etibarilə 6-7 ay sürülmüş avtomobilə çəkilən xərc və qoyulan məbləğ bizi xeyli ziyana saldı. Qısa zamanda bizə həm maddi ziyan dəydi, həm də avtomobil bizi dəfələrlə yarı yolda qoydu”, – deyə L.Rəcəbova bildirir.

    Avtomobil alarkən problemlə qarşılaşmış digər vətəndaş Dəxil Qasımov isə bildirib ki, ikinci əl avtomobil alanda bəzi səbəblərdən maşını vaxtında öz adına keçirə bilməyib. O, dənizdə işlədiyi üçün proses ləngiyib. Sonra isə avtomobilin əvvəlki sahibinə hər dəfə avtomobili öz adına qeydiyyata alması üçün etibarnamə verməsini söyləsə də avtomobilin əvvəlki sahibi müxtəlif bəhanələr deməyə başlayıb.

    “2-3 ay sonra birtəhər maşının əvvəlki sahibini tapıb etibarnamə alaraq avtomobili öz adıma keçirtdim. Mən ikinci əl maşın almaq istəyənlərə tövsiyə edərdim ki, avtomobili dərhal öz adlarına keçirsinlər. Çünki qeydiyyat məsələsi bir müddətdən sonra xeyli mürəkkəbləşir”, – deyə şikayətçi bildirir.

    Usta məsləhəti

    İkinci əl avtomobil alarkən diqqət edilməli məqamları AZƏRTAC-a avtomobil ustası İlkin İsgəndərov açıqlayıb. Onun sözlərinə görə, ikinci əl avtomobil alarkən ilk yürüyüş məsafəsinə baxmaq lazımdır. Ustanın sözlərinə görə, avtomobilin bütün texniki nasazlıqlarını yalnız kompüter yoxlanışından keçirməklə, yəni diaqnostika etdirərək tam dəqiq bilmək olmur. Bunun üçün avtomobilin ümumi texniki xüsusiyyətlərini bilmək və onun işləmə prinsipinə bələd olmaq lazımdır.

    Dizel və benzin mühərrikin fərqi

    İ.İsgəndərov bildirib ki, dizel mühərrikli avtomobil ilə benzin mühərrikli avtomobil çox fərqlidir. Dizel motorlar sıxılma-partlama ilə, benzin mühərriklər isə alışma-yanma ilə işləyir. Benzin mühərrik və dizel mühərrikin problemləri də fərqli olur. Hazırkı dizel avtomobillərin “partekul filterləri” (DPF) tez-tez dolur və avtomobilin hərəkətində müəyyən problemlər yaradır.

    “Məsələn, avtomobilin sürət yığmağı ləng baş verir, əgər turbosu varsa, bu da mühərrikin və turbonun ömrünü qısaldır. “Partekul filterini” yuyub təmizləmək üçün hazırda müasir texnologiyalara əsaslanan aparatlar var. Dizel mühərrikli avtomobil sürən sürücülərə tövsiyə edərdim ki, mütəmadi olaraq ötürücü qutusunun dövriyyəsini 3000-4000-ə qədər artıraraq sürsünlər. Bu proses avtomobilin “partekul filterini” təmizləyir ki, bu da motorun ömrünü uzadır”, – deyə usta bildirib.

    Mühərrik yağının əhəmiyyəti

    İlkin İsgəndərovun sözlərinə görə, ikinci əl avtomobil aldıqda onu servisdə ümumi yoxlanışdan keçirmək olur. Bu zaman avtomobilin təkərlərindən tutmuş şüşəsilənin suyuna qədər hər bir detalı ayrıca yoxlamaq lazımdır. Sürətlər qutusunun yağı, mühərrik yağının keyfiyyəti, mostun yağı, həmçinin avtomobilin əyləc sistemi yoxlanılmalıdır. Əgər əyləc mayesi köhnədirsə, sürətlər qutusu da daxil olmaqla mütləq dəyişilməlidir. Usta qeyd edir ki, avtomobilin mühərrik yağı nə qədər keyfiyyətli olarsa, yürüş məsafəsi də çox olur.

    “Məsələn, normalda avtomobil mühərrikinin yağı 5000 kilometr sonra dəyişilməlidirsə keyfiyyətli yağda bu, 2000-3000 km artıq olur. Mühərrikin yağı nə qədər yaxşı olarsa, seplə işləyən mühərriklərin sep sistemində aşınmalar, sepdə uzanmalar olmur. Eləcə də mühərrikin valı, bloku, porşenləri aşınmır. Qeyd etmək lazımdır ki, yağlar bir neçə növə ayrılır: mineral, yarı mineral, yarı sintetik və tam sintetik. Yeni nəsil avtomobillərin əksəriyyəti tam sintetik yağla işləyir. Avtomobil idarə edən bütün sürücülər mühərrikin dizel və ya benzin olmasından asılı olmayaraq, keyfiyyətli yağlardan istifadə etməlidirlər. Tam dəqiq desək, avtomobil yağı avtomobilə qulluğun əsas elementlərindəndir. Yağ nə qədər keyfiyyətli olarsa avtomobilin qət etdiyi kilometr o qədər çox olur, mühərrikin daxili təmiz qalır və yeyinti olmur. Bu da mühərrikin ömrünü uzadır.

    Digər məsələ, benzin mühərriklərdə alışdırma şamlarının mütəmadi olaraq dəyişilməsidir. Bunun avtomobilin “çəkiminə” böyük təsiri var. Məsələn, hər hansısa bir şam işləmədikdə avtomobilin dövriyyəsində problemlər yaranır, “çəkim” zəifləyir. Bu detalları da 35-40 min kilometrdən bir dəyişmək məsləhətdir. O cümlədən əyləc sistemindən əyləc yataqlarına mütləq baxılmalıdır. Əgər çox yeyinti varsa, onun da dəyişdirilməsi çox vacibdir”, – deyə avtomobil ustası əlavə edib.

    Digər diqqət edilməli məqamlar

    İlkin İsgəndərov onu da vurğulayır ki, ikinci əl avtomobil alarkən təkərlərin vəziyyəti, işıq sistemləri, avtomobilin istilik sistemi və ümumi elektrik naqillərinin hər biri yoxlanılmalıdır. Əgər naqillərin hansısa qırıqdırsa, yaxud izolyasiya qopubsa, bunun nəticəsində avtomobildə alışma baş verə bilər.

    “Bunlarla yanaşı, qoruyucu ştepsellər yoxlanılmalıdır. Mühərrik turbodursa, mütləq yoxlanışdan keçməlidir. Atmosferik mühərriklərdə isə yoxlanışa ehtiyac yoxdur. Həmçinin su pompası, termostat və benzini mühərrikə ötürən benzin-nasos filteri yoxlanılmalıdır. İkinci əl avtomobil alıcıları bütün bu deyilənlərə riayət etsələr, problem yaranmaz”, – deyə İ.İsgəndərov fikirlərini yekunlaşdırır.

    Ekspert rəyi

    Mövcud şikayətlərlə bağlı nəqliyyat eksperti Aslan Əsədov isə AZƏRTAC-a açıqlamasında bildirib ki, ikinci əl avtomobili alarkən həmişə ehtiyatlı olmaq lazımdır. Avtomobilin servis xidməti varsa, mütləq avtomobili öz servis xidmətinə göstərmək lazımdır.

    Nəqliyyat ekspertinin sözlərinə görə, avtomobilin problemləri haqqında servis xidmətində ustadan məlumat əldə etmək vacibdir. Əgər servis xidməti yoxdursa, tanınan, işini bilən ustadan bu haqda məsləhətlər almaq olar: “Yəni avtomobilin diaqnostikası çox vacib məsələdir. Əgər kimsə avtomobili diaqnostika etdirmədən alarsa, əlbəttə ki, bu, bir çox problemlərə yol açacaq”.

    Avtomobili öz adına keçirməklə bağlı isə ekspert bildirib ki, nəqliyyat vasitəsini vaxtında ada keçirməklə bağlı kifayət qədər maarifləndirmə işləri aparılır. Lakin yenə də vətəndaşlar bu məsələyə məsuliyyətsiz və laqeyd yanaşırlar.

    “Etibarnamənin heç bir hüquqi əsası yoxdur. O sadəcə icazə talonudur. İstənilən halda notariat ofislərinə, məhkəməyə yaxınlaşıb etibarnaməni ləğv etmək olar. Yəni etibarnamənin ləğv prosesi çox asandır. Buna görə də ikinci əl avtomobil alanlar onu mütləq vaxtında adlarına keçirsinlər. Bu, sonralar problemlərlə üzləşməmək üçün çox vacibdir. Avtomobili addan-ada keçirdən zaman Dövlət Yol Polisində (DYP) nasazlıqlar dərhal üzə çıxır. O zaman nəyisə ört-basdır etmək və gecikdirmək olmur. Buna görə də, bu kimi amilləri əvvəlcədən nəzərə almaq lazımdır”, – deyə A. Əsədov əlavə edib.

  • “Tesla” qiymətləri artırır

    Aprelin 1-dən etibarən “Tesla” Çində istehsal olunmuş “Model Y”ın qiymətini 5 min yuan (694,55 dollar) artıracaq.

    Bunu şirkət “Reuters”ə təsdiqləyib.

    Xatırladaq ki, şənbə günü verilmiş açıqlamaya görə, martın 22-dən bəzi Avropa ölkələrində “Model Y” avtomobillərinin qiymətlərinin təxminən 2 000 avro (2 177 dollar) artırılacaq. Cümə günü isə şirkət ABŞ-də bütün “Model Y” avtomobilləri üçün 1 000 dollar qiymət artımı elan edib.

  • “Dodge” şirkəti ilk seriya elektromobilini təqdim edib

    Yeni Charger ikimühərrikli güc qurğusuna, 100,5 kilovat-saatlıq batareyaya və buraxılış sisteminin səsinin simulyasiya edən xüsusi sistemə malikdir. Ən yüksək səviyyəli Charger Daytona Scat Pack modeli 679 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən güc qurğusu ilə təchiz olunur. Elektrik kupesi 100 mil/saata 3,3 saniyəyə sürətlənir. Kupedə ayrıca drift rejimi, eləcə də müxtəlif yarış növləri üçün batareyanın termotənzimləmə sisteminin işini tənzimləyən xüsusi strategiyaları var.

    Yeni Charger, 2022-ci ildə keçirilmiş Monterey Avtomobil Həftəsində nümayiş etdirilən Dodge Charger Daytona SRT konseptinin seriya təcəssümüdür. O, istehsaldan çıxarılmış Charger sedanını və Challenger kupesini əvəz edəcək, elektrik və yanacaqla işləyən güc qurğuları ilə təklif olunacaq. Ümumilikdə, yeni Charger dörd modifikasiyaya malik olacaq: Charger Daytona Scat Pack, Daytona R/T, Sixpack H.O. və Sixpack S.O. Üstəlik, yeni model iki kuzov növü – kupe və liftbək formatında təklif ediləcək.

    Əzələ avtomobilinin əsasını çoxqollu asqıları və brake-by-wire əyləcləri olan yeni STLA Large platforması təşkil edəcək. Track paketi olan Daytona Scat Pack versiyasının opsiyalar siyahısına iki klapanlı elektronidarələnən amortizatorlar və Brembo əyləc mexanizmləri (Dodge brendinin tarixindəki ən böyük mexanizmlər) daxil edilib. Təkər disklərinin diametri 20 düymdür. Charger Daytona modelinin xarici atributları – ön tərəfdəki firma R-Wing spoyleri və 1962-1975-ci illərdə Dodge avtomobillərində istifadə olunan üçbucaqlı Fratzog nişanlarıdır.

    Bundan əlavə, yeni Charger modelinin elektrik versiyaları patentləşdirilmiş Fratzonic Chambered Exhaust sistemi ilə təchiz edilir. Yeni sistemin səsi dramatizminə görə, Hellcat V8 mühərrikinin işlənmiş qazlarının çıxmasından heç də geri qalmır. Üstəlik, bu adi xarici dinamik deyil, ikiqat passiv yayıcıları olan xüsusi kanallardan keçən hava axını tərəfindən yaranan səsdir. Lazım gələrsə, Fratzonic sistemini söndürmək və tam səssizlik şəraitində hərəkətdən həzz almaq olar.

    Charger Daytona modeli, gücün artırılmasını təmin edən Direct Connection Stage paketi ilə təchiz olunmuş ikimühərrikli güc aqreqatına malikdir. R/T versiyasında onun hasilatı 503 at qüvvəsi və 548 Nm fırlanma anı, Scat Pack versiyasında isə, 679 at qüvvəsi və 850 Nm təşkil edir. Pik göstəricilər yalnız PowerShot funksiyası aktivləşdirildikdə 15 saniyə ərzində əlçatandır. Daytona R/T sıfırdan 60 mil/saata (97 km/saat) 4,7 saniyəyə, Scat Pack isə, 3,3 saniyəyə sürətlənir. Hər iki versiya 400 volt işləmə gərginliyi olan nikel-kobalt-alüminium batareyası ilə təchiz edilir. 100,5 kilovat-saat tutumu olan batareya 418-510 kilometr arasında yürüş ehtiyatını təmin edir.

    Öz növbəsində, Charger modelinin istehsalına 2025-ci ilin birinci rübündə başlanacaq yanacaqlı versiyası 3,0-litrlik altısilindrli Hurricane biturbomühərrikini alacaq. Charger Sixpack S.O. liftbəkinin mühərrikinin hasilatı 426 at qüvvəsi və 635 Nm, Charger Sixpack H.O. kupesinin isə, 558 at qüvvəsi və 720 Nm olacaq. Hər iki avtomobil standart olaraq tam ötürmə sistemi və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz ediləcək.

    Yeni Chargerı üçün “yarış opsiyalarının” geniş siyahısı nəzərdə tutulub. Məsələn, Donut (trəkşn-kontrolun müdaxiləsi olmadan ön təkərlərin ətrafında fırlanma) və Drift hərəkət rejimləri, lonç-kontrol, habelə arxa təkərlərin qızdırılmasını asanlaşdıran Line Lock funksiyası əlçatan olacaq. Ən maraqlı opsiyalardan biri, batareyanı dreq-reysinq və ya trek yarışlrına hazırlamaq üçün nəzərdə tutulmuş xüsusi strategiyalardır. Əzələ avtomobilinin elektrik versiyasının istehsalına bu ilin ortalarında başlanmalıdır. Amerikalı jurnalistlər Charger modelinin başlanğıc qiymətinin 50 min dollar olacağını ehtimal edilər.

    autograph

  • Çin avtomobilləri Türkiyə bazarını “işğal” edir

    Türkiyənin minik avtomobili bazarında Çin avtomobillərinin payı sürətlə artır.

    Median.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyədə yanvar və fevral ayları ərzində 185 min 691 ədəd minik avtomobili satılıb.Satılan avtomobillər arasında Çin mənşəli 10 markaya aid olan avtomobillər də var.

    Agentliyin məlumatına görə, Türkiyədə hələ də fransız və alman brendləri üstünlük təşkil etsə də son illərdə Çin brendlərinin də payı artır. Çin avtomobil şirkətləri yanvar-fevral ayları ərzində 12 min 781 ədəd minik avtomobili satıb. Satışda ciddi artım qeydə alınıb və çinlilərin Türkiyədə bazar payı 6,88 faizə çatıb.

    Maraqlı fakt odur ki, Çin avtomobillərinin bazar payında artım 2024-cü ildən daha böyük sürlətlə gedir. 2023-cü ilin fevral ayında çinlilər Türkiyədə 1000 avtomobil satdığı halda bu il satış sayı bir neçə dəfə artıb.

    Türkiyəli ekspertlər hesab edir ki, Çin Türkiyəni Avropaya açılan qapı kimi görür. Buna görə də ekspertlər düşünür ki, son illərdə Çin avtomobillərinə Avropada da maraq artdığından Çin mənşəli avtomobillərin Türkiyədə istehsalı həyata keçirilə bilər.
    //sfera.az