Category: Avto

  • Formula 1 yeni bolidlərini nümayiş etdirdi

    Formula-1 yeni bolidlərinin təqdimat mərasimi keçirilib.

    Sports.ru xəbər verir ki, mərasim Britaniya Qran-prisi ərəfəsində Silverstounda baş tutub.

    Yeni bolidlərin 2022-ci ilin texniki tələblərinə uyğun şəkildə hazırlandığı bildirilib.

    İlk növbədə, bolidlərin aerodinamikası yaxşılaşdırılıb. Mütəxəssislərin sözlərinə görə, bu, rəqibləri izləmək və ötüb keçməyi daha da asanlaşdıracaq.

  • Formula-1 ulduzu Avropa Futbol Çempionatının final oyunundan sonra qarət olunub

    Formula – 1-in “McLaren” komandasında oynayan britaniyalı pilot Lando Norris Avropa Futbol Çempionatının final matçından sonra qarət olunub.

    Bu barədə “The Sun” xəbər verir.

    Bildirilir ki, İngiltərə-İtaliya matçı bitdikdən sonra iki naməlum şəxs Norrisi Londonun Uembli stadionundakı dayanacağında saxlayaraq 40.000 funt sterlinq (94 376 manat) dəyərində saatını oğurlayıb.

    Landonun xəsarət almadığı bildirilir. Bununla belə onun sarsıldığı vurğulanıb.

  • Avropanın əsas avtomobil istehsalçıları cərimələndi

    Avropanın ən böyük avtomobil istehsalçıları olan “BMW AG” və “Volkswagen AG” dizel avtomobillərində tullantıların təmizlənməsi texnologiyasının tətbiqini əngəlləyən kartel razılığına gəldikləri üçün cərimə ödəməyə razılaşıblar.

    “Report” “Bloomberg”ə istinadən xəbər verir ki, Avropa Komissiyasının açıqlamasına görə, “BMW AG” 373 milyon avro, “Volkswagen AG” isə 502 milyon avro cərimə ödəyəcək.

    Qeyd edək ki, hər iki şirkət uzun danışıqlardan sonra daha az cərimə ödəməklə Aİ-nin qərarını məhkəməyə çıxarmamasını qəbul ediblər. “Daimler AG” sözügedən gizli razılaşmanı ilk olaraq açıqladığı üçün cərimə olunmaqdan yaxa qurtarıb.

  • Kanadada yalnız sıfır emissiya avtomobillərin satışına icazə veriləcək

    Kanada hökuməti 2035-ci ilə qədər satılan minik avtomobillərinin və yüngül yük maşınlarının 100 faizinin sıfır emissiya olması tələbi hazırlayıb.

    “Praym”ın məlumatına görə, bu barədə Kanada hökumətinin saytında məlumat verilib.

    Bildirilir ki, ölkə üzrə bütün istixana qazı tullantılarının ¼-i nəqliyyatın payına düşür.

    Qoyulan hədəfə çatmaq üçün hökumət sıfır emissiya vasitələrinin ilkin xərclərini ödəməyə kömək etməyə, infrastruktura investisiya qoymağa və istehsalçılar ilə əməkdaşlığı planlaşdırırlar.

    Hökumət iddia edir ki, onilliyin sonunda Kanadada elektrikli nəqliyyat sənayesindəki iş sayı 26 dəfə artacaq.

  • Fransa Qran-prisini Ferstappen qazanıb

    “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Fransa Qran-prisinin qalibi olub.

    Turnirin “Pol-Rikar” avtodromunda keçiriln sayca yeddinci mərhələsindəki qələbəsi sayəsində Ferstappen xallarını 131-ə çatdırıb.

    Bugünkü yarışda ikinci yeri tutan “Mercedes” komandasının üzvü Lüis Hemilton ümumi yarış cədvəlində də ikinci pillədə qərarlaşıb. Onun hesabında 119 xalı var.

    Fransada finişə üçüncü çatan isə hazırda ümumi hesabda da ilk üçlüyü qapayan “Red Bull”un digər pilotu Serxio Peres olub. Hazırda onun aktivində 84 xal var.

    Qeyd edək ki, yeddi turdan sonra “Red Bull” konstruktorlar kubokunda da liderdir.

  • Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib

    Geely Design Shanghai dizayn bölməsi Vision Starburst adlı konseptual şutinq-breykini təqdim edib. Konseptlə birlikdə, Geely şirkətinin gələcək modellərində tətbiq ediləcək Expanding Cosmos və ya “Genişlənən Kosmos” yeni vizual fəlsəfəsi nümayiş olunub.

    Median.Az ted.az-a istinadən bildirir ki, konseptin maraqlı xüsusiyyətləri arasında bol miqdarda işıq elementləri, kuzovun qırıq xətləri və əlbəttə ki, ultra-müasir elektron sistemlər var.

    Vision Starburst konsepti, dizaynerlərin fikrincə aramsız hərəkət hissi yaratmalı olan çoxlu qatları, kənarları və kəsişən xətləri olan mürəkkəb formaya malikdir. Avtomobilin ön tərəfində minimalist üçölçülü naxışı olan radiator barmaqlığı, böyük hava girişləri və üçbucaqlı fənərlər mövcuddur – bunların hamısı qırıq diod zolağı ilə dairəyə alınmışdır.

    İnteryerdə də təkrarlanan əsas mövzu, animasiya şəkilləri yaradan işıq zolaqları və ya “kosmik şüalardır”. Onlardan arxa fənərlərdə, ön panelin qrafikasında və avtomobilin iş rejimlərindən asılı olaraq rəngini dəyişdirən təkər tağlarında da istifadə olunur: yükləmənin, parkinqin və hərəkətin də öz çalarları mövcuddur.

    Onunla birlikdə interyerin işıqlandırması da dəyişir. Vision Starburst konseptinin salonunda mərkəzində kiçik monitor olan “kəsilmiş” sükan çarxını, iri virtual cihazlar panelini və multimedia sisteminin şaquli ekranı görmək olar. “Süzən” mərkəzi tuneldə transmissiyanın qeyri-adi dəstəyi var ki, seçilmiş ötürmədən asılı olaraq onun üzərində işıq xətləri yanır.

    Yaradıcıları konsept avtomobilinin infrastruktur obyektləri və “ağıllı yollar” ilə “ünsiyyət qurma”, habelə digər nəqliyyat vasitələrinə məlumat ötürmə qabiliyyətinə malik olduğunu bildirirlər. Çox güman ki, bu opsiyalar, yeni dizayn dilinin bir sıra aspektləri kimi, gələcəkdə Geely markasının “əmtəə” modellərində tətbiq ediləcəkdir. Vision Starburst isə şou avtomobili olaraq qalacaqdır – onun seriyaya getməsi planlaşdırılmır.

  • Azərbaycan Qran Prisində üçüncü qəza

    Formula 2 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü başa çatıb.

    Bolidlərin treklə tanışlığında Marina Sato (“Trident” komandası) və Lirim Zendelidən (“MP Motorsport” komandası) sonra DAMS komandasının israilli pilotu Roy Nissani də xoşagəlməz hadisə ilə üzləşib.

    Onun bolidi 14-cü döngədə divara çırpılaraq sıradan çıxıb və Nissani yarışı dayandırmalı olub.

    Qeyd edək ki, “Hayteç” komandasının estoniyalı pilotu Yuri Vips sərbəst yürüşdə hamıdan sürətli olub.

    ///Oxu.az

  • “Toyota” və “Honda” Malayziyada avtomobil istehsalını dayandırdı

    Yapon avtomobil istehsalı şirkətləri “Toyota” və “Honda” koronavirus məhdudiyyətləri səbəbiylə Malayziyada yeni avtomobillərin istehsalını və satışını dayandırmağa qərar verib.

    Bu barədə “Nikkei” nəşri məlumat yayıb.

    Xəbərdə qeyd olunur ki, “Toyota”nın Malayziyada iki zavodu var. “Honda”nın da həmçinin Malayziyada motosiklet və avtomobil istehsal edən iki müəssisəsi fəaliyyət göstərir.

    Malayziya hökumətinin tələblərindən sonra hər iki avtomobil istehsalı şirkətinə personalın yalnız 10 faizini işdə saxlamaq icazəsi verilmişdi.

    Lakın qısa müddət sonra zavodların bu rejimdə işləməsi qeyri-mümkün hala gəlib və hər iki şirkət fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

  • “Formula-1” üzrə İstanbul Qran-prisi ləğv olundu

    İstanbul Qran-prisi “Formula 1” yarışlarının təqvimindən çıxarılıb.

    Bu barədə Türkiyə KİV məlumat yayıb.

    Kanada Qran-prisinin pandemiya səbəbindən ləğv edilməsindən sonra yarışmanın 11-13 iyuna təsadüf edən mərhələsinin İstanbulda keçirlməsi nəzərdə tutulub.

    Lakin Türkiyədə də koronavirusla bağlı vəziyyətin ürəkaçan olmaması bu planların üzərindən xətt çəkib.

    İngiltərə Türkiyəni koronavirusun yayılmasına görə riskli ölkələr siyahısına salıb və bu ölkədən qayıdan şəxslər üçün 10 günlük karantin müddətini məcburi edib.

    Yarışlarda iştirak edən bir çox komandanın mərkəzinin İngiltərədə olduğu nəzərə alınaraq, məhz 10 günlük karantindən yayınmaq üçün İstanbul Qran-prisi ləğv olunub.

    Qeyd edək ki, “Formula-1”in İstanbul mərhələsinin ləğvi səbəbindən builki dünya çempionatı 22 yarışla yekunlaşacaq.

  • AvtoVAZ təhlükəsizlik sistemlərini və elektron yardımçıları hazırlayır

    Yaxın gələcəkdə elektron köməkçilər ilə təchiz edilmiş Lada modelləri debüt edə bilərlər. AvtoVAZ şirkəti artıq özünün ADAS adını almış təhlükəsizlik və sürücüyə yardım sistemləri kompleksini yaratmağa başlayıb. Gazeta.ru nəşrinin şirkət daxilindəki mənbələrinə istinadən verdiyi məlumata görə, avtomobil istehsalçısı artıq bu sahə üzrə ixtisaslaşmış mühəndisləri işə götürüb.

    Milli.Az autograph.az-a istinadən bildirir ki, ADAS (Advanced Driver Assistance Systems) aktiv təhlükəsizlik və sürücü yardım sistemləri əksər avtomobil istehsalçılarının arsenalında mövcuddur. Bunlara yol xətlərinə nəzarət, zolaqda saxlama və öndən toqquşmaları xəbərdar edən sistemlər, yoldakı nişanların və obyektlərin tanınması funksiyası və tıxac köməkçisi olan adaptiv kruiz-kontrol daxildir. Bu sistemlərin tətbiqi pilotsuz nəqliyyat vasitələrinin yaradılması üçün atılmış addımdır.

    AvtoVAZ şirkəti lazımi sistemləri “çox sürətlə” bazara çıxarmağa hazırdır, çünki rus istehsalçısı bu sahədə böyük təcrübəyə və müvafiq texnologiyalara malik olan Groupe Renault qrupunun bir hissəsidir. Lada avtomobillərində hansı elektron köməkçilərin quraşdırılacağı açıqlamayıb. Şirkət qabaqcıl təhlükəsizlik sistemlərinin və sürücü yardımçılarının tətbiq ediləcəyi vaxtı da bildirməyib. Bununla belə, avtomobil istehsalçısı “belə sistemlərə iqtisadi cəhətdən əsaslandırılmış tələbatın yaranması halında dərhal reaksiya verəcəyini” vəd edib.

    Ancaq bütün bunların əks tərəfi də var – elektron köməkçilərin tətbiqi Lada modellərinin bahalaşmasına gətirib çıxaracaqdır.