Category: Avto

  • Suzuki Hindistanda üç zavodunun işini dayandırır

    Yaponiyanın avtomobil istehsalçısı Suzuki Hindistandakı üç müəssisəsinin işini dayandırmağa qərar verib.

    Median.Az
    Trend-ə istinadən bildirir ki, müvafiq qərar yeni koronavirusun ölkədə yayılması ilə bağlı çətin vəziyyətə görə verilib.

    Xatırladaq ki, son məlumatlarda Hindistanda sutka ərzində yeni dünya antirekordu – 360 960 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.

  • “Ford” elektromobil batareyaları istehsalı ilə məşğul olacaq

    ABŞ-ın “Ford Motor Co.” şirkəti elektromobilləri üçün batareyaları özü hazırlamaq niyyətində olan avtomobil istehsalçılarına qoşulub.

    Bu barədə “The Wall Street Journal” məlumat verib.

    Şirkət gələn il Miçiqan ştatının cənub-şərqində litium-ion akkumlyatorlarının hazırlanması üzrə 185 milyon dollarlıq mərkəz açmaq niyyətindədir. Baş mühəndis Hau Tai Tanqın sözlərinə görə, “Ford” yekunda elektromobil batareyalarını özü sərbəst şəkildə istehsal etmək niyyətindədir.

    Akkumlyator batareyaları bu gün elektrikli nəqliyyat vasitələrinin ən bahalı hissəsidir. “The Wall Street Journal” qeyd edir ki, batareyalar ümumi dəyərin azı dörddə birini təşkil edir, akkumlyator batareyaları istehsalı müəssisələri isə böyük investisiyalar tələb edir.

    İndi “Ford” batareyaları kənar təchizatçılardan alır. Məsələn, ABŞ-da məşhur olan “F-150” pikapının gələn il satışa çıxarılacaq elektrikli versiyasında Koreyanın “SK Innovation Co.” şirkətinin akkumlyatorlarından istifadə olunacaq.

    Xatırladaq ki, “Volkswagen Group” Avropada akkumlyatorla işləyən altı “nəhəng fabrik” açmağı planlaşdırır. Fabrikin tam işə salınmasından sonra ümumi enerji gücü ildə 240 GVt/saat olan akkumlyator elementlərinin istehsal edilməsi gözlənilir.

    ABŞ-ın avtomobil nəhəngi “General Motors” keçən payızda elektrikli nəqliyyat vasitələrinin qiymətini benzinlə işləyən oxşarlarının səviyyəsinə endirə biləcək batareya istehsalına yaxın olduğunu söyləyib.

    Eyni zamanda, BMW şirkəti elektrikli avtomobil akkumlyatorlarını özü istehsal etməyi planlaşdırmadığını açıqlayıb.

  • Azərbaycanda bu avtomobillər bahalaşacaq

    Gömrük Komitəsinin təklifi qəbul ediləcəyi təqdirdə ölkəmizdə olan istehsal tarixi 5 ildən artıq olan avtomobillərin dəyəri yüksələcək.

    2021-ci ilin martın 4-də Gömrük Komitəsində keçirilən mətbuat konfransında komitə sədri Səfər Mehdiyev bildirib ki, Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.

    S.Mehdiyev söyləyib ki, müzakirə mövzusu yeni nəqliyyat vasitələrinin gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin idxalına üstünlük verilməsidir. Komitə sədrinin sözlərinə görə burada söhbət istehsalı 5 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməməsi və ya gətirilərsə belə, onlara olan vergi rüsumlarının artırılmasından gedir ki, köhnə avtomobillərin idxal ehtimalı az olsun.

    Bu təkliflərin qəbul ediləcəyi təqdirdə Azərbaycanda avtomobil bazarında hansı dəyişikliklər baş verə bilər?

    Gömrük komitəsinin sədrinin bildirdiyi kimi istehsal tarixindən 5 ildən çox keçən avtomobillərin idxalı qadağan edilərsə və ya onların idxalına tətbiq edilən rüsum və vergilər kəskin şəkildə artırılarsa, Azərbaycanda olan köhnə avtomobillərin dəyərində 15-20 faiz artım baş verəcək. Çünki avtomobil sahibi olmaq istəyənlərin imkanları orta hesabla 18-20 min manatlıq avtomobillərin alınmasına çatır. Bu imkanla xaricdən daha çox 2005-2012-ci ilə qədər olan avtomobilləri idxal etmək mümkündür. İstehsal tarixi 5 il və daha yeni olan, orta keyfiyyətli avtomobilləri idxal etmək üçün ən azı 30 min manat tələb olunur. Deməli, təklif edilən qaydalar qüvvəyə minərsə, idxal edilən avtomobillərin sayı kəskin azalacaq və avtomobil sahibi olmaq istəyənlərin çoxu daxili bazara yönələcək.

    Daxili bazarda olan avtomobillərin böyük hissəsi köhnə avtomobillərdir. Minik avtomobillərinin təxminən 80 faizinin istehsal tarixi 10 ildən artıqdır. 2014-cü ildə bu göstərici 62 faiz idi. Altı il ərzində onların xüsusi çəkisi 18 faiz bəndi artıb. Belə davam edərsə, 2025-ci ildə istehsalından 10 il keçən avtomobillərin payı 90 faizə çatacaq.

    İstehsal tarixi 5 il və daha az olan avtomobillərin payı isə 4,2 faizdir. 2014-cü ildə onların payı 17 faiz idi.

    Dinamika göstərir ki, Azərbaycanın avtomobil parkının köhnəlməsi sürətlə gedir və xaricdən əsasən köhnə avtomobillər gətirilir.

    Ölkəmizə idxal edilən avtomobillərə istehsal tarixinə görə məhdudiyyətin tətbiq edilməsi təcrübəsindən ilk dəfə 2014-cü ildə istifadə olunub. Həmin qərara əsasən istehsal tarixi 2005-ci ildən qabaq olan avtomobillər idxal edilə bilməz. Bu qərar qəbul ediləndə ölkəmizə idxal edilən avtomobillərdən ən köhnələri 9 ilin avtomobilləri idi. Hazırda isə ən köhnə avtomobillər 16 ilin avtomobilləridir.

    Onu da əlavə edək ki, bu təklifin ortaya atılmasını zəruri edən əsas səbəb heç də ekoloji amillər deyil. Əsas səbəb xarici ticarət saldosunun kiçilməsi fonunda avtomobillərin idxalına çəkilən xərcin ildən-ilə artmasıdır. Avtomobil idxalına 2016-cı ildə 252 milyon dollar, 2017-ci ildə 422 milyon dollar xərcləndiyi halda, 2020-ci ildə 648 milyon dollar xərclənib. Bu dinamika avtomobil idxalına ildən-ilə daha çox vəsaitin xərcləndiyini göstərir.

    Hökumətin bu təklifində əsas məqsədi xaricə valyuta axınının zəiflədilməsidir. Əgər artan dinamikanın qarşısı alınmasa, avtomobil idxalına çəkilən xərc 2012-2013-cü illərdə olduğu kimi 1 milyard dollar səviyyəsinə yüksələcək.

    Həmin illərdə Azərbaycanın xarici ticarətində 12-14 milyard dollar profisit olduğundan bu qədər valyutanın xaricə çıxması ciddi problem sayılmırdı. Amma xarici ticarətdə profisit 2019-cu ildə 5,9 milyard dollar, 2020-ci ildə 3 milyard dollar olduğundan avtmobil idxalına bu qədər valyutanın xərclənməsinə seyrçi qalmaq düzgün deyil. /Sfera.az

  • Hidrogenlə çalışan təcili yardım maşını təqdim olundu

    Britaniyanın “UELMCo” şirkəti artıq bu il hidrogenlə işləyən təcili yardım maşınını London küçələrinə buraxmaq niyyətindədir.

    Motor.ru portalının məlumatına görə, ekoloji təmiz nəqliyyat vasitəsi “Zerro” layihəsi çərçivəsində yaradılıb. Onun hazırlanmasında “UELMCo” ilə yanaşı bir sıra digər şirkətlər də iştirak edib.

    Elektromobildə 92 kvt/saatlıq batareya, həmçinin 8 kq tutumu olan hidrogen balonu quraşdırılacaq ki, bu da təcili yardımın 320 km məsafə qət etməsi üçün kifayət edəcək. Nəqliyyat vasitəsinin yükgötürmə qabilləyi 900 kq, maksimal sürəti isə 145 km/saat olacaq.

  • 2021-ci ildə Bakıda Formula 1 keçiriləcək

    Azərbaycanda 2021-ci ildə Formula 1 Qran prisinin keçiriləcəyi tarix təsdiq edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, Avtomobil İdmanı Federasiyasının (FİA) Ümumdünya şurası 2021-ci il üçün “Formula-1” təqvimini təsdiqləyib.

    Təqvimdə Azərbaycanda Formula 1 Qran prisinin 2021-ci il 6 iyunda keçirilməsi nəzərdə tutulur.

  • Azərbaycan iki aydır yerli avtomobil istehsalını dayandırıb

    Azərbaycanda minik avtomobilinin istehsalı ikinci aydır ki dayanıb anbarlarda avtomobillərin sayı 67 ədədə düşüb.

    Median.Az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Belə ki, cari ilin ilk yanvar-may ayları aralığında 672 ədəd minik avomobilinin istehsal edildiyi qeyd edilir. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 27% azalma deməkdir.

    Lakin, anbarlarda qalan avtomobillər isə satılmaqdadır. Belə ki, istehsal edilmiş avtomobillərdən 218 ədədi anbarda olduğu halda, ondan 151 ədədi satılıb.

    İlin ilk rübündə ölkədə avtomobil istehsalı artmışdı ki, öncəki illə müqayisədə 2.4 dəfə artım idi. “Uğur hekayəsi” isə bununla da bitir. Belə ki, qeyd edilən 672 ədəd avtomobil məhz bu rübdə istehsal edilib. Pandemiya səbəbindən sərt karantin rejiminin tətbiq edildiyi aprel və may aylarında bir avtomobil belə istehsal edilməyib.

    Yanvar ayı ərzində Azərbaycanda istehsal edilən minik avtomobilin sayı 192, fevralda 288 və martda isə 192 ədəd istehsal edilib.

    Bununla belə Azərbaycanda yığılan avotmobillərin aprel ayında anbardan cəmi üçü satışa çıxarlıb.

  • Azərbaycanda olan avtomobillərin ümumi sayı açıqlanıb

    2019-cu ilin sonuna olan məlumata əsasən, Azərbaycandakı avtonəqliyyat vasitələrinin sayı 3,5% artaraq 1,4 milyon ədəd olub.

    Trend-in məlumatına görə, ölkədə hər 100 ailəyə düşən şəxsi minik avtomobilinin sayı 54 ədədə çatıb.

    Avtomobil nəqliyyatı ilə 2019-cu ildə 2018-ci illə müqayisədə 4,0% çox yük və 2,6% çox sərnişin daşınıb, yük dövriyyəsi 17530,8 mln. ton-km, sərnişin dövriyyəsi isə 25950,1 mln. sərnişin-km təşkil edib. Bu göstəricilər 2018-ci illə müqayisədə müvafiq olaraq 4,0% və 2,7% artıb.

    Ötən il ərzində avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri və saxlanılmasına dövlət zəmanəti ilə alınan məqsədli xarici kreditlər də daxil olmaqla 1845,7 mln. manat vəsait yönəldilib.

    Bu dövrdə 1376,6 km, o cümlədən 139,8 km respublika, 908,8 km yerli əhəmiyyətli və 328,0 km Bakı və Sumqayıt şəhərlərində yollar yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 13 piyada keçidində təmir işləri aparılıb.

  • Əli Əsədov QƏRAR VERDİ: Qeydiyyatsız avtomobillərin ölkədə qalma müddəti dəyişdirildi

    “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib.

    Bununla bağlı müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qaydalar Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən hazırlanıb və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

    Dəyişikliyə əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə veriləcək.

    Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

  • “Toyota” 3,2 milyon avtomobilini geri qaytarır

    Avtomobil şirkəti “Toyota Motor” ixrac olunan 3,2 milyon avtomobilini təmir olunmaq üçün geri çağırır.

    Sondakika.com-un xəbərinə görə, 2013-cü il və ondan əvvəlki modellər təmir üçün geri qaytarılır.

    Səbəb həmin modellərdə benzin nasosunda olan texniki problemdir.

    Geri qaytarılacaq avtomobillərin 1,8 milyonu ABŞ-a ixrac olunan modellərdir.

    Qeyd edək ki, “Toyota” şirkəti bu texniki problemlə bağlı şikayətləri iyun ayından araşdırmağa başlayıb.

  • Azərbaycan biznes-klass avtomobillərin istehsalına başlayır – FOTO

    Tezliklə Neftçala Sənaye Məhəlləsində yerləşən Avtomobil Zavodunda biznes-klass sinfinə daxil olan avtomobilin yığımı başlayacaq.

    Bunu Report-a “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

    E.Axundovun sözlərinə görə, yeni avtomobilin qiyməti 40 min manatdan başlayacaq:

    “Bu yaxınlarda “Khazar” avtomobilinin tam yeni modeli olan “Khazar CC”nin təqdimatını keçirəcəyik. Bu, biznes sinif modelidir və son növ təchizatlarla təmin olunub. Belə ki, avtomobil avtomat ötürücü qutusuna malikdir.

    Artıq 30 ədəd istehsal etdiyimiz “Khazar CC” modifikasiyasından asılı olaraq, qiyməti 40-45 min manat arasında dəyişəcək. Bazarda rəqiblərimizin təqdim etdiyi eyni komplektasiyalı maşınların qiyməti 56 min manatdan başlayır”.

    “Azərmaş” rəsmisi əlavə edib ki, yeni avtomobil Çinin bir sıra avtomobil istehsalçıları ilə birgə hazırlanır.