Category: Avto

  • Avtomobillər geri çağırılır – Azərbaycanda dillerlər bu informasiyanı gizlədirlər

    Bir neçə gün əvvəl “Toyota Motor” şirkətinin Rusiyada “Highlander”, “Land Cruiser Prado”, “RAV4” və “Lexus” RX200T, RX350, RX450H modellərində ön şüşə yuyucusunun “forsunka”larında aşkarlanan problemlərlə bağlı avtomobillər geri çağırılıb. Təkcə Rusiyadakı kampaniya çərçivəsində 80,6 min avtomobil geri çağırılıb.

    Digər geri çağırılma ABŞ bazarında istismar olan “Corolla” (2011-2019-cu illər), “Matrix” (2011-2013-cü illər), “Avalon” (2012-2018-ci illər) və “Avalon Hybrid” (2013-2018-ci illər) modellərinə şamil olunur ki, məhz bu modellərdə qəza zamanı təhlükəsizlik yastıqlarının açılmaması ilə bağlı elektron nasazlıq aşkarlanıb. Kampaniya çərçivəsində ABŞ-da 2,9 milyon avtomobil, ümumiyyətlə isə, “Toyota Motor” bütün dünya üzrə 3,4 milyon avtomobili geri çağırıb.

    Müxtəlif illərdə “Mercedes-Benz”, “Toyota”, “Volksvagen”, “Porşe”, “Honda” kimi şirkətlərin də müəyyən səbəblərdən geri çağrılma kampaniyası elan etdiyi məlumdur. Amma maraqlıdır ki, Azərbaycanda rəsmi dillerlər tərəfindən belə elanların verildiyi müşahidə edilməyib.

    Bu barədə Modern.az-a danışan ekspert Ramil Osmanlı bildirib ki, geri çağırılma rəsmi dillerlər tərəfindən həyata keçirilir:

    “Azərbaycandakı rəsmi dillerlər isə bu sahədə olduqca passivdirlər. Bu da ondan irəli gəlir ki, həmin markaların ölkəyə idxalında çox kəskin qiymət dəyişikliyi baş verir. Onların geri çağırılması zamanı itkilər böyük olduğundan bir çox hallarda rəsmi dillerlər bu barədə informasiyanı nəqliyyat alanlardan gizlədirlər”.

    Ekspertin sözlərinə görə, bütövlükdə hansısa şirkət müəyyən illər arasında istehsal etdiyi konkret marka ilə bağlı elan verirsə ki, istehsalla bağlı defekt var, bu artıq istənilən ölkəyə idxal olunan nəqliyyat vasitələrinə aiddir, o cümlədən də, bizim ölkəmizə idxal olunanlara:

    “Şirkət elan edirsə ki, problem var, “Bizə idxal olunan partiyada deffekt yoxdur”, deyə bir şey yoxdur”.

  • Cəriməni ödəməyənlər sərhəddi keçə bilməyəcək

    “Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cəriməni ödəməyən şəxslərin müəyyən edilməsi prosesi başlanılıb”.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a deyib. Onun sözlərinə görə, sözsüz ki, cəriməni ödəməyənlərin sərhəddi keçməsi yalnız müvafiq cərimə məbləğləri ödənildikdən sonra mümkün olacaq: “Həmin sərhəd məntəqələrində cərimələrin ödənilməsi üçün şərait yaradılıb və müvafiq terminallar quraşdırılıb. Yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cəriməsi olan şəxslərdən xahiş olunur ki, həmin cərimələri Bakı şəhərində, yaxud istənilən digər ərazilərdə fəaliyyət göstərən banklarda, terminallarda, habelə ödəniş məntəqələrində cərimə borcunu tam ödəsinlər ki, sərhəddə ləngimək məcburiyyətində qalmasınlar”.

  • Bakıya gətirilən yeni taksi avtomobili ilk dəfə AzTV-də görüntüləndi – VİDEO

    Azərbaycan Televiziyasının “Telesəhər” verilişində Bakıya yeni gətirilən “London taksisi” görüntülənib.

    Verilişin qonağı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yeni taksilərin elektriklə işlədiyini xatırladıb. Qeyd edib ki, bu taksi avtomobilləri tam enerjini bir saata yığır və bir yığıma 400 km məsafə qət edə bilirlər.

    Əvvəlki London taksilərindən fərqi isə 6 nəfərlik tutuma malik olmasıdır. Qeyd edək ki, əvvəlki “London” taksiləri 5 nəfər sərnişin üçün hesablanmışdı.

    Verilişdə taksi avtomobilinin salonu da göstərilib.

    Taksi avtomobilinin daha bir üstünlüyü salonunda “Brayl əlifbası”nın qeyd edilməsidir. Bu isə görmə məhdudiyyətli şəxslərin sürücü ilə rahat əlaqə yaratmasına şərait yaradır.

    Məlumat üçün bildirək ki, bu taksi avtomobilindən Bakıya 100 ədəd gətiriləcək.

  • Azərbaycanda elektromobilin tətbiqi genişləndirilir – VİDEO

    Elektromobil – bu nəqliyyat vasitəsinin daxilində yanma prosesi baş vermədiyindən xaricə zəhərli qazlar buraxılmır və bununla da avtomobil atmosferə ziyan vurmadan fəaliyyət göstərir.

    Median.Az BAKU.TV-yə istinadən xəbər verir ki, Türkiyə təcrübəsi əsasında bu ənənəni genişləndirən vasitəçilərdən biri isə Türk Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti Gürkan Kumbaraoğludur.
    O, yaxın zamanda elektromobil sektorunun Türkiyə və Azərbaycanın birgə çalışması nəticəsində inkişaf edəcəyini bildirib:

    “Bütün müşahidələrə əsasən demək olar ki, əslində benzin və dizelli vasitələr də istifadə olunmağa davam edəcək ama elektrikli vasitələrin çox sürətli şəkildə yayılması. Bu yayılma müddətində əsasən inkişaf etmiş ölkələrdə Türkiyənin və Azərbaycanın həm söz sahibi olması, dünya nəzdində söz sahibi olması çox önəmlidir”.

    Qeyd edək ki, elektromobillərin kəşf olunmasına dünya şöhrətli alim Faradeyin nəzəri cəhətdən hazırladığı elektromaqnit induksiyası böyük təkan verib. Sonrakı illərdə alimlər məhz bu nəzəriyyəni təcrübi olaraq həyata keçirməklə elektrik mühərrikli avtomobillərin ixtirasına nail olublar.

    Professor Kərəm Odabaşı nəqliyyatda elektrik enerjisindən istifadənin Türkiyə təcrübəsi əsasında elmi-tətqiqatların aparılmasının artıq başladığını deyib: “İndi elektrikli vasitələrdə və avtomobillərdə vacib bir dönüş var. Bu dönüşü izləyənlərin bu yeni sektorun yeni iştirakçıları olma şansı var. Bu baxımdan Azərbaycanın , Türkiyənin iş birliyi ilə böyük sektorda 29 manat-lıq uzun köklü bir keçmişi olan sektorda böyük bir şans əldə etmə vəziyyəti var”.
    Artıq bu sahədə Azırbaycanda müəyyən addımlar atılıb. Buna misal olaraq, ötən həftə ölkəmizə yeni gətirilən london taksisini misal göstərmək olar. Elektriklə işləyən bu avtomobil ekologiyanın çirklənməsinin qarşısını almaqda mühüm rol oynayır.

  • “CityAirbus” aero taksisi ilk sərbəst uçuşunu həyata keçirdi – VİDEO

    “Airbus” şirkətinin “Airbus Helicopters” bölməsi tərəfindən yaradılan uçan taksi ilk sərbəst uçuşunu həyata keçirib.

    Bu barədə TASS “Le Parisien” qəzetinə istinadla informasiya yayıb.

    Bu layihə şirkət tərəfindən Paris Nəqliyyatı Muxtar İdarəsi (RATP) ilə birlikdə həyata keçirilir.

    Əslində bu uçuş “CityAirbus”ın ikinci uçuşu olub. Lakin 2019-cu ilin mayında keçirilən ilk uçuşda maşına qoruyucu kanatlar bərkidilib. Həmin vaxt sadəcə mühərrik və uçuşa nəzarət sistemləri sınaqdan keçirilib.

    İndi isə söhbət praktiki cəhətdən tamamlanmış, havada 120 kilometr/saat sürətlə dörd nəfəri daşımaq iqtidarında olan maşından gedir. Uçan taksinin mühərriki elektrik enerjisi ilə çalışır, uçuş və eniş şaquli icra olunur.

    Hazırda proqram iştirakçıları proqramın Paris-İl-de-Frans regionunda icrası imkanlarını nəzərdən keçirir. Burada söhbət 2024-cü il Olimpiya oyunlarına qədər Parislə Disneylend arasındakı yolu uçan taksilərlə təmin etmək, həmçinin Ruassi və Sen-Deni şəhərləri arasında sərnişin daşınması marşrutu yaradılmasından gedir.

    Yerüstü nəqliyyatının yükünün bir hissəsinin azaldılmasına imkan verəcək uçan taksilərin kommersiya məqsədilə istifadəsi 2030-cu ildə mümkün olacaq. O zaman Paris və Versal arasında marşrutlar xidmətə başlayacaq, həmçinin Defans biznes-kvartalına daşınmalar icra olunacaq.

    “Le Parisien”in məlumatına görə, hazırda uçan taksilər sərnişinlərlə birlikdə uçmaq üçün texniki cəhətdən tamamilə hazırdır. Qarşıda isə bu cür nəqliyyat sisteminin yaradılması və idarəsi ilə bağlı problemlərin tənzimlənməsi dayanır. Bununla bağlı müvafiq qanunların və normativ aktların qəbulu, həmçinin uçuşların idarə edilməsi sisteminin yaradılması gözlənilir. Həmçinin uçan taksilərin yaratdığı səs-küylə bağlı da sakinlərin narazılıqlarının yaranması problemə çevrilə bilər.

    Bütün bunlarla yanaşı, sözügedən aparatların eniş etməsi üçün meydançalara yer tapılması, həmçinin onların enerji ilə doldurulması üçün cihazların təmin edilməsi məsələsi də diqqət mərkəzində olacaq.

    Uçan taksilərin elit deyil, bütün vətəndaşlar üçün əlçatan olması planlaşdırılır. Belə ki, RATP qiymətlərin hər kilometr üçün 1-2 avro təşkil edəcəyini qeyd edir.

  • Dünyanın ilk uçan maşını satışa çıxarıldı – VİDEO

    Vaxtilə fantastik görünən bir çox layihələr tədricən həyata keçir. İnsanın əsas arzularından biri olan uçan maşın artıq reallığa çevrilib: Artıq quruda və göydə məsafələr qət edən avtomobil satışa çıxır.

    Bu barədə “Daily Mail” xəbər yayıb.

    Dünyanın ilk uçan və idarə olunan avtomobili ABŞ-ın Florida ştatında Mayami şəhərində debüt edəcək. Bu uçan aparat “Pioneer Personal Air Landing Vehicle” və ya “PAL-V” adını alıb. O, geri çəkilə bilən üst və arxa pərvanələrlə təchiz olunub və 12.500 fut (3.81 kilometr) hündürlükdə uça bilər.

    Yanacaq kimi avtomobil benzinindən istifadə olunur. Bu texnologiya möcüzəsi havada saatda 321 km, yerdə isə 160 km sürət yığa bilir.

    Hollandiya istehsalı maşın artıq istehsaldadır və 599 min ABŞ dollarına satılır. Şirkət artıq əvvəlcədən 70 sifariş aldığını bildirib. Avtomobilin ilk tədarükü 2021-ci il üçün gözlənilir.

    İki nəfər üçün uçan avtomobil dörd silindrli mühərriklə təchiz edilib. İki nəfərlik nəqliyyat vasitəsi 10 dəqiqə ərzində üçtəkərli avtomobildən “gyrocopter”ə çevrilir və səkkiz saniyədən az bir müddətdə 0-96 km sürət yığa bilir.

    Maşın karbon lifindən, titandan və alüminiumdan hazırlanıb. 680 kq çəkidə olan avtomobilin uçması üçün 165 metr, enməsi üçün isə cəmi 30 metr məsafə lazımdır.




  • “Nissan”ın rəhbəri istefaya getdi

    Yaponiyanın “Nissan Motor” şirkətinin rəhbəri Xiroto Saikava istefaya gedib.

    “RİA Novosti” xəbər verir ki, Saikavanın vəzifədən getməsi şirkətin gəlirlərinin artırılması zərurətindən yaranıb.

    Şirkətin avtomobil bazarında rəqabət qabiliyyətini yeni rəhbər artırmalı olacaq.

    Avtonəhəngin yeni rəhbəri oktyabrda təyin olunacaq.

  • Almaniyada təzə “Mercedes” qəbirstanlığı – VİDEO

    Bir neçə aydır ki, tərk edilmiş Alhorn aerodromunda 9000 “Mercedes-Benz” avtomobili yerləşdirilib. Bu barədə “Radio Bremen” məlumat yayıb.

    “Mercedes GLE” və “GLS” krossoverləri, “C-Class”, “E-Class” və “CLS” sedanları Bremen yaxınlığındakı aerodromun 2.5 km uzunluğu olan uçuş zolağındadır.

    KİV-in məlumatına əsasən, bütün avtomobillər yararsız vəziyyətdədir. Avtomobillərin bamper və kreselində nöqsanlar aşkar edilib.

    “Mercedes” konserni bütün qüsurların aradan qaldıracağını bildirir.

  • Avtomobil bazarında son QİYMƏT

    Bu ilin iyul ayında Azərbaycanın avtomobil bazarında avtomobillərin orta qiyməti 38 817 manat təşkil edib.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib.

    Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən avtomobil bazarında qiymətlər 34 faiz artıb:

    “Qiymət artımı ilin əvvəlində avtomovil idxalına aksiz vergisinin dərəcəsinin artırılması səbəb olub. Eyni zamanda, ötən illə müqayisədə avtomobil bazarında fəallığın azalması müşahidə olunur. Bazarda təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. Hesab edirəm ki, yaxın aylarda yüksək tələbatla əlaqədar olaraq kiçiklitrajlı avotomobillərin qiymətində azalma gözlənilmir. Böyük ehtimalla, irihəcmli və qiyməti yüksək olan avtomobillər ucuzlaşacaq”.

    N.İbrahimov bildirib ki, 2019-cu ilin iyul ayında iyunla müqayisədə böyükhəcmli avtomobillərin qiyməti 0,99 faiz azalıb, kiçiklitrajlı avtomobillərin qiyməti isə 3,8 faiz artıb:

    “Avtomobil bazarında dizel mühərrikli avtomobillərə marağın azalması müşahidə olunur. Əksər hallarda müştərilər KIA, “Hyundai”, “Toyota” markalarına üstünlük veriblər. Ötən ay bahalı avtomobillərin (əsasən “Land Rover” şirkətinin avtomobilləri) orta qiyməti 400 min manatdan çox olub, büdcə avtomobillərin (əsasən 1984-cü il istehsalı olan VAZ) orta qiyməti isə 1800 manat təşkil edib”.

    O əlavə edib ki, “Peugeot” markalı avtomobillərin münasib qiymətlərinə (ortalama 16 min manat) baxmayaraq, bu nəqliyyat vasitələri Azərbaycanda kifayət qədər populyar deyil.

  • Maşın bazarında qiymətlər dəyişdi – VİDEO

    Azərbaycanda avtomobil bazarındakı dürğunluq davam edir.

    Median.Az Bizimyol.info-Yya istinadən xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən avtomobil bazarında qiymətlərin artmı müşahidə olunur.

    Bahalaşmaya səbəb kimi satıcılar alıcı qıtlığının əsas göstərirlər, alıcılar isə buna səbəb kimi bazarda təklifin azaldığını deyirlər.

    Bazarda ən çox tələb isə mühərrik kiçik, istehsal ili yeni və kondisionerlərli avtomobillərədir. Amma həm alış, həm də ehtiyyat hissəsi qiymətləri ucuz olduğuna görə Almaniya istehsalı olan avtomobillərə də tələb var.

    Satıcılar ötən illərə nisbətən bu il Azərbaycana gətirilən komfortlu avtomobillərin sayında kəskin azalmanın müşahidə olunduğunu bildiriblər. Onlar buna səbəb ki, 2018-ci il yanvarın 1-dən aksiz vergisinin 80 faiz artırılmasının, 2019-cu il yanvarın 1-dən isə aksiz vergisinin 50 faiz artırılmasını əsas göstərirlər. Bu isə iri mühərrikli avtomobillərin satışına ciddi təsir edib. Kiçik mühərrikli avtomobillərə dizel maşınlara tələbatı artırıb ki, bu da həmin avtomobillərdə qiyməti bahalaşdırıb.

    Satıcılar yerli istehsalın hələlik bazarda tələbatın 5 faizini ödəmədiyini deyərək, aksiz vergisinin artırılmasının daxili istehsala dəstək olma bilmədiyini, əksinə bazarda təklifin azalması nəticəsində büdcəyə daxilolmaların azaldığını vurğulayıblar.
    Satıcılar üzü payıza doğru avtomobil bazarında canlanmanın olacağına ümid edirlər. Bu isə həm də qiymətlərin artımına səbəb ola bilər.

    Avtomobil bazarından hazırladığımız videoreportajı təqdim edirik: