Category: Cəmiyyət

  • Azərbaycan ADB-nin gələcək fəaliyyəti üçün əsas amilləri açıqlayıb

    Azərbaycan Asiya İnkişaf Bankını (ADB) operativliyi, çevikliyi və innovativliyi artırmağa çağırır.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində rəhbərlərin işgüzar sessiyasında bildirib.

    “ADB-nin öz operativliyini, çevikliyini və innovativliyini artırmağa davam etməsi son dərəcə vacibdir. Proqram əməliyyatlarına dəstəyin gücləndirilməsi, texniki yardımın genişləndirilməsi və rəqabətədavamlı maliyyələşdirmə şərtlərinin təmin edilməsi bankın güclü imkanlarının qorunması üçün əsas amillər olacaq”, – nazir deyib.

    Onun sözlərinə görə, ADB-nin müqayisəli üstünlüyü yalnız onun maliyyə resurslarında deyil, həm də bilik, ekspertiza və tərəfdaşlıq qurmaq bacarığındadır. “Biz bankı getdikcə daha mürəkkəb və bir-biri ilə əlaqəli olan inkişaf vəzifələrini həll etmək üçün bundan sonra da bu güclü tərəflərdən istifadə etməyə çağırırıq”, – o bildirib.

    S. Babayev vurğulayıb ki, 2025-ci ildə ADB müxtəlif layihələrin həyata keçirilməsinə geniş spektrli maliyyə alətləri vasitəsilə 29,3 milyard ABŞ dolları ayırıb. “Bu, 2024-cü illə müqayisədə 20 % çoxdur, bu da ADB-nin əməliyyat fəaliyyətinin əhəmiyyətli dərəcədə artmasını göstərir. ADB-nin maliyyə sektoruna investisiyaları əhəmiyyətli dərəcədə artaraq 7,3 milyard ABŞ dollarına çatıb. Bu islahatlar maliyyə sistemlərinin gücləndirilməsinə, kapital bazarlarının dərinləşdirilməsinə və xüsusilə mikro, kiçik və orta müəssisələr üçün maliyyə əlçatanlığının genişləndirilməsinə yönəlib”, – o əlavə edib.

    Nazir qeyd edib ki, ötən il ADB dayanıqlı və inklüziv şəhər inkişafının əsas elementlərinin yaxşılaşdırılmasına diqqət yetirməklə, şəhər infrastrukturu sahəsində tərəfdaş ölkələrdəki layihələrin dəstəklənməsinə 2,1 milyard ABŞ dolları yönəldib. “Bankın dəyişməz olaraq keyfiyyətli infrastruktura, rəqəmsal transformasiyaya və regional əlaqəliliyə diqqət yetirməsi xüsusi əhəmiyyət kəsb edir. Bankın inkişaf etməkdə olan üzv ölkələrdə ərzaq təhlükəsizliyi, enerji dayanıqlılığı və fiskal sabitliyin gücləndirilməsi istiqamətindəki səyləri vaxtında atılmış addımlardır və yüksək qiymətləndirilməyə layiqdir”, – Babayev vurğulayıb.

  • Bu küçələrdə xüsusi avtobus zolaqları yaradılacaq

    WUF13 çərçivəsində Bakının bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Müvəqqəti hərəkət zolaqları Heydər Əliyev prospekti – Aerport şosesi, Abbasqulu ağa Bakıxanov küçəsi, Mehdi Abbasov küçəsi, Mikayıl Əliyev küçəsi, Yusif Səfərov küçəsi və Mikayıl Müşfiq küçəsində yaradılacaq.

    Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq. Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.

  • “Space”in yeni rəhbəri kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, “Space” televiziyasına yeni direktor təyin edilib.

    Ayaz Mustafayev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alaraq, oranı fərqlənmə diplomu ilə bitirib. 2010–2011-ci illərdə Malta Universitetinin nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında “Diplomatiya” ixtisası üzrə magistr təhsili alıb. Eyni zamanda ADA Univetsitetinin “Advanced Foreign Service Program”ının məzunudur.

    Əmək fəaliyyətinə 2009-cu ildə başlayan A.Mustafayev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb.

    Daha sonra isə Böyük Britaniyadakı əmək fəaliyətini İctimai Televiziyanın və AZTV-nin London bürosunda davam etdirib. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifədə çalışıb.

  • Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

    “Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq”.

    Bu fikirləri Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında “Yaşıllıqların mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

    “Normativ Hüquqi Aktlar Haqqında Konstitusiya” Qanununa və Cinayət Məcəlləsinə görə məsuliyyəti yüngülləşdirən halların geriyə qüvvəsi var. Yəni əməl cinayət, ya inzibati xəta tərkibi halından azad olunursa, o zaman əvvəlki dövr üçün icra olunmamış cərimələr ləğv olunmalıdır”, – deyə o bildirib

    Xatırladaq ki, yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir. Layihəyə əsasən, yaşıllıqların götürülməsinə məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar aqrar fəaliyyətinə mane olduqda icazə veriləcək.

    Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu məsələ ilə bağlı danışarkən bu məsələyə toxunmuş və “qanun qəbul olunduqdan sonra əvvəlki cərimələrin ləğvi nəzərdə tutulacaqmı” sualını ünvanlamışdı.

  • “Space” televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ

    “Space” televiziyasına yeni baş direktor təyin edilib.

    Median.Az Manset.az-a istinadən xəbər verir ki, “Space” televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.

    Ayaz Mustafayev televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib. Müvafiq tapşırıqlar verilib.

    Qeyd edək ki, “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.

  • Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI

    Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/27-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə plan yeri ayrılmayıb.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, bu ildən etibarən “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq:

    “Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək:

    6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

    152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).

    Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur”.

  • Ötən ay 18 nəfər dövlət sərhədini pozduğuna görə saxlanılıb

    Ötən ay dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, onların 4-ü Azərbaycan, 4-ü Əfqanıstan, 3-ü İran, 3-ü Mərakeş, 2-si Nigeriya, 1-i Pakistan, 1-i Əlcəzair vətəndaşı оlub.

    Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.

    sərhəd rеjim qaydalarını pоzduqlarına görə 58 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür;

    cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 366 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 804 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 26 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınmışdır;

    2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır;

    narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 121 kiloqram 249 qram narkоtik vasitə və 23647 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılmışdır;

    qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 168 min 103 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silah və ona məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülmüşdür.

  • Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb

    2026-cı ilin aprel ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

    Bu barədə AEM məlumat yayıb.

    Bildirilib ki, keçirilən yoxlamaların 131-i planlı, 3-ü plandankənar və 3-ü yoxlamadan kənar olub.

    Nəticələrə əsasən, 34 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 221.10, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

  • Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib

    “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib.

    Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

    Avans ödənişi müdafiə təyinatlı malların (döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, xammal, material və texnologiyalar) Azərbaycana idxalı, habelə bu cür mallarla əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduqda bu barədə Müdafiə Sənayesi Nazirliyinin məktubu banka təqdim edilə bilər. Bu halda məktubun surəti bankda saxlanılacaq.

    Həmçinin xaricə avans ödənişi edilirsə, alınan mal və ya xidmətin gəldiyini təsdiq edən sənədlər adətən 2 il ərzində banka təqdim edilməlidir. Uzunmüddətli daşımalar (hava, dəmiryol, dəniz və kosmik layihələr) olduqda bu sənədlər müqavilə bitdikdən sonra 3 ay ərzində verilir. Əgər bu müddətdə sənədlər təqdim olunmazsa və ya ödənilən pul geri qaytarılmazsa, əməliyyat nəzarətə götürülür. Nazirlər Kabinetinin xüsusi göstərişi olduqda bəzi hallarda əlavə sənədlər tələb olunmadan əməliyyat aparıla bilər.

  • Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI

    2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair suallar cavablandırılıb.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Birinci sinfə qəbul prosesi zamanı yaranan sualların cavabları ilə buradan tanış ola bilərsiniz.