Category: Cəmiyyət

  • Prezidentin köməkçisi son 6 ildə mina partlayışından ölənlərin sayını açıqladı

    Prezidentin köməkçisi son 6 ildə mina partlayışından ölənlərin sayını açıqladı

    Avropa Parlamentinin qəbul etdiyi sənəd Azərbaycan üçün hüquqi öhdəlik yaratmır. Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması, Ermənistanla normallaşma prosesinin irəlilədilməsi istiqamətində addımlar atır.

    Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

    Hikmət Hacıyev qeyd edib ki, münaqişə başa çatsa da, onun yaratdığı humanitar problemlər, xüsusilə mina təhlükəsi hələ də qalmaqdadır.

    Bildirilib ki, 2020-ci ildən bu günə qədər mina partlayışları nəticəsində 420-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb.

    Prezident köməkçisi vurğulayıb ki, işğal dövründə Azərbaycan ərazilərində geniş miqyasda minalama aparılıb və bu, bərpa-quruculuq prosesinə təsir göstərir. Ərazilərin təmizlənməsi istiqamətində işlər davam etdirilir.

    Hikmət Hacıyev, həmçinin qeyd edib ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə bağlı məsələlər qanunvericiliyə uyğun şəkildə həll olunur və bu sahədə qərarlar məhkəmə orqanları tərəfindən qəbul edilir.

    H.Hacıyev əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri mövcud şəhərsalma planlarına uyğun həyata keçirilir və işğal dövründə qanunsuz inşa edilmiş obyektlərlə bağlı müvafiq tədbirlər görülür.

  • Bu avtobusların hərəkət sxemi dəyişdirilir

    Bu avtobusların hərəkət sxemi dəyişdirilir

    “Bakı Marafonu 2026” tədbiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Qeyd edilib ki, dəyişikliyə əsasən, 1 nömrəli marşrutun (“Neftçilər” m/st istiqaməti) və H1 nömrəli marşrutun (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

    2 nömrəli marşrut Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Əhməd bəy Ağaoğlu küçəsi – Təbriz küçəsi – Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

    4, 10 və 88A nömrəli marşrutların son dayanacaq məntəqələri Dilarə Əliyeva və 28 May küçələri (Səməd Vurğun bağı) olmaqla təşkil ediləcək. Marşrutlar Bakı Ağ Şəhərə daxil olmayacağından qismən fəaliyyət göstərəcək.

    7A, 7B, 11, 24, 71 və 93 nömrəli marşrutların fəaliyyəti Ziya Bünyadov prospektinin əsas hərəkət hissəsi (yol ötürücü) ilə təşkil ediləcək.

    13 və M8 nömrəli marşrutların fəaliyyəti Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

    20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E nömrəli marşrutların son dayanacaq məntəqələri Xocalı prospektində (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək. Bu marşrutlar “28 May” NMM və “Sədərək” ticarət mərkəzinə daxil olmayacağından qismən fəaliyyət göstərəcək. 20, 21 və 32 nömrəli müntəzəm marşrutlar Bakı Ağ Şəhər daxil olmaqla son dayanacaq məntəqələri Xocalı prospekti (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək.

    36, 145 və 184 nömrəli marşrutların son dayanacaq məntəqəsi Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində (“Koroğlu” m/st) təşkil ediləcək.

    38 nömrəli marşrut başlanğıc dayanacaq məntəqəsi Səməd Vurğun küçəsi, son dayanacaq məntəqəsi isə Ağa Nemətulla küçəsi olmaqla fəaliyyət göstərəcək. Marşrut Keşlə qəsəbəsinə daxil olmayacağından qismən işləyəcək.

    125 nömrəli marşrutun fəaliyyəti (“28 May” NMM istiqaməti) Rəşid Behbudov küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti ilə təşkil ediləcək.

    177 nömrəli marşrut son dayanacaq məntəqəsi Bilgəh-Pirşağı yolu (“Ləhic bağları” ərazisi) olmaqla fəaliyyət göstərəcək.

    E1 nömrəli marşrutun fəaliyyəti Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti (əsas hərəkət hissəsi) ilə təşkil ediləcək.

  • Eynulla Fətullayev “Haqqın”ı satdı – Azərbaycandan gedir

    Eynulla Fətullayev “Haqqın”ı satdı – Azərbaycandan gedir

    Tanınmış jurnalist Eynulla Fətullayev sahibi olduğu rusdilli “Haqqın.az” saytını satıb.

    Median.Az gününsəsi.info-ya istinadla xəbər verir ki, baş redaktor ötən gün axşam saatlarında kollektivlə vidalaşıb.

    Məlumatda bildirilir ki, Eynulla Fətullayev bundan sonra Türkiyədə yaşamağa qərar verib.

    Qeyd edək ki, Eynulla Fətullayev həbsdən azad ediləndən sonra adıçəkilən media quruluşunu yaratmışdı.

  • Buraxılış imtahanının nəticələri elan olundu

    Buraxılış imtahanının nəticələri elan olundu

    Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

    Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

    Bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.

    İmtahan iştirakçıları arasında 8 nəfər (siyahı ilə buradan tanış olun) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 may saat 10:00-dan 6 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
    Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
    Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
    Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

  • 6 nəfər imtahandan xaric olunub – RƏSMİ

    6 nəfər imtahandan xaric olunub – RƏSMİ

    Xəbər verdiyimiz kimi, aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

    İmtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib.

    Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.

  • İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT

    İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT

    “NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər.”

    Bu məlumat “K Group” MMC (“BakıKart”), “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin birgə açıqlamasında yer alıb.

    Qeyd olunub ki, gecikmə ilə tutulmanın səbəbi ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.

    “Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.

    Hazırda müşahidə olunan “ardıcıl vəsait çıxılması” halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.

    Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.

    Qeyd edirik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.

    Layihənin operatoru “BakıKart”dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə “BakıKart”a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq”, – deyə məlumatda bildirilir.

  • Bu gündən balıq ovu QADAĞANDIR

    Bu gündən balıq ovu QADAĞANDIR

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu 1 may 2026-cı il tarixindən etibarən ölkə ərazisindəki bütün su hövzələrində sentyabrın 1-dək qadağan edilir.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Qurum balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara əməl etməyə, qadağan olunmuş müddətlərdə və qadağan edilmiş alətlərlə balıq ovundan çəkinməyə çağırır.

    Bildirilib ki, balıq və digər su bioresurslarının ov qaydalarını pozan, o cümlədən qanunsuz balıq ovu ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

    Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində və daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanun pozuntularına qarşı müvafiq tədbirlər görülür.

  • Təranə Əhmədova Səhiyyə Nazirliyindəki vəzifəsindən getdi

    Təranə Əhmədova Səhiyyə Nazirliyindəki vəzifəsindən getdi

    Səhiyyə Nazirliyinin Aparatında vəzifəli şəxs vəzifəsindən azad olunub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazirliyin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova vəzifədən azad olunub.

    Bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

    Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, Təranə Əhmədova öz istəyi ilə vəzifəsindən ayrılıb.

    Qeyd edək ki, Təranə Əhmədova uzun illər Səhiyyə Nazirliyində aparıcı məsləhətçisi və digər vəzifələrdə çalışıb.

  • Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? – RƏSMİ AÇIQLAMA

    Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? – RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.

    Məsələ ilə bağlı Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

    “Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır”.

  • Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA

    Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA

    Azərbaycanda avtomobil seçimi zamanı sürücülər təkcə qiymətə yox, həm də yanacaq sərfiyyatı, servis xərcləri və ehtiyat hissələrinin tapılmasına diqqət yetirirlər. Həm şəhər daxilində, həm də rayon yollarında rahat istifadə olunan, qənaətli və dözümlü modellər daha çox üstünlük qazanır. Buna görə də bəzi markalar ümumi xərclərə görə digərlərindən daha əlverişli hesab olunur. Bəs Azərbaycanda sürücülər üçün ən sərfəli avtomobillər hansılardır?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev qeyd edib ki, Azərbaycanda sürücülər üçün bir neçə öndə gedən avtomobil markası mövcuddur və bu markalara daha yüksək etimad göstərilir.
    Onun sözlərinə görə, bunların sırasında Almaniyanın “Mercedes” markası, Koreyanın “Hyundai” və “Kia” markaları, eləcə də Yaponiyanın “Toyota” markası yer alır:

    “İnsanlar bu avtomobilləri seçərkən onların servis xidmətlərinə çıxışın, ustaların mövcudluğunun və ehtiyat hissələrinin ölkə daxilində asan tapılmasının mümkünlüyünü nəzərə alırlar.

    Son illərdə qlobal avtomobil sənayesində baş verən dəyişikliklər Azərbaycana da təsir edib və ölkə bazarına xüsusilə Çin istehsalı olan yeni markalar daxil olub. Bu avtomobillərin ehtiyat hissələri həm rəsmi servis mərkəzləri, həm də qeyri-rəsmi olaraq gətirilir, eyni zamanda bu sahədə yeni ustalar da yetişir və xidmət imkanları genişlənir”.

    E.Əliyev bildirib ki, artıq avtomobil alıcıları istehsal ölkəsindən daha çox servisə çıxış imkanına və ehtiyat hissələrinin əlçatanlığına diqqət yetirirlər:
    “Bazarda Çin, ABŞ, Koreya və Almaniya mənşəli müxtəlif markalar mövcuddur və alıcılar daha çox bu amilə üstünlük verirlər.

    Bəzi markalar da var ki, aşağı populyarlıq səbəbindən onların ehtiyat hissələri və servis şəbəkəsi ölkə üzrə geniş yayılmayıb. Məsələn, “Subaru”, “Suzuki” kimi Yapon markaları və İsveçin “Volvo” markası qlobal səviyyədə tanınsa da, Azərbaycan bazarında onlara maraq nisbətən daha azdır. Bu da həmin markalar üzrə ehtiyat hissələrinin və servis xidmətlərinin ölkə daxilində məhdud olmasına səbəb olur”.