Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.
Bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.
Bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.
Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.
Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.
Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikasını daim diqqət mərkəzində saxlayır.
“Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir”, – deyə agentlikdən bildirilib.
Sabahdan Bakıda baş tutacaq Beynəlxalq Xalça Festivalı ilə əlaqədar İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Bildirilib ki, 1-3 may tarixlərində qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.
6 may 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Qeyd edilib ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.
“Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.
Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir”, – məlumatda bildirilib.
“Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir”.
Bununla bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətinin istifadəçilərinə xatırlatma edib.
Bildirilib ki, buraya baytarlıq preparatları, dövlət sınağından keçməmiş, təhlükəsizliyi təsdiq olunmamış və müvafiq qaydada qeydiyyata alınmamış pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, uyğunluq və fitosanitar sertifikatı olmayan toxumlar, bioloji aktiv qida məhsulları, qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatlar, eləcə də heyvan mənşəli qida məhsulları daxildir.
“İstifadəçilərə poçt göndərişini təhvil verməzdən əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və poçt rabitəsi operatorlarından müvafiq qaydalar, məhdudiyyətlər və tələb olunan sənədlər barədə məlumat almaları tövsiyə edilir.
Bildirilir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, poçt göndərişinin içərisinə qanunvericiliklə göndərilməsi qadağan edilmiş əşyaların qoyulmasına və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması nəticəsində digər poçt göndərişlərinin zədələnməsinə və xarab olmasına görə poçt rabitəsi operatoru və istifadəçilər eyni miqdarda maddi məsuliyyət daşıyırlar.
Vətəndaşların diqqətinə çatdırılır ki, bu kateqoriyadan olan məhsullar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən saxlanıla və müsadirə oluna bilər. Ona görə də hər bir istifadəçi poçt vasitəsilə göndəriş həyata keçirməzdən əvvəl əşya və malların daşınması və idxalı ilə bağlı tətbiq olunan hüquqi tələbləri dəqiqləşdirməlidir.
İKTA vətəndaşları sifariş etdikləri və ya göndərmək istədikləri məhsulların daşınmasının hüquqi rejimini əvvəlcədən yoxlamağa, zərurət yarandıqda tənzimləyici quruma, AQTA-ya və ya poçt rabitəsi operatorlarına müraciət etməyə çağırır”, – deyə məlumatda qeyd olunub.
Vətəndaşların daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həftəsonu təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin (AAYDA) məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq aşağıda adları qeyd olunan ərazilərdə 1 may saat 23:00-dan 4 may saat 07:00-dək hərəkət aparılacaq işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq:
Səməd Vurğun küçəsi (A.A.Bakıxanov küçəsindən M.Mirqasımov küçəsinədək olan hissə);
Rəşid Behbudov küçəsi (S.Rəhimov küçəsindən S.Zeynalov küçəsinədək olan hissə);
Vaqif prospekti (C.Hacıbəyli küçəsindən S.Vurğun küçəsinədək olan hissə).
Bundan başqa, Xarici Dairəvi yolda (“20 Yanvar” istiqaməti) 1-3 may tarixlərində, hər gün saat 07:00-23:00-dək qismən məhdudiyyət və 1-4 may tarixlərində, hər gecə saat 23:00-07:00 arası tam məhdudiyyət tətbiq olunacaq.
“Xarici Dairəvi yolda tam məhdudiyyət tətbiq edildiyi müddətdə hərəkət Salyan şosesi (Bibiheybət məscidi istiqaməti) üzrə təmin ediləcək”, – məlumatda qeyd edilib.
Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yay mövsümünün başlamasına hələ xeyli vaxt qalsa da, bağ evləri artıq indidən bron edilir. Vətəndaşlar evləri həm günlük, həm də aylıq olaraq kirayələyirlər. Qiymətlərin yüksək olmasına baxmayaraq, tələbat kifayət qədər çoxdur.
Rieltor Hacıbala Quliyevin sözlərinə görə, 1 000-1 500 manatlıq evlərə tələbat böyük olsa da, bazarda bu qiymət kateqoriyasında olan mənzillərin sayı azdır. Kirayəçi olmaq istəyənlər isə seçim edərkən əsasən evin təmirinə və otaqların sayına önəm verirlər.
Mütəxəssislər bildirirlər ki, yay fəsli yaxınlaşdıqca bağ evlərinin kirayə qiymətlərində artım müşahidə edilə bilər.
“İnsanlar çox zaman riskləri düzgün qiymətləndirmədən, vərdişə əsaslanan və ya tələsik qərarlar verərək yol hərəkəti qaydalarını pozurlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov yol hərəkəti qaydalarını pozan piyadaların piyada keçidi olmayan yerlərdən keçərkən həyatını itirməsi və öz ölümlərinə doğru qaçmasının səbəbini izah edərkən deyib.
Psixoloq vurğulayıb ki, tanış mühit olduqda insan “mən bu yolu tanıyıram” düşüncəsi ilə piyada keçidindən istifadə etmədən yolu qısaltmağa çalışırlar:
“Bu isə diqqətin zəifləməsi, sürücünün məsafəsinin düzgün hesablanmaması və təhlükənin dərk olunmaması ilə nəticələnir. Digər tərəfdən, müasir həyat tərzi də bu davranışlara təsir edir. Tələsiklik, gündəlik stress, diqqətin mobil cihazlara yönəlməsi kimi faktorlar insanın situasiyanı adekvat qiymətləndirməsini zəiflədir. İnsan özünü təhlükəsiz hiss etdiyi anda belə əslində risk zonasında olur. Bu, şüurlu şəkildə təhlükəyə getmək deyil, daha çox diqqət və davranış nəzarətinin zəifləməsidir”.
Elnur Rüstəmov hesab edir ki, bu baxımdan əsas yanaşma maarifləndirmə və davranış mədəniyyətinin formalaşdırılmasıdır:
“Yol hərəkəti qaydaları sadəcə texniki tələblər deyil, insan həyatını qoruyan psixoloji təhlükəsizlik çərçivəsidir. Piyada keçidindən istifadə, işıqfor siqnallarına riayət və diqqətli davranış insanın özünü qoruma instinktinin düzgün istiqamətləndirilməsidir”.
Elnur Rüstəmovun sözlərinə görə, cəmiyyətdə bu davranışların normaya çevrilməsi həm fərdi, həm də ictimai təhlükəsizliyin əsas şərtidir.
2026-cı il iyunun 1-dən etibarən xaricdən sifariş edilən bağlamaların gömrük bəyan edilməsi qaydalarında ciddi dəyişikliklər qüvvəyə minir. Yeni qaydalara əsasən, “Smart Customs” mobil tətbiqi və e.customs.gov.az portalında artıq şəxsiyyət vəsiqəsinin FİN kodu və şifrə (parol) ilə bəyannamə yazmaq mümkün olmayacaq.
Beləliklə, FİN və parol sistemi ləğv edilir. Elektron ticarət bəyannamələri bundan sonra yalnız gücləndirilmiş elektron imza vasitələri – “ASAN İmza” və ya SİMA rəqəmsal imza ilə həyata keçiriləcək.
Qərar bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu dəyişikliyin onlayn ticarəti məhdudlaşdıracağı ilə bağlı narahatlıqlar da səslənir.
İqtisadçı Natiq Cəfərli isə məsələni Qaynarinfo-ya şərh edərək bildirib ki, dəyişiklik daha çox nəzarət sisteminin gücləndirilməsinə xidmət edir:
“Artıq insanlar bu sistemə öyrəşib. Fərq ondadır ki, nəzarət mexanizmi daha sistemli formaya keçir. “ASAN İmza” və SİMA üzərindən bu proses daha rahat idarə oluna bilər”.
Onun sözlərinə görə, yeni qaydalar elektron ticarətin sürətinə müəyyən təsir göstərə bilər:
“İnsanların yeni platformalara uyğunlaşması vaxt alacaq. Amma əsas məsələ odur ki, sifariş prosesi dayanmasın. Elektron ticarət artıq vətəndaşın gündəlik həyatına çevrilib”.
Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə, yeni tikili binalarda mənzil qiymətləri sürətlə dəyişir.
Sakinlər Baku TV-yə bildirirlər ki, ev sahibi olmaq onlar üçün getdikcə əlçatmaz arzuya çevrilir.
Əmlak ekspertlərinin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri tikinti xərclərinin yüksəlməsidir. Bununla yanaşı, bəzi hallarda süni qiymət artımları da qeydə alınır.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istismar müddəti bitmiş və qəzalı binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi əlavə xərclər yaradır.
Onun sözlərinə görə, bu proses zamanı tikinti şirkətləri sakinlərə yeni mənzil, köç və kirayə xərcləri ödəyir ki, bu da maya dəyərinin artmasına səbəb olur.
Ekspert əlavə edib ki, sərmayəçilərin bu cür layihələrə daha çox yatırım etməsi də qiymətlərin yüksəlməsinə təsir göstərir.
Onun sözlərinə görə, Bakı və digər iri şəhərlərdə tikinti üçün yararlı torpaq sahələrinin azalması və inşaat həcminin aşağı düşməsi tələbatı artırır. İpoteka şərtləri və bank faizləri də bazara təsir edən amillər sırasındadır. Güzəştli kreditlər isə alıcılıq qabiliyyətini artıraraq qiymət artımını sürətləndirir.
İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, son beş ildə əhalinin gəlirləri təxminən 45 faiz artsa da, mənzil qiymətləri 47 faizə qədər yüksəlib. Onun sözlərinə görə, xüsusilə, Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin çatışmazlığı qiymət artımını daha da sürətləndirir. Xalid Kərimli əlavə edib ki, inflyasiya, enerji, kommunal və işçi qüvvəsi xərclərinin artması da tikinti şirkətlərinin xərclərini yüksəldir və bu, birbaşa mənzil qiymətlərinə təsir göstərir.