Category: Cəmiyyət

  • Paytaxtda yeni xəstəxana tikiləcək

    Paytaxtda yeni xəstəxana tikiləcək

    Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, layihə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən həyata keçiriləcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 1.9 milyon manat təşkil edir.

    Planlaşdırılan işlərə əsasən, mövcud bina əvvəlki təyinatından fərqli şəkildə yenidən qurulacaq və burada 218 çarpayılıq Psixiatriya Mərkəzi ilə 123 çarpayılıq Narkoloji Mərkəz fəaliyyət göstərəcək.

    Layihənin əsas məqsədi paytaxtda psixi sağlamlıq və narkoloji xidmətlərin genişləndirilməsi, habelə bu sahədə tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.

  • Bakıda gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır

    Bakıda gənc oğlan və qızın dəm qazından zəhərlənməsi ilə bağlı araşdırma aparılır

    Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı araşdırılır.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

  • İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır – Video

    “Heç bir idman qidası və ya bioloji aktiv qida məhsulu sağlam və balanslaşdırılmış qidalanmanı əvəz edə bilməz”.

    Bu sözləri Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, tibb elmləri doktoru Gülnaz Dadaşova deyib.

    Onun sözlərinə görə, orqanizmin normal fəaliyyəti üçün zəruri olan qida maddələrinin təbii yollarla — balıq, toyuq, digər təbii məhsullar, meyvə və tərəvəzlər vasitəsilə qəbul edilməsi, eyni zamanda düzgün yuxu rejimi və aktiv həyat tərzinin qorunması əsas şərtlərdən biridir.

    Professor qeyd edib ki, bu tip məhsulların nəzarətsiz və normadan artıq istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Belə ki, hipertoniya riskinin artması, ürək ritm pozuntuları, metabolik dəyişikliklər və hətta böyrək çatışmazlığı kimi ağır fəsadların yaranma ehtimalı mövcuddur.

    G. Dadaşova gənclərə müraciət edərək vurğulayıb ki, idman qidalarından istifadə yalnız həkim nəzarəti altında həyata keçirilməlidir. Bu məhsulların peşəkar idmançılar tərəfindən istifadəsi isə yalnız mütəxəssis tövsiyəsi ilə və məhdud miqdarda olmalıdır.

    Sonda qeyd olunub ki, sağlamlığın qorunmasının əsasını düzgün və balanslaşdırılmış qidalanma, sağlam həyat tərzi və fiziki aktivlik təşkil edir.

  • Azərbaycanda bu avtomobillər bahalaşdı

    Azərbaycanda bu avtomobillər bahalaşdı

    Bu ay Azərbaycanda avtomobil bazarında əsas tendensiya qiymətlərin ümumilikdə sabit qalması fonunda bəzi seqmentlərdə artımın davam etməsi olub. Bahalaşma daha çox ikinci əl, yaxşı vəziyyətdə olan və yanacağa qənaətli avtomobillərdə müşahidə edilib.

    Median.Az xəbər verir ki, ilin əvvəlindən başlayan qiymət artımı yaz aylarında da davam edib. Xüsusilə avtomobillərin buraxılış illərinə görə bazarda fərqli qiymət dəyişiklikləri qeydə alınıb.

    2005-2010-cu il buraxılış avtomobillər arasında ən çox bahalaşan modellər Toyota Prius, Mercedes-Benz E-Class və Honda Civic olub. Bu kateqoriyada qiymətlər orta hesabla 1 000 manatdan 2 500 manata qədər yüksəlib. Əsas səbəb münasib qiymətə etibarlı avtomobil axtaran alıcıların artması olub.

    2011-2015-ci il buraxılış avtomobillərdə bahalaşma daha yüksək qeydə alınıb. Hyundai Sonata, Kia Optima, BMW 5 Series və Chevrolet Cruze modellərində qiymət artımı 2 000 manatdan 4 500 manata qədər dəyişib. Bu illərə aid avtomobillər həm komfort, həm də qiymət baxımından daha çox tələb görüb.

    2016-2020-ci il buraxılış avtomobillərdə artım əsasən hibrid və az yürüşlü modellərdə müşahidə olunub. Toyota Prius, Kia Cerato, Hyundai Elantra və Honda Insight kimi modellər 2 500 manatdan 5 000 manata qədər bahalaşıb.

    2021-2025-ci il yeni və nisbətən yeni avtomobillərdə isə qiymət artımı daha çox idxal xərcləri ilə bağlı olub. Hibrid və elektrik avtomobillərində qiymət fərqi 3 000 manatdan 7 000 manata qədər yüksəlib.

    Bazarda ən çox bahalaşan modellər sırasında Toyota Prius, Hyundai Sonata, Kia Optima, Mercedes-Benz E-Class, BMW 5 Series və Honda Civic xüsusi seçilib.

    Ekspertlərin fikrincə, bahalaşmanın əsas səbəbləri gömrük xərclərinin artması, idxalın azalması, ehtiyat hissələrinin bahalaşması və yay mövsümü öncəsi avtomobilə tələbin yüksəlməsi ilə əlaqədardır.

    Qeyd edək ki, 2026-cı ilin aprel ayında ən çox bahalaşma orta qiymətli, ekonom və hibrid avtomobillərdə müşahidə olunub.(Milli.az)

  • Azərbaycan-İran sərhəddində yeni keçid məntəqəsi istifadəyə veriləcək

    Azərbaycan-İran sərhəddində yeni keçid məntəqəsi istifadəyə veriləcək

    Azərbaycan-İran sərhəddində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək.

    Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov deyib.

    Komitə sədri bildirib ki, son illərdə Azərbaycanda bir sıra gömrük keçid məntəqələrində infrastruktur imkanları daha da müasirləşir:

    “Bu yaxınlarda İranla sərhəddə “Ağbənd” keçid məntəqəsi inşa olunacaq. İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq”.

  • Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcəklər

    Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcəklər

    24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.

    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minir.

    Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad edilirlər.

  • Bu məlumatları əvvəlcədən təqdim etməlisiniz

    Bu məlumatları əvvəlcədən təqdim etməlisiniz

    Gömrük yoxlanışına daxil olan maşınlar üçün təqdim olunan məlumatların siyahısı genişləndirilir.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

    Mövcud qanunvericiliyə görə, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir.

    Dəyişikliyə əsasən, məsul şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunanları da əvvəlcədən gömrük orqanına təqdim edəcək.

  • Bəzi gənclər əsgər getməmək üçün bu yollara üz tuturlar – AÇIQLAMA

    Bəzi gənclər əsgər getməmək üçün bu yollara üz tuturlar – AÇIQLAMA

    Son günlər hərbi təlim toplanışları ilə bağlı suallar və müzakirələr xeyli artıb. Xüsusilə çağırışa kimlərin çağırıldığı və kimlərin bu prosesdən azad olunduğu məsələsi cəmiyyətdə maraq doğurur.

    İddialara görə, bəzi şəxslər hərbi xidməti təxirə salmaq və ya yayınmaq məqsədilə müxtəlif yollara əl atırlar. Son dövrlərdə bəziləri hərbi xidmətdən yayınmaq üçün xarici təhsil şirkətləri vasitəsilə universitetlərə qeydiyyatdan keçərək tələbə statusu əldə edir. Lakin onların bir qisminin faktiki olaraq dərslərdə iştirak etmir.

    Median.Az xəbər verir ki, vəkil Babək Həmidov “Azxeber.com”a açıqlamasında deyib ki, rəsmi sənədlərin saxtalaşdırılması cinayət hesab olunur:

    “Rəsmi sənədlərin saxtalaşdırılması və onlardan istifadə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə qadağan olunur. Bu hal korrupsiya cinayəti hesab edilir. Mövcud vəziyyətdə, şəxsin hərbi xidmətdən yayınması məqsədilə saxta sənədlər hazırlayan şəxs, eləcə də həmin sənədin saxta olduğunu bilə-bilə onu aidiyyəti qurumlara təqdim edən şəxs qanun qarşısında məsuliyyət daşıyır”.

    Vəkil bildirib ki, hərbi xidmətdən yayınan şəxslər 6 ilə qədər azadlıqdan məhrum oluna bilər:

    “Bundan əlavə, hərbi xidmətdən boyun qaçırma halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, üzrlü səbəb olmadan həqiqi hərbi xidmətdən yayınan şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Belə hallarda məhkəmənin qərarı ilə şəxs iki ilədək azadlıqdan məhrum edilə bilər. Əgər bu əməl müharibə dövründə törədilərsə, bu hal ağırlaşdırıcı vəziyyət kimi qiymətləndirilir və həmin şəxs üç ildən altı ilədək azadlıqdan məhrum oluna bilər”.

    Təhsil eksperti Elmin Nuri “Azxeber.com”a açıqlamasında bildirib ki, bəzi şəxslər təhsildən birbaşa marketinq kimi istifadə edirlər:

    “Bəzi şəxslər təhsildən birbaşa marketinq istiqamətində istifadə etməyə çalışır. Hər bir sahədə menecment və marketinq fəaliyyəti ayıb deyil. Əksinə, bu proseslər qaydalara və hüquqi çərçivəyə uyğun həyata keçirilərsə, alqışlanmalıdır. Amma məsələ qeyri-loyal yanaşmalara gəlib çatdıqda, “qırmızı xətlər” keçildikdə, şəffaflıq və dürüstlük prinsipləri pozulduqda, artıq təhsil marketinqi də iflasa uğrayır”.

    O qeyd edib ki, bəzi xarici təhsil şirkətləri uzun illərdir qeyri-loyal fəaliyyətlə məşğuldurlar:

    “Bəzi xarici təhsil şirkətləri uzun illərdir qeyri-loyal fəaliyyətlə məşğuldurlar. Hüquqi dövlət olaraq müvafiq qurumlar bu istiqamətdə lazımi tədbirlər görürlər. Bu tip şirkətlər xeyli sayda abituriyenti və tələbə namizədlərini manipulyasiya edərək zaman-zaman aldadırlar. Vəziyyət əvvəlki olmasa da, yenə də bu cür şirkətlərə inanan valideynlər var.

    Hər il qəbul imtahanlarının nəticələri açıqlanandan sonra bəzi təhsil şirkətləri ortaya çıxır. Regionların birində cəmi bir neçə gün ərzində doqquza yaxın “təhsil şirkəti” fəaliyyətə başlayır. Bu rəqəmlər problemin miqyasını açıq şəkildə göstərir”.

    Ekspert bildirib ki, müəyyən qurumlar bu problemlərlə məşğul olurlar:

    “Təhsilin Keyfiyyət Təminatı Agentliyinin (TKTA) siyahısı mövcuddur. Həmin siyahıda ölkədə tanınan universitetlər yer alır. Elm və Təhsil Nazirliyinin rəsmi maarifləndirici materialları və videoları var. Lakin biz çox vaxt bunlara baxmadan qərar veririk və nəticədə aldanırıq. Bu aldanma isə abituriyentin, gələcək tələbənin taleyinə mənfi təsir göstərir. Bəzi gənclər yalnız tələbə adını almaq və ya hərbi xidməti gecikdirmək üçün bu cür “təhsil” yollarına üz tuturlar”.

  • Aprelin son günü hava necə olacaq?

    Aprelin son günü hava necə olacaq?

    Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 55-65 % təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

  • Bakıda yeni metro stansiyası təhlükəli ərazidə tikilir? – RƏSMİ AÇIQLAMA

    Bakıda yeni metro stansiyası təhlükəli ərazidə tikilir? – RƏSMİ AÇIQLAMA

    Vəkil Sahib Məmmədov Nizami stansiyasının yaxınlığında B-5 stansiyasının tikilməsinin təhlükəli, həmin ərazinin yeraltı suların aktiv zonası olduğunu iddia edib. Həmçinin bildirir ki, ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir.

    Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı Bənövşəyi xətdə yerləşəcək:

    “Əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır. Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli əsasında toplanmış məlumat bazası, simulyasiyalar da prioritet məsələlər sırasında bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini əyani nümayiş etdirib.

    Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı bu keçidlə “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək.

    Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib. Bu xüsusda “Nizami-28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb.

    Tunel və stansiya qazıntısında müasir texnologiyalar və üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib. “B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq”, – deyə qeyd olunub.