Category: Cəmiyyət

  • Xəzər akvatoriyasında balıq ovu dayandırılır

    Xəzər akvatoriyasında balıq ovu dayandırılır

    Xəzər dənizi akvatoriyasında 2026-cı il 1 may tarixindən balıq ovuna mövsümi qadağa tətbiq ediləcək.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsi məlumat yayıb.

    Bildirilib ki, mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.

    “Qadağa müddətində qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət tədbirləri mütəmadi davam etdiriləcəkdir”,-deyə məlumatda bildirilib.

  • Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını bağladı

    Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını bağladı

    Ermənistanın Noyemberyan icmasının bir neçə sərhəd kəndində, kənd inzibati binalarının içərisində bir neçə odlu silah saxlanılan anbarlar bağlanıb.

    Bu barədə Ermənistan mətbuatı yazıb.

    Qeyd olunub ki, bu anbarlar həmin kəndlərdə yaşayan sıravi vətəndaşların adına qeydiyyata alınmışdı. Hər kəndin dörd sakini maaş alaraq silah anbarında növbətçilik edirdi. Bir neçə gün əvvəl həmin silah anbarları bağlanıb və silahlar Noyemberyan hərbi hissəsinə aparılıb.
    //unikal.az

  • Gömrük 300 dollar limiti azaldacaq? – Generaldan AÇIQLAMA

    Gömrük 300 dollar limiti azaldacaq? – Generaldan AÇIQLAMA

    Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov xaricdən alış-veriş zamanı 300 dollar limitin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsin müzakirə zaman komitə sədri bildirib ki, bu məsələ nəzərdə tutulmayıb.

    O qeyd edib ki, ölkəmizdə elektron ticarətlə bağlı 300 dollar limit mövcuddur: “Limitin dəyişdirilməsi ilə bağlı məsələ yoxdur. Lakin qonşu ölkələrə baxsaq, vətəndaşların şəxsi istifadəsi üçün zəruri olan mallar üçün olan güzəştlər aradan qaldırılıb. Məsələn, Türkiyədə fevralın 1-dən güzəşt yoxdur. Amma bizim ölkədə 300 dollarlıq məbləğində güzəşt tətbiq olunur. Bizdə təxminən 1 milyondan çox insan elektron ticarətlə məşğuldur, 18 milyon isə bəyannamə olur. Əvvəl bəyannəmənin sayı az idi, indi say artır. Axı getdikcə rəqəmlər artır, bunun uçotunu yaratmaq lazımdır. Bəzən insanlar xaricdən aldıqları məhsulları ya aylara bölür gətirir, ya da müxtəlif insanların adına gətirir”.

  • Azərbaycana pirat və kontrafakt şübhəli malların buraxılışı DAYANDIRILACAQ

    Azərbaycana pirat və kontrafakt şübhəli malların buraxılışı DAYANDIRILACAQ

    Barəsindəki məlumatlar reyestrə daxil edilmiş tez xarab olan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə üç iş günü müddətinə dayandırılacaq.

    Sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Sənəddə qeyd olunub ki, müraciət edən şəxsin əsaslandırılmış səbəbi olduqda göstərilən müddət daha üç iş gününədək uzadılacaq.

  • Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayırlar

    Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayırlar

    Azərbaycan Respublikasında məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bu məqsədlə qəbul edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-30-cu illər üçün Konsepsiya” ekspertiza xidmətlərinin keyfiyyətinin artırılmasını, onların beynəlxalq standartlara uyğunlaşdırılmasını və institusional imkanların genişləndirilməsini nəzərdə tutur.

    Qeyd olunub ki, konsepsiyada xüsusi yer tutan istiqamətlərdən biri özəl məhkəmə ekspertizası institutunun tətbiqi və inkişafıdır. Bu institut məhkəmə ekspertizası sahəsində alternativliyi təmin etməklə yanaşı, xidmətlərə çıxış imkanlarını genişləndirəcək, işlərə baxılma müddətinin qısaldılmasına və məhkəmə proseslərinin daha operativ həyata keçirilməsinə töhfə verəcək.

    Məlumata əsasən, özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması rəqabətli mühitin formalaşmasına şərait yaradacaq. Bu isə ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların tətbiqinə və beynəlxalq təcrübənin daha effektiv inteqrasiyasına imkan verəcək.

    Nazirlikdən vurğulanıb ki, özəl məhkəmə ekspertləri ilə dövlət ekspertlərinin hüquq və vəzifələri, eləcə də məsuliyyəti eyni hüquqi çərçivə əsasında tənzimlənəcək. Bu yanaşma ekspert rəylərinin obyektivliyinin və qərəzsizliyinin təmin olunmasına xidmət edir.

    Diqqətə çatdırılıb ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinə əsasən, özəl məhkəmə eksperti olmaq istəyən şəxslər müvafiq ixtisas üzrə azı 10 illik iş təcrübəsinə malik olmalı və ya elmi dərəcə və ya beynəlxalq səviyyədə tanınmış sənədlərlə xüsusi biliklərini təsdiq etməlidirlər.

    Həmin beynəlxalq sənədlərin siyahısının Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 385 nömrəli qərarı ilə təsdiq edildiyi, siyahıda olmayan sənədlər üzrə isə əlavə qiymətləndirmənin mümkün olduğu qeyd edilib.

    Bildirilib ki, namizədlər üçün məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericilik, ekspert rəyinin hazırlanması qaydaları və etik davranış normalarını əhatə edən icbari təlim, həmçinin peşəkar hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə müsahibə mərhələsi nəzərdə tutulur.

    Qanuna uyğun olaraq, şəhadətnamə almış şəxslər barədə məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil ediləcək və yalnız bundan sonra onların ekspert kimi fəaliyyəti mümkün olacaq.

    Məlumatda o da vurğulanıb ki, fiziki və hüquqi şəxslər, eləcə də onların nümayəndələri qanunvericiliklə müəyyən edilmiş hallarda məhkəmə ekspertizasının aparılması üçün həm dövlət ekspertizası qurumlarına, həm də özəl ekspertlərə müraciət edə bilərlər. Bu xidmətlər tərəflər arasında bağlanan müqavilə əsasında və sifarişçinin vəsaiti hesabına həyata keçiriləcək.

    Qeyd edilib ki, müqavilə çərçivəsində ekspertlər bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıdıqları barədə məlumatlandırılırlar və bu hal onların imzası ilə təsdiqlənir.

    Nazirlikdən bildirilib ki, həyata keçirilən islahatların əsas məqsədi müasir, şəffaf, çevik və etibarlı məhkəmə ekspertizası sisteminin formalaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv təmin olunmasıdır.

    Sonda qeyd olunub ki, konsepsiyaya uyğun olaraq, artıq bu il özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılması nəzərdə tutulur və bu istiqamətdə mərhələli inkişaf, metodiki və təşkilati dəstək, həmçinin ictimai etimadın artırılması üçün kompleks tədbirlər həyata keçiriləcək.

  • Xaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİK

    Xaricdən gələn malların rəsmiləşdirilməsi ilə bağlı VACİB DƏYİŞİKLİK

    Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdiriləcək.

    Sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlər müvəqqəti saxlanc bəyannaməsi ilə birgə təqdim edilir.

    Müvəqqəti saxlanc bəyannaməsi nəzərdə tutulan şəxslərdən biri tərəfindən mallarla birlikdə gömrük orqanına təqdim edilməlidir.

    Müvəqqəti saxlancın tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat sənədləri, həmin məlumatların tamlığından asılı olaraq müvəqqəti saxlanc bəyannaməsi kimi qəbul ediləcək.

    Müvəqqəti saxlanc bəyannaməsindən aşağıdakı hallarda istifadə edilir:

    – barəsində məcburi qərar qəbul edilmiş malların gömrük ərazisinə gətirilməsinin təsdiq edilməsi zamanı;

    – müvəqqəti saxlancda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya təkrar ixrac edilməsi zamanı.

    Tranzit xüsusi gömrük proseduru altında daşınan xarici malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən müvəqqəti saxlanc bəyannaməsi kimi tranzit sənədi qəbul edilir. Tranzit xüsusi gömrük proseduru başa çatdıqdan sonra müvəqqəti saxlanc bəyannaməsi verilir.

  • Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək – TARİX AÇIQLANDI

    Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək – TARİX AÇIQLANDI

    Bakı Metropoliteni WUF13 dövründə gücləndirilmiş iş rejiminə keçəcək.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə uyğun olaraq metroda hərəkət qrafikinə zəruri düzəlişlər ediləcək, pik saatlarda isə intervallar minimuma endiriləcək.

    Qurumdan qeyd olunub ki, sərnişin axınının tənzimlənməsi məqsədilə bəzi stansiyalara əlavə işçi qüvvəsi və könüllülər cəlb ediləcək, eyni zamanda xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.

    Həmçinin forum müddətində Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platforma üzərindən koordinasiyalı fəaliyyət həyata keçiriləcək.

    Məlumatda o da vurğulanıb ki, tədbir günlərində metrodan ödənişsiz istifadə ilə bağlı qərarlar yalnız WUF13 Əməliyyat Şirkəti ilə birgə fəaliyyət çərçivəsində ictimaiyyətə açıqlanacaq.

  • Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

    Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

    Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 29-da saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

    Qeyd olunub ki, aprelin 29-da saat 09:15-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 32 946, II ixtisas qrupu üzrə 27 405, III ixtisas qrupu üzrə 27 543, IV ixtisas qrupu üzrə 6 403 olmaqla, ümumilikdə isə 94 297 abituriyent qeydiyyatdan keçib.

    İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

    Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

  • Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI

    Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI

    2025-ci il ərzində valideynlərinin soyadları fərqli olduğu halda Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ananın soyadı ilə qeydə alınan uşaqların sayı 185 nəfər təşkil edib.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, 2026-cı ilin ilk 3 ayı ərzində isə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 42 nəfər uşaq anasının soyadı ilə qeydə alınıb.

  • Kirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?

    Kirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?

    “Kirayə mənzillərlə bağlı bəzi cərimələr artırılıb. Belə ki, kirayə münasibətlərinə müqavilə bağlamadan daxil olmaq artıq inzibati məsuliyyət yaradır. Əvvəllər bu qaydanı pozanlara tətbiq olunan cərimə 30 manat idisə, hazırda bu məbləğ 300 manata qədər yüksəldilib”.

    Median.Az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

    Onun sözlərinə görə, bu addımın əsas məqsədi kirayə bazarında münasibətlərin rəsmiləşdirilməsi və şəffaflığın artırılmasıdır.

    “Eyni zamanda, bu qərar vergidən yayınma hallarının qarşısını almağa, daha çox şəxsin vergi sisteminə cəlb olunmasına xidmət edir. Bu isə ümumilikdə iqtisadiyyat üçün vacib hesab olunur və kirayə münasibətlərinin daha sivil, beynəlxalq standartlara uyğun qurulmasına şərait yaradır.

    Bu dəyişikliklərin qiymətlərə təsiri məsələsinə gəldikdə isə, ehtimal olunur ki, kirayə bazarında münasibətlər tam hüquqi çərçivəyə salındıqca qiymətlərdə artım müşahidə oluna bilər. Çünki ev sahibləri ödədikləri vergiləri və əlavə xərcləri kirayə haqqına daxil etməyə çalışacaqlar. Oxşar hallar digər ölkələrdə də müşahidə olunur”.

    Vüqar Oruc hesab edir ki, hazırda kirayədən əldə olunan illik gəlirin mənzilin ümumi dəyərinə nisbəti göstərir ki, bir mənzil təxminən 20-21 il ərzində öz dəyərini geri qaytarır:

    “Bu müddət bəzi digər ölkələrlə müqayisədə daha uzundur. Buna görə də kirayə qiymətlərində müəyyən artımın baş verməsi təbii sayılır.

    Bununla belə, yalnız cərimələrin artırılması və inzibati tədbirlərin sərtləşdirilməsi ilə problemi tam həll etmək çətin ola bilər. Daha effektiv yanaşma kimi vergi yükünün azaldılması göstərilir. Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.

    Təklif edirik ki, bu göstərici beş faiz səviyyəsinə salınsın. Bu halda ev sahibləri vergini daha rahat ödəyər, kirayə münasibətlərini gizlətməyə ehtiyac qalmaz və bu da qiymətlərə ciddi təzyiq yaratmaz”.