Category: Cəmiyyət

  • Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? – Ali Məhkəmədən mühüm qərar

    Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? – Ali Məhkəmədən mühüm qərar

    Azərbaycan Respublikasının Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib.

    İş materiallarına əsasən, təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub. Həmçinin onun hadisə yerini tərk etdiyi göstərilib. Eyni zamanda həmin şəxsin psixi pozuntudan əziyyət çəkməsi və əməlini dərk etmək və idarə etmək qabiliyyətində olmaması barədə məlumatlar iş materiallarında əksini tapıb. Apellyasiya instansiyası məhkəməsi sübutların kifayət etmədiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyini əsası ilə şəxsin barəsində bəraət hökmü çıxarıb.

    Məhkəmə işə baxarkən şahidlərin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin ifadələrini və digər sübutları müqayisəli şəkildə qiymətləndirib. Məhkəmə qərarında qeyd edilib ki, bəzi şahidlər hadisə zamanı avtomobilin kim tərəfindən idarə edilməsi, nəqliyyat vasitəsinin həyətdən çıxarılması və hadisədən sonrakı hərəkətlər barədə bir-birini tamamlayan, lakin eyni zamanda ziddiyyətli məzmunlu məlumatlar vermişlər. Xüsusilə telefon zəngləri və mobil operator məlumatlarında bəzi ifadələrin tam təsdiqlənmədiyi göstərilib, həmçinin təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspert rəyi qiymətləndirilib. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutların məcmusuna əsaslanaraq cinayəti törətmiş şəxsin düzgün müəyyən edilmədiyi barədə qənaətinə gəlib.

    Ali Məhkəmə isə iş materiallarını araşdıraraq ilk növbədə sübutetmə qaydaları və cinayət-prosessual qanunvericiliyin prinsiplərinə münasibət bildirməklə qeyd edib ki, təqdim olunan sübutlar məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hadisəni törətməsi ilə bağlı yaranmış şübhələri aradan qaldırmaq üçün kifayət etməyib. Kassasiya kollegiyası vurğulayıb ki, hər bir sübut ayrıca və bütün sübutlar məcmu halında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, ittihamın sübuta yetirilməsi üçün kifayət edən səviyyədə olmalıdır.

    Ali Məhkəmə xüsusi olaraq təqsirsizlik prezumpsiyası prinsipinə geniş yer ayıraraq qeyd edib ki, cinayət-prosessual qanunvericiliyə əsasən şəxsin təqsirli bilinməsi yalnız onun təqsiri qanunla müəyyən edilmiş qaydada tam və şübhəsiz sübuta yetirildiyi halda mümkündür. İttihamın sübuta yetirilməsi zamanı aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda isə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, konkret iş üzrə toplanmış sübutlar bu standartlara cavab vermədiyindən apellyasiya instansiyasının şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaəti mahiyyət etibarilə qanuni hesab oluna bilər.

    Bununla yanaşı, Ali Məhkəmə qeyd edib ki, iş ibtidai istintaq orqanı tərəfindən birinci instansiya məhkəməsinə ittiham aktı deyil, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərilib. Bu kateqoriyadan olan işlər üzrə məhkəmələr yalnız qanunla müəyyən edilmiş xüsusi prosedur çərçivəsində qərar qəbul etməlidirlər. Belə hallarda apellyasiya instansiyası məhkəməsi cinayət qanunu ilə qadağan olunmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin sübuta yetirilmədiyi qənaətinə gəldikdə bəraət hökmü çıxarmaq əvəzinə, cinayət işinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Bu yanaşma həm cinayət-prosessual qanunvericiliyin tələblərindən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” qərarında verilmiş izahlardan irəli gəlir.

    Beləliklə, Ali Məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunmuş və cinayət işi yenidən apellyasiya baxışına təyin olunub.

  • Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

    Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

    Azərbaycanın bu il aprelin 1-nə 4 milyard 689,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,1 %-i elə dollarda olub.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,1 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.

    Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,1 %-ni, sabit dərəcə ilə olanlar isə 50,9 %-ni təşkil edib.

    Xarici dövlət borcunun 59,2 %-i 5 ilə qədər olan müddətdə, 35,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

  • Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

    Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

    Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

  • Attestatlar elektron formada təqdim olunacaq

    Attestatlar elektron formada təqdim olunacaq

    Bu tədris ilindən etibarən attestatlar elektron formada təqdim olunacaq.

    Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

    O bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt onlayn əldə edə biləcəklər: “Bu, 300 minə yaxın şagirdi əhatə edəcək”.

  • Şimşək çaxacaq, dolu düşəcək – SABAHIN HAVASI

    Şimşək çaxacaq, dolu düşəcək – SABAHIN HAVASI

    Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.

  • Qotur göllə bağlı zəruri tədbirlər görüləcək

    Qotur göllə bağlı zəruri tədbirlər görüləcək

    Abşeron rayonun (Masazır, Qotur gölü) 12/26 saylı kanalizasiya nasos sistemində (KNS) nasos aqreqatları bərpa ediləcək.

    Bu barədə məlumat Azərbaycan Prezidentinin 2026-cı il 28 aprel tarixli Sərəncamına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında qeyd olunub.

    Məlumata əsasən, KNS-də idarəetmə paneli yuxarı səviyyəyə qaldırılacaq və digər zəruri tədbirlər görüləcək.

  • “3 yaşlı övladım dedi ki, barmağımı bağçada bibi yandırıb” – Video

    “3 yaşlı övladım dedi ki, barmağımı bağçada bibi yandırıb” – Video

    Bakıda üç yaşlı uşağın Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 saylı bağçada şiddətə məruz qaldığı iddia olunur.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, azyaşlının valideyni Aygün Adıgözəlova bağçanın tərbiyəçi-müəlliminin bıçağı qızdıraraq uşağın əl nahiyəsinə – barmağına toxundurduğunu bildirib. Onun sözlərinə görə, buna səbəb uşağın çirklənmiş bezini təmizləməsini müəllimdən xahiş etməsi olub.

    “Oktyabr ayında uşağın yaxasının cırıldığını gördüm. Ondan soruşdum, İlahə müəllimin şəklini göstərdi. Özünə zəng edib xəbərdarlıq etmişdim”, – valideyn deyib.

    A.Adıgözəlova qeyd edib ki, ötən ilin oktyabrında baş verən hadisə ilə bağlı körpələr evi – uşaq bağçasının müdiriyyətinə müraciət etməyib. O, övladının bu il aprelin 8-də bağçanın tərbiyəçi-müəllimi İlahə Qarayeva tərəfindən yenidən şiddətə məruz qaldığını iddia edib: “Gördüm ki, əlində yara izi var. Uşaqdan soruşduğum zaman dedi ki, “bağçada bibi yandırıb”. Övladım bildirdi ki, “pampers”ini təmizləməsini istədiyi üçün müəllim onu döyüb. Ağladığı zaman susması üçün üstünə qışqırıb. Susmadığı üçün isə bıçağı mətbəxdə qızdıraraq əlinə basıb”.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən uşaq bağçasında azyaşlıya xəsarət yetirilməsi iddiası ilə bağlı polisə məlumat daxil olub. Xəsarətin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir.

  • Zəngdən sonra kartından pul çıxarıldı və adına 2 kredit rəsmiləşdirildi – Video

    Zəngdən sonra kartından pul çıxarıldı və adına 2 kredit rəsmiləşdirildi – Video

    Bir telefon zəngi paytax sakini üçün maddi zərərlə nəticələnib… Bir dəfə kartından pul çıxarılıb, iki dəfə də adına kredit götürüblər…

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, hadisə Habil İsmayılovun başına gəlib. Zərərçəkmiş deyir ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslər onunla əlaqə saxlayıb və müəyyən yönləndirmələrdən sonra bank kartına müdaxilə ediblər. Hadisə ayın əvvəlində baş verib.

    Təfərrüatları öyrənmək üçün Habil İsmayılov sabahı gün banka gedib. Araşdırma aparılarkən ona bildiriblər ki, 50 manat və 23 manat pul başqa kartlara yüklənib. Hələ üstəgəl onun adına onlayn formada kredit də rəsmiləşdirilib.

    Habil İsmayılov başına gələnlərlə bağlı ərazi üzrə Xəzər rayon 3-cü polis bölməsinə də müraciət edib. Amma kiberdələduzlar bununla da kifayətlənməyib onun adına növbəti dəfə onlayn formada kredit kartı sifariş veriblər. Amma onlar şifrəni üç dəfə səhv yazdıqları üçün kart bloklanıb. Habil İsmayılov təkrar banka gedib və adına olan bütün bank kartlarını blokladıb. Zərərçəkmiş kiberdələduzların aşkar olunmasını və ona dəymiş zərərin ödənilməsini istəyir.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirdi ki, hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

  • Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

    Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

    Bakıda baş tutacaq Beynəlxalq Xalça Festivalı ilə əlaqədar İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

    Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

    Bildirilib ki, 1-3 may tarixlərində qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.

  • Sosial şəbəkələrdə uşaq alveri: Azərbaycanda surroqat analıq üçün 30 000 manata qədər təklif edirlər

    Sosial şəbəkələrdə uşaq alveri: Azərbaycanda surroqat analıq üçün 30 000 manata qədər təklif edirlər

    Son vaxtlar Azərbaycanın sosial şəbəkə seqmentində, xüsusilə Instagram-da surroqat ana axtarışı ilə bağlı elanların sayı artıb. 20-39 yaş arası qadınlara genetik olaraq onlara aid olmayan uşağı daşımaq üçün 30 000 manata qədər ödəniş təklif olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir: bu fəaliyyət Azərbaycanda qanunsuzdur və böyük risklər daşıyır.

    Ginekoloq Rena Həsənəliyeva tibbi əks-göstərişlərə və prosesin psixoloji çətinliyinə diqqət çəkir.

    Median.az xəbər verir ki, “Surroqat analıq 18 yaşdan kiçik və 40 yaşdan böyük qadınlar üçün yolverilməzdir — bu, böyük riskdir. Xroniki xəstəliklər, yüksək təzyiq, artıq çəki — bunların hamısı risk faktorlarıdır. Bundan əlavə, maliyyə tərəfi cinayət nəticələrinə gətirib çıxara bilər. Amma ən çətin məqam psixoloji tərəfdir: doqquz ay uşağı daşıyıb, doğuşdan sonra onu vermək. Bu, çox ağır addımdır”, — deyə həkim qeyd edir.

    Hüquqşünas Ellada Bayramova vurğulayır ki, Azərbaycan qanunvericiliyi surroqat analığa icazə vermir və bu cür razılaşmaları qanunsuz edir.
    “Bu prosesin ölkə ərazisində təşkili, vasitəçilik və qadınların sosial şəbəkələr vasitəsilə cəlb edilməsi hüquqi məsuliyyət yaradır. Belə əməliyyatların həyata keçirilməsi lisenziyasız tibbi fəaliyyət kimi qiymətləndirilə bilər ki, bu da həm inzibati, həm də cinayət məsuliyyəti doğurur”, — deyə hüquqşünas izah edib.

    Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrafil­li xəbərdarlıq edib ki, bu cür hallar insan alveri ilə mübarizə kontekstində qiymətləndirilə bilər.

    “Qadınların surroqat (daşıyıcı) ana kimi istifadə olunması insan alverinin predmeti ola bilər və bu, ciddi cinayət məsuliyyəti yaradır. Polis insanın istismarına gətirib çıxaran hüquq pozuntularına qarşı mübarizə tədbirlərini davam etdirir. Vətəndaşları internetdə bu cür xidmətlər üçün yüksək məbləğlər təklif edən elanlara inanmamağa və qanunla qadağan olunmuş hərəkətlərdən çəkinməyə çağırırıq”, — deyə DİN nümayəndəsi bildirib.
    Hazırda ölkə daxilində surroqat analardan istifadə ilə bağlı rəsmi hallar qeydə alınmayıb, çünki qadağaya görə bu cür prosedurlar daha çox qonşu ölkələrdə həyata keçirilməyə çalışılır. Buna baxmayaraq, hüquq-mühafizə orqanları və həkimlər ayıq-sayıq olmağa çağırır.

    Daha ətraflı — ATV Xəbər-in süjetində: