Category: Cəmiyyət

  • Niyə yeni dil öyrənmək çətindir? – Mütəxəssisdən əsas səbəblərin izahı

    Niyə yeni dil öyrənmək çətindir? – Mütəxəssisdən əsas səbəblərin izahı

    “Xarici dil mənimsəyərkən insanların qarşılaşdığı ən böyük əngəllər əsassız dərəcədə yüksək gözləntilər və səhv etmək qorxusudur”.

    Bu barədə NEWS.ru-ya müsahibəsində rusiyalı tərcüməçi və italyan dili müəllimi Lyudmila Şerbinina danışıb.

    Mütəxəssis bildirir ki, əksəriyyət bu prosesə böyük coşqu ilə başlasa da, uzunmüddətli təlimin reallıqları ilə üzləşdikdə qısa zamanda həvəsdən düşür. L.Şerbininanın sözlərinə görə, “Üç ay ərzində sərbəst danışacağam” kimi yanaşmalar çox vaxt gözləntilərin qarşılanmaması ilə nəticələnir. Ekspert vurğulayır ki, yeni dil mənimsəmək ani nəticə vermir, bunun üçün kifayət qədər vaxt və sistemli yanaşma tələb olunur.

    Müəllim digər ciddi çatışmazlıq kimi nizamsız təhsil prosesini – konkret bir sistemə əsaslanmadan fərqli tətbiqlər, kurslar və videodərslər arasında dolaşmağı göstərib. Belə hallarda tədris ardıcıllığını itirir. O, davamlılıq hər zaman ilhamdan daha vacibdir deyə qeyd edib.

    Tərcüməçi, həmçinin yanlış ifadələr işlətmək qorxusunun yaratdığı psixoloji səddə toxunub. O vurğulayıb ki, səhvlər təlimin normal bir hissəsidir, lakin böyüklərin çoxu kənardan savadsız və ya bacarıqsız təsir bağışlamaqdan çəkinir.

    İnkişafı ləngidən digər səbəblər sırasında mütəxəssis vaxt azlığını və dil praktikasının çatışmazlığını da qeyd edib. Gündəlik rejim olmadıqda öyrənmə prosesi tez bir zamanda dayanır. Ekspert inanır ki, təlimin səmərəliliyi insanın “istedadından” daha çox, seçilən metodikadan və dərslərin davamlılığından asılıdır.

  • Məşhur ticarət mərkəzi BAĞLANIR? – Video

    Məşhur ticarət mərkəzi BAĞLANIR? – Video

    Bakının Nizami rayonunda yerləşən “Lotos” ticarət mərkəzində bir neçə sahibkar mağazasını bağlayıb.

    Median.Az “Azad Azərbaycan” TV-yə istinadən xəbər verir ki, mağazaların bağlanmasına səbəb kimi aylıq kirayə haqlarının artırılması iddia olunur.

    Vəziyyətdən şikayətlənən sahibkarlardan biri durğunluğu belə izah edib: “Alver çox zəifdir. Əvvəl alver olurdu, icarə pulu çıxırdı. “Temu”, “Trendyol” var deyə artıq alver ölüb”.

    Digər bir sahibkar isə gəlirlərinin kəskin azaldığını vurğulayıb: “Dəhşət dərəcədə zəifdir. Gün ərzində cəmi 30-50 manatlıq alver edirik. Yerpulunu qətiyyən çıxara bilmirik. Ödəniş artmayıb, sadəcə işləyə bilmirik”.

    Məsələ ilə bağlı “Lotos” ticarət mərkəzinin əməkdaşı İlkin Abbasov bildirib ki, dünən mağazasını açmayan bir neçə sahibkarla artıq danışıqlar aparılıb:

    “Lotos” ticarət mərkəzi üzrə altı il ərzində heç bir qiymət artımı olmayıb. Məlumat daxil olan kimi sahibkarları qəbul edib, onlarla fikir mübadiləsi aparmışıq. “Lotos” ticarət mərkəzi olaraq çalışacağıq ki, gələcəkdə də əlimizdən gələn köməyi sahibkarlara göstərək”.

    İlkin Abbasov, həmçinin bildirib ki, hazırda bütün mağazalar öz fəaliyyətlərini davam etdirirlər.

  • Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

    Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

    “Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq”.

    Bu fikirləri Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.

    O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyata keçirilən işlər nəticəsində ölkənin 79 şəhərinin 68-nin yeni baş planı təsdiq edilib:

    “Qalan 11 şəhərin baş planının yenilənməsi istiqamətində işlər davam etdirilir. Yenilənmiş baş planların mövcudluğu şəhərlərin inkişafının proqnozlaşdırıla bilər müstəviyə çıxarır, investisiya cəlbediciliyi yaradır”.

  • “Bəzi dərmanları qəbul etdikdən sonra sükan arxasına əyləşmək olmaz” – Video

    “Bəzi dərmanları qəbul etdikdən sonra sükan arxasına əyləşmək olmaz” – Video

    Bəzi dərmanları qəbul etdikdən sonra avtomobilin sükanı arxasına əyləşmək olmaz.

    Median.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bunu tibb məsələləri üzrə ekspert Adil Qeybulla deyib.

    O bildirib ki, bəzi peraparatların qəbulu sərxoşluq təəssüratı yarada bilər.

    Bəs müalicə məqsədilə belə dərmanlar qəbul edilərsə, sürücü nə etməlidir? Həkimin sözlərinə görə, həmin dərmanlar mütləq reseptlərdə qeyd edilməlidir.

    Adil Qeybulla əlavə edib ki, bəzi dərmanların həkim nəzarəti olmadan, özbaşına qəbulu da ciddi sağlamlıq riskləri yarada və həyat üçün təhlükəli nəticələrə səbəb ola bilər.

  • “3000 manata qədərdirsə…” — Borc verənlərin nəzərinə

    “3000 manata qədərdirsə…” — Borc verənlərin nəzərinə

    Fiziki şəxslər arasında pul borcunun, o cümlədən faizlə verilməsinin artması bu münasibətlərin hüquqi tərəfləri ilə bağlı sualları da gündəmə gətirir. Əsas sual isə ondan ibarətdir ki, rəsmi müqavilə olmadan həyata keçirilən borc münasibətləri hansı riskləri yaradır və vətəndaşlar öz hüquqlarını necə qoruya bilərlər.

    Median.Az xəbər verir ki, Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, fiziki şəxslər arasında faizlə borc vermək qanunla qadağan edilməsə də, rəsmi müqavilənin olmaması həm borc verən, həm də borc alan üçün ciddi hüquqi risklər yaradır.

    “Əsas risk ondan ibarətdir ki, yazılı sənəd olmadıqda pulun verilməsi faktını və razılaşdırılmış faiz dərəcəsini məhkəmədə sübut etmək çox çətinləşir. Azərbaycan qanunvericiliyinə görə, məbləğ 3,000 manatdan yuxarıdırsa, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Əks halda, mübahisə yarandıqda tərəflər şahid ifadələrinə əsaslana bilməzlər. Şifahi razılaşmalar zamanı borclunun pulu aldığını inkar etməsi və ya faiz miqdarı ilə bağlı yalan danışması pulun geri alınmasını qeyri-mümkün edə bilər”.

    Vəkil bildirib ki,vətəndaşlar öz hüquqlarını qorumaq üçün ilk növbədə borc münasibətlərini notarial qaydada təsdiq olunmuş müqavilə ilə rəsmiləşdirməlidirlər.

    “Bu, ən təhlükəsiz yoldur, çünki notarius tərəfindən təsdiq edilmiş sənəd birbaşa icra sənədi kimi çıxış edə bilər. Əgər notariusa getmək mümkün deyilsə, ən azı borc alan şəxsin öz xətti ilə yazdığı və imzaladığı iltizamnamə (kvitansiya) alınmalıdır. Həmçinin, pulu nağd deyil, bank hesabı vasitəsilə köçürmək və təyinat bölməsində “borc verilir” sözlərini yazmaq gələcəkdə ən güclü sübutlardan biri hesab olunur. Unutmaq olmaz ki, yazılı sənəd və ya bank çıxarışı olmadıqda, hüquqi müstəvidə haqlı olduğunuzu sübut etmək çox vaxt itkisinə və maddi zərərə yol aça bilər”.

    Hüquqlarını qorumaq istəyən vətəndaşlara borc münasibətlərini mütləq notarial qaydada rəsmiləşdirmək tövsiyə olunur. Bu üsul ən etibarlı yol sayılır, çünki notariusun təsdiq etdiyi sənəd birbaşa icra sənədi rolunu oynayır. Əgər notariusa getmək imkanı yoxdursa, borc alan şəxsin öz xətti ilə yazdığı və imzaladığı iltizamnamə alınmalıdır.

    Bundan əlavə, vəkil vətəndaşlara pulu nağd deyil, bank hesabı vasitəsilə köçürməyi məsləhət görür. Köçürmə zamanı təyinat bölməsində “borc verilir” qeydinin yazılması gələcəkdə ən güclü sübutlardan biri kimi qəbul edilir. Yazılı sənəd və ya bank çıxarışı olmadığı təqdirdə, hüquqi müstəvidə haqlılığı sübut etmək həm vaxt itkisinə, həm də maddi zərərə səbəb olur.

    Qısası, birinə borc verərkən şifahi razılaşmaya güvənmək gələcəkdə pulunuzu itirməyinizə səbəb ola bilər, buna görə də hər şeyi kağız üzərinə köçürmək və ya bank vasitəsilə göndərmək şərtdir.

  • Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır – Video

    Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır – Video

    Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır. Bu xəritələrin məqsədi ərazilər üzrə seysmik risk səviyyəsini daha dəqiq müəyyənləşdirmək, xüsusilə sıx məskunlaşan zonalarda tikinti və şəhərsalma qərarlarının elmi əsaslarla verilməsinə imkan yaratmaqdır.

    Median.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə məlumat verən fövqəladə hallar nazirinin müavini Adil Abdullayev bildirib ki, tikinti aparılacaq ərazilərin seysmik vəziyyəti əvvəlcədən qiymətləndirilməlidir.

    Yeni xəritələr yalnız ehtimal olunan zəlzələ ocaqlarını deyil, həm də ərazinin tikinti üçün nə dərəcədə həssas olduğunu göstərməyə xidmət edəcək. Bu isə gələcəkdə binaların layihələndirilməsi, infrastrukturun planlaşdırılması və riskli zonalarda tikintiyə nəzarət baxımından mühüm əhəmiyyət daşıyır.

    Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələni əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hazırkı müşahidələrə əsasən, ölkə ərazisində dağıdıcı gücə malik zəlzələ gözlənilmir.

    Mütəxəssislərin fikrincə, xırda yeraltı təkanların qeydə alınması seysmik proseslərin izlənməsi baxımından normal haldır. Əsas məsələ bu məlumatların davamlı təhlil edilməsi, riskli ərazilərin xəritələşdirilməsi və tikinti normalarında həmin göstəricilərin nəzərə alınmasıdır.

  • Toyuq paketlərindəki gizli TƏHLÜKƏ – Video

    Toyuq paketlərindəki gizli TƏHLÜKƏ – Video

    Marketlərdən toyuq məhsulları alarkən bir çox istehlakçının diqqət yetirmədiyi bəzi məqamlar ciddi sağlamlıq təhlükələrinə yol aça bilər. Məsələn, paketlərin dibində görünən çəhrayı və ya qırmızımtıl maye, əslində, toyuğun təbii protein strukturundan sızan sudur. Lakin bu suyun miqdarı və rəngi məhsulun saxlanma şəraiti haqqında kritik məlumatlar verir.

    Bu barədə Baku TV-nin videomaterialında deyilir.

    Qida üzrə mütəxəssis Məhsəti Hüseynova mövzu ilə bağlı mühüm məqamları vurğulayıb: “Paket zədələnməmiş olmalı, üzərində hər hansı şişkinlik müşahidə edilməməlidir. Xüsusilə məhsulun üzərində qalın buz örtüyü varsa, bu onun donunun dəfələrlə açılıb yenidən dondurulduğunun göstəricisidir. Bəzən toyuğun alt hissəsində çəhrayı rəngli maddə və ya buz olur ki, bunu çox vaxt qanla qarışdırırlar. Bu, əslində, mioqlobin zülalıdır. Əgər maye az miqdardadırsa və kənar qoxu yoxdursa, zərərli deyil. Lakin həmin qat daha qalın və tünd rəngdədirsə, turşumuş qoxu verirsə və yaxud toyuğun üzərində çəhrayı, sarımtıl ləkələr varsa, bu, məhsulun köhnə olmasından xəbər verir”.

    Mütəxəssislər ət, süd, balıq və toyuq məhsulları alarkən ehtiyatlı olmağı, məhsulların qoxusuna və görünüşünə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Həmçinin dondurulmuş qidaların soyuducudan çıxarıldıqdan sonra uzun müddət saxlanılmaması barədə xəbərdarlıq edilir.

  • Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək

    Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək

    Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarına gömrük baxışı ilə bağlı qaydalar dəyişir.

    Bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

    Dəyişikliyə əsasən, artıq xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından keçiriləcək.

  • Dördüncü kurs tələbəsi dünyasını dəyişdi

    Dördüncü kurs tələbəsi dünyasını dəyişdi

    Odlar Yurdu Universitetinin tələbəsi dünyasını dəyişib.

    Bu barədə universitetin feysbuk səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, mühasibat ixtisası, IV kurs tələbəsi Quliyev Əli Əlipənah oğlu vəfat edib.

    Onun ölüm səbəbi açıqlanmayıb.

  • AzMİU-da yanğın olub? – Rəsmi açıqlama

    AzMİU-da yanğın olub? – Rəsmi açıqlama

    “Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanğın hadisəsi baş verib”.

    Bunu “Unikal”a açıqlamasında AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev deyib.

    Onun sözlərinə görə, əraziyə dərhal FHN qüvvələri cəlb olunub:

    “Yanğın hadisəsi universitetin 1 saylı tədris binasının yaxınlığında, həyətdə qeydə alınıb. Yanğının tüstüsü 1 saylı tədris binasında hiss olunub. Buna görə də tədris binasında olan bütün tələbələr və əməkdaşlar təcili olaraq təxliyə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları tərəfindən söndürülüb, ərazi nəzarətə götürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəblərinin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür”.