Category: Cəmiyyət

  • Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma var? – Rəsmi

    Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma var? – Rəsmi

    Azərbaycanda müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    Bildirilib ki, həmçinin ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.

    Qeyd edək ki, aprelin 6-10-da respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib.

    Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 34 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində və 4 rayonun (şəhər) 72 ailə təsərrüfatında müxtəlif növ ev quşlarından laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.

  • Gürcüstanda 55 əcnəbi saxlanıldı – Aralarında Azərbaycan vətəndaşları da var

    Gürcüstanda 55 əcnəbi saxlanıldı – Aralarında Azərbaycan vətəndaşları da var

    Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 55 xarici vətəndaşı saxlayıb.

    Bu barədə Gürcüstan DİN məlumat yayıb.

    Bildirilib ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot-d’İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları saxlanılıblar.

    Xəbərdə bildirilir ki, araşdırmalar zamanı həmin şəxslərin Gürcüstanda qanunsuz yaşadıqları müəyyənləşib. Onların yaşayış yerlərində axtarışlar aparılıb, iş yerləri də yoxlanılıb.

    Bütün saxlanılanlar müvəqqəti saxlama mərkəzinə aparılıb, onların deportasiyası ilə bağlı müvafiq proseduralar davam etdirilir.

  • İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

    İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

    Bu barədə DİM məlumat yayıb.

    “İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar. Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir”, – məlumatda qeyd edilib.

    Bildirilib ki, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.

  • Amnistiya aktının icrası BAŞA ÇATDI – Qərar neçə şəxsə şamil edildi?

    Amnistiya aktının icrası BAŞA ÇATDI – Qərar neçə şəxsə şamil edildi?

    Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib.

    Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22 935 şəxsə şamil edilib.

    Amnistiya tətbiq olunan şəxslərin 5 348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad olunub. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 555 nəfərin cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

    Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9 714 şəxsə də amnistiya tətbiq edilib. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 970, islah işləri cəzasına məhkum olunmuş 734, ictimai işlər cəzasına məhkum edilmiş 82, cərimə cəzasına məhkum edilmiş 741, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 175, intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş 12 şəxs bu cəzalardan azad edilib. Eyni zamanda şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 1 059 məhkum barəsində də amnistiya tətbiq olunub.

    Həmçinin məhkəmələrin icraatında olan işlər üzrə 1 676, ibtidai istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə isə 1 583 olmaqla, ümumilikdə 3 259 şəxs cinayət məsuliyyətindən azad edilib.

    Qeyd edək ki, 1996-cı ildən etibarən ümumilikdə qəbul edilmiş 13 amnistiya aktı dövlətin cəza siyasətində humanizmə, insan hüquqlarının daha səmərəli təminatına, sosial ədalətə, eləcə də bərpaedici yanaşmalara üstünlük verdiyini bir daha nümayiş etdirir.

  • Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI

    Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI

    Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyi (ADESA) məlumat yayıb.

    Bildirilib ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyunda daha artıq su daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 apreldən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kubmetr, 17 apreldən isə 700 kubmetr su buraxılması qərara alınıb.

    Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su artıb, həmçinin yağıntı səbəbi ilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb və nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının su basma faktları qeydə alınıb.

    “Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə agentliyin tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunublar, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

    Ölkədə su ehtiyatından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 23 apreldə keçirilmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

    24 apreldən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır, əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir”, – məlumat qeyd olunub.

  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

    Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik

    2026-cı ilin iyun ayının 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim edilmə qaydası dəyişir. Sözügedən tarixdən vətəndaşlar xaricdən alınan bağlamaları bəyan edərkən, identifikasiya nömrəsi (FİN kod və parol) ilə sistemə daxil olmaq kifayət etməyəcək və xidmət yalnız elektron imza vasitəsilə əlçatan olacaq.

    Bununla bağlı Dövlət Gömrük Komitəsi vətəndaşlara xəbərdarlıq göndərib. Bildirilir ki, xidmətdən istifadə etmək üçün vətəndaşlar Asan İmza, SİMA və ya MYGOV/QR vasitəsilə sistemə daxil olmalıdırlar.

    Hazırda xaricdən bağlamalar sifariş etdikdə vətəndaşlar e.customs.gov.az saytına və ya “Smart Customs” mobil tətbiqinə FİN kodu və parol ilə daxil olur, bağlamaya aid məlumatları doldurur və bəyannaməni təsdiqləyirlər. Mətbuatda “Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri yazmaq mümkün olmayacaq” başlıqlı xəbərlər bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb, bundan sonra xaricdən mal sifariş etməyin çətin olacağından narahatdırlar. Üstəlik, son zamanlar xaricdən sifariş edilən məhsulların gömrükdə saxlanılması ilə bağlı xəbərlərin fonunda bu qayda elektron ticarət həvəskarlarını təşvişə salıb.

    Maraqlıdır, bu yeniliyin tətbiq edilməsi zərurəti haradan qaynaqlanır?

    Median.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

    “SİMA-nın tətbiqi xüsusi texniki bilik tələb etmir”

    İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən “Kaspi” qəzetinə bildirilib ki, bu dəyişikliklər çərçivəsində vətəndaşların elektron xidmətlərdən daha təhlükəsiz və rahat istifadə etməsi məqsədilə yeni identifikasiya vasitələrinə keçid həyata keçirilir: “Bu baxımdan, vətəndaşlarımızı məlumatlandırmaq, maarifləndirmək və prosesə hazırlamaq məqsədilə bildiririk ki, 1 iyun 2026-cı il tarixinədək hər bir istifadəçi SİMA rəqəmsal imzanı smart mobil cihazına yükləməli və ondan istifadə qaydaları ilə tanış olmalıdır. Qeyd etmək istərdik ki, SİMA gündəlik istifadə üçün nəzərdə tutulmuş, sadə və təhlükəsiz identifikasiya vasitəsidir. Onun tətbiqi xüsusi texniki bilik tələb etmir. Bir daha vətəndaşlarımızı Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən bu zəruri və mütərəqqi dəyişikliyə anlayışla yanaşmağa və vaxtında hazırlıq görməyə çağırırıq”.

    “Bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısı alınır”

    Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, dəyişiklik xidmətin təhlükəsizliyini artırmaq, əməliyyatların düzgün və sürətli həyata keçirilməsini təmin etmək və vətəndaşların elektron imza vasitəsilə daha etibarlı giriş imkanına malik olmalarını təmin etmək məqsədi daşıyır. Başqa sözlə, məqsəd həm xidmətin rəqəmsal təhlükəsizliyini gücləndirmək, həm də bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısını almaqdır.

    “FİN və parol modeli kibertəhlükəsizlik tələblərinə tam cavab vermir”

    İKT üzrə ekspert Asim Namazov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, elektron ticarət bəyannamələrinin FİN və parol vasitəsilə deyil, yalnız gücləndirilmiş elektron identifikasiya üsulları – Asan imza, SİMA və MYGOV/QR üzərindən həyata keçirilməsi dövlətin rəqəmsal təhlükəsizlik və etibarlılıq siyasətinin məntiqi davamıdır: “Bu dəyişiklik ilk növbədə istifadəçi identifikasiyasının daha güclü və etibarlı mexanizmlərlə təmin olunmasına, eyni zamanda elektron ticarət əməliyyatlarında saxtakarlıq, üçüncü şəxslərin müdaxiləsi və məlumat sızması risklərinin azaldılmasına xidmət edir. FİN və parol modeli artıq müasir kibertəhlükəsizlik tələblərinə tam cavab vermir və bir çox ölkələr bu üsuldan mərhələli şəkildə imtina ediblər”.

    “İmza sahibinin məsuliyyəti dəqiq müəyyən edilir”

    Mütəxəssis bildirir ki, digər mühüm məqam ondan ibarətdir ki, Asan imza və SİMA kimi həllər hüquqi baxımdan imza sahibinin məsuliyyətini dəqiq müəyyən edir: “Bu isə gömrük bəyannamələrinin hüquqi qüvvəsini gücləndirir və mübahisəli halların sayını azaldır. Xüsusilə elektron ticarətin sürətlə artdığı bir dövrdə bu, sistemin dayanıqlılığı üçün vacib amildir. Bununla yanaşı, keçid dövründə vətəndaşların və kiçik sahibkarların məlumatlandırılması və adaptasiyası xüsusi diqqət tələb edir. Texnologiya baxımından hazır olmayan istifadəçilər üçün bu dəyişiklik ilkin mərhələdə çətinlik yarada bilər. Odur ki, Dövlət Gömrük Komitəsinin indidən xəbərdarlıq etməsi və elektron imza əldə olunmasını tövsiyə etməsi düzgün və vaxtında atılmış addımdır”.

    Vətəndaşlar gömrükdə gecikmələrin qarşısını almaq üçün…

    A.Namazovun sözlərinə görə, bu addım gömrük xidmətlərinin daha təhlükəsiz, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Vətəndaşlar isə gecikmələrin və texniki problemlərin qarşısını almaq üçün 2026-cı il iyunun 1-dən əvvəl müvafiq elektron imza vasitələrini əldə etməlidirlər.

    Sosial şəbəkə hesablarında iddia olunur ki, dəyişikliklərin əsas səbəblərindən biri bəzi sahibkarların yaşlı insanların və ya qohumlarının FİN kodunu və şifrəsini əldə edərək onların adından külli miqdarda sifarişlər verməsidir. Bu hallarda məhsullar faktiki olaraq kommersiya məqsədilə alınsa da, fiziki şəxslərin adına rəsmiləşdirildiyi üçün müəyyən güzəştlərdən sui-istifadə edilir. Bu isə həm sistemdə şəffaflıq problemləri yaradır, həm də fərdi idxal limitlərinin aşılmasına səbəb olur. Yəni, iyundan etibarən, hər bir şəxs yalnız öz adına olan məhsulu bəyan edəcək.

    Vətəndaşlara tövsiyə olunur ki, iyun ayına qədər Asan İmza və ya SİMA elektron imzasını əldə etsinlər ki, malların bəyan edilməsində hər hansı çətinlik yaranmasın. Bu, xüsusilə xaricdən tez-tez sifariş verən şəxslər üçün vacibdir.

  • Əslən Bakıdan olan məşhur aktyor vəfat etdi

    Əslən Bakıdan olan məşhur aktyor vəfat etdi

    Rusiyanın Əməkdar artisti, rejissor və aktyor Lev Şimelov 97 yaşında vəfat edib.

    Bu barədə kino-teatr.ru portalı məlumat yayıb.

    Bildirilir ki, Lev Pavloviç Şimelov 24 aprel 2026-cı ildə axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

    Lev Şimelov 1930-cu ildə Bakıda anadan olub. O, səhnə fəaliyyətinə 1952-ci ildə başlayıb, Azərbaycan caz orkestrində konfransye kimi çıxış edib. Daha sonra Moskva müzik-hollunda işləyib, “Moskonsert”in artisti olub və paytaxt estradasının ən tanınmış konfransyelərindən birinə çevrilib.

    Aktyor məşhur sovet cizgi filmi olan “Plastilin qarğa”nı səsləndirən sənətçilərdən biri idi. Şimelov həmçinin bir sıra filmlərdə rol alıb. 1979-cu ildən etibarən məşhur uşaq verilişi “Radionyanya”nın aparıcısı olub. O, Lyubov Poliçuk ilə birlikdə “On, ona i sport” proqramı da daxil olmaqla bir neçə layihəyə rejissorluq edib.

    1990-cı ildə Lev Şimelova RSFSR-in Əməkdar artisti fəxri adı verilib. 2024-cü ildə isə onun haqqında “Lev Şimelov. Konfransye” adlı sənədli film çəkilib.

  • Sabiq icra başçısı vəfat etdi – FOTO

    Sabiq icra başçısı vəfat etdi – FOTO

    Bərdə və Tərtər rayonlarında rəhbər vəzifələrdə çalışmış Elman Allahverdiyev vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Qeyd edək ki, E.Allahverdiyev 1994-1996-cı illərdə Tərtər rayonunun, 1996-2006-cı illərdə isə Bərdənin icra başçısı olub.

  • Polşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı? – Video

    Polşalı qadından sumqayıtlı sevgilisinə ağır ittihamlar: 25 min dollar necə yoxa çıxdı? – Video

    Ölkəmizə turist kimi gələn qadın Azərbaycan vətəndaşı ilə tanış olub.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, iddialara görə, həmin şəxs qadının 25 min dollarını mənimsəyib. Əslən Polşadan olan Olqa Çernovska 2024-cü ildə Azərbaycana istirahət üçün gəldiyi zaman Rəşxan adlı şəxslə tanış olub. Onların arasında münasibət yaranıb. Daha sonra ölkəsinə qayıdan qadın həmin şəxsin istəyi ilə müxtəlif vaxtlarda ona pul göndərib.

    “Münasibətimizin davam etdiyi bir il ərzində inamımdan sui-istifadə edərək məndən 25 min ABŞ dolları aldı. Mən Bakıda Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etdim. Sonra işi onun yaşadığı Sumqayıtda araşdırmaya verdilər”, – deyə zərərçəkən bildirib.

    Baku TV ittiham olunan şəxslə əlaqə saxlayıb. Şəxsin açıqlaması isə belə olub:

    “Mən ondan borca pul götürmüşəm. Mənimsəmək deyil axı bu. Borcla mənimsəməyin arasında kifayət qədər böyük fərq var. Mən özünə də bildirmişəm ki, bu bizim aramızda olan borcdur. Hissə-hissə qaytarıram. Mənim qohumum var, o da hazırda Polşadadır. Ona pul göndərirəm, o da orada əlbəəl verir”.

    Hüquqşünas Mircavid Miriyev bildirib ki, bu cür şəxslər planlı şəkildə borc adı ilə xarici vətəndaşları aldadaraq pul istəyirlər.

  • Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi – VİDEO

    Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi – VİDEO

    Təmirə bağlanan yola daxil olan sürücü qəza törədib. Nəqliyyat vasitəsi qarşısına çıxan betona çırpılıb.

    Median.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, hadisə 2 gün əvvəl paytaxtın Səbail rayonu ərazisində baş verib. Avtomobilin sürücüsü Ələsgər Əliyev deyir ki, yolda işıqlandırma olmadığından anidən qarşısına çıxan maneəni görməyib və nəticədə qəza qaçılmaz olub.

    Avtomobilin sahibinin sözlərinə görə, yolun təmirə bağlandığını göstərən xəbərdaredici nişanı görməyib.

    Hüquqşünas Şamil Paşayev deyir ki, sürücünün qəza törətməsinin əsas səbəbi yol ilə bağlıdırsa, hüquqi yolla dəymiş zərəri tələb edə bilər.

    Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, zərərçəkən şəxs rəsmi olaraq quruma müraciət etdikdən sonra araşdırma aparılacaq və lazımi addımlar atılacaq.