Category: Cəmiyyət

  • Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb – Video

    Bakıda bir ərazidə sürüşmə təhlükəsi artıb – Video

    Yerə tökülən qaya parçaları, məhv olan ağaclar və tarazlığını itirən ərazi…

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda daha bir ərazidə sürüşmə təhlükəsi yaranıb.

    Sakinlərin sözlərinə görə, təhlükəli vəziyyət uzun müddətdir davam edir və ərazidə inşa olunmuş evlər üçün ciddi risk yaradır. Xüsusilə, evlərdən biri üçün təhlükə daha böyükdür. Bildirilir ki, bir müddət əvvəl sakinlərin müraciətindən sonra ərazidə bəndləmə işləri aparılıb.

    Bu müdaxilədən sonra vəziyyət müvəqqəti olaraq stabilləşsə də, son günlər yağan intensiv yağışlar səbəbindən sürüşmə yenidən aktivləşib.

    Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, güclü yağışlardan sonra Elşən Süleymanov küçəsi, 137/1 ünvanında torpaq qatının dayanıqlığı pozulub və ərazidə uzun illər əvvəl inşa olunmuş fərdi yaşayış evləri üçün sürüşmə təhlükəsi yaranıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edilib.

    Qeyd olunub ki, daha təhlükəli vəziyyətdə olan fərdi yaşayış evi uzun illər əvvəl özbaşına və qanunsuz şəkildə tikilib, bu səbəbdən onun heç bir sənədi yoxdur.

    Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Araşdırma nəticəsində müəyyən olunub ki, ev tikinti norma və qaydalarının tələbləri pozulmaqla kəskin relyefli ərazidə inşa edilib. Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

  • Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? – “Uşaq elə filmlərə baxmamalıdır” (Video)

    Azyaşlının törətdiyi cinayətə görə günahkar kimdir? – “Uşaq elə filmlərə baxmamalıdır” (Video)

    Son günlər Türkiyədə baş verən hadisə ölkəmizdə də ictimai müzakirələrə səbəb olub. Xüsusilə, azyaşlının törətdiyi ağır cinayətdən sonra valideynlərin məsuliyyətə cəlb olunması məsələsi suallar doğurur.

    Xatırladaq ki, ölkəmizdə də məktəblərdə zaman-zaman şagirdlər arasında baş verən arzuolunmaz hadisələr, zorakılıq, aqressiya və təhlükəli davranışlar valideyn nəzarətinin rolu ilə bağlı müzakirələri artırır.

    Vətəndaşların bir çoxu yetkinlik yaşına çatmayanların törətdiyi əməllərə görə valideynlərin də qanun qarşısında məsuliyyət daşımalı olduğunu düşünür.

    Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

    “Nəvəmi məktəbə yola salmağa qorxuram. Deyirəm ki, bu gün bir hadisə baş verə bilər”, – sakinlərdən biri bildirib.

    “Uşaqlar internetdə müxtəlif filmlərə baxırlar. Valideynlər nəzarət etməlidirlər ki, uşaqlar belə məzmunlara həddindən artıq məruz qalmasınlar. Həmçinin ailədaxili münaqişələr də onların aqressiv davranışına təsir edir”, – başqa bir sakin qeyd edib.

    Bəs Azərbaycanın qanunvericiliyində bu barədə nə deyilir?

    Hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxslər cinayət törətdikdə onlara cəza təyin edilə və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər:

    “Valideynlər isə uşaqlarının vurduğu ziyana görə maddi məsuliyyət daşıyırlar. Onlar yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb etdikləri halda cinayət məsuliyyəti daşıyırlar”.

  • Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək

    Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək

    Azərbaycanda Vəlvələçay ətrafında mühafizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı yeni layihə icra olunacaq.

    Layihəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti icra edəcək.

    Məqsəd çay ətrafında sahilbərkitmə işlərinin aparılması, ərazinin daşqın və eroziyadan qorunmasıdır. Bu çərçivədə çay boyunca 600 metr uzunluğunda beton mühafizə divarının tikilməsi nəzərdə tutulur.

    Layihənin ümumi dəyəri təxminən 1 milyon 401 min manat təşkil edir. Bu cür layihələr çay kənarında yerləşən ərazilərin təhlükəsizliyinin artırılması, torpaq sürüşmələrinin və daşqın riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

  • Bakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcək

    Bakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcək

    Bakının Vladislav Plotnikov küçəsində birtərəfli hərəkət təmin ediləcək.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, bu dəyişiklik Nəqliyyatın Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən icra olunur.

    “Öncə yolda nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkəti zamanı avtomobillər bir-birinə mane olduğundan hərəkət təhlükəsizliyi qorunmurdu”, – məlumatda vurğulanıb.

  • Space TV-də daha iki verilişin yayımı dayandırılıb

    Space TV-də daha iki verilişin yayımı dayandırılıb

    “Space” TV-də daha iki verilişin yayımı dayandırılıb.

    Median.Az Azxeber.com-a istinadən xəbər verir ki, bu barədə məlumat verən jurnalist Arifə Əliyevanın sözlərinə görə, “Ağakərimlə Mətbəx” və “Sevilən Səhər” verilişləri bu gündən etibarən fəaliyyətini dayandırıb.

    “Sevilən səhər” verilişinin aparıcısı Könül Muxtarova faktı təsdiqləyib.

    O bildirib ki, məsələ ilə bağlı onlara əvvəlcədən məlumat verilib:

    “Hazırda verilişin təkrar buraxılışları efirə gedir. Ötən şənbə günü bununla bağlı bizə məlumat verilmişdi”, – deyə aparıcı qeyd edib.

    Bundan öncə “Banu” verilişinin də çəkilişləri dayandırılmışdı.

  • Mövlam Şıxəliyevin oğlu Azərbaycanı tərk edib?

    Mövlam Şıxəliyevin oğlu Azərbaycanı tərk edib?

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevin oğlu ölkəni tərk edib.

    Qaynarinfo-ya daxil olan məlumata görə, Elgün Şıxəliyev Türkiyəyə gedib. O, artıq bir neçə aydır ki, adıçəkilən ölkədədir.

    Elgün Şıxəliyevin Azərbaycanı bitdəfəlik tərk etdiyi, yoxsa müvəqqəti olaraq Türkiyədə məskunlaşdığı məlum deyil.

    Bəzi iddialara görə, Mövlam Şıxəliyevin oğlu ölkədən birdəfəlik gedib.

    Mövlam Şıxəliyev “MTN işi” çərçivəsində cinayət məsuliyyətinə cəlb edilərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

  • Qəhvənin bilinməyən faydası aşkarlandı

    Qəhvənin bilinməyən faydası aşkarlandı

    Yeni bir araşdırmaya görə, qəhvə yalnız səhərlər oyanmağı asanlaşdırmır. Onun müntəzəm istehlakı bağırsaq mikrobiotasına müsbət təsir göstərə, stress səviyyələrini azalda və zehni performansa töhfə verə bilər.

    Qəhvə illərdir enerji verən içki kimi tanınır. Lakin son elmi tədqiqatlar onun bağırsaq və beyin sağlamlığına da müsbət təsirlər göstərə biləcəyini ortaya qoyur. İrlandiyada yerləşən University College Cork nəzdində çalışan tədqiqatçılar tərəfindən aparılan araşdırmada həm kafeinli, həm də kafeinsiz qəhvənin bağırsaq bakteriyalarına müsbət təsir etdiyi müəyyən edilib.

    Qaynarinfo xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan tədqiqatda 62 iştirakçı izlənilib. Onların yarısı müntəzəm qəhvə içənlər, digər yarısı isə qəhvə içməyənlər olub. Müntəzəm qəhvə içən qrupdan iki həftə ərzində qəhvədən imtina etmələri istənilib. Bu müddətdə bağırsaq mikrobiotasında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub. Qəhvə yenidən qəbul edildikdən sonra isə iştirakçılar stress, depressiya və impulsivlik səviyyələrində azalma hiss etdiklərini bildiriblər.

    Araşdırmada qeyd olunub ki, kafeinsiz qəhvə öyrənmə və yaddaşa töhfə verə bilər, kafeinli qəhvə isə diqqət, oyaqlıq və narahatlıq səviyyələrinə müsbət təsir göstərə bilər. Mütəxəssislərə görə, qəhvənin təsiri yalnız kafeindən qaynaqlanmır. Onun tərkibindəki polifenollar kimi birləşmələr iltihabı azalda, hüceyrə zədələnməsini məhdudlaşdıra və beyin sağlamlığını dəstəkləyə bilər.

    Tədqiqatın baş müəllifi professor Con Kryan bildirib ki, qəhvə sağlam və balanslı qidalanma planının bir hissəsi kimi qiymətləndirilə bilər. Mütəxəssislər isə qeyd edirlər ki, ölçülü şəkildə qəbul edilən qəhvə həzm sistemi və əhval-ruhiyyə üçün faydalı ola bilər, lakin istehlak miqdarı şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər.

  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR

    Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR

    2027-ci ildən etibarən tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində hansı dəyişikliklərin ediləcəyinin detalları açıqlanıb.

    “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə məlumat verib.

    O bildirib ki, yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək.

    Bildirilib ki, yazı bacarığının yoxlanılması zamanı şagirdlərdən verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz fikirlərini yazılı şəkildə ifadə etmələri tələb olunacaq.

    Qeyd edək ki, əvvəlki – 2019–2026-cı illəri əhatə edən modeldə imtahan 30 tapşırıqdan ibarət idi. Həmin modeldə 23 qapalı, 7 açıq tipli sual yer alırdı. Dinləyib-anlama bölməsi 6, oxuyub-anlama 8, qrammatika isə 16 tapşırıqdan ibarət olurdu. Yazı bacarığı isə açıq suallar əsasında qiymətləndirilirdi.

  • Şamaxıda yol qəzası olub, xəsarət alanlar var

    Şamaxıda yol qəzası olub, xəsarət alanlar var

    Şamaxıda avtomobil qəzası baş verib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Hadisə nəticəsində 1972-ci Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

  • Buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək

    Buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək

    Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək.

    Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, gələn il 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi ilə əlaqədar şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur.

    Həmçinin tapşırıq sayının azaldılması və yazı bacarığının ayrıca qiymətləndirilməsi həyata keçiriləcək.