Category: Cəmiyyət

  • Bakıda 2 park birləşdirilir – VİDEO

    Bakıda 2 park birləşdirilir – VİDEO

    Atatürk və Antena kartları birləşdirilir.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.

    Bununla da ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq.

  • Xaricdə törədilən cinayətlərlə bağlı məhkəmə qaydası dəyişə bilər

    Xaricdə törədilən cinayətlərlə bağlı məhkəmə qaydası dəyişə bilər

    Xaricdə törədilməsi ehtimal olunan cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı qanunvericilik təkmilləşdiriləcək.
     
    Median.Az bildirir ki, Konstitusiya Məhkəməsi bununla bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.
     
    Cinayət-Prosessual Məcəlləyə əsasən, xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.
     
    Yeni qərara görə isə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Cinayət-Prosessual Məcəllənin yuxarıdakı maddəsinin təkmilləşdirilməsi Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə edilib./trend.az

  • Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur

    Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur

    Böyük Britaniyanın neft və neft məhsullarının topdan satışı ilə məşğul olan “Petrostem (UK) Limited” Məhdud Məsuliyyətli Özəl Şirkətinin Azərbaycandakı Filialı ləğv olunduğunu elan edib.
     
    Median.Az xəbər verir ki, şirkətin kreditorları tələblərini iki ay ərzində bildirə bilərlər.
     
    Şirkət Azərbaycanda 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Dövlətə 80 manat vergi borcu olan şirkətin qanuni təmsilçisi Duthie Peterdir.
     
    Qeyd edək ki, “Petrostem (UK) Limited” şirkəti 1998-ci ildə Bristol şəhərində 10 milyon funt sterlinq nizamnamə kapitalı ilə təsis edilib və 2022-ci ildə ləğv edilib. Ləğv zamanı şirkətin nizamnamə kapitalı 16 milyon funt sterlinq təşkil edib./teleqraf

  • Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır – Aidiyyəti qurumdan açıqlama – VİDEO

    Ağcabədidə sakinlərin torpağı qeydiyyata alınmır – Aidiyyəti qurumdan açıqlama – VİDEO

    Ağcabədi rayonunun Qaraxanlı kənd sakinləri problemlə üz-üzə qalıblar.

    Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirirlər ki, mülkiyyətlərində olan torpaq sahələri uzun müddətdir qeydiyyata alınmır. Vətəndaşlar yeni tərtib edilən rəqəmsal xəritədə uyğunsuzluq olduğunu və buna görə də çətinliklər yarandığını deyirlər.

    “Pay torpağımın bütün sənədləri qaydasında olsa da, rəqəmsallaşma zamanı uyğunsuzluq yaranıb. Üç ildir müraciət etməyimə baxmayaraq, problem həll olunmur. Torpağımı əksəm də, sənədlərdəki uyğunsuzluğa görə bir hektar ərazimin mənə məxsus olmadığı deyilir. Buna görə də dövlətin kənd təsərrüfatı üçün ayırdığı subsidiyaları, gübrə və yanacaq yardımlarını ala bilmirəm. Əslində, torpağım 3 hektar 14 sotdur, lakin rəqəmsal xəritədə bu rəqəm 2 hektar 7 sot kimi göstərilir”, – deyə şikayətçi Xanlar Əliyev bildirib. Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, keçmiş Aqrar İslahat Komissiyasının qərarı əsasında vətəndaşlara torpağa mülkiyyət hüququna dair dövlət aktları ilə torpaq sahələri ayrılıb:

    “Torpaq islahatı aparılan zaman kompleks yer quruluşu layihələrində yol verilmiş texniki xətalar nəticəsində torpaq paylarının ölçülərində uyğunsuzluqlar yaranıb. Nümunə olaraq bildiririk ki, bölünəcək ixtiyari bir ərazi ilkin layihədə 50 hektar göstərilərək ailələr arasında bölünüb. Verilmiş dövlət aktlarında pay norması layihəyə görə qeyd edilib. Lakin torpaqların elektron uçotu işləri aparılarkən məlum olur ki, yuxarıda qeyd olunan layihədəki 50 hektar ərazi faktiki olaraq yerdə, yəni naturada 45 hektardır. Bu səbəbdən də ərazidə torpaq çatışmazlığı yaranıb. Yeni uçot zamanı həmin ərazilər torpaq payı alan ailələr arasında proporsional qaydada azaldılıb. Vətəndaşların müraciətləri əsasında qeyd olunan torpaq sahələri dövlət reyestrində qeydiyyata alınıb, həmçinin naturada ölçülərək faktiki mövcud vəziyyətə uyğun olaraq vətəndaşlara tanıdılıb və bu barədə müvafiq aktlar tərtib edilib”.

    O da qeyd olunub ki, elektron uçot zamanı yaranmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə mərhələli şəkildə dürüstləşmə işləri aparılır və Ağcabədi rayonunun Qaraxanlı kəndi üzrə də müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

  • Bakıda avtobus piyadanı vuraraq öldürdü – TƏFƏRRÜAT – VİDEO

    Bakıda avtobus piyadanı vuraraq öldürdü – TƏFƏRRÜAT – VİDEO

    Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtobus piyadanı vuraraq öldürüb. Hadisə ötən gün səhər saatlarında baş verib

    Median.Az
    “Xəzər” TV-yə istinadən xəbər verir ki, Ələşrəf Əliyevin idarə etdiyi “Daevvoo” markalı 10-TG-712 qeydiyyat nişanlı marşrut avtobusu olub. Qəzada həlak olan Firudin Hacıyev isə Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşı idi.

  • 10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır – VİDEO

    10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır – VİDEO

    Ağsu-Bico-Çöl Göylər avtomobil yolunun 7, 8 və 14-cü kilometrliklərində asfalt örtüyünün dağılması hərəkətin təşkilində ciddi çətinliklər yaradır.

    Qeyd edək ki, 10-dan çox kəndin 10 minə yaxın sakininin istifadə etdiyi bu yol Şamaxı və Ağsu rayonlarını bir-biri ilə birləşdirən əsas alternativ yollardan biri hesab olunur. Vətəndaşlar mövcud problemlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

    “Hər gün bu yoldan istifadə edirik, əziyyət çəkirik. Həm vaxtımız gedir, həm də avtomobillərimiz sıradan çıxır. Ehtiyat hissələri hazırda maşının özündən bahadır, təmir xərclərini çatdırmaq olmur. İstər təcili yardımın gəlişində, istərsə də ümumi nəqliyyatın hərəkətində böyük maneələr var. Yolda dəfələrlə qəzalar baş verib”, – onlardan biri söyləyib.

    Məsələ ilə bağlı Ağsu rayonu “16 №-li Yol İstismarı” MMC-dən bildirilib ki, sözügedən yolun layihə sənədləri artıq hazırdır. Sənədlər təsdiq olunduğu təqdirdə yolda əsaslı yenidənqurma və bərpa işləri həyata keçiriləcək.

  • Güclü külək toy çadırını uçurtdu -VİDEO

    Güclü külək toy çadırını uçurtdu -VİDEO

    Kürdəmirdə güclü külək toy mərasiminə mane olub.
     
    Median.Az xəbər verir ki, Kürdəmir rayonunda qeydə alınan güclü külək nəticəsində toy üçün qurulan çadır yerindən qoparaq dağılıb.
     
    Hadisə zamanı ərazidə olan qonaqlar təşvişə düşüb.
     
    Qeyd edək ki, son günlər Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit olaraq qalır. Güclü külək, leysan xarakterli yağışlar və bəzi bölgələrdə müşahidə olunan əlverişsiz hava şəraiti müxtəlif fəsadlara səbəb olur. 

  • Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa…

    Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa…

    Hazırda ölkəmizdə nikaha daxil olmaq istəyən cütlüklərdən müəyyən xəstəliklər üzrə məcburi tibbi arayış tələb olunur. Milli Məclisin aprelin 10-da keçirilən iclasında bu tibbi tələblərin sırasına daha bir həssas məsələnin əlavə edilməsi təklifi irəli sürülüb. Deputat Göydəniz Qəhrəmanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı böyük təhlükəni əsas gətirərək, nikah zamanı tərəflərdən narkoloji arayışın da tələb olunmasını təklif edib.

    Narkomaniyanın ailə institutuna vurduğu zərbələr fonunda bu təklif ilk baxışdan zəruri görünsə də, onun praktiki icrası cəmiyyətdə bir sıra ciddi suallar yaradır. Bəs, hüquqi və tibbi reallıqlar çərçivəsində belə bir qaydanın tətbiqi nə dərəcədə mümkündür? Mövcud sistem və laborator analizlər real istifadəçiləri dəqiqliklə aşkar edə bilərmi?

    “Narkotik qəbulunu müəyyən edən testlərin aparılması vacibdir”

    Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, bu gün boşanmalara səbəb olan əsas sosial faktorlardan biri məhz narkomaniyadır. Bu baxımdan, evlilik ərəfəsində narkotik vasitələrin qəbulunu müəyyən edən testlərin aparılması olduqca vacibdir:

    “Bildiyimiz kimi, hazırda nikaha daxil olan cütlüklərdən tələb edilən tibbi arayışlar və laborator analizlər yalnız reproduktiv sağlamlıqla bağlı amilləri nəzərə alır. Evlənmədən öncə fərdlərin qısa müddət ərzində narkoloji testdən keçməsi elə də çətin proses deyil. Bu gün hər bir poliklinika və ya klinikada qan nümunələri götürərək narkotestlərin aparılması üçün kifayət qədər imkan var. Narkotik vasitələrin izləri qanda uzun müddət qalır və bunu analiz vasitəsilə aşkarlamaq asandır”.

    “Universal laboratoriyalara ehtiyac var”

    Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirdi ki, belə bir qaydanın tətbiq edilməsi ilə insanlar daha ehtiyatlı davranacaqlar. Bu, hər halda çəkindirici bir göstəricidir. Lakin əsas məsələ bunun Azərbaycan reallığında nə dərəcədə işlək olacağıdır: “Əvvəla, mövcud laboratoriyaların heç də hamısı bütün narkotik maddələri dəqiqliklə aşkar edə bilmir. Bu gün dövriyyədə müxtəlif növ metamfetaminlər, həb formasında olan fərqli sintetik maddələr var. Təəssüf ki, onların hamısını vaxtında və dəqiq müəyyən etmək mümkün deyil. Digər tərəfdən, asılılığın təsdiqlənməsi üçün təkcə laboratoriya analizləri kifayət etmir. Bu şəxslərin həm də əsaslı tibbi müayinədən keçirilməsi məqsədəuyğundur. Hazırda ənənəvi opiat (morfin və digər narkotik analgetiklər) asılılığı olanların sayı əvvəlki dövrlərlə müqayisədə azalsa da, müasir istifadəçilər daha çox heroin, kokain, metamfetamin, LSD və müxtəlif sintetik həblərə müraciət edirlər. Bunların hər biri güclü asılılıq yaradır. Belə vəziyyətdə, analizləri dəqiq və səhih yerinə yetirə bilən, həm güvənli, həm də məsuliyyəti tam müəyyənləşdirilmiş universal laboratoriyalara ehtiyac var. Lakin hazırda analizlərlə bütün maddələri tam aşkarlamaq mümkün olmur”.

    Professorun sözlərinə görə, məsələnin insan hüquqlarının pozulması aspekti də mövcuddur: “Məhz bu səbəblərdən, nikahdan əvvəl məcburi testləşdirmə təklifi kifayət qədər mücərrəd və riskli görünür. Məsələ hərtərəfli, xüsusilə də insan hüquqları kontekstində dərindən araşdırılmalıdır. Aşkarlanan nəticələrin necə rəsmiləşdiriləcəyi və qarşı tərəfə necə bildiriləcəyi də sual altındadır. Təsəvvür edin, kiminsə qanında hər hansı bir maddə aşkarlandı və bu, ailələrarası ciddi konfliktə, münasibətlərin tamamilə pozulmasına səbəb oldu. Bu, özlüyündə böyük bir sosial narahatlıq yaradır. Ona görə də, əgər belə bir təklif gündəmdədirsə, onun bütün mümkün fəsadları əvvəlcədən düşünülməli, hüquqi və tibbi tərəfləri tam həll olunmalıdır”.

    “Testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir”

    Tibb elmləri doktoru, psixiatr-narkoloq Araz Əliquliyev isə düşünür ki, bu testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir. Test sadəcə şəxsin bioloji mühitində maddənin aşkar edildiyini göstərir: “Digər tərəfdən, insanlar nikahdan əvvəl belə bir test verəcəklərini bilsələr, istifadəni müvəqqəti dayandıra və ya maddənin bədəndən təmizlənməsi üçün tibbi tədbirlər görə bilərlər. Psixoaktiv maddələrin əksəriyyəti qanda deyil, sidikdə qalır və adi skrininq testləri ilə cəmi 3-5 gün ərzində aşkarlana bilir. Tibbi tədbirlər (detoks, qan yuma və s.) görülsə, maddənin izini gizlətmək mümkündür. Testdə maddənin çıxması da şəxsin asılı olmasının əsası deyil”.

    Narkoloqun fikrincə, “Narkoloji xidmət və nəzarət haqqında” qanuna əsasən, şəxs ambulator müalicədən imtina edirsə, dəqiq diaqnoz qoymaq üçün o, 10 günlük xəstəxana şəraitində yoxlanılmalıdır: “Asılılığı isbat etmək üçün nikaha girən hər kəsi xəstəxanayamı yerləşdirəcəksiniz? Güclü təsir edən psixotrop maddələr və dərmanlar var ki, onlar xüsusi lisenziyası olan apteklərdə, elektron reseptlə satılır. Onların da sui-istifadəsi mümkündür. Dövriyyəsinə nəzarət edilən və həkim tərəfindən yazılan psixotrop dərmanlar da asılılıq yarada bilir və testdə müsbət nəticə göstərir. Bunları necə əsaslandıracaqsınız?”

    “İnsanların hüquqlarının pozulması riski var”

    A.Əliquliyevin sözlərinə görə, testlər yanlış nəticə də verə bilər. Bu baxımdan, insanların hüquqlarının pozulması riski var: “Əgər mən testin müsbət nəticəsinə əsasən kiməsə “narkoman” olduğunu desəm, o şəxs mənəvi zərbəyə və mənliyinin alçaldılmasına görə məni məhkəməyə verə bilər. Dəqiq bioloji faktorları öyrənən analizlər isə bahalıdır – 200-300 manatdan yuxarıdır”. (“Kaspi” qəzeti)

  • Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? – Video

    Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? – Video

    Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1 127-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.

    Maraqlıdır, niyə xarici vətəndaşlarla ailə qurmağa meyil bu qədər artıb?

    Psixoloq Aygül Məlikova Baku TV-yə bildirib ki, hazırda gənclərin xarici vətəndaşlarla evliliyə üstünlük vermələrinin arxasında ailədaxili münasibətlər dayanır: “Müasir gənclər bəzən ailələrində özlərini dəyərsiz hiss edir, sevgi və diqqət ehtiyacını daha dərindən yaşamaq istəyirlər. Burada, şübhəsiz ki, sosial medianın da böyük rolu var. Belə ki, xarici vətəndaşla ailə qurub öz xoşbəxt həyatını paylaşan şəxsləri gördükdə gənclərdə “mən də xarici şəxslə evlənsəm, daha çox sevilərəm” kimi fikirlər formalaşır”.

    Mütəxəssislər vurğulayırlar ki, qloballaşma qarşısıalınmaz bir prosesdir. Əsas məsələ dəyərlərin qorunması, mədəni kimliyin itirilməməsi, sevgi, hörmət və insan hüquqlarına əsaslanan ailə modelinin formalaşdırılmasıdır.

  • Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?

    Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?

    “Bəlkə də bu ödənişlər indiki şərait üçün yüksək görünə bilər, amma bu model Dövlət İmtahan Mərkəzinin (DİM) dəyərləndirməsidir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ödənişin 60 manat müəyyənləşdirilməsini şərh edərkən deyib.

    O bildirib ki, məsələ Milli Məclisdə müzakirə olunarkən Elm və Təhsil Nazirliyinə müsabiqənin qiymətləndirmə hissəsinin müəyyənləşdirilməsi ilə bağlı tövsiyə verilib.

    Məzahir Məmmədlinin sözlərinə görə, nazirlik hələ parlament müzakirələri zamanı bu normativin Dövlət İmtahan Mərkəzinin (DİM) təcrübəsinə əsaslanacağını açıqlayıb:

    “Nazirlik bildirmişdi ki, müəyyən ediləcək normativ DİM-in təcrübəsinə əsaslanacaq. DİM imtahanlarda hansı xərcləri əsas götürürsə, Elm və Təhsil Nazirliyi də həmin modelə uyğunlaşacaq. Buna görə də müəllimlərin işə qəbulu müsabiqəsində 60 manatlıq ödəniş məbləği müəyyən edilib”.

    Ekspertin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə artıq Dövlət İmtahan Mərkəzinin imtahan standartları ilə eyniləşdirilib:

    “Zal, kompüter, nəzarətçi – hamısı eynidir. Ümumi xərclər nə qədərdirsə, Elm və Təhsil Nazirliyi də bu xidmətləri həmin modelə uyğun təqdim edir. Burada əsas məqsəd ondan ibarətdir ki, bəzən namizədlər imtahan verib sonradan müsabiqədə iştirak etmirlər”.

    Məzahir Məmmədli əlavə edib ki, ödənişli sistemin tətbiqində məqsədlərdən biri də bu kimi halların qarşısını almaqdır:

    “Bəzi namizədlər qeydiyyatdan keçsələr də, sonradan müsabiqəyə qatılmırlar. Məsələn, 75 min nəfər müraciət edir, amma 60 min nəfər iştirak edir. Nəticədə 15 min nəfər üçün çəkilən xərc boşa gedir”.