Category: Cəmiyyət

  • Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

    Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

    Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

    Bu Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
    //unikal.az

  • Mayda 14 gün iş olmayacaq

    Mayda 14 gün iş olmayacaq

    2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.

    9 Mayın (Faşizm üzərində Qələbə Günü) şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü elan ediləcək. Bununla da, 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.

    Eyni zamanda, mart ayında olduğu kimi, mayda da iki bayram – Qurban bayramı (27-28 may tarixləri) və Müstəqillik Günü (28 May) eyni dövrə təsadüf edir. Bu səbəbdən 29 may da qeyri-iş günü sayılacaq. Beləliklə, 27, 28, 29 may tarixləri ilə yanaşı, 30 və 31 may (həftəsonu) da istirahət günləri olacaq.

    Nəticədə, may ayında şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq. Növbəti iş günü isə 1 iyun tarixindən başlayacaq.

  • Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

    Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

    Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (metronun “Ulduz” stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

    “Sürücülərdən xahiş olunur ki, aparılan işlərə anlayışla yanaşsınlar, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, – deyə məlumatda qeyd olunub.

  • Mövsümündən əvvəl çiyələk yeyirsiniz? – Bu faktları bilmədən almayın

    Mövsümündən əvvəl çiyələk yeyirsiniz? – Bu faktları bilmədən almayın

    Adətən çiyələk yaz-yay mövsümündə istehlak olunan meyvələrdən biri hesab olunur. Lakin artıq aprel ayından etibarən bazar və mağaza piştaxtalarında iri ölçülü çiyələklərə rast gəlmək mümkündür. Görünüş etibarilə cəlbedici olan bu məhsulların eyni ölçü və formaya malik olması isə istehlakçılarda müəyyən suallar doğurur. Məlumdur ki, təbii çiyələk adətən daha xırda ölçülü və ətirli olur.

    Bəs mövsümündən əvvəl satışa çıxarılan bu çiyələklər orqanizm üçün təhlükə yarada bilərmi? Ümumiyyətlə, mövsümündən kənar istehlak edilən çiyələk sağlamlıq baxımından risklidirmi? İstehlakçılar təbii çiyələyi dərmanlı və ya süni üsullarla yetişdirilən məhsullardan ayırd etmək üçün hansı məqamlara diqqət yetirməlidir?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida üzrə mütəxəssis Fərid Səfərov bildirib ki, çiyələk həqiqətən də əsasən yaz–yay mövsümünün məhsuludur.

    Fərid Səfərovun sözlərinə görə, aprel ayından bazarda gördüyümüz iri və “ideal görünüşlü” çiyələklər isə çox vaxt istixana şəraitində yetişdirilən, erkən məhsullardır.

    Mövsümdən kənar çiyələyin zərərlərinə toxunan mütəxəsis əlavə edib:

    “Mövsümdən əvvəl yetişdirilən çiyələklərdə əsas risklər bunlardır:
    Pestisid və gübrə qalıqları daha yüksək ola bilər.
    Dad və qida dəyəri təbii mövsüm məhsuluna nisbətən aşağı olur.
    Uzun müddət saxlamaq üçün kimyəvi işlənmə ehtimalı çoxdur.

    “Yəni belə çiyələklər birbaşa zəhər deyil, amma tez-tez və çox miqdarda istehlak edildikdə, risk yarada bilər. Xüsusilə uşaqlar, hamilələr və həssas şəxslər daha diqqətli olmalıdır”, — deyə Səfərov qeyd edib.

    Təbii çiyələk barədə vətəndaşları məlumatlandıran Fərid Səfərov vurğulayıb:

    “Bu tam doğru deyil. Sortdan asılı olaraq iri çiyələk də təbii ola bilər. Amma təbii çiyələk adətən tam eyni ölçüdə olmur, ətri güclü olur, dadı daha balanslı (şirin-turş) olur, eyni ölçülü, çox parlaq və “plastik kimi” görünən çiyələklər isə daha çox intensiv yetişdirilmənin göstəricisi sayıla bilər”.

    Təbii və “süni-dərmanlı” çiyələyi ayırd etməyin yollarından danışan mütəxəsis deyib:

    “Təbii çiyələk müxtəlif ölçülü, bəzən qeyri-bərabər formalı olur. Hamısı eyni ölçüdə, həddindən artıq iri və parlaqdırsa, “sünidir”.
    Təbii çiyələyin içi ilə çölü arasında rəng fərqi ola bilər, tam qıpqırmızı və “ideal” rəng isə şübhəlidir. Təbii çiyələyin uzaqdan belə hiss olunan güclü ətiri var. Kimyəvi yetişdirilmiş çiyələk demək olar ki, qoxusuzdur. Təbii çiyələk şirin və yüngül turş dadlı olur. Şübhəli çiyələk ya çox şirin, ya da dadsızdır.
    Təbii çiyələk tez xarab olur. Kimyəvi işlənmiş olanlar daha uzun müddət təzə qalır.

    Mütəxəssis sonda istehlak prosesinə də xüsusi diqqət yetirib:

    “Çiyələyi mütləq bol su ilə yaxşı yuyun. İmkan varsa, duzlu və ya sirkəli suda 10-15 dəqiqə saxlayın. Mövsümündə (may–iyun) almağa üstünlük verin. Yerli, etibarlı satıcılardan alın. Mövsümdənkənar çiyələk tam qadağan deyil, amma risk–fayda balansı zəifdir. Ən sağlam seçim – mövsümündə, təbii yetişmiş, ətirli çiyələyi seçməkdir”.


    Dəniz Pənahova
    Median.Az

  • Turan Topalova İŞDƏN ÇIXDI

    Turan Topalova İŞDƏN ÇIXDI

    Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova tutduğu vəzifədən ayrılıb.

    Bu barədə dövlət proqramı iştirakçılarına özü məlumat verib.

    /”Teleqraf”

  • Teatrın kulisində görünməyən həyat: kirayə, işsizlik, sədaqət — Elman Rəfiyevlə MÜSAHİBƏ

    Teatrın kulisində görünməyən həyat: kirayə, işsizlik, sədaqət — Elman Rəfiyevlə MÜSAHİBƏ

    Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən aktyorlara “Teatr fədaisi” mükafatı təqdim olunub. Mükafata layiq görülən sənətçilər arasında əməkdar artist Elman Rəfiyev də yer alıb.

    Bu münasibətlə Median.Az aktyoru təbrik edir və onunla müsahibəni təqdim edir:

    — Sənətdə fədailik niyə məcburiyyətə çevrilməlidir?

    — Mənim fikrimcə, ölkədə teatrların sayı həddindən artıq çoxdur və bu sahəyə daha ciddi nəzarət olmalıdır. Eyni zamanda aktyorların sosial vəziyyəti yaxşılaşdırılmalı, onlara normal maaş verilməlidir.

    Xalq artisti Afaq Bəşirqızının cənab Prezidentlə görüşündən sonra aktyorların güzəranı qismən yaxşılaşdı. Lakin iqtisadi çətinliklər davam edir, qiymətlər artır, aktyorların gəliri isə bununla uzlaşa bilmir.

    — Tez-tez səslənən bir fikir var ki, sənət adamlarına verilən fəxri adlar ləğv olunmalıdır. Bu barədə nə düşünürsünüz?

    — Bu fikri səsləndirənlərin əksəriyyəti artıq həmin adları almış insanlardır. Prezident təqaüdü alan, evlə təmin olunan şəxslər bu cür danışır.

    Aktyorun sənət uğrunda çəkdiyi zəhmətin qarşılığı olaraq bu adlar onun üçün mükafatdır. Onu niyə əlindən alaq? Üstəlik, bu gün demək olar ki, yeni fəxri adlar verilmir.

    Hesab edirəm ki, Azərbaycan aktyorlarının potensialı bir çox ölkələrin aktyorlarından geri qalmır, hətta bəzi hallarda daha güclüdür. Sadəcə, onlara lazımi qiymət verilmir və nəticədə bu istedadlar itib-batır. Təəssüf ki, bəzən ad almaq üçün başqa ölkənin vətəndaşı olmaq lazım gəlir.

    — Bəs başqa ölkələrin sənət adamlarına fəxri adların verilməsini necə qiymətləndirirsiniz?

    — Məsələn, Özbəkistanın “Yalla” qrupunun solisti Fərrux Zakirova “Xalq artisti” fəxri adı verildi. Amma öz ölkəmizdə bu sənətə ömrünü həsr edən insanlar layiq olduqları dəyəri görmürlər.

    Açıq deyirəm, bunu özümə də aid edirəm. Mən Azərbaycanda Pantomim teatrının yaranmasında iştirak etmişəm. Bu gün mənim adım çəkiləndə pantomima yada düşürsə, deməli, bu sənətə xidmət etmişəm.

    Mən artıq 55 yaşındayam və 45 ildir bu sənətdəyəm. 2012-ci ildə “Əməkdar artist” adına layiq görülmüşəm. Bundan bir neçə il sonra mənə “Xalq artisti” adı verilməli idi. Lakin bunun qarşısı kəsildi.

    Əgər fəxri adları ləğv etmək istəyiriksə, o zaman bütün sahələr üzrə – “Xalq yazıçısı”, “Xalq rəssamı”, “Əməkdar müəllim” və digərləri də ləğv edilməlidir.

    Bununla belə, Teatr Xadimləri İttifaqının təqdim etdiyi “Teatr fədaisi” medalı bizim üçün böyük qiymətdir. Mən bu ada layiq görüldüyüm üçün təşkilata və bu qərarda əməyi olan hər kəsə təşəkkür edirəm.

    — Sizcə, bu gün teatr yaşayır, yoxsa sadəcə yaşadılır?

    — Əgər teatrın yaşamasını istəyiriksə, ilk növbədə aktyorların sosial vəziyyətini düşünməliyik.

    Bu gün gənc aktyorların əksəriyyəti kirayədə yaşayır. Necə ki, yazıçılar və jurnalistlər üçün yaşayış binaları tikilir, eyni addım aktyorlar üçün də atılmalıdır.

    Əgər ev hədiyyə olunmursa, heç olmasa, münasib şərtlərlə verilsin – aylıq ödənişlə və müəyyən müddətdən sonra həmin ev aktyorun özünə qalsın.

    Çünki bu gün teatrı yaşadan məhz həmin gənclərdir. İncəsənəti qorumaq istəyiriksə, əvvəlcə aktyorları qorumalıyıq.

    — Müasir dövrdə sənət sosial şəbəkələrə və süni intellektə uduzur. Bu barədə fikriniz necədir?

    — Bəli, bu gün kino və digər sahələr sosial şəbəkələrin təsiri altındadır. Süni intellekt artıq filmlərin çəkilişində, hətta dublajda istifadə olunur.

    Belə olan halda sual yaranır: aktyor nəyə lazımdır?

    Yaxşı ki, teatr canlı sənətdir və onu süni şəkildə əvəz etmək mümkün deyil. Teatrın gücü də məhz bundadır.

    Hazırda mən 14 aydır işsizəm. Yalnız “Əməkdar artist” adına görə aylıq 200 manat təqaüd alıram. Bu məbləğ cuzi də olsa, mənə kömək edir.

    İstərdim ki, sənət adamlarına dəyər onların sağlığında verilsin. Gəlin, birlikdə incəsənətimizi və ona xidmət edən insanları qoruyaq.

    Söhbətləşdi: Dəniz Pənahova

  • Bu yolda sürət həddi endirildi

    Bu yolda sürət həddi endirildi

    Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Məzahir Pənahov yenidən MSK sədri seçildi

    Məzahir Pənahov yenidən MSK sədri seçildi

    Bu gün Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

    İclasda təşkilatı məsələlərə – MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

    Məzahir Pənahov yenidən MSK sədri seçilib. Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə MSK-nın katibi seçiliblər.

    Qeyd edək ki, Məzahir Pənahov 26 ildir Komissiyaya rəhbərlik edir.

  • Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT ETDİ

    Nazirlik qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT ETDİ

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) sakinlərə müraciətində bildirilib.

    Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

    Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

    Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

  • Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır

    Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır

    Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.

    Bu barədə dövlət xidməti məlumat yayıb.

    Bildirilib ki, bərpa işlərinin aparılmasında məqsəd abidənin tarixi görkəminin qorunması, konstruktiv dayanıqlılığının təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır. Layihə çərçivəsində qalanın dam örtüyü bərpa olunacaq, təbii təsirlər nəticəsində yararsız hala düşmüş daşlar orijinalına uyğun materiallarla əvəz ediləcək, hörgülərarası birləşmələr xüsusi məhlulla doldurulacaq. Eyni zamanda, tikilinin aşınma və nəmə qarşı davamlılığını artırmaq məqsədilə qoruyucu məhlullar tətbiq olunacaq, ərazidə abadlıq və infrastruktur işləri görüləcək.

    Bərpa işləri yekunlaşdıqdan sonra qala yenidən ziyarətçilərin istifadəsinə veriləcək.

    Qeyd edək ki, bir neçə il öncə Dairəvi qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Sonrakı dövrdə bərpa ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, müvafiq dövlət qurumları ilə razılaşdırılıb və müsbət ekspert rəyi alınıb.

    Məlumat üçün bildirək ki, cənub dayaq məntəqəsi olan Dairəvi qalanın (hündürlüyü 20 metr, diametri 72 metr) statusu isə zaman-zaman dəyişib. Qala 1869-cu ildən 1959-cu ilə qədər həbsxana kimi istifadə olunub. Məhz buna görə də qalaya “Zindan qala” deyilir. Tarixi qalada hətta 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də dustaq kimi saxlanılıb. Lakin sonradan yoldaşlarının köməyi ilə həbsdən qaça bilib. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da, qalada 310 nəfərə qədər məhbus saxlanılıb. Dustaqlar buraya Dairəvi qala ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. Bu yeraltı yolda iki nəfər sərbəst hərəkət edə bilirmiş. Sonradan həmin yol yeraltı sularla dolduğuna görə hazırda istifadəsi mümkün deyil. 1970-1990-cı illərdə qalada tikiş sexi fəaliyyət göstərib.