Category: Cəmiyyət

  • Tehran aeroportu fəaliyyətini bərpa etdi

    Tehran aeroportu fəaliyyətini bərpa etdi

    İranın paytaxtı Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanı öz işini yenidən bərpa edib.

    Bu barədə IRIB məlumat yayıb:

    “Aprelin 25-də sübh çağı Tehran üzərində beynəlxalq aviareyslərin icrasına yenidən başlanılıb”.

    Müharibə ilə bağlı dayandırılmış fəaliyyət bərpa olunduqdan sonra sərnişin təyyarələrinin ilk uçuş istiqamətləri Səudiyyə Ərəbistanının Mədinə, Omanın Məsqət və Türkiyənin İstanbul şəhərləri olub.

  • İntensiv yağış, dolu, bəzi yerlərə qar yağacaq – XƏBƏRDARLIQ

    İntensiv yağış, dolu, bəzi yerlərə qar yağacaq – XƏBƏRDARLIQ

    Aprelin 27-də gündüzdən aprelin 28-də gündüzədək Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

  • Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

    Tərtərdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tərtər rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Əli Məhəmməd oğlu Nəbiyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

    Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

    Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

  • Diplomatik xidmətə qəbulla bağlı YENİLİK tətbiq edildi

    Diplomatik xidmətə qəbulla bağlı YENİLİK tətbiq edildi

    Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqədə iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.

    Bu barədə XİN məlumat yayıb.

    Bildirilib ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb.

    Qeyd olunub ki, bununla əlaqədar, DİM ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb. Bu yeniliklə əlaqədar müsabiqə prosesinin digər mərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişiklik nəzərdə tutulmur.

    Belə ki, müsabiqə mərhələlərinin nəticələrindən asılı olaraq, yekunda uğur qazanan namizədin işə qəbul olması üçün müəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə ali təhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.

    Müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat xidməti” mövcuddur. Müsabiqədə iştirak üçün qeydiyyat 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.

    Müsabiqə prosesi barədə daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

  • Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? – Video

    Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? – Video

    Mənzil təminatı ilə bağlı qəbul olunan yeni sosial müdafiə yanaşmaları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyadan olan vətəndaşlar dövlət tərəfindən mənzillə təmin olunurlar. Lakin bu hüququn yalnız bir dəfə həyata keçirilməsi və sonradan yarana biləcək əlavə ehtiyacların necə qarşılanacağı sual doğurur.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, qüvvədə olan qaydalara əsasən, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı birdəfəlik xarakter daşıyır:

    “Dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək üçün imtiyazlı şəxslər yalnız bir dəfə növbəyə götürülə bilərlər. Mənzil təminatının əsas məqsədi vətəndaşı ideal və ya genişləndirilmiş yaşayış şəraiti ilə təmin etmək deyil, yalnız minimum yaşayış ehtiyacını aradan qaldırmaqdır. Ailə tərkibinin artması və ya subyektiv məmnunsuzluq kimi hallar hüquqi baxımdan yeni təminat hüququ yaratmır”.

    Əliməmməd Nuriyev qeyd edib ki, təkrar müraciətlər yalnız çox ciddi və istisna hallarda qiymətləndirilə bilər:

    “Yalnız təbii fəlakət və ya yaşayış sahəsinin tam yararsız vəziyyətə düşməsi kimi hallar yeni hüquqi situasiya kimi qəbul olunaraq təkrar müraciətlər üçün əsas ola bilər. Lakin bir şəxsin eyni əsasla ikinci dəfə mənzil tələb etməsi, digər ehtiyacı olan vətəndaşların hüquqlarına müdaxilə hesab olunur və sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir”.

    Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, tətbiq olunan qaydalar həm sosial ehtiyacların qarşılanması, həm də dövlət resurslarının ədalətli bölüşdürülməsi üçün hazırlanıb. Nazirlik tərəfindən əlilliyi olan şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır. İndiyədək bu kateqoriyadan olan 16 000-dən çox şəxs dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunub.

    Beləliklə, mövcud qanunvericilik imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatını “birdəfəlik” prinsip üzərində qurur və təkrar müraciətlər yalnız fövqəladə hallar istisna olmaqla mümkün hesab edilmir.

  • Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

    Bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

    Aprelin 25-i saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa, Gəncə, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Bərdə, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad və Lənkəranda 1 mm-dir.

    Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevirdə 28, Bərdə və Tərtərdə 25, Ağdamda 24, Goranboyda 23, Göyçayda 22, Naftalanda 21, Şəkidə 20, Kəlbəcərdə 19, Göygöldə 17, Sabirabad, Qobustan və Yardımlıda 16, Culfa, Balakən və Zaqatalada 15-m/s-yə çatır.

  • Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? – Video

    Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? – Video

    Son illər azyaşlılar tərəfindən törədilən hüquq pozuntuları narahatlıq doğuran mövzulardan birinə çevrilib.

    2024-cü ilin statistikasına görə, 472 azyaşlı cinayət törədib. Onlardan 460-ı oğlan, 12-si isə qızdır. Bu cinayətlər arasında ən çox rast gəlinən oğurluqdur – 2024-cü ildə 161 belə fakt qeydə alınıb.

    Bəs bu uşaqlar cəmiyyət üçün təhlükədirmi, yoxsa diqqətdən kənarda qalmış fərdlərdir?

    Bu barədə Baku TV-nin videomaterialında deyilir.

    Sosioloq Üzeyir Şəfiyev bildirir ki, yeniyetmələr arasında cinayət əməllərinin əsas səbəbləri sosiallaşma institutlarındakı problemlərlə bağlıdır:

    “Ailə mühiti gərgindirsə, münaqişəlidirsə və ya orta məktəblərdə bullinq halları varsa, bu kimi hadisələr baş verə bilər. Onlar daha çox sosial medianın təsiri altındadırlar və çalışmaq lazımdır ki, sosial şəbəkələrdə süzgəc mexanizmləri tətbiq olunsun”.

    Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən Ədliyyə Nazirliyi yanında Probasiya xidməti azyaşlıların davranışına nəzarət edir, onların cəmiyyətə reinteqrasiyası üçün xüsusi proqramlar həyata keçirir. Bəzi hallarda isə azyaşlılar xüsusi tərbiyə müəssisələrinə yerləşdirilirlər. Burada onlar həm təhsil alır, həm də psixoloji dəstək alırlar.

  • Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin “müəmmalı” taleyi – Video

    Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin “müəmmalı” taleyi – Video

    Avtosalondan alınan avtomobil sonradan sahibindən geri alına bilərmi?

    Paytaxt sakini Natiq Cəfərov iddia edir ki, aylardır ödəniş etdiyi avtomobil indi ondan geri tələb olunur. Səbəb kimi isə nəqliyyat vasitəsinə verilmiş etibarnamənin ləğvi və tərəflər arasında yaranmış mübahisə göstərilir.

    Bu barədə Baku TV-nin videomaterialında deyilir.

    İddialara görə, avtomobil avtosalona satış üçün deyil, yalnız icarə məqsədilə təqdim olunub. Buna baxmayaraq, nəqliyyat vasitəsi üçüncü şəxsə satılıb. Nəticədə yaranmış vəziyyət vətəndaş üçün ciddi problem yaradıb.

    “Deməli, təxminən 3-4 ay əvvəl buradan maşın almışam. İlkin ödəniş kimi 5 000 manat vermişəm, 30 ay müddətinə aylıq 600 manat ödəmək şərti ilə götürmüşəm. Altı ay ödəniş etdikdən sonra etibarnaməni ləğv edib maşını geri istəyirlər. Ödənişlərdə heç bir problem olmayıb. Deyirlər ki, maşının əsl sahibi başqasıdır və aralarında mübahisə yaranıb. Mən isə çətin vəziyyətdə qalmışam, nə edəcəyimi bilmirəm. Heç bir kompensasiya da təklif olunmur, üstəlik, avtomobili idarə etmək üçün etibarnaməm də ləğv edilib”, – şikayətçi deyib.

    Məsələ ilə bağlı avtosalonun sahibi Rüstəm Əlibabayev bildirib ki, hadisə şirkətin keçmiş əməkdaşı ilə bağlıdır. Onun sözlərinə görə, həmin şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dələduzluq edib:

    “Şirkətimizdə rəsmi işləyən Qulam Məmmədov tərəfindən yeyinti və dələduzluq halları aşkar edildiyi üçün o, işdən çıxarılıb. Hazırda bu fakt üzrə istintaq aparılır. Həmin şəxs 23 avtomobillə bağlı oxşar problemlər yaradıb və nəticədə, bir neçə vətəndaş zərər çəkib”.

    Daxili İşlər Nazirliyindən bildirilib ki, qeyd olunan avtosalonla bağlı vətəndaşların aldadılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

  • Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb – FOTO

    Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb – FOTO

    Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın açıqlamaları qalmaqala səbəb olub.

    Median.Az ura.ru-ya istinadən xəbər verir ki, maliyyə və kredit kafedrasının baş müəllimi sosial şəbəkədə tələbəsinin və onun övladının fotosunu paylaşaraq təhqiramiz şərhlər yazıb.

    O, qızın xarici görünüşü ilə bağlı “bütün azərbaycanlı ailələr məni bağışlasın, amma belə gözəl insanlardan niyə belə çirkin uşaqlar doğulur” ifadəsini işlədib və uşağın artıq çəkisinin olduğunu bildirib.

    Uşağın anası sosial şəbəkələrdə bildirib ki, məsələ ilə bağlı prokurorluğa müraciət edib. Onun sözlərinə görə, qızın səhhətində problemlər var və artıq çəki qəbul etməsi dərman qəbul etməsi ilə bağlıdır:

    “O, uşağın ən uğursuz fotosunu paylaşıb. Necə olur ki, başqasının uşağını paylaşaraq onun çirkin olduğunu yazır?”

    Ural Federal Universitetindən bildirilib ki, faktla bağlı araşdırma aparılır və nəticəyə uyğun qərar veriləcək.

  • ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır

    ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır

    Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək.

    Sakinlərin rahatlığını və şəhərin vacib nöqtələri arasında fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə üç marşrut xətti müəyyən edilib:

    1 nömrəli avtobus: “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”;

    2 nömrəli avtobus: “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”;

    3 nömrəli avtobus: “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə”.

    Yeni marşrutlar üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi təşkil edilib və müvafiq nişanlarla təchiz olunub.

    Sərnişindaşımalar “BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçiriləcək. İlkin mərhələdə 10 ədəd nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla xidmət göstərəcək.

    Ödəniş sistemi tamamilə nağdsız qaydada tənzimlənir:

    – Fiziki “BakıKart”;

    – QR-biletlər;

    – NFC texnologiyası (istənilən bank kartı, “Google Pay” və “Apple Pay”).

    Sakinlər “BakıKart”ın balansını şəhərdə yerləşdirilən ödəniş terminalları vasitəsilə artıra bilərlər.

    AYNA-nın Monitorinq mərkəzi avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edəcək. Qeyd edək ki, “BakuBus”ın müasir standartlara cavab verən bu təcrübəsi artıq Bakı və Gəncə şəhərlərində də uğurla tətbiq olunur.