Category: Cəmiyyət

  • Suriyadan gətirilən daha 5 nəfər dəstək prosesinə cəlb edilib

    Suriyadan gətirilən daha 5 nəfər dəstək prosesinə cəlb edilib

    Suriyadan Azərbaycana repatriasiya olunmuş 2-si qadın, 3-ü uşaq olmaqla daha 5 vətəndaş üçün psixososial dəstək tədbirləri başlayıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.

    Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.

  • Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: “Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam” – Video

    Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: “Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam” – Video

    Qaradağ rayonu, Qobustan qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı su xəttində yaranmış problemi aradan qaldırmağa çalışarkən torpaq sürüşməsi baş verib.

    Nəticədə hər iki şəxs torpaq altında qalıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Digər şəxs isə hadisə yerində həyatını itirib.

    Həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum Qobustan Su İdarəsində çilingər-santexnik işləyib və əsas vəzifəsi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub.

    “Bu insanın işi deyildi, santexnik idi, su xəttini təmir edirdi. Kanalizasiya işlərinə heç bir aidiyyəti yox idi. Müdiri zəng edib deyib ki, gəlməsən, səni işdən çıxaracağam. İndi iş yerindən bir nəfər də gəlib soruşmayıb ki, bu insan öldü, qaldı?” – deyə o əlavə edib.

  • Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

    Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

    IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə aprelin 27-də saat 18:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər aprelin 30-da saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər.

    Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

  • Bakının mərkəzində iki park BİRLƏŞDİRİLİR – FOTO

    Bakının mərkəzində iki park BİRLƏŞDİRİLİR – FOTO

    Paytaxtın daha iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Metronun “Gənclik” stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq.

    Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.

    Layihə çərçivəsində Atatürk parkının giriş hissəsində yaşıllıq zonası, skamyalar və söhbətgahlar, uşaq meydançası və digər obyektlər qurularaq müasir və cəlbedici ictimai məkan yaradılacaq. Bununla da Atatürk və Antena parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə, həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq.




  • MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq

    MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq

    APA İnformasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparması ilə bağlı yayılan məlumat rəsmi mənbələr tərəfindən təsdiqlənməmiş və yanlış məlumatlara əsaslanmışdır.

    Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

    Açıqlamada, həmçinin qeyd olunub: “Dövlət orqanlarının nüfuzuna xələl gətirilməsi ilə nəticələnən qanunvericiliklə qadağan olunmuş bu kimi məlumatların mediada yayılmasını yolverilməz hesab edirik.

    Bəyan edirik ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-1-ci maddəsinə əsasən saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.

    Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən məsuliyyətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırırıq”.

  • Təhlükəli məhsul ölkəyə necə daxil olur? — AİİB açıqladı

    Təhlükəli məhsul ölkəyə necə daxil olur? — AİİB açıqladı

    Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olan 4.9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) nümunələr götürülüb. Laborator müayinələr nəticəsində məhsulda “salmonella” aşkarlanıb.

    Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

    Ola bilər ki, ölkəyə gizli yollarla qanunsuz və sağlamlığa zərərli toyuqlar keçirsinlər?

    Ona görə də vətəndaşlar toyuq alarkən əsasən nələrə diqqət etməlidir?

    Məsələ ilə bağlı Median.Az-a açıqlama verən “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sənədi olmadan, heç bir ərzaq məhsulu digər Qida Təhlükəsizliyi Agentliyinin kompensasiyasına daxil olan məhsullar Azərbaycan əmtəə bazarına, xüsusən də marketlər şəbəkəsinə girə bilməz və mümkün deyil.

    Eyyub Hüseynovun sözlərinə görə, hər bir malın sənədi olmalı, yoxlamalardan keçməlidir. İllər boyu Ukraynadan Azərbaycana arzuolunmaz mallar gəlib. Biz bunu dəfələrlə ifşa etmişik. Hətta, 10 il öncə Ukraynadan gələn və “halal” yazılmış toyuqların cəmdəyində 300 qrama qədər naməlum maye olması barədə məsələ qaldırdıq və bazardan çıxarılmasına nail olduq.

    Sədr qeyd edib ki, AQTA-nın bu cür hallara qarşı ciddi nəzarət etməsi çox yaxşı haldır. Həmçinin, belə məhsullar gömrükdən qaytarılır və məhv edilir.

    Vətəndaşlara bu məsələdə tövsiyyə verən Eyyub Hüseynov deyib:

    “Marketlərdə toyuqlar adətən dondurulmuş halda satılır. Toyuqların ən təhlükəli cəhəti dondurulub donu açılan və təkrar dondurulan zaman baş verir. Bu zaman məhsul çirklənmiş olur. İstehlakçılar isə bunu gözü ilə müşahidə edə bilmir. Əgər onların qabığı əzilibsə, bükülməsində problem varsa, şübhələnə bilərlər. Əlbəttə ki, istehlakçılar məhsulun buraxılma tarixinə, son yararlanma müddətinə baxmalıdır”.

    Sədr sonda vurğulayıb ki, istehlakçıların hüquqlarının müdafiəsi qanununa görə, vətəndaşlar malın mənşəyi, sənədi, qiyməti və buraxılma tarixini tələb etmə hüququna malikdir. Lakin, təəssüf ki, Azərbaycanda satılan bir çox malların mənşə sənədləri satış müəssisələrində olmur. Bütün hallarda şübhəli vəziyyətlə qarşılaşanda, “1003 — qaynar xətti” ilə AQTA-ya məlumat vermələrini tövsiyə edirəm.

    Dəniz Pənahova
    Median.Az

  • Böyük qarşıdurmanın astanası? Türkiyə–İsrail xəttində gərginlik

    Böyük qarşıdurmanın astanası? Türkiyə–İsrail xəttində gərginlik

    Qərb və İsrail mediasında son dövrlərdə Türkiyə ilə bağlı formalaşan yeni informasiya xətti diqqət çəkir. “Responsible Statecraft” platformasında dərc olunan məqalədə qeyd olunur ki, Ankara ilə Təl-Əviv arasında gərginlik real olsa da, onun mediada təqdimatı məqsədli şəkildə şişirdilib və yönləndirilib.

    Xüsusilə “The Telegraph” nəşrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə yayılan və sonradan təkzib olunan məlumatlar informasiya müharibəsinin mexanizmlərini yenidən gündəmə gətirib. Analitiklər hesab edir ki, bu proses çərçivəsində Türkiyə tədricən “təhlükə” obrazına çevrilir və bu narrativ regiondakı geosiyasi balanslara birbaşa təsir göstərir. Mövcud vəziyyət artıq təkcə media diskursu ilə məhdudlaşmır, siyasi ritorikada da öz əksini tapır. İsrail tərəfinin açıqlamaları fonunda qarşılıqlı güvənsizlik artır və münasibətlərin uzunmüddətli rəqabət müstəvisinə keçməsi riski güclənir.

    Bölgədə Türkiyənin artan təsirindən hansı güc mərkəzləri narahatdır?

    Bu proses İsraillə Türkiyə arasında real qarşıdurmaya səbəb ola bilərmi?

    Məsələ ilə bağlı Median.Az-a açıqlama verən türk politoloq Həsən Oqtay bildirib ki, Qərb və xüsusilə də İsrail mediasında Türkiyəyə qarşı formalaşdırılan bu “təhdid anlayışı” əslində regiondakı geosiyasi fay xətlərinin yenidən qırıldığının açıq göstəricisidir.
    Politoloqun sözlərinə görə, son dövrlərdə gündəmə gələn informasiya müharibəsi mexanizmləri Türkiyənin apardığı müstəqil və balanslaşdırıcı siyasətin regiondakı status-kvonu pozmasına verilən reaksiya kimi qiymətləndirilə bilər.
    Güc mərkəzlərindən bəhs edən Həsən Oqtay qeyd edib ki, Türkiyənin regional aktordan qlobal oyun qurucusuna çevrilmək cəhdi xüsusilə üç əsas istiqamətdə ciddi narahatlıq yaradır:

    İsrail və Şərqi Aralıq dənizi xətti

    İsrail üçün Türkiyə təkcə ritorika səviyyəsində rəqib deyil. Xüsusilə “Mavi Vətən” doktrinası və enerji dəhlizləri üzərində iddiaları ilə strateji maneədir. Türkiyənin regiondakı enerji balansında (məsələn, Levant hövzəsi) kənarlaşdırıla bilməyən aktora çevrilməsi İsrailin birtərəfli regional dominantlıq planlarını pozur. Bu rəqabətin birbaşa müharibəyə çevrilməsi ehtimalı aşağı olsa da, gərginliyin artacağı gözlənilir.

    Fransa və bəzi Aİ ölkələri

    Fransa xüsusilə Liviya, Şərqi Aralıq dənizi və Afrikada (Sahel bölgəsi) Türkiyənin alternativ güc mərkəzi kimi çıxış etməsindən ciddi narahatlıq keçirir. Türkiyənin müdafiə sənayesi və “yumşaq güc” alətləri ilə bu bölgələrdə fəallaşması ənənəvi təsir sahələrini daraldır.

    Yaxın Şərqdə mövcud status-kvonun qorunmasını istəyən və Türkiyənin daha rasional dövlət yanaşmalarından çəkinən qüvvələr Türkiyəni sabitliyi pozan aktor kimi göstərmək üçün dezinformasiya proseslərini dəstəkləyirlər.

    Fransanın Türkiyənin diqqətini Şərqi Aralıq dənizindən yayındırmaq üçün 2020-ci il iyulun 12-də Ermənistandan Azərbaycanın Tovuz kəndi istiqamətində raketlər atmasının səbəbi də bu idi. Onlar Azərbaycanla Ermənistan arasında müharibə salmaq, bununla da Türkiyəni tamamilə Qafqaza yönləndirmək istəyirdilər. Lakin Azərbaycan Fransanın bu oyununu, xüsusən də işğal olunmuş ərazilərində azad etmə əməliyyatı keçirməklə boğdu.

    Regional proksi strukturları dəstəkləyən qruplar: Yaxın Şərqdə status-kvonu saxlamaq istəyən və Türkiyənin “Ankara Modeli” kimi rasional dövlətçiliyindən ehtiyat edən strukturlar Türkiyəni sabitliyi pozan qüvvə kimi göstərmək üçün dezinformasiya kampaniyalarını dəstəkləyir. Türkiyə, xüsusən də sovet sisteminin dağılmasından və sonradan yardım rejiminin dağıdılmasından sonra bölgədə təhdid olaraq hədəf alınan PKK təşkilatını ortadan qaldıraraq bu prosesdən yararlandı.

    Türkiyə ilə İsrail arasında birbaşa “isti münaqişə” ehtimalı mövcud beynəlxalq münasibətlər çərçivəsində aşağı qiymətləndirilsə də, risklər aşağıdakı sahələrdə cəmlənir:

    Vəkalət müharibələri:

    Tərəflər birbaşa qarşı-qarşıya gəlməkdənsə, Suriya, Livan və ya Şərqi Aralıq dənizində müxtəlif qruplar vasitəsilə nüfuz mübarizəsi apara bilərlər. Bu isə nəzarətli gərginliyin davam etməsi deməkdir.

    İnformasiya və kəşfiyyat müharibəsi:

    Beynəlxalq mediada müşahidə olunan dezinformasiya kampaniyaları qarşıdurmanın fiziki müstəvidən daha çox informasiya və psixoloji müstəviyə keçdiyini göstərir. Birbaşa müharibədən daha çox Türkiyəni beynəlxalq səviyyədə təcrid etməyə yönəlmiş təzyiq mexanizmləri ehtimal olunur.

    Hibrid təhdidlər:

    Şərqi Aralıq dənizində enerji axtarışları və ya Egey dənizində hava məkanının pozulması kimi “boz zona” qarşıdurmaları mümkündür. Lakin hər iki dövlət genişmiqyaslı müharibənin iqtisadi, hərbi və siyasi baxımdan daha ağır nəticələr doğuracağını anlayacaq qədər rasionaldır.

    Nəticə

    “Regional sistem dəyişikliyi” məhz bu mərhələdə ön plana çıxır. Qərb mediasının Türkiyəni “təhdid” kimi təqdim etməsi onun mərkəzində dayandığı yeni regional düzənin formalaşmasının qarşısını almağa yönəlib. Türkiyə bu dezinformasiya dalğasını rasional diplomatiya və güclü strateji kommunikasiya ilə idarə etməlidir.

    Yaxın Şərqdə Sovet və İran təsirinin azalmasından sonra yeni bir sistem formalaşacağı ehtimal edilir. Bu kontekstdə Türkiyə modelinin İraq, Suriya və hətta İsrail üçün nümunə ola biləcəyi nəzərə alınarsa, hazırda müşahidə olunan rəqabət həmin yeni sistemin “doğum sancıları” kimi qiymətləndirilə bilər.

    Dəniz Pənahova
    Median.Az

  • Uşaqların qəzəbi niyə bu qədər təhlükəli hal alır?

    Uşaqların qəzəbi niyə bu qədər təhlükəli hal alır?

    Son dövrlərdə ölkədə məktəblərdə baş verən zorakılıq və aqressiya halları cəmiyyətdə narahatlığı artırıb. Şagirdlər arasında münaqişələrin daha sərt və təhlükəli formalar alması, bəzi hallarda bu proseslərin sosial media üzərindən başlanması məsələnin yalnız intizam yox, həm də psixoloji problem olduğunu göstərir. Türkiyədə belə hadisələrin qarşısını almaq üçün seriallarda silah istifadəsi və uşaqların sosial şəbəkə istifadəsi qadağan edilib.

    Məktəblərdə son dövrlər müşahidə olunan aqressiya və zorakılıq hallarının psixoloji səbəbləri nələrdir?

    Ailə mühiti bu prosesdə hansı rolu oynayır? Valideynlər hansı səhvləri daha çox edir?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, məktəblərdə son dövrlər aqressiya və zorakılığın artması mənə görə sadəcə intizam məsələsi deyil, bu, daha çox uşağın daxilində baş verən proseslərin və yaşadığı mühitin nəticəsidir.
    Psixoloqun sözlərinə görə, uşaq əslində boş yerə aqressiv olmur. O, içində yığılan emosiyanı – qəzəbi, incikliyi, anlaşılmama hissini – ifadə edə bilməyəndə bunu davranışla göstərir.

    “Biz adətən nəticəni görürük, səbəblərdən yayınırıq. Belə ki, aqressiya çox vaxt səbəb yox, nəticədir.
    Digər tərəfdən, uşaq gördüyünü öyrənir, insan beyni tanış olmayan informasiyanı təkrarlaya bilmir. Əgər uşaq evdə, ətrafda və ya sosial şəbəkədə problemləri qışqırıqla, güc göstərməklə həll olunduğunu görürsə, o da bunu normal qəbul edir”, — deyə Dilruba Həsənova əlavə edib.

    Psixoloq onu da qeyd edib ki, sosial şəbəkələr bunu daha da kəskinləşdirir. Aqressiya artıq təkcə reaksiya deyil, bəzən nümayişə çevrilir. Videoya çəkilir, paylaşılır, baxış yığır və bu, uşağa yanlış mesaj verir.
    Bir də qrupun təsiri var, uşaq tək olanda etməyəcəyi şeyi qrup içində rahat edir. Çünki məsuliyyət hissi azalır, “hamı edir” düşüncəsi güclənir.

    Ailə məsələsinə toxunan Dilruba Həsənova vurğulayıb:

    “Məncə burada ən həssas nöqtə ailədir. Uşaq ilk münasibət modelini evdə görür. Əgər evdə aqressiya varsa, uşaq onu öyrənir. Əgər emosional yaxınlıq yoxdursa, uşaq diqqəti başqa yollarla, bəzən aqressiya ilə çəkməyə çalışır. Valideynlər çox vaxt uşağın davranışına reaksiya verirlər, amma onun arxasındakı emosiyanı görmürlər. “Etmə” demək olur, amma “niyə edirsən?” sualı verilmir. Ya çox sərt yanaşılır, ya da ümumiyyətlə sərhəd qoyulmur. Hər iki halda uşaq özünü tənzimləməyi öyrənmir.

    Psixoloqun fikrincə, burada əsas məsələ odur ki, uşaq özünü dəyərli və başa düşülən hiss etmir. O zaman gücü aqressiya ilə göstərməyə çalışır. Yəni bu davranışın altında çox vaxt “məni gör”, “məni anla” ehtiyacı dayanır.

    “Ümumilikdə baxanda, məktəbdə gördüyümüz aqressiya uşağın daxilində olan boşluğun, öyrəndiyi davranışların və yaşadığı mühitin bir növ üzə çıxmış formasıdır. Buna görə də problemə sadəcə cəza ilə yox, daha dərindən – psixoloji və sosial yöndən yanaşmaq lazımdır. Məktəblərdəki vəziyyətə nəzər salanda, dərs yükünün hədsiz çox olması uşaqların evdə və məktəbdə ünsiyyətdən uzaqlaşdırılmasının qarşısı alınmalıdır. Tədris planı yenidən qurulmalıdır. Düzdür, belə olan halda diqqət müəllimlərin və valideyinlərin üzərinə yönəlir, amma müəllimin sosial psixoloji durumunu da nəzərə almaq lazımdır”.

    “Müəllimləri tədrisdə yorub təlimdən tamamilə kənarlaşdırmaq valideyinlərin isə uşaqlarına yetərincə vaxt ayıra bilməməsi təbii ki, fəsadsız ötüşməyəcək. Bu, birmənalı şəkildə belədir. Türkiyədə olmuş hadisə isə daha bir model oldu, ona görə də cəmiyyətdə və xüsusilə də məktəblərdə mütəmadi psixoloji maarifləndirmə işlərini aparmaq vacibdir”, — deyə o, xüsusi bildirib.

    Şəxsi təcrübəsindən bəhs edən psixoloq sonda fikrini yekunlaşdırıb:

    “Məsələn, bu gün bir halla rastlaşmışam. Məktəbin müəlliməsi uşağın dərsdə yuxuladığını görüb qaldırır və uşaqların içində” sən narkamana oxşayırsan” deyib, təhqir edir. Bu sözlər qız uşağına deyilir. Müəllimin düzgün olmayan hərəkəti uşaqda təbii ki, aqressiyaya səbəb olacaq. Müəllimlər də, valideyinlər də diqqətli olmalıdır. Uşaqların təlim və tərbiyəsində bu, vacib amillərdən biridir. Məktəb psixoloqları isə daha çox uşaqlarla yaxından ünsiyyət qurmalıdır”.

    Dəniz Pənahova
    Median.Az

  • Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı (Video)

    Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı (Video)

    Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir. Sakinlərin sözlərinə görə, ərazidə aparılan işlər onların gündəlik hərəkətinə ciddi maneə yaradır.

    “Qanunsuz olaraq gəlib yolları zəbt edirlər. Məktəbə uşaqları apara bilmirik. Hər iki məktəbin yolu bağlanır, metroya gedən yollar da tutulur. Bütün qurumlara müraciət etmişik, amma heç kim gəlmir. Deyir ki, 16 mərtəbəli bina tikəcək. Hətta bildirir ki, “şükür edin ki, sizə iki metr yol verirəm”, deyə sakinlərdən biri bildirib.

    Digər şikayətçi isə məsələ ilə bağlı ziddiyyətli açıqlamalara diqqət çəkib.

    “İcra hakimiyyətindən gələn nümayəndə deyib ki, biz icazə verməmişik. Amma axı ilkin sənədlər icra hakimiyyətindən alınır. Necə olur ki, icazə verilməyib, amma tikinti aparılır? Deyirlər ki, Əmlak Məsələləri Dövlət Xidməti icazə verib. Bəs həmin qurum gəlib baxmalı deyilmi ki, bu tikinti maneə yaradır, ya yox? Uşaqları səhər məktəbə aparmaqda çətinlik çəkirik”, deyə o qeyd edib.

    Özünü ərazidə fəaliyyət göstərən “İnam 2019” MMC-nin iş icraçısı kimi təqdim edən Ramil Məcidov bildirib ki, sözügedən ərazidə yeni bina tikintisi deyil, köhnə kafenin bərpası nəzərdə tutulub. Onun sözlərinə görə, aparılan işlər çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mühafizə zolağı yaradılır.

    Məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən bildirilib ki, tikintiyə icazə verən qurum onlar deyil. Qeyd olunub ki, torpaq üzərində hər hansı tikinti aparmaq üçün müvafiq qurumların razılığı tələb olunur və torpağın çıxarışı olsa belə, tikinti mütləq şəkildə razılaşdırılmalıdır.

    Xətai Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, sözügedən ərazi özəl mülkiyyətdir və icra hakimiyyətinin tikintiyə icazə vermək səlahiyyəti yoxdur.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Bildirilib ki, həmin ünvanda yalnız ərazinin hasarlanmasına cəhd olunub. Sakinlərin narazılığı əsasında yerli icra hakimiyyəti tərəfindən hasarlama işlərinin qarşısı alınıb. Hazırda ərazidə hər hansı tikinti-quraşdırma işləri aparılmır.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xətai Rayon Polis İdarəsinə vətəndaşların şikayətləri daxil olub.

    Qeyd olunub ki, müraciət üzrə aidiyyəti qurumlarla birgə araşdırma aparılır.

  • Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu

    Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu

    Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat müəyyən edilib.

    Xatırladaq ki, bu il yanvarın 15-də Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Bununla da müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakı ödənişli olub.

    Bu ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.