Category: Cəmiyyət

  • Kassa çekləri sağlamlıq üçün təhlükəlidir – Professor açıqladı

    Kassa çekləri sağlamlıq üçün təhlükəlidir – Professor açıqladı

    “Kassa çeklərində istifadə olunan kağızlarda insan orqanizmi üçün zərərli olan maddələr var”.

    Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla kassa çeklərinin sağlamlıq üçün təhlükəli olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.

    Onun sözlərinə görə, bunlardan biri də “Bisfenol A”dır:

    “Həmin maddə dəri ilə təmasda olduqda allergiya yaradır, sonra oradan orqanizmə keçərək müxtəlif xətəliklərə səbəb ola bilər. Təəssüflər olsun ki, bunlar günümüzün bir hissəsini təşkil edir. Bu cür risk faktorları çoxdur. Məsələn, plastik qablar və onlarda saxlanılan suların hamısı ziyanlıdır. Onların arasında da müxtəlif toksiki maddələr var. Həmin maddələr orqanizmə su ilə daxil olur. Bundan əlavə plastik qablarda, Çindən gələn kuklalarda, uşaq oyuncaqlarında xeyli toksiki maddələr var”.

    Adil Qeybulla xatırladıb ki, dünyada plastik qabların qadağan edilməsi ilə bağlı qərar var:

    “Bu barədə iş gedir və çeklərlə bağlı xəbərdarlıq var. Hesab edirəm ki, insanlar özləri diqqətli olmalıdır. Bunların hansısa formada dəyişdirilməsi daha məqsədəuyğundur”.

    Qeyd edək ki, kassa çeklərinin sağlamlıq üçün təhlükəli olduğu ilə bağlı məlumat yayılıb.

  • “Son zəng” tədbirləri ilə bağlı təlimat: Şagirdlər məktəbli formasında olmalıdır

    “Son zəng” tədbirləri ilə bağlı təlimat: Şagirdlər məktəbli formasında olmalıdır

    Azərbaycanda “Son zəng” tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib.

    Təlimata əsasən, məktəblərdə “Son zəng” tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.

    Tədbir isə məktəbin həyətində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.

    Tədbir tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.

    “Son zəng” tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 9:00-da başlamalı və ən gec 2 saat ərzində bitməlidir.

    “Son zəng” tədbirində aşağıdakı şəxslər iştirak edə bilər:

    1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);

    Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);

    Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.

    Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış tələbləri də var. Belə ki, şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Bayraq müşayiəti ilə səsləndirmə yol verilməlidir.

    Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.

    Bundan əlavə, xüsusi tələb və qeydlər də var. Belə ki, tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.

    MÜTDA təlimatda qeyd edilən tələbləri təsdiq edib. “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

  • Şənbə günü yağış yağacaq

    Şənbə günü yağış yağacaq

    Aprelin 25-də gözlənilən hava şəraiti açqılanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

    Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

    Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

  • “Sərhədlər açılsa belə turizmin inkişafı tam təmin edilə bilməz” – İqtisadçı

    “Sərhədlər açılsa belə turizmin inkişafı tam təmin edilə bilməz” – İqtisadçı

    “Bu ilin birinci rübü yenə də ölkəmizə gələn turistlərin sayında 5%-dək azalma var. Bu məsələdə sözsüz ki, ölkəyə giriş imkanlarının genişliyi önəmlidir”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, quru sərhədlərin bağlı qalması regiona gələn turist axınına təsir edir və nəticədə hava nəqliyyatından asılılıq artır:

    “Bu isə turizmi kütləvi deyil, daha çox məhdud və bahalı seqmentə yönəldir. Təbii ki, quru sərhədlərinin bağlı qalması daha starteji faktorlarla bağlıdır. Lakin bu amilin turizm sektoruna təsiri danılmazdır. Amma məsələ orasındadır ki, “quru sərhədləri açsaq turizm inkişaf edəcək” deyə bir düşüncə yanlışdır. Sərhədlər açılsa belə digər problemlər həll olunmadan turizmin inkişafı tam təmin edilə bilməz. Belə ciddi problemlərdən biri də Azərbaycanda qiymət və xidmət arasında balansın pozulmasıdır. Otellərdə və digər turizm obyektlərində təqdim olunan xidmətin səviyyəsi ilə qiymət arasında adekvatlıq təmin olunmur. Nəticədə turist seçim qarşısında qaldıqda Bakı ilə Tbilisi, İstanbul və ya Dubay arasında müqayisə aparır, eyni qiymətə daha yüksək xidmət təklif edən digər istiqamətləri seçir”.

    İqtisadçı qeyd edib ki, digər mühüm məsələ turizm paketləri ilə bağlıdır: “Məsələn, 5 günlük və ya 1 həftəlik beynəlxalq standartlara uyğun tur paketləri rəqib ölkələrlə müqayisədə Azərbaycanda ya zəif inkişaf edib, ya da demək olar ki, mövcud deyil. Əyləncə turizmi, tematik turizm, kənd turizmi kimi sahələr yetərincə inkişaf etməyib. Buna görə turist üçün ölkə daxilində “hazır və dolu proqram” formalaşmır. Turist gələndə nəyi harada və hansı ardıcıllıqla edəcəyini özü planlaşdırmalı olur. Bu isə seçim qərarına birbaşa təsir edir, çünki rəqib ölkələrdə bu təcrübə artıq paket halında təqdim olunur. Regionlar bu baxımdan ümumi sistemə tam qoşula bilmir. İnfrastruktur müəyyən qədər qurulsa da, turist üçün cəlbedici və davamlı fəaliyyət mühiti formalaşmayıb. Nəticədə ölkədaxili hərəkət zəifləyir və turizm daha çox bir şəhər çərçivəsində qalır. Bu səbəbdən turistlər ya ölkədə qısa müddət (1-2 gün) qalır, ya da ümumiyyətlə başqa ölkələri seçirlər”.

    E.Əmirov qeyd edib ki, digər vacib məqam Azərbaycanın turizm brendinin olmamasıdır: “Yəni, ölkəmizi digər turizm ölkələrindən fərqləndirən aydın və güclü bir imic formalaşmayıb. Məsələn, Gürcüstan turizmi ucuzluğu, Türkiyə yüksək xidmət səviyyəsi, Dubay isə lüks turizm imkanları ilə seçilir. Azərbaycanda isə bu cür fərqləndirici xüsusiyyət hələ də tam formalaşmayıb. Qiymət amili, xidmət səviyyəsi, əlçatanlıq, turizm təcrübəsinin zəifliyi, özünə məxsusluğun (brending) olmaması və digər faktorlar bir-biri ilə bağlı şəkildə turizm sektorunun inkişafına mane olur. Əminliklə qeyd etmək olar ki, həllini gözləyən bu məsələlər arasında ən qısa zamanda və asanlıqla həll edilə bilən məsələ elə quru sərhədlərinin açılmasıdır. Tutaq ki, zamanı gəldi, məqam yetişdi və sərhədlərin açılması qərarı verildi. Bəs o zaman digər qeyd edilən çatışmazlıqlar dərhal həll edilə biləcək? Çətin. Onların həllinə daha çox zaman lazımdır. Qeyd edilən istiqamətlərdə ciddi irəliləyişlər olmadan, quru sərhədlər bu gün açılsa belə yenə də turizm sahəsində ciddi və davamlı inkişafa nail olmaq çətin olar”.

  • “”Avant”ın rəhbəri rahat yatsın, biz səs-küyə dözək?” – Aparıcıdan şikayət (Video)

    “”Avant”ın rəhbəri rahat yatsın, biz səs-küyə dözək?” – Aparıcıdan şikayət (Video)

    Tanınmış aparıcı Nigar Sabirqızı “Avant Group” şirkətinin gecə saatlarına qədər iş gördüklərini və sakinlərin narahatlığına səbəb olduqlarını əks etdirən görüntülər paylaşıb.

    Aparıcı bildirib ki, gecə saatlarında aparılan tikinti işləri onları narahat edir.

    “Saat 00.30 və siz bu saatda “Avant”ın apardığı tikintiyə baxın. Gecə saat 00.00-dan sonra səs etmək qadağan deyildi? Bu saatda fəhlələrin işlədilməsi qanunidir? Əvvəl deyirdilər ki, yük avtomobilləri şəhərə gecə saatlarında buraxılır, ona görə gecə işləməyə məcburuq. Bəs bu işin adı nədir? Mərtəbələri sürətlə yüksəltmək üçün gecə də işləmək və bizi narahat etmək? “Avant”ın rəhbəri öz yerində rahat yatsın, biz isə bu səs-küyə dözək?

    Qeyd edək ki, ötən il “Avant Group” MTK tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdu.

  • Sosial media məktəblərdə zorakılığı alovlandırır – Milli Məclisdən reaksiya

    Sosial media məktəblərdə zorakılığı alovlandırır – Milli Məclisdən reaksiya

    Son dövrlər məktəb mühitində baş verən insidentlər cəmiyyətin ən həssas nöqtələrindən birinə çevrilib. Şagirdlər arasında münasibətlərin daha gərgin və aqressiv məcraya yönəlməsi, qarşıdurmaların bəzən real həyatdan əvvəl sosial şəbəkələrdə formalaşması bu problemin təkcə nizam-intizam məsələsi olmadığını göstərir. Mütəxəssislər artıq bunu həm psixoloji, həm də rəqəmsal mühitin təsiri ilə əlaqələndirir. Bu vəziyyət fonunda bəzi ölkələrdə uşaqları zorakı təsirlərdən qorumaq üçün yeni məhdudiyyətlər tətbiq olunur və bu yanaşmalar diqqət mərkəzinə gəlir.

    Türkiyədə belə hadisələrin qarşısını almaq üçün seriallarda silah istifadəsi və uşaqların sosial şəbəkə istifadəsi qadağan edilib. Oxşar tətbiq bizdə də həyata keçirilə bilərmi? Milli Məclisdə bu yöndə müzakirələrin olması mümkündürmü?

    Bu barədə Milli Məclisin deputatı Elnarə Akimova Median.Az-a danışıb.
    Deputatın sözlərinə görə, məktəblərdə son dövrlər müşahidə olunan zorakılıq və aqressiya halları bizi ciddi şəkildə narahat edən məsələlərdən biridir. Təhsil ocaqları uşaqların yalnız bilik aldığı yer deyil, həm də onların şəxsiyyət kimi formalaşdığı, təhlükəsiz və sağlam mühitdə böyüdüyü məkan olmalıdır. Təəssüf ki, bəzi hallarda şagirdlər arasında baş verən münaqişələrin sərtləşməsi, zorakılığın artması və bu proseslərin sosial media üzərindən daha da alovlanması artıq məsələyə daha geniş və ciddi yanaşma tələb edir.

    Akimova qeyd edib ki, Milli Məclisdə bu istiqamətdə zaman-zaman müzakirələr aparılır və qanunvericilik bazasının daha da təkmilləşdirilməsi üçün müxtəlif təkliflər irəli sürülür. Xüsusilə yetkinlik yaşına çatmayanların informasiya təhlükəsizliyi, sosial şəbəkələrdə zərərli kontentin qarşısının alınması, məktəbdaxili psixoloji xidmətlərin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır.

    “Biz görürük ki, bəzi xarici ölkələrdə, o cümlədən Türkiyədə seriallarda silah səhnələrinin məhdudlaşdırılması və uşaqların sosial şəbəkələrdən istifadəsinə daha sərt nəzarət kimi addımlar atılır. Bu təcrübələr əlbəttə araşdırılır və cəmiyyətimizin xüsusiyyətləri nəzərə alınmaqla uyğun mexanizmlərin tətbiqi müzakirə oluna bilər”, — deyə deputat əlavə edib.

    “Məqsəd qadağa yaratmaq deyil, uşaqların psixoloji sağlamlığını qorumaq və onları zorakılıq meyllərindən uzaq tutmaqdır”.

    Elnarə Akimova hesab edir ki, bu məsələdə yalnız məktəb və ya dövlət deyil, ailə, media və bütövlükdə cəmiyyət birlikdə məsuliyyət daşıyır. Uşağın ilk tərbiyə aldığı yer ailədir. Əgər ailədə sağlam münasibət varsa, məktəbdə də davranış fərqli olur. Eyni zamanda televiziya və sosial media da uşağın düşüncə tərzinə ciddi təsir göstərir.

    Deputat sonda vurğulayıb ki, biz qanunları yeniləyə, nəzarəti gücləndirə bilərik, amma ən vacib məsələ cəmiyyət olaraq uşaqlara hansı nümunəni göstərdiyimizdir. Məktəb qorxu məkanı deyil, güvən və inkişaf yeri olmalıdır. Bunun üçün həm qanunvericilik, həm maarifləndirmə, həm də ictimai məsuliyyət paralel şəkildə işləməlidir. Bu istiqamətdə Milli Məclis öz üzərinə düşən vəzifəni bundan sonra da davam etdirəcək.

    Dəniz Pənahova
    Median.Az

  • “Olympus Park” şirkətindən ŞİKAYƏT – Video

    “Olympus Park” şirkətindən ŞİKAYƏT – Video

    Bir ailenin 7 üzvü evsiz qalıb. Nə kirayə pul ödənilir, nə də kompensasiya verilir…

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, 2021-ci ildə Nəsimi rayon Azadlıq prospekti 104 ünvanındakı çıxarışlı mənzilinin və mağazasının söküldüyünü iddia edən vətəndaş deyir ki, düz üç ildir “Olympus Park” tikinti şirkəti ona verilən kirayə pulunu kəsib.

    8 nəfər ailə üzvü ilə birgə şəhərin müxtəlif ünvanlarındakı zirzəmilərdə gecələyirlər.

    Nə mənzil, nə də kompensasiya ala bilmədiyini deyən sakinlər iddia edir ki, apelyasiya məhkəməsi də vətəndaşların xeyrinə qərar verib, amma icra olunmur.

  • Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Paytaxtın əsas küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar bir sıra marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 24-27 aprel tarixlərində Səməd Vurğun və Rəşid Behbudov küçələrində, eləcə də Heydər Əliyev prospektinin əsas və kənar yollarında (şəhər istiqaməti) təmir işləri aparılacaq.

    Tətbiq ediləcək məhdudiyyətlərlə əlaqədar aşağıdakı marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq:

    Səməd Vurğun küçəsindən keçən:

    61 nömrəli marşrut: Azadlıq prospekti ilə;

    88A nömrəli marşrut: Rəşid Behbudov və Salatın Əsgərova küçələri ilə.

    Rəşid Behbudov küçəsindən keçən:

    4 nömrəli marşrut: Puşkin küçəsi, Azadlıq prospekti və Füzuli küçəsi ilə;

    5, 20, 61 və 88 nömrəli marşrutlar: Xaqani, Puşkin və Füzuli küçələri ilə.

    Heydər Əliyev prospekti üzrə:

    H1 nömrəli marşrut: Əsas yoldan kənar yola yönləndiriləcək.

    Qurumdan o da bildirilib ki, Heydər Əliyev prospektinin qismən məhdudlaşdırılan kənar yolundan keçən 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət intervallarında sıxlıqla bağlı artım ola bilər.

  • Sumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? – Sakinlərdən ŞİKAYƏT

    Sumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? – Sakinlərdən ŞİKAYƏT

    Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Ailə Sağlamlıq Mərkəzinin (ASM) binası yararsız vəziyyətə düşüb.

    Bunu Oxu.Az-a Sumqayıt şəhər sakinləri bildiriblər.

    Qeyd edilib ki, ASM-in yerləşdiyi binanın divarlar çatlayıb, pəncərələr qırılıb:

    “ASM-in otaqlarının qapıları yararsız vəziyyətdədir. Qapını bağlamaq üçün tutacağına əski parçası bağlayıblar, oturacaqlar qırılıb-sökülüb, tavandan keçən elektrik kabelləri qopub, havada asılı vəziyyətdə qalıb. Həmin kabellər yapışqanla bağlanıb ki, bu da mərkəzə müraciət edənlərin həyatı üçün təhlükə yaradır”.

    Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinə sorğu verilib.

  • Küləyin sürəti 28 m/s-dək güclənir – FAKTİKİ HAVA

    Küləyin sürəti 28 m/s-dək güclənir – FAKTİKİ HAVA

    Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 16:00-a olan məlumatında qeyd edilib.

    Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

    Küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtər, Bərdədə 22, Mingəçevir, Gəncə, Ağstafada 20, Lerikdə 19, Ağdamda 18, Yardımlı, Şəki, Xızıda 15 m/s-dək güclənir.