Category: Cəmiyyət

  • Bu binalarda kombi quraşdırılmasına icazə veriləcək

    Bu binalarda kombi quraşdırılmasına icazə veriləcək

    Nazirlər Kabineti “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

    Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına bu hallarda icazə veriləcək: çoxmənzilli yaşayış binası azmərtəbəli (5 mərtəbəyə qədər) olduqda, çoxmənzilli yaşayış binasının yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda, çoxmənzilli yaşayış binası üzrə mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda.

  • MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi

    MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi

    Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat təsdiq edilib.

  • Azərbaycan səmasında parlaq izlər görünə bilər

    Azərbaycan səmasında parlaq izlər görünə bilər

    Aprelin sonundan may ayının ortalarına qədər “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək.

    Meteorlar təxminən 66 km/saat sürətlə Yer atmosferinə daxil olur və yüksək sürətləri səbəbindən səma boyunca uzun və parlaq izlər buraxır. Dolça (Aquarius) bürcü istiqamətindən gəlirmiş kimi göründüyünə görə bu meteor yağışı “Eta Aquarid” adlandırılır.

    “Eta Aquarid” meteor yağışının mənbəyi Günəş sisteminin ən məşhur periodik kometalarından biri olan Halley kometası ilə bağlıdır. Halley kometası qədim dövrlərdən müşahidə olunsa da, onun periodik təbiəti ilk dəfə Edmond Halley tərəfindən müəyyən edilib. O, 1682-ci ildə müşahidə etdiyi kometasının 1531 və 1607-ci illərdə qeydə alınmış kometa ilə təxminən 76 illik dövrə malik eyni obyekt olduğunu hesablayıb. 1758-ci ildə kometanın yenidən görünməsi bu hesablamanı təsdiqləyib və kometa onun şərəfinə adlandırılıb. Günəşə yaxınlaşma zamanı kometanın səthindəki buz və toz maddələri sublimasiya edir və orbital trayektoriya boyunca geniş və uzun iz buraxır. Yer bu izlə ildə iki dəfə qarşılaşır və nəticədə may ayında “Eta Aquarid”, oktyabr ayında isə “Orionid” meteor yağışları müşahidə olunur.

    Bakı şəhərindən “Eta Aquarid” meteor yağışının müşahidəsi mümkündür, lakin bəzi məhdudiyyətlər mövcuddur. Şimal yarımkürəsində yerləşdiyinə görə meteorların radiant nöqtəsi üfüqdən çox yüksək qalxmır. Bunun üçün də müşahidə olunan meteorların sayı Cənub yarımkürəsi ilə müqayisədə daha az olur. Buna baxmayaraq, əlverişli hava şəraitində və şəhər işıq çirklənməsindən uzaq ərazilərdə səhərə yaxın saatlarda (saat 02:16-dan 05:01-ə qədər) müşahidə aparmaqla saatda 10-20 meteor görmək mümkündür. Xüsusilə Abşeron yarımadasından kənar, daha qaranlıq səma şəraitinə malik ərazilər müşahidə üçün əlverişli hesab olunur.

    “Eta Aquarid” meteor yağışı yalnız estetik baxımdan deyil, həm də elmi tədqiqatlar üçün mühüm əhəmiyyətə malikdir. Meteorların spektral müşahidələri onların kimyəvi tərkibini müəyyən etməyə imkan verir, bu məlumatlar kometa materialının ilkin xüsusiyyətlərinin öyrənilməsi üçün istifadə olunur. Meteorların Yer atmosferinə daxil olması zamanı baş verən ionlaşma və enerji ötürülməsi prosesləri yüksək enerjili hissəciklərin atmosferlə qarşılıqlı təsir mexanizmlərini araşdırmağa imkan yaradır.

  • Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ

    Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ

    Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən almağı tövsiyə edir.

    Bu barədə AZAL məlumat yayıb.

    Bildirilib ki, bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşlara tələbatın artacağı gözlənilir. Qeyd olunan dövrdə sözügedən marşrut üzrə gün ərzində 8 müntəzəm reysin (gediş-gəliş 16 reys) həyata keçirilməsi planlaşdırılır. Artan sərnişin tələbatını qarşılamaq məqsədilə qeyd olunan tarixlərdə gün ərzində 5-10 əlavə reysin (gediş gəliş 10-20 reys) həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, əlavə reyslərin sayı müvafiq günün tələbatına uyğun şəkildə təyin olunur.

    Bununla belə, biletlərin səyahət tarixindən öncə alınması həm sərnişinlər üçün daha rahat planlaşdırma imkanı yaradır, həm də uçuşların daha səmərəli təşkili baxımından məqsədəuyğun hesab olunur.

    Aviabiletləri rəsmi veb-səhifədən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından əldə etmək mümkündür.

  • Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb – Video

    Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb – Video

    Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb.

    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

    Qeyd edilib ki, videoçarx Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb.

    Bildirilib ki, Azərbaycan ərazisindəki alban məbədlərinin mirvarisi adlandırılan VI-XIII-XVIII əsrlərdə inşa elmiş Xudavəng monastrı tarixi abidədir. Kəlbəcər rayonunda yerləşən monastrın tarixi və memarlıq xüsusiyyətləri, bölgənin mədəni irsindəki əhəmiyyəti videoçarxda ətraflı şəkildə işıqlandırılır. Layihənin məqsədi – bölgənin çoxəsrlik tarixi və maddi-mənəvi irsinin təbliğ etməkdir.

  • ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib

    ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib

    ANAMA Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində indiyə qədər icra edilən əməliyyatlar zamanı 256 ha ərazini təmizləyib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

    Qeyd edilib ki, Qazaxda 2024-cü ildən indiyə qədər 1,102 ədəd piyada əleyhinə mina, 125 ədəd tank əleyhinə mina və 62 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.

    ANAMA-nın məlumatına görə, ərazilərdə həm relyef çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Təmizləmə əməliyyatları zamanı daha çox piyada əleyhinə minalara rast gəlinir.

    Xatırladılıb ki, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədilə minatəmizləmə əməliyyatları icra olunub.

    2025-ci ildən etibarən isə Nazirlər Kabineti tərəfindən müəyyən olunan plana uyğun olaraq yaşayış məntəqələrinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi fəaliyyəti icra edilir.

    Qurumdan bildirilib ki, məlum olduğu kimi hava şəraiti, mürəkkəb relyef, sıx bitki örtüyü, yay vaxtlarında zəhərli ilanlar və əqrəblər minatəmizləmə əməliyyatlarının gedişatına təsir edən amillərdir. Qeyd edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyəti intensiv şəkildə davam etdirilir.

    ANAMA-nın bildirdiyinə görə, ümumilikdə, işğaldan azad olunmuş ərazilərdə 2020-ci ilin noyabr ayından bugünədək icra edilən əməliyyatlar zamanı 265 597 ha ərazi təmizlənib, 41 560 ədəd piyada əleyhinə mina, 23 450 ədəd tank əleyhinə mina və 184 067 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.

  • Dövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldı

    Dövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldı

    Lənkəran şəhəri ərazisində ümumilikdə 11 000-ə yaxın abonentin təbii qaz təchizatı 24.04.2026-cı il tarixində saat 11:30-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

    Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Lənkəran şəhəri, Həzi Aslanov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən aparılan qazıntı işləri zamanı şəhəri təbii qazla təchiz edən polietilen qaz xəttinə ziyan vurulmasıdır.

  • Ucarda çaqqal insanlara hücum etdi

    Ucarda çaqqal insanlara hücum etdi

    Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb.

    Hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.

    Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı G.Məmmədovanın köməyinə gələn qonşuları – 67 yaşlı Musa Həsənov və onun həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarət alıblar.

    Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

  • Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

    Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

    Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində aparılan bərpa işləri ilə bağlı təqdimat keçirilib.

    Median.Az PhotoStock.az-a istinadən xəbər verir ki, təqdimat Füzuli Beynəlxalq Hava Limanında baş tutub.

    Təqdimatda iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, LUKOIL neft şirkətinin qurucusu Vahid Ələkbərov və “LUKOIL Azərbaycan” QSC-nin baş direktoru Rasim Əmrəliyev iştirak ediblər.

    Daha sonra Füzuli şəhərinin işğal dövründə dağıdılmış vəziyyəti, şəhərin baş planı, inşa olunan yaşayış kompleksləri və mərkəzi park layihəsi barədə də məlumat verilib.

    Ardınca 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub. Açılışda bildirilib ki, körpələr evi-uşaq bağçası 2 mərtəbəli, 240 yerlik olmaqla 2.4 hektar torpaq sahəsində inşa edilib. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, soyunub-geyinmə otaqları, mətbəx, müasir avadanlıqlarla təchiz olunmuş metodika otağı, kompüter otağı, həkim otağı, dezinfeksiya otağı, izolyator palata, camaşırxana, tərəvəzlərin ilkin emalı sexi, tərəvəz sexi, ət-balıq sexi, quru ərzaq anbarı, işçi heyəti üçün yeməkxana, elektrik və server otaqları, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulub. Burada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün zəruri şərait yaradılıb.

  • Ağcabədidə Kür çayında yarılan bənd tam bərpa edildi

    Ağcabədidə Kür çayında yarılan bənd tam bərpa edildi

    Ağcabədidə Kür çayında yarılan bənd bərpa edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisində Qarqarçayla qovuşduğu ərazisində Qarqar çay hövzəsinin yarılması qeydə alınmışdı.

    Aparılan tədbirlər nəticəsində bənd bərkitmə işləri yekunlaşıb. Suyun sahələrə axınının qarşısı tam alınıb.

    Qeyd edək ki, hadisəyə səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin artması olub.