Category: Cəmiyyət

  • Xərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? – Video

    Xərçəng peyvəndi bədənin immun sistemini xərçəng hüceyrələrini tanımaq və məhv etmək üçün stimullaşdıran yeni nəsil tibbi üsuldur. Bu peyvəndlər ənənəvi yoluxucu xəstəlik vaksinlərindən fərqli olaraq həm qoruyucu, həm də müalicəvi olmaqla iki qrupa bölünür.

    Bu barədə “Azad Azərbaycan” (ATV) telekanalının videomaterialında bildirilib.

    Peyvənd immun sistemini aktivləşdirərək xərçəngin böyüməsinin qarşısını alır və ya onun yenidən yaranma riskini azaldır. Bəzi yeni nəsil peyvəndlər xəstənin öz xərçəng hüceyrələrindən alınan genetik material əsasında fərdi olaraq hazırlanır.

    Hazırda ABŞ və Avstraliya kimi ölkələrdə melanoma, pankreas (mədəaltı vəzi) və uşaq beyin şişləri üçün klinik sınaqlar genişlənir. Rusiyada isə bu sahədə yeni mərhələyə keçid olunduğu açıqlanıb: ölkədə hazırlanmış fərdi xərçəng peyvəndi rəsmi olaraq icbari tibbi sığorta sisteminə daxil edilib.

    Bu preparat adi vaksinlərdən fərqli olaraq xəstəliyin profilaktikası üçün deyil, artıq diaqnoz qoyulmuş xərçəngin müalicəsi məqsədilə tətbiq edilir. Yanaşmanın əsasını fərdi tibbi texnologiya təşkil edir: hər bir xəstədən götürülən şiş nümunəsi əsasında xüsusi preparat hazırlanır və bu, immun sistemini birbaşa xərçəng hüceyrələrinə qarşı mübarizəyə yönəldir.

    Həkim-onkoloq Fərid Müseyibov bildirir ki, dünyada tətbiq edilən bu peyvəndlərin müsbət təsirləri artıq özünü göstərməkdədir:

    “Onkoloji xəstəliklər dünyada ürək-qan-damar xəstəliklərindən sonra ikinci yerdə dayandığı üçün bəzi ölkələrdə artıq icbari tibbi sığorta proqramına daxil edilib. Bu da, təbii ki, xərçənglə mübarizədə çox böyük üstünlüklər yaradır”, – deyə o vurğulayıb.

  • Gürcüstanda etiraz aksiyası – Maaşlarını ala bilməyən soydaşlarımızın şikayəti – Video

    Gürcüstanın Qardabani rayonunda yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər. Buna səbəb 50-yə yaxın işçinin artıq üç aydır ki, çalışdıqları inşaat şirkətindən əməkhaqlarını ala bilməmələridir.

    Bu barədə Baku TV-nin videomaterialında deyilir.

    Paytaxt Tbilisi şəhərində yanvardan şirkətdə fəaliyyətə başlayan işçilər yalnız bir dəfə ödəniş aldıqlarını, bir qismi isə ümumiyyətlə əməkhaqqı almadıqlarını deyir.

    Şikayətçilərdən biri problemin mahiyyətini belə izah edib: “Yanvarın 10-dan gəldik bura işə. Bizə dedilər ki, fasad işlərini görəcəksiniz. Ayın 15-dən 15-nə pulunuz veriləcək. Fevralın 15-nə qədər aylığımızı vermədilər. Bizə az bir miqdarda avans verdilər. Dedilər ki, işlərinizi bəyənmişik, davam edin. Martda pulumuzu tələb edəndə dedilər ki, bu gün veriləcək, sabah veriləcək. Dünən söhbətə qalxanda dedilər ki, guya pulu direktora veriblər. Yəni bizim başımıza belə oyun açırlar. Ortaya çıxan, məsuliyyət daşıyan yoxdur”.

    “Arke” şirkətinə məxsus inşaatın qarşısına toplaşaraq etiraz aksiyası keçirənlər arasında əməkhaqlarını ala bilməyən gürcü işçilər də var. İnşaat şirkətinin nümayəndələri işçilərin etirazına cavab olaraq, onların gördükləri işin qarşılığında əməkhaqqının ödənildiyini bildirib.

  • Paytaxtda qorxulu vəziyyət: Evlər hər an dağıla bilər – Video

    Yuxarıdakı evlər hər an aşağıdakı evlərin üzərinə uça bilər. Torpaq sürüşdüyü üçün yol çöküb, hasarda isə iri çatlar əmələ gəlib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, təxminən 10 mənzil sakininin təhlükəli vəziyyətdə yaşadığı ünvan paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Badamdar yolu, ev 15B və 5D-dir.

    Şikayətçilərin sözlərinə görə, aidiyyəti qurum tərəfindən əraziyə baxış da keçirilib. Lakin sakinlərin gedəcək başqa yerləri olmadığından onlar həmin evlərdə yaşamağa davam edirlər.

    Həmçinin bildirilib ki, qeyd olunan hal ilk dəfə baş vermir. Bu günə qədər yaranan qəzalı vəziyyətlə bağlı sakinlər özləri müəyyən tədbirlər görüblər.

    Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyidən bildirilib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən ünvana baxış keçirilib, vəziyyətlə bağlı akt tərtib olunub və aktın bir nüsxəsi aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına göndərilib.

    Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, torpaq sürüşməsi ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər edilib.

  • Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcək

    Astara rayonunun üç kəndinin sel və daşqın sularından mühafizəsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat əldə edib.

    Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Siyəkü, Pensər və Şiyəkəran kəndlərində yaşayış evlərinin, həyətyanı və təsərrüfat sahələrinin sel və daşqın sularından mühafizə tədbirləri üzrə hazırlıq işlərini yekunlaşdırıb.

    Bununla bağlı elan edilmiş tenderin qalibi olan “Teymur-M” şirkəti sözügedən işlərin icrası üçün 2 milyon 41 min manatın tələb olunduğunu təklif edib.

    Hazırda təklif dəyərləndirilir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

  • Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı – Video

    Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.

    Bu barədə AzTV-nin videomaterialında bildirilib.

    Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər:

    “Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi”.

    Aprelin əvvəlində havaların istiləşməsi, daha sonra isə yağışların başlaması bağlara mənfi təsir edib. Alça tez çiçək açdığı üçün yağış tozlanmaya imkan verməyib.

    “Mənim 500-dən çox göyçə ağacım var. Hər ağacda 1-2 kiloqram məhsul olar, ya olmaz. Keçən il buna nisbətən daha yaxşı idi. Bu il məhsulumuz həddindən artıq zəifdir”, – deyə digər fermer bildirib.

    Havanın yağıntılı keçməsi səbəbindən alça bağlarında xəstəlik də yayılıb. Nəticədə meyvələr elə vəziyyətə düşüb ki, onların bazara çıxarılması mümkün deyil.

    Subsidiya da ala bilməyən fermerlər ciddi ziyana düşdüklərini qeyd edirlər:

    “Əvvəllər bizə subsidiya verirdilər. Müəyyən miqdarda xərclərimizi ödəyirdi. Amma bir ildir ki, kəsilib. Həddindən artıq xərc çəkirik və onu geri qaytara bilmirik”.

    Mütəxəssislər belə vəziyyətdə ziyanın qarşılanması üçün fermerlərə bağların əvvəlcədən sığortalanmasını tövsiyə edirlər.

  • Kartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? – Video

    Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir.

    Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

    Mərkəzi Bankın müvafiq qərarına əsasən, iyunun 1-dən bu xidmət haqqının yuxarı həddi müəyyən sahələr üzrə aşağı salınacaq.

    Belə ki, yuxarı hədd 0.25 faiz bəndi endirilməklə aptek və ərzaq mağazaları üzrə ödəniş məbləğinin 1.25 %-i, yanacaq kateqoriyası üzrə 0.75 %-i, ümumi kateqoriyada isə 1.5 %-i səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, banklar tərəfindən nağdsız ödənişlərə görə verilən keşbeklərin maliyyə mənbəyi həmçinin bu xidmət haqqı hesabına əldə edilən gəlirlərdir.

    İqtisadçı Rəşad Həsənov bildirir ki, bu baxımdan sözügedən xidmət haqqının azalması keşbeklərə təsir edə bilər: “Bazar doyandan, vərdişlər formalaşandan, genişlənmə imkanı məhdudlaşandan və bu istiqamətə sərf olunan xərclər effektivliyini itirəndən sonra banklar artıq müvafiq siyasətlərinə yenidən baxmalı olurlar ki, son dövrlərdə biz bunu müşahidə edirik. Yəni artıq keşbeklərlə əlaqədar məsələ əvvəlki dövrlərdə olduğu kimi cəlbedici deyil və bu istiqamətdə təkliflərin marağı günbəgün azalmaqdadır”.

  • Gənclər buna görə valideyn olmaq istəmirlər – Psixoloq

    Son illərdə dünyada uşaq sahibi olmaq istəyən insanların sayı getdikcə azalır. Bunun əsas səbəblərindən biri insanların dünyanı əvvəlkindən daha güvənsiz hesab etmələridir.

    Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib.

    O bildirib ki, gələcək on il haqqında düşünərkən bir çox insan daha pessimist yanaşmaya meyillidir:

    “Ekoloji problemlər, müharibələr, iqtisadi və sosial krizislər kimi amillər insanların gələcəyə olan inamını zəiflədir və nəticədə bu cür qeyri-müəyyən bir dünyaya uşaq gətirmək istəyi azalır.
    Bu isə özlüyündə ciddi sosial və demoqrafik problemlər yaradır. Ən başlıcası, cəmiyyətlərdə əhalinin yaşlanması prosesi sürətlənir və gənc nəslə olan ehtiyac lazımi səviyyədə qarşılanmır. Bu vəziyyət əmək bazarına, sosial təminat sistemlərinə və ümumi iqtisadi inkişafa mənfi təsir göstərir”.

    Klinik psixoloq deyir ki, son dövrlərdə insanlar arasında dünyanın tarixinin ən pis dövrünün yaşandığına dair bir inanc formalaşmağa başlayıb:

    “Lakin bu fikir tam olaraq reallığı əks etdirmir. Tarixə nəzər saldıqda, dünya müharibələri, böyük iqtisadi böhranlar, vəba epidemiyaları, səlib yürüşləri, cadugər ovları və geniş miqyaslı insan itkiləri ilə yadda qalan qaranlıq dövrlərin artıq geridə qaldığını görürük. 18-ci, 19-cu və 20-ci əsrlər heç də 21-ci əsrdən daha yaxşı deyildi, əksinə, bir çox hallarda daha ağır və təhlükəli olub. Bu səbəbdən, mövcud vəziyyəti qiymətləndirərkən ifrat və ya uc nöqtələrdə düşünməkdən çəkinmək vacibdir”.

  • İmişli sakini 2 milyon dollara “meteor” daşı satır – Video

    İmişli rayonunun Mirili kəndində maraqlı və bir o qədər də qeyri-adi hadisə yaşanıb. Kənd sakini Telman Yusibov sosial şəbəkələrdə yaydığı video-müraciətdə tapdığı nadir daşları satışa çıxardığını elan edib. Sakinin iddiasına görə, ərazidən topladığı bu daşlar adi süxur deyil, kosmik mənşəli meteorit parçalarıdır.

    O, tapıntısının həqiqiliyini yoxlamaq üçün müasir texnologiyadan istifadə etdiyini, daşın fotosunu “Google” üzərindən axtarışa verdiyini və nəticədə onun meteorit olduğunun təsdiqləndiyini bildirib. Yusibov bu “qiymətli” tapıntısı üçün fantastik məbləğ – cəmi 2 qram çəkisi olan daş üçün 2 milyon dollar tələb edir.

    Median.Az Konkret.az-a istinadən xəbər verir ki, kənd sakini maddi imkansızlıq ucbatından daşı rəsmi laboratoriya müayinəsindən keçirə bilmədiyini, lakin onun orijinallığına tam əmin olduğunu vurğulayıb. O qeyd edib ki, əlindəki nümunələr nadir tapıntılardır və bu səbəbdən yüksək qiymətə layiqdir. Hazırda bu iddia sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə və marağa səbəb olub. Mütəxəssislər isə adətən bu növ tapıntıların yalnız xüsusi mineraloji analizlərdən sonra dəqiq təsdiqlənə biləcəyini xatırladırlar.

  • Bu marşrutun avtobusları yenilənir – Ödəniş nağdsız olacaq

    92 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.

    “Aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək 6 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq” – məlumatda vurğulanıb.

    Qeyd edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır.

  • Bu küçədə sərbəst hərəkət təmin edildi – Sürücülərin NƏZƏRİNƏ! – Video

    Əbdülvahab Salamzadə küçəsində sərbəst hərəkət təmin edilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Qeyd edək ki, bir müddət əvvəl paytaxtın bir neçə ünvanında, o cümlədən Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində “qırmızı işıqda sağa dönməyə icazə verən” xüsusi nişan quraşdırılıb. Bu nişan sürücülərə qırmızı işıqda belə piyadaları və digər nəqliyyat vasitələrini buraxmaqla sağa dönməyə icazə verir.