Category: Cəmiyyət

  • Xəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı – Video

    Xəzər dənizinin Qazaxıstan sahillərində suitilərin kütləvi ölümü qeydə alınıb. Sahilə çıxarılan 97 suiti cəsədinin hansı səbəbdən tələf olduğu hələlik məlum deyil.

    Bu barədə AzTV-nin videomaterialında bildirilib.

    Yerli medianın məlumatına görə, məməlilər bir müddət əvvəl tələf olublar, lakin qərb küləyi onları sahilə indi çıxarıb. Hazırda ərazidə monitorinq işləri davam etdirilir. Xatırladaq ki, 2025-ci ildə də Qazaxıstanın Xəzər sahili boyunca 400-dən çox ölü suiti tapılmışdı.

    Mütəxəssislər suiti ölümünün bir neçə mümkün səbəbini araşdırırlar:

    Bioloji amillər: Pnevmoniya və ya infeksion xəstəliklər.

    Seysmik təsirlər: Zəlzələ zamanı Xəzərin dibindən ayrılan metan qazının dəniz ekosisteminə təsiri.

    Antropogen amillər: Neft hasilatı prosesləri, sənaye çirklənməsi, eləcə də qanunsuz balıqçılıq (brakonyerlik) fəaliyyəti.

    Mütəxəssislər, əsasən, bioloji amilləri daha real səbəb hesab edirlər. Qeyd edək ki, Xəzərin Qazaxıstan sektorunda hazırda təxminən 270 min suiti yaşayır və 100-ə yaxın fərdin tələf olması kritik hədd hesab olunmur.

    Hazırda Qazaxıstanın aidiyyəti qurumlarından ibarət idarələrarası komissiya məsələni araşdırır. Rəsmi nəticələr laboratoriya analizlərindən sonra açıqlanacaq.

  • Məkkəyə velosipedlə gedən səyyah: “Pulum qalmasa, Türkiyədə işləyib yoluma davam edəcəyəm” – Video

    Yorulanda dayanır, bir qədər piyada gedir, dincəlir və yenidən yoluna davam edir… Azuqəsi də elə velosipedinin üzərindədir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Özbəkistandan velosipedlə Ümrə ziyarətinə yola düşən zəvvar, Şirvan şəhərindən keçərkən təsadüfən yerli sakinlərlə qarşılaşıb.

    Səyyah Qəhrəman Eşmirzəyev bildirib ki, məqsədi velosipedlə Səudiyyə Ərəbistanına – Məkkəyə çatmaqdır. O, ilkin olaraq Tacikistan, Əfqanıstan və İran marşrutu ilə hərəkət etməyi planlaşdırsa da, sərhədlərdəki məhdudiyyətlər səbəbindən marşrutunu dəyişmək məcburiyyətində qalıb. Bu dəyişiklik səyyahın təxminən 40 gün vaxt itirməsinə səbəb olub.

    Yolboyu azərbaycanlılarla tanış olan səyyah, yerli sakinlərin onu səmimi qarşıladığını və süfrələrinə qonaq etdiyini bildirib. Qəhrəman Eşmirzəyev milli mətbəximizin yeməklərini xüsusilə bəyəndiyini qeyd edib.

    Səyyahın sözlərinə görə, Türkiyəyə çatdıqda maddi vəsaiti tükənərsə, orada çalışaraq pul qazanacaq və yoluna davam edəcək.

  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? – Video

    Dövlətin iqtisadi dayanıqlılığının təmin olunmasında vergi sisteminin rolu əvəzsizdir. Lakin vergi ödəyicilərinin bəzən müxtəlif səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi vergi borclarının yaranmasına səbəb olur. Bəs bu halda vergi orqanı hansı tədbirləri görür və hansı mərhələdə məsuliyyət yaranır?

    Mövzu ilə bağlı “Azad Azərbaycan” (ATV) telekanalının hazırladığı videomaterialda vergi ödəyicilərini maraqlandıran suallara aydınlıq gətirilib.

    Vergi orqanları borclarla bağlı vergi ödəyicisini müxtəlif vasitələrlə vaxtında məlumatlandırır və xəbərdarlıq edir. Hüquqşünas Şulan Nağıyevin sözlərinə görə, borc ödənilmədikdə ilk addım bank hesablarına sərəncam qoyulmasıdır.

    Hüquqşünas sərəncamların iki əsas növünü izah edib:

    İcra olunmalı sərəncam: Vergi ödəyicisinin bank hesabında olan vəsaitdən vergi borcunun və onun 105 faizi həcmində vəsaitin silinərək büdcəyə köçürülməsidir. Bu addım vergi ödəyicisinin razılığı olduqda və ya borcun 30 gün ərzində məhkəmədə mübahisələndirilmədiyi təqdirdə icra olunur.

    Dondurulmalı sərəncam: Vergi ödəyicisi 30 gün ərzində borcu məhkəməyə şikayət edərsə və ya yazılı razılığı olmazsa, vəsait yalnız dondurulur (silinmir).

    Sərəncamlar ödəyicinin bütün bank hesablarına göndərilir və borc ödənildikdən sonra aradan qaldırılır. Əgər bu tədbirlər borcun ödənilməsinə kifayət etməzsə, qanunvericilikdə nəzərdə tutulan digər məcburi tədbirlərə əl atılır.

    Vergi ödəyicilərinin inzibati qərarlardan narazı qaldıqları təqdirdə, 30 gün müddətində məhkəməyə müraciət etmək hüquqları var. Lakin öhdəliklərdən yayınma halları daha ağır nəticələrə yol aça bilər. Şulan Nağıyev vurğulayır ki, cinayət məsuliyyəti yarandıqda vergi ödəyicilərini müxtəlif məbləğlərdə cərimələr, ən ağır hallarda isə beş ildən yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

  • Yayda meyvə-tərəvəz bahalaşa bilər – Video

    Dünyada gübrə qiymətlərində artım müşahidə olunur.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ABŞ-İran müharibəsi gübrə qiymətlərinə də təsirsiz ötüşməyib. Çünki, gübrə istehsalında təbii qaz və digər enerji resursları əsas xammal rolunu oynayır. Enerji bahalaşdıqca isə istehsal xərcləri artır və bu, birbaşa bazara təsir edir.

    İqtisadçı ekspert Akif Nəsirli deyir ki, mövcud vəziyyətlə əlaqədar bu il mövsümi meyvə-tərəvəzlərin də baha olacağı gözlənilir.

    Ekspertin sözlərinə görə, bahalaşmanın digər səbəbi isə yazda ölkə ərazisində müşahidə edilən intensiv yağışlardır. Yağıntılar torpaq qatının eroziyasına, əkin sahələrinin su altında qalmasına və nəticə etibarilə məhsulun zərər görməsinə gətirib çıxarıb.

  • Azərbaycanda məşhur sığorta şirkəti LƏĞV EDİLİR

    “AtaSığorta” sığorta şirkətinin sığorta portfeli “Atəşgah” sığorta şirkətinə ötürülüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah” Sığorta Şirkəti ASC-yə ötürülüb. Yəni indiyədək əmlakı və ya məsuliyyəti “AtaSığorta”da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa, bununla bağlı artıq “Atəşgah” sığorta şirkətinə müraciət etməli olacaq.

    Qeyd edilib ki, bu qayda “Sığorta fəaliyyəti haqqında” Qanunun 72-ci maddəsi ilə tənzimlənir.

    Xatırladaq ki, ötən ilin sonuna “AtaSığorta” şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin edib. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lisenziyasını da ləğv edəcək.

  • Macarıstanda parlament seçkisinin rəsmi nəticələri açıqlandı

    Macarıstanda müxalif “Tisa” partiyası parlament seçkisində 199 yerdən 141-ni qazanıb.

    Bu barədə Macarıstan Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

    Məlumata görə, partiyanın əsas rəqibi – Viktor Orbanın rəhbərlik etdiyi “Fidesz – Macarıstan Vətəndaş Birliyi” və Xristian Demokrat Xalq Partiyasından ibarət koalisiya cəmi 52 mandat əldə edib.

    Səsvermədə altı milyona yaxın (79,56%) seçici iştirak edib.

    Partiyanın sədri Peter Madyarın parlamentin ilk iclasında baş nazir seçilməsi gözlənilir. İclasın tarixini ölkə prezidenti Tamaş Şuyok müəyyən edəcək. O, artıq Madyara yeni hökumət qurmağı təklif edib.

    “Tisa” parlamentdə konstitusiya çoxluğuna sahib olacaq və əsas qanuna dəyişikliklər etməyi, o cümlədən baş nazir postunda qalma müddətini iki dördillik dövrlə məhdudlaşdırmağı planlaşdırır.

    Qeyd edək ki, Macarıstanda parlament seçkisi aprelin 12-də keçirilib.

  • Güclü yağışların səbəbi müharibədirmi?

    Son günlərdə regionda baş verən hərbi gərginlik fonunda cəmiyyətdə yeni və mübahisəli bir fikir dolaşmağa başlayıb. İddialara görə, Azərbaycanda müşahidə olunan normadan artıq yağıntılar İranda həyata keçirilən hərbi əməliyyatların nəticəsidir. Eyni zamanda, bombardmanların, onun nəticəsində yaranan partlayışların, yanğınların atmosferə neqativ təsirləri ilə bağlı da fərziyyələr mövcuddur. Bu yanaşmalar ictimai maraq doğursa da, suallar açıq qalır: doğrudanmı hərbi əməliyyatlar hava və iqlimə təsir edəcək qədər güclü amildir, yoxsa burada sadəcə təsadüfi uyğunluqdan söhbət gedir?

    Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov hesab edir ki, iqlimdə müşahidə olunan dəyişiklikləri yalnız hərbi əməliyyatlarla əlaqələndirmək elmi baxımdan düzgün yanaşma deyil. Onun sözlərinə görə, eyni dövrdə oxşar intensiv yağıntıların Dağıstan ərazisində qeydə alınması, həmçinin daha əvvəl Nyu-York kimi coğrafi baxımdan tam fərqli bölgələrdə analoji hadisələrin baş verməsi göstərir ki, bu proseslər lokal deyil, daha genişmiqyaslı atmosfer dəyişikliklərinin nəticəsidir. Alim vurğulayır ki, bu cür hadisələri izah etmək üçün əsas diqqət qlobal atmosfer sirkulyasiyasına yönəldilməlidir. Belə ki, şimal yarımkürəsində, xüsusilə Arktika üzərində formalaşan güclü soyuq hava kütlələri normal şəraitdə müəyyən sabitliklə dövr edir və öz strukturunu qoruyur. Bu proses elmi ədəbiyyatda “hava burulğanı” kimi tanınan dinamik sistemlərlə izah olunur. Lakin müxtəlif səbəblərdən, məsələn, bloklayıcı antisiklonların yaranması zamanı bu sistemin hərəkət sürəti zəifləyir və nəticədə soyuq hava kütlələri öz sabitliyini itirərək parçalanır. Bu zaman həmin kütlələr ümumi atmosfer dövranına daxil olaraq fərqli coğrafiyalarda qəfil və gözlənilməz hava dəyişikliklərinə, o cümlədən intensiv yağıntılara səbəb olur. Məhz martın sonu – aprelin əvvəllərində müşahidə olunan hadisələrin də böyük ehtimalla bu mexanizmlə əlaqəli olduğu qeyd edilir.

    S.Səfərov əlavə edir ki, hərbi əməliyyatlar zamanı istifadə olunan müəyyən texnogen vasitələrin atmosferə lokal təsiri tam istisna olunmasa da, bu təsirin genişmiqyaslı və uzunmüddətli iqlim dəyişiklikləri yaratmaq gücündə olması barədə elmi əsaslandırılmış faktlar mövcud deyil. Əksinə, son illərdə müşahidə olunan iqlim anomaliyaları daha çox qlobal xarakter daşıyır və müxtəlif təbii amillərin qarşılıqlı təsiri ilə formalaşır.

    Ekspertin diqqət çəkdiyi digər məqam isə bəzi ölkələrdə həyata keçirilən süni yağıntı layihələridir. Onun sözlərinə görə, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə tətbiq olunan bu texnologiyalar çərçivəsində atmosferə müxtəlif kimyəvi reagentlər buraxılır. Bu isə lokal səviyyədə rütubət balansına təsir göstərərək müəyyən dəyişikliklər yarada bilər. Lakin bu təsirlərin qlobal miqyasda hava sistemlərini köklü şəkildə dəyişməsi hələ də müzakirə mövzusudur.

    S.Səfərovun fikrincə, baş verən hadisələrin müharibə ilə əlaqələndirilməsi daha çox zaman uyğunluğundan irəli gələn fərziyyədir. Onun dediyinə görə, oxşar hadisələr tarix boyu dəfələrlə baş verib, lakin əvvəlki dövrlərdə informasiya mübadiləsinin məhdud olması səbəbindən bu cür hadisələr geniş ictimaiyyətə çatmayıb. Müasir dövrdə isə qlobal informasiya axınının sürətlənməsi istənilən təbii hadisənin dərhal diqqət mərkəzinə düşməsinə və müxtəlif şərhlərlə müşayiət olunmasına səbəb olur.

    Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin professoru Əsgər Məmmədov da yayılan iddiaları əsassız sayır. Professorun sözlərinə görə, hazırda dünya iqlim sistemi qlobal istiləşmə dövrünü yaşayır və bu prosesin nəticələri tam şəkildə hələ elmi ictimaiyyət tərəfindən də müəyyənləşdirilməyib. Bununla belə, artıq aydındır ki, iqlim sistemində ciddi dəyişikliklər baş verir və gələcəkdə daha kəskin hava hadisələrinin müşahidə olunması istisna edilmir.

    Ə.Məmmədov onu da əlavə edir ki, iqlimdə baş verən proseslər müəyyən qanunauyğunluqlara əsaslanır və bu sistem müəyyən dərəcədə proqnozlaşdırıla bilər. Lakin qısa müddətli atmosfer hadisələrini lokal və ya təsadüfi xarici faktorlarla bağlamaq düzgün deyil. Onun fikrincə, atmosferdə baş verən dəyişikliklərin kökləri daha dərin və qlobal proseslərlə bağlıdır.

    Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov da irəli sürülən fərziyyələrlə razılaşmır. Onun qənaətincə, sözügedən hərbi əməliyyatlar miqyas etibarilə o qədər böyük deyil ki, regional və ya sinoptik səviyyədə hava sistemlərinə təsir göstərə bilsin. Mütəxəssis qeyd edir ki, Azərbaycanda müşahidə olunan intensiv yağıntılar daha çox təbii iqlim dəyişkənliyi və uzunmüddətli meteoroloji qanunauyğunluqlarla izah olunmalıdır: “Hazırda müşahidə edilən yağışlar iqlim norması daxilində qiymətləndirilə bilər, lakin onların zaman və intensivlik baxımından paylanmasında ciddi dəyişikliklər müşahidə olunur. Yəni, uzun müddət ərzində düşməli olan yağıntıların qısa zaman intervalında, məsələn, bir neçə gün ərzində aylıq normanın bir neçə qatının düşməsi kimi hallar baş verir. Bu isə müasir iqlim dəyişmələrinin tipik göstəricilərindən biri kimi izah edilir”.

    Ekspert əlavə edir ki, belə ekstremal hava hadisələri yeni deyil və əvvəllər də oxşar proseslər müşahidə olunub. O, xüsusilə 1952, 1969 və 1992–1993-cü illəri xatırladaraq bildirir ki, həmin dövrlərdə də güclü yağışlar nəticəsində Kür çayı hövzəsində ciddi daşqınlar və sellər qeydə alınmışdı.

    Mənbə: “Kaspi” qəzeti

  • Yollarda görünüş məhdudlaşacaq – Sürücülərin nəzərinə

    Aprelin 19-da Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət məlum olub.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

  • Sabah 25 dərəcə isti olacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 10-13, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

    Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 8-11, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.

  • Avtomobildə sıxılı qalmış sürücü xilas edildi – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Azsamand” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü, 1995-ci il təvəllüdlü Mahmudov Fikrət Habil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.