Category: Cəmiyyət

  • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

    “Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən “Port Baku” ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində, Səbail rayonunda “İçərişəhər” və “Sahil” metrosunun, Yasamalda “Elmlər Akademiyası” metrosunun ətrafı, “Statistika dairəsi” və s. kimi yerlərdə qiymətlər yüksək həddədir”.

    Bunu “Unikal”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, premium zonada ortalama qiymətlər bir kvadratmetr üçün 4500-6500 manat arasında dəyişir:

    “Köhnə tikililərdə isə bu rəqəm təqribən 3000-4500 manat arasındadır. Bu qiymətlər zaman keçdikcə artır. Mənzillər təbii ki, digər daşınmaz əmlak növlərinə nisbətən daha yüksək qiymətə təklif olunur. Mərkəzdə torpaq sahələri həddindən artıq yüksək qiymətə satılır. Elə ərazilər var ki, orada torpaq sahəsi tapmaq mümkün olmasa da, hesablamalarımıza görə 1 sotun dəyəri təqribən 2 milyon manat olan ərazilər var. Bu əsasən, Nizami küçəsi ətrafında olan yerləri, Yusif Məmmədəliyev küçəsini və Neftçilər prospektinin mərkəzə yaxın hissəsini özündə əks etdirir. Burada xüsusilə Zərifə Əliyeva küçəsini qeyd etmək lazımdır. Torpaq sahələrinin qiyməti təqribən 1 və 1,5 milyon manat arasında dəyişir. Ən yüksək mənzil təklif qiyməti isə bir kvadratmetr üçün 17 500 manatdır. Bu, Nəsimi rayonunda yerləşən “Crescent Mall” üzərindəki yaşayış kompleksindədir. Cari ilin ilk rübündə ortalama bütün yeni tikililər 3,6, köhnə tikililər isə 2,4 faiz qiymət artımına məruz qalıb.

    İkinci inkişaf ərazisi isə Xətai rayonunun “Ağ Şəhər” olan ərazisinin ətrafı, Həzi Aslanov və Nəriman rayonun bir hissəsi, Yasamal rayonunun orta inkişaf edən massivləri, Nizami və Binəqədi rayonlarıdır. Bu ərazilərdə yeni tikililərdə qiymətlər təqribən bir kvadratmetri 2300-3700 manat, köhnə tikililərdə isə 2000-2500 manat arasında dəyişir. Son olaraq Xəzər, Qaradağ və Pirallahı rayonlarını qeyd etmək istərdim. Bu ərazilərdə qiymətlərin artım dinamikası həddən aşağıdır”.

  • Buraxılış imtahanında maksimum bal toplayanlar niyə kəskin azalıb?

    Azərbaycanda martın 9-da keçirilmiş buraxılış imtahanlarında cəmi 3 nəfər maksimum nəticə göstərib. Halbuki ötən il martın 2-də keçirilmiş birinci buraxılış imtahanında 23 nəfər 300 bal toplamışdı.

    İmtahandan sonra abituriyentlər, müəllimlər və təhsil ictimaiyyəti sualların çətinliyi ilə bağlı müxtəlif fikirlər səsləndirib. Qeyd olunub ki, əvvəlki iki illə müqayisədə bu il suallar daha çətin olub. Dövlət İmtahan Mərkəzi isə imtahanların çətin olmadığını açıqlayıb.Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Trend-ə açıqlamasında bildirib ki, nəticələr imtahanların həqiqətən də çətin olduğunu göstərir:

    “İmtahanın çətinləşdirildiyi artıq aydındır. Bu, maksimum bal toplayanların sayına da təsir edib. Ötən il martın 2-də keçirilmiş birinci buraxılış imtahanında 23 nəfər 300 bal toplamışdı. Bu il isə cəmi 2 nəfər maksimum nəticə göstərib. Faizlə hesabladıqda bu, 90 faizdən çox azalma deməkdir. Bu da onu göstərir ki, suallar arasında buraxılış imtahanı səviyyəsinə uyğun olmayan, çətin tapşırıqlar olub. Xüsusilə riyaziyyat və Azərbaycan dili fənləri üzrə suallar çətin idi. Ümumiyyətlə, buraxılış imtahanları çətin olmamalıdır. Bu sahənin mütəxəssisləri və müəllimlər ötən ilin sualları ilə bu ilin suallarını müqayisə edə bilirlər. DİM belə halda “bizim standart formatımız var, kənara çıxmırıq, suallar çətin olmayıb” deməməlidir.

    Ümumi statistika hələ tam açıqlanmayıb. Növbəti imtahan nəticələri də elan olunduqdan sonra ümumi göstəriciləri ötən illə müqayisə etmək daha dəqiq olacaq.”

    Ramin Nurəliyev qeyd edib ki, bu il universitetlərə keçid balı ciddi şəkildə enəcək:

    “Buraxılış imtahanlarının çətinliyi ümumi qəbul prosesinə, xüsusilə keçid ballarına təsir göstərə bilər. Əgər blok imtahanları ötən ilin səviyyəsində olarsa, keçid balları enəcək”.

    Qeyd edək ki, martın 9-da keçirilmiş buraxılış imtahanında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

    Bundan əlavə, özəl məktəblərin birinin ingilis dilində tədris alan məzunu da 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

  • Paytaxda 100 minə yaxın bina söküləcək

    “Söküntü prosesi paytaxtın bütün 12 rayonunun ərazisini əhatə edəcək. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən, söküntü olan ərazilərdə yeni binaların tikilməsi, parkların salınması, yeni metro stansiyalarının və tramvay xəttinin inşası nəzərdə tutulur”.

    Bunu “Unikal”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, bu proses 100 minə qədər binanı əhatə edəcək:

    “Çox böyük söküntü prosesi baş verəcək və həmin söküntü prosesi təkcə yeni binaların tikilməsi ilə deyil, eyni zamanda parkların salınması, abadlıq işlərinin görülməsi, infrastrukturun daha da yüksək səviyyəyə qaldırılması ilə nəticələnəcək. Ümumi planlar var, hansının daha tez baş verəcəyini söyləmək çətindir”.

  • “Soyadlarda “ov”, “yev”i təmizləsən də, milliləşdirmək mümkün olmur”

    “Milli adlar və soyadlar mövzusu illərdir müzakirə olunur. Müəyyən irəliləyişlər olsa da, durum arzu olunan səviyyədə deyil. Fikrimcə, burada hər kəsin övladına, yaxınlarına fərdi ad seçimi hüququna hörmətlə yanaşmaqla yanaşı, doğru nümunələrin təbliği və təşviqi çox vacib məsələdir”.

    Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa deyib.

    Komitə sədri bildirib ki, burada ictimai mühitdə tanınmış insanların nümunəvi davranışları çox vacibdir: “Ərəb, fars, rus, ingilis, yunan, latın, moltanı və s. adların təkrar olaraq yaşayan nəsillərə ötürülməsi ənənəsindən qurtulmaq üçün təbliğatı gücləndirməliyik. Nümunə üçün qeyd edim ki, həm övladlarıma, həm də nəvəmə milli ad qoyulmasını birmənalı şəkildə təmin etməklə yanaşı, yaxınlarımı, çevrədəki ərkim keçən insanları də istər dini, istər başqa xarakterli ərəb, fars, rus, ingilis, latın, yunan və s. adları qoymaqdan çəkinməyə çağırıram. Soyadlarına bu yöndə düzəliş etmək çətindir, orada “ov”, “yev”i təmizləsən də, milliləşdirmək mümkün olmur. Heç olmasa bundan sonra gələn nəslin adlarınının saflığnı qorumağa çalşaq”.

  • Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib

    Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməcilik keçirilib.

    Həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr, ara yollar səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası ilə bitki və canlılara zərər verməyən yuyucu maddələrlə yuyulub, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.

    Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

  • İtkin düşən 7 nəfər tapıldı

    Azərbaycanda itkin düşmüş kimi axtarışda olan yeddi nəfər tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Nazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT

    “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur”.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.

    Məlumatda bildirilib:

    “Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

    Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

    Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!”.

  • Lənkəranda TORPAQ SÜRÜŞMƏSİ oldu

    Lənkəranda torpaq qatı sürüşərək Ulum çayına tökülüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, torpaq sürüşməsi rayonun Separadi kəndi ərazisində qeydə alınıb.

    Təqribən 200 metr uzunluqda, 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çayına tökülüb. Kənd sakinlərinin verdiyi məlumata görə, sürüşmə uzun müddətdir davam edir. Bildirilib ki, son yağışlardan sonra sürüşmə daha da aktivləşib.

    Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev bildirib ki, müraciət əsasında Separadi kəndi ərazisində selin fəsadlar törətdiyi yerə baxış keçirilib:

    “Məlum oldu ki, sürüşmə halı təqribən 200 metr uzunluqda qeydə alınıb. Bununla əlaqədar idarənin texnikalarının köməyi ilə yerli materialdan, müvəqqəti də olsa, xəta böyüməsin deyə torpaqdan bənd vurma işləri aparılacaq. Daha sonra aidiyyəti qurumlara müraciət ediləcək”.

    Qeyd edək ki, Ulum çayının sağ və sol hissəsinə 500 metrə kimi bənd vurulub.

  • General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI

    Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

    İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.

    Hələlik onun yerinə təyinat yoxdur.

    Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.

  • Bakıda təhlükə saçan yol: Sürücülər üsyan edirlər – Video

    Bu yolda ya qəza qaçılmazdır, ya da avtomobillərin şassisi sıradan çıxır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Zığ-Şüvəlan yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsindən gedir. Baxmayaraq ki, burada sürət həddi saatda 60 kilometrdir, yolun bərbad vəziyyəti sürücüləri ani manevrlərə məcbur edir. Bu isə hər an qəzaya zəmin yaradır.

    Ərazidə yaşayan sakinlər və sürücülər bildirirlər ki, bir neçə həftə əvvəl yolda təmir işlərinə başlanılıb. Buna səbəb yolun hər iki tərəfində asfalt örtüyünün tamamilə sıradan çıxması olub. Lakin təmir işləri yarımçıq qalıb.

    Sakinlərin sözlərinə görə, burada qəza halları bir dəfə yox, demək olar ki, hər gün baş verir.

    Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, işlərin gecikməsinə səbəb hava şəraitidir.

    İndi sürücülərin yeganə ümidi vədlərin sözdə qalmaması və sabahdan etibarən yolun həqiqətən normal vəziyyətə gətirilməsidir. Əks halda, bu yolda qəza xəbərlərinin davamlı olacağı bildirilir.