Category: Cəmiyyət

  • Bakıdakı konsertinin ləğvi ilə gündəmə gələn Rıza Tamer vəfat etdi

    Son günlər ifa etdiyi “Benden sonra” mahnısı ilə məşhurluq qazanan Rıza Tamer vəfat edib.

    Bu barədə “Hürriyet” məlumat yayıb.

    Bildirilib ki, səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən müğənni bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

    Məlumatı onun mətbuat katibi də təsdiqləyib.

    “10 dəqiqə əvvəl ölüm xəbərini aldım, şokdayam”, – deyə o bildirib.

    Xatırladaq ki, ötən ilin yayında Rıza Tamer Azərbaycanda konsert vermək istəyib, lakin sonradan tədbir ləğv edilib. O, Bakıda planlaşdırdığı konsertini ləğv etməyini türk lirəsinin Azərbaycanda istifadə olunmaması ilə əlaqələndirib. Onun “türk lirəsinin işləmədiyi ölkələrdə konsert verməyəcəyi” açıqlaması Azərbaycanda geniş müzakirələrə səbəb olmuşdu. Daha sonrakı açıqlamasında R.Tamer Bakıya həm konsert, həm də gəzmək üçün bir gün əvvəl gəldiklərini və ölkəmizlə bağlı heç bir problemin olmadığını bildirib.

  • Avtomobil bazarında QITLIQ YARANIB? – Böyük azalma MÜŞAHİDƏ EDİLİR (Video)

    Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur.

    Rəsmi statistikaya görə, bu ilin ilk rübündə idxal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 587 ədəd, yəni 36.2% azalıb. Beləliklə, idxal göstəricisi 13 359 ədədə enib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu rəqəmlərin arxasında həm qanunvericilikdəki dəyişikliklər, həm də iqtisadi faktorlar dayanır.

    Əsas səbəblərdən biri yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan qadağadırsa, digəri vergi güzəştlərinin ləğvidir.

    Lakin bu azalma heç də avtomobil qıtlığı demək deyil.

    Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, ölkənin avtoparkı üçün narahatlığa əsas yoxdur. Çünki anbarlarda kifayət qədər ehtiyat toplanıb.

    Ekspertin fikrincə, ölkədə start götürən utilizasiya prosesi də yeni avtomobillərə tələbatı stimullaşdıracaq. Köhnə və ekoloji cəhətdən yararsız maşınlar sıradan çıxdıqca, onları yeniləri əvəz etməlidir.

    Xatırladaq ki, ötən ilin ilk rübündə bu rəqəm xeyli yüksək – 20 946 ədəd təşkil edirdi.

  • Bakıda məşhur prospektdəki obyektlərə niyə qara rənglə işarə qoyulub? – Müəmmalı HADİSƏ (Video)

    Bakıda, Ziya Bünyadov prospekti, 13B ünvanında obyektlərin qarşısı nömrələnib.

    Bu barədə İTV-nin videomaterialında qeyd edilir.

    Ərazidə obyekt icarəyə götürüb işləyənlərin, yaxud yolu bu obyektlərdən keçənlərin bəziləri nömrələnmənin dəqiq səbəbini bilmir. Deyirlər ki, onlar olmadıqları vaxt proses aparılıb. Əslində isə vəziyyət onu göstərir ki, bu obyektlər söküləcək.

    Obyekt sahibləri isə məsələni belə şərh ediblər: “Söküntü ilə əlaqədar nömrələdilər. Ancaq hələ ki, bir xəbər yoxdur. Dedilər, bu yaxınlarda söküntüyə başlanılacaq. Hara köçürüləcəyi barədə məlumat vermədilər, nömrələdilər və sənədlərin şəkillərini çəkib götürdülər”.

    Müəmmalı proses bəzi sahibkarların narazılığına səbəb olub. Çünki əksəriyyəti hesab edir ki, obyektləri söküləcək. Əvəzində Qaradağ rayonu ərazisinə köçmək təklif ediləcək. Bu isə çoxlarının ürəyincə deyil.

  • Güclü küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

    Aprelin 18-də Bakıda və Abşeron yarımadasında, aprelin 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

  • Xalq artistinin qardaşı qızının MEYİTİ TAPILDI – Video

    Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında 71 yaşlı qadının meyiti tapılıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, mənzildə meyiti tapılan Leyla Şeyxzamanovanın 10 günə yaxındır işə getmədiyini görən həmkarları 23 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlayıblar.

    Çağırış əsasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyiti mənzildən çıxarılıb.

    Qeyd edək ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.

  • Sumqayıtda toyda ölüm hadisəsi baş verib

    Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Gülüstan Şahlar qızı Əhmədova toy mərasimində iştirak edərkən halı qəfil pisləşib.

    Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.

  • Sabiq idarə rəisi vəfat etdi – FOTO

    Azərbaycanda sabiq idarə rəisi vəfat edib.

    Gəncə Şəhər Təhsil İdarəsinin sabiq müdiri Cəlal Fətullayev dünən ölüb. O, uzun müddət sözügedən quruma rəhbərlik edib. İdarənin bazasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yaradılandan sonra o, öz ərizəsi ilə vəzifəsindən azad olunub.

    Məlumata görə, C.Fətullayev xəstəlik səbəbindən dünyasını dəyişib.


    //oxu.az

  • Bakıda 10-dan çox ağac kəsildi – Araşdırma başladı (Video)

    Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib.

    Median.Az AZTV-yə istinadən xəbər verir ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət əsasında kəsilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov Rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı prosessual araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

  • Ali Məhkəmədən XƏBƏRDARLIQ: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

    Praktikada tez-tez rast gəlinən hallardan biri borcun təmin edilməsi məqsədilə borcalana (və ya onun yaxınlarına) məxsus daşınmaz əşyanın (torpağın, evin və s.) alqı-satqı müqaviləsi ilə borcverənin (və ya onun göstərdiyi digər şəxsin) adına rəsmiləşdirilməsidir.

    Bu barədə Ali Məhkəmədən məlumat verilib. Məlumatda bildirilir ki, tərəflər girov və ya ipoteka kimi qanunla nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək əvəzinə, borcalan tərəf formal olaraq daşınmaz əmlakını borverənə satır, əslində isə məqsəd borca təminat vermək olur.

    İlk baxışdan bu üsul tərəflər üçün rahat görünsə də, sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər.

    Əsas risk ondan ibarətdir ki, müqavilə formal olaraq alqı-satqı kimi bağlandığı üçün əşya hüquqi baxımdan artıq digər şəxsin mülkiyyətinə keçir. Mübahisə yarandıqda borclu tərəf adətən iddia edir ki, bu müqavilə əslində satış üçün deyil, borcun təminatı kimi bağlanıb, qarşı tərəf isə bunu inkar edir. Bu zaman sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı müqavilənin əslində alqı-satqı niyyəti ilə deyil, borcun təminatı kimi bağlandığına dair mötəbər sübutlar təqdim etməlidir. Bu isə əksər hallarda iddiaçı üçün kifayət qədər ağır sübutetmə yükü yaradır.

    Bu cür risklərlə üzləşməmək üçün vətəndaşlara aşağıdakı tövsiyələr olunur:

    – borcun təminatı üçün alqı-satqı müqaviləsindən istifadə etməmək;

    – bunun əvəzinə qanunvericilikdə nəzərdə tutulmuş girov və ya ipoteka mexanizmlərinə üstünlük vermək;

    – bütün şərtləri müqavilədə yazılı şəkildə və müfəssəl formada göstərmək;

    – zərurət olduqda hüquqşünas məsləhəti almaq.

    Nəticə olaraq, borcun təminatı məqsədilə alqı-satqı müqaviləsinin bağlanması tərəflər üçün ciddi və bəzən geri dünüşü olmayan hüquqi nəticələr yarada bilər.

    Daha təhlükəsiz yol isə qanunda nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə etməkdir. Bu yanaşma həm tərəflərin hüquqlarını qoruyur, həm də gələcək mübahisələrin qarşısını alır.

  • “Space” telekanalı BAĞLANIR?

    “Space” televiziyası fəaliyyətini davam etdirir və efir plan üzrə sabit şəkildə həyata keçirilir”.

    Median.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Space” televiziyasının icraçı direktoru Nəriman Əbdüləliyev deyib.

    O bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağlı optimallaşdırma prosesi aparılır:

    “Bu addımlar fəaliyyətin daha effektiv və dayanıqlı modelə keçidini təmin etmək məqsədi daşıyır. Maliyyə məsələləri üzrə sistemli iş aparılır və mövcud öhdəliklərin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Kadr dəyişiklikləri daxili idarəetmə qərarları çərçivəsində həyata keçirilir və bu kimi məsələlərlə bağlı əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik”.

    Nəriman Əbdüləliyev qeyd edib ki, mediada yayılan bəzi məlumatlar ümumi vəziyyəti tam əks etdirmir:

    “Kanalın fəaliyyəti nəzarət altındadır və bütün proseslər plan üzrə idarə olunur”.

    Qeyd edək ki, bir neçə gün öncə Vado Korovin “Space” televiziyasının direktoru vəzifəsindən uzaqlaşdırılıb.