Category: Cəmiyyət

  • Bibiheybət yolunda təmir-bərpa işləri yekunlaşdırıldı

    Bibiheybət yolunda aparılan təmir-bərpa işləri yekunlaşıb.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, intensiv yağıntıların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə bir neçə gün əvvəl start verilən işlər artıq icra olunub. Ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.

    Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib. Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb. Nəticədə yol yenidən sürücülərin istifadəsinə verilib və vətəndaşların rahat, təhlükəsiz hərəkəti təmin olunub.

  • Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşacaq

    “Paytaxtda işgüzarlıq səviyyəsi yüksək olan, böyük biznes mərkəzləri olan ərazilərdə kirayə qiymətləri daha yüksəkdir. Premium seqmentdə kirayə qiymətləri ortalama olaraq 2500-3500 manat arasında dəyişir”.

    Bunu “Unikal”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

    O bildirib ki, Mərkəzi Bankın hesablamalarına görə, hazırda ortalama kirayə qiyməti 1002 manatdır:

    “Bu o demək deyil ki, ondan aşağı və ya yuxarı qiymətə kirayə mənzil yoxdur. Qeyd olunan rəqəm təqribən 250-300 min manatlıq 2 otaqlı mənzili özündə ehtiva edir. Hazırda paytaxtın mərkəz rayonlarında artım sürəti yüksəkdir. Orta tipli seqmentə aid rayonlarda kirayə qiymətləri stabil olaraq təqribən 600-800 manat arasında dəyişir. Xəzər, Pirallahı və Qaradağ rayonunda isə kirayə qiymətləri 300-450 manat arsasında dəyişir. İl boyu kirayə mənzil qiymətlərində artım gözlənilir. Bu həm də beynəlxalq proseslərlə bağlıdır. Ətrafımızda müharibələr, münaqişələr cərəyan edir. Ölkəmizə gələnlərin sayında dəyişiklik var. Həmçinin, qarşıda mövsümü bahalaşma dövrü var. Bu, 50 min abituriyentin tələbə adı qazanması ilə bağlıdır. Bu, iyul ayından başlayaraq kirayə mənzil bazarında qiymətə ciddi təsir göstərəcək. Düşünürük ki, bu il kirayə seqmenti digər satış seqmentindən daha çox təsirlənəcək və daha çox artıma məruz qalacaq”.

  • Yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

  • Azərbaycan və Rusiya rəsmiləri Ağbənd avtomobil körpüsünün tikintisi ilə tanış oldular

    Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağbənd avtomobil körpüsü layihəsinin icra vəziyyəti ilə tanış olublar.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu körpü regionun nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq.

    Xatırladaq ki, bu gün Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib. Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olub.

    Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.

  • Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib

    Bu ilin ilk rübündə xaricdə təhsil almış 10 nəfərin diplomunun saxta olduğu aşkarlanıb.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

    Bildirilib ki, 2026-cı ilin I rübündə TKTA-ya xarici kvalifikasiyaların tanınması ilə bağlı 1 305 müraciət daxil olub.

    Qeyd edilib ki, müraciətçilərin 1 050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Ölkələr üzrə müraciətlərə baxdıqda ən çox Türkiyə, Rusiya və Ukraynadan olub. Belə ki, Türkiyə Respublikasından 445, Rusiya Federasiyasından 356, Ukraynadan 203 müraciət qeydə alınıb.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb.

  • Sabah 21 dərəcə isti olacaq

    Azərbaycanda aprelin 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-12° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 60-65% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

  • İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub

    İrandan fevralın 28-dən bu günədək Azərbaycana ümumilikdə 78 ölkədən 3 546 nəfər təxliyə olunub.

    Median.Az “Report”a əldə etdiyi məlumata görə, təxliyə olunanların 620 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 738, Rusiyanın 384, Hindistanın 294, Banqladeş 198, Tacikistan 195, Pakistanın 152, İranın 137, İndoneziya 118, Omanın 84, Əlcəzairin 57, İtaliyanın 46, Almaniyanın 30, Kanadanın 27, İspaniyanın 26, Fransa və Qazaxıstanın hər birinin 25, Gürcüstan və Yaponiyanın hər birinin 21, Səudiyyə Ərəbistanının 18, Özbəkistan və ABŞ-nin hər birinin 17, Bəhreynin və Polşanın hər birinin 16, İsveçrənin 14, Nigeriya, Belarusun hər birinin 13, Macarıstanın 12, Meksikanın 11, Böyük Britaniya, Bolqarıstan və Konqo Demokratik Respublikasının hər birinin 10, Braziliyanın 9, Sudanın və Venesuelanın hər birinin 8, Finlandiya, Ruminiya, Çexiya, Slovakiya, Belçika, Qırğızıstan, Avstraliyanın, Avstriyanın və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.

    Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Yunanıstan, Vyetnam hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Sloveniya və Uruqvayın hər birinin 2 vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

    Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

    Müharibə başlayandan İrandan bir çox ölkələrin vətəndaşlarının Azərbaycan, Türkiyə və Ermənistan vasitəsilə təxliyəsi aparılır.

  • İlin ilk üç ayında Azərbaycana gətirilən maşınların sayı açıqlanıb

    Bu ilin yanvar-mart aylarında Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb.

    Median.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

    Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycana 339.6 milyon dollar dəyərində 15 351 ədəd avtomobil idxal edilib.

    Həmçinin sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin sayı 280 ədəd olub ki, bunun da ümumi dəyəri 50 milyon 972 min dollar təşkil edib.

    Bundan başqa, 251 milyon 916 min dollar dəyərində 13 359 ədəd, əsasən, adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

    Yalnız elektrikli mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 299 olub ki, bunun da dəyəri 7 milyon 898 min dollar dəyərindədir.

    Həmçinin 20 milyon 403 min dollar dəyərində 148 xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri ölkəyə idxal olunub.

    Fərqli təyinatlı digər avtomobillərin sayı 1 265, qiyməti isə 8 milyon 411 min dollar olub.

  • Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçiriləcək

    “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

    Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov mavafiq qərar imzalayıb.

    Əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsi qaydasında dəyişiklik olunub.

    Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı ödəmə mənbəyində vergini tutmağa və tutulan vergilər barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına verməyə borclu olacaq.

    Belə ki, nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərdən xərclər çıxılmadan iki faiz dərəcə ilə ödəmə mənbəyində verginin tutulması hallarının araşdırılması üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.

    Ödəmə mənbəyində tutulan verginin yoxlanması zamanı yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı vergitutma obyektinin düzgün müəyyən edilməsi araşdırılmalıdır.

    Mövcud qanunvericiliyə görə, əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəmirlər. Əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulur.

    Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.
    //oxu.az

  • Peyvənd olunmayan uşaqların valideynlərinin DİQQƏTİNƏ: Əmr imzalandı

    Azərbaycanda aprelin 19-25-də “İmmunlaşdırma həftəsi” keçiriləcək.

    Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

    Əmrə əsasən, respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

    “İmmunlaşdırma həftəsi” zamanı bir sıra rayonlarda silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.