Category: Cəmiyyət

  • Bakıda arvadı evdən qaçan kişi canlı yayımda danışdı: Anası neçə ildir yanımda yatır – VİDEO

    Ötən həftə Bakıda ərinin işgəncələrindən “Səni axtarıram”ın efirinə qaloşla qaçıb, gələn gənc qadının əri verilişə gəlib.

    Median.Az-in milli.az-a istinadən verdiyi məlumata görə, qadın 3 uşağının atası ilə yenidən bir evdə yaşamaq istəmədiyini, işgəncələrindən təngə gəldiyini deyib.

    Arvadını yenidən evə qaytarmaq istəyən ərin açıqlamaları isə studiyada birmənalı qarşılanmayıb.

    Verilişdən həmin kadrları təqdim edirik: 

  • İran şirkətləri azərbaycanlı müştəriləri belə aldadır – VİDEO

    Bazarlarda satılan İran xurmalarının çəkisi qutunun üzərində göstəriləndən azdır. Qutuların üzərində 700-750 qram çəki göstərilsə də, faktiki çəki bundan xeyli aşağıdır.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət bazarlarda vitrinləri bəzəyən İran istehsalı olan xurmalardan gedir. Xurma qutularının üzərində ümumi çəkinin 700,750 qram olduğu göstərilir. Ancaq həmin qutuları tərəziyə qoyduqda azı 200-250 qram çəkinin az olduğu aşkarlanır.

    Bu isə ən çox alıcıların cibinə ziyan edir. Təəssüflər olsun ki, bir çox alıcı bu fırıldaqdan xəbərsizdir.

    Faktla bağlı əvvəlcə satıcıların fikirlərini öyrənməyə çalışdıq. Onlar isə müxtəlif bəhanələr gətirdilər.

    Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirildi ki, həmin faktla qarşılaşan istehlakçılar qurumun 963 nömrəli qaynar xəttinə müraciət etsinlər. Bundan sonra komitənin metroloji nəzarət şöbəsi araşdırma aparacaq və lazımı tədbirləri görəcək.

  • Azərbaycanlı turistlər Novruzda hansı ölkədə dincəlmək istəyir? – SİYAHI

    Novruz bayramı günlərində azərbaycanlı turistlərin ilk növbədə Türkiyə və Gürcüstan, daha sonra isə Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliyinə (Dubay) səfər edəcəyi gözlənilir.

    Median.Az-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

    Onun sözlərinə görə, Novruz bayramı günlərində ölkəyə gələn turistlərin sayının ölkədən dincəlməyə gedəcək insanların sayından çox olacağı proqnozlaşdırılır.

    N.Bağırov qeyd edib ki, bu ilki Novruz bayramı günlərində Azərbaycana xaricdən gələcək turistlər arasında İran vətəndaşlarının sayının üstünlük təşkil edəcəyi gözlənilir:

    “Martın 21, 22, 23-də İrandan Azərbaycana böyük turist qrupları gələcək. İrandan gələcək turistlərin sayının çoxluğunu nəzərə alaraq, bayram günlərində İran və türk müğənnilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulur”.

    N.Bağırov qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana ərəb ölkələrindən, Rusiyadan də turistlər gələcək.

    Xatırladaq ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Onlardan 853 082 nəfər Rusiya, 537 710 nəfər Gürcüstan, 362 597 nəfər İran, 301 553 nəfər Türkiyə, 102 360 nəfər Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfər İraq, 57 756 nəfər Ukrayna, 33 273 nəfər Səudiyyə Ərəbistanı, 381 213 nəfər isə digər ölkələrin vətəndaşları olub.

    2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub. Azərbaycan vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib.

  • Azərbaycanlılar 63 ölkəyə vizasız gedə bilər

    “Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib.

    Bu reytinqdə 75-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 63 ölkəyə səyahət etməyə imkan verir.

    45-ci yerdə göstərilən Rusiya pasportu bu ölkənin vətəndaşlarına 114 ölkəyə sərbəst şəkildə səyahət imkanı yaradır. Türkiyə 49-cu yerdə (110 ölkə), Gürcüstan 54-cü yerdə (100 ölkə), Ermənistan 78-ci yerdə (59 ölkə), İran 98-ci yerdə (38 ölkə) qərarlaşıb.

    Reytinq cədvəlinin liderləri Yaponiya və Sinqapurdur. Bu dövlətlərin vətəndaşları vizasız 180 ölkəyə səfər edə bilər.

    Buna qədər 2014-cü ildə bəri lider olmuş Almaniya pasportu ilə isə 179 ölkəyə əngəlsiz səyahət etmək mümkündür.

    Siyahının ilk üçlüyünü eyni vaxtda bir neçə ölkə tamamlayır. Bunlar İtaliya, Finlandiya, İspaniya, Danimarka, Fransa, İsveçrə və Cənubi Koreyadır. Həmin ölkələrin vətəndaşları vizasız 178 ölkəyə səyahət edə bilər.//oxu.az

  • Bakıda bayram yarmarkaları açılır

    Yaxın günlərdə Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar fəaliyyətə başlayacaq.

    Bunu oxu.az-a Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

    Onun sözlərinə görə, artıq beş yerdə – “Gənclik”, “Nərimanov”, “28 May”, “İnşaatçılar” və “Koroğlu” metrostansiyalarının yaxınlığında belə çadırlar quraşdırılır:

    “Yaxın günlərdə daha beş yerdə bayram yarmarkaları üçün çadırların quraşdırılması nəzərdə tutulur”.

    Ə.Bağırov bildirib ki, yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.

    O vurğulayıb ki, yarmarkalarda Novruz bayramına aid meyvə, tərəvəz və məhsulların satışı gözlənilir.

    Qeyd edək ki, yarmarkalar martın 25-dək davam edəcək.

  • İcra başçılarının müavinlərinə – GÜZƏŞT

    Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Formasına əlavənin cədvəlində dəyişikliklər edilib.

    Bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

    Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini də artıq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək.

  • Sumqayıt hadisələrindən 30 il ötür

    Bu gün Sumqayıt hadisələrinin 30 ili tamam olur.

    1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb.

    Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özlərilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.

    Həmin hadisənin baş verməsində Sumqayıtda yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

    1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlamışdı. Mitinq iştirakçıları “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində şəhərdə 8 məscid olmuşdu) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan azərbaycanlı Dram Teatrının ləvazimatı yandırılır. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurulur.

    Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə “ölü zona” adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi.

    O da məlumdur ki, Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.

    Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirmişdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxarmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”.

    İstintaq materiallarının başqa bir yerində göstərilir ki, “E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olub, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb”.

    E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan qurtara bildilər. Məhkəmə Azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.

    SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. 26 erməninin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

    Martın birindən Sumqayıtda komendant saatı tətbiq olundu. Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıblar.

    Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. İstintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülüb. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxıb.

    Ziyalı ailədən olan Taleh Ismayılova isə 15 il iş kəsilib, cəzasını ”siyasi məhbus” kimi çəkmək üçün Tbilisiyə göndərilib, bir ildən sonra meyiti gəlib.

    Hadisələrdən sonra M.Qorbaçov demişdi ki, Sumqayıt hadisələri bir qrup şəxsin xuliqanlığı nəticəsində baş verib. Onun hadisəyə belə münasibəti cinayət hadisəsinin ört-basdır edilməsilə nəticələndi.//oxu.az

  • Azərbaycanlı gənc nənəsi ilə videolar çəkərək məşhurlaşdı – VİDEO

    Nənəsi ilə videolar çəkən azəribaycanlı “youtuber”

    Minval.İnfo xəbər verir ki, son günlər sosial şəbəkələrdə nənəsi ilə birlikdə maraqlı videolar hazırlayan gənc azəribaycanlı “youtuber” Sərraf Kərimov bir çoxlarının diqqətini çəkməyi bacarıb. Videolarda müxtəlif “Challange”lar yoxlayan “youtuber”in nənəsi hər kəsin üzündə gülüş yarada bilib.

    Rəviyyə nənənin videolardakı səmimiyyəti, şən hərəkətləri görülməyə dəyərdir.

    Nənə və nəvənin bu maraqlı videosunu sizə təqdim edirik.

  • Nəqliyyat vasitələri ilə bağlı yeni cərimə gəlir: 150 manatdan 1000 manatadək

    axoqrafdan istifadə qaydalarını pozmağa görə fiziki şəxslər 150, vəzifəli şəxslər 500, hüquqi şəxslər 1000 manat cərimə ediləcək

    İnzibati Xətalar Məcəlləsinə yeni 326-1-ci maddə əlavə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, yeni maddə “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla, habelə sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilmədən yerinə yetirilməsi” adlanır.

    Həmin maddədə deyilir ki, yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydalarını pozmaqla yerinə yetirilməsinə, yəni:

    1. taxoqraf olmadan yerinə yetirilməsinə;

    2. yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə;

    3. tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə;

    4. taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə;

    5. taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə —

    fiziki şəxslər yüz əlli manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

    Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə — əlli manat məbləğində cərimə edilir.

    Digər bir dəyişikliklə Məcəllənin 342.1.10-cu (Beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilir) maddəsi ləğv edilib.

    Layihədə bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.10-cu maddəsində beynəlxalq yük daşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların nəzarət qurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhürlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulur. Bu maddədə yalnız beynəlxalq yükdaşımaları həyata keçirən yük avtomobillərinin və avtobusların sürücülərinin məsuliyyəti nəzərdə tutulur.

    Təqdim edilmiş layihəyə görə isə məsuliyyət daşımalı olan subyektlərin dairəsi genişləndirilib və məsuliyyət daşımalı olan şəxslərin dairəsinə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər də əlavə edilib.

    Taxoqrafın təyinatı yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunmasından, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdan ibarətdir.

    Sərnişin və yük daşımalarını həyata keçirən sürücülər bir çox hallarda sürət həddini aşaraq və istirahət rejiminə əməl etmədən nəqliyyat vasitələrini idarə etməkdə davam edirlər. Bu da öz növbəsində yorğunluqdan və yuxusuzluqdan ağır yol nəqliyyat hadisələrinin törədilməsinə səbəb olur.

    Qanun layihəsinə görə, həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar.

    Layihəyə görə, həmin dəyişiklik beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri tərəfindən gələcəkdə baş verə biləcək qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması məqsədini daşıyır.

    Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunda da müvafiq dəyişikliklər edilib.

    Qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

  • Paytaxt üçün rəsmi şəhər kartı buraxılır – 35, 60 və 90 AZN

    Paytaxt Bakı üçün rəsmi şəhər kartı – “Baku Card” dövriyyəyə buraxılır. Bu, Azərbaycanda ilk və yeganə təcrübədir.

    “Report” xəbər veirr ki, bu barədə Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə məlumat verib.

    O, kartın qiymətlərini də açıqlayıb: “Baku Card” 3 növ olacaq 35, 60 və 90 manatlıq. 1-ci 24 saatlıq, 2-cii 72 saatlıq, 3-cü isə 1 həftəlik istifadə üçün nəzərdə tutulub”.

    Kart sahibləri ictimai nəqliyyatdan pulsuz, muzeylərdən və digər mədəniyyət mərkəzlərindən isə ödənişsiz və yaxud endirimlə istifadə edəcək. Bundan əlavə, “Baku Card” sahiblərini mağazalar, kafelər, restoranlar və digər yerlərdə endirimlər və xüsusi təkliflər gözləyir.