Category: Cəmiyyət

  • Özünü əməliyyat edən həkimin yalanının üstü AÇIQLDI: Mümkün deyil

    “Mən əməliyyatı əvvəldən axıra qədər özüm etməmişəm”.

    Baku.ws xəbər verir ki, özü-özünü liposaksiya (piy sovurma əməliyyatı) etdiyini bildirən və sosial şəbəkədə video paylaşan bariatrik-estetik cərrah Mübariz Məmmədli teleqraf.com-a açıqlamasında belə deyib.

    Cərrah belə bir əməliyyatın qeyri-mümkünlüyü iddiasından danışarkən bildirib ki, bədənini köməkçisi keyidib: “Paylaşdığım videodan da aydın görünür ki, əməliyyatı mən özüm icra edirəm. İnanmıralar, deyirlər ki, özü edə bilməz. Düzdür, əməliyyatın bir hissəsini köməkçim, kiçik hissəsini də özüm etmişəm.

    Ümumilikdə əməliyyat 1 saat çəkdi, onun cəmi ilk 10-15 dəqiqəsini mən etmişəm. Əməliyyatı əvvəldən axıra kimi özüm etməyi planlaşdırmamışdım. Sadəcə əlcəkləri geyinib, belə bir addım atdım, o da böyük səs-sədaya səbəb oldu”.

    Qeyd edək ki, plastik-estetik cərrahın özü-özünü əməliyyat etməsinə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov da münasibət bildirib. O, bu məsələni qeyri-ciddi adlandırıb: “Bunlar ciddi məsələlər deyil. Belə məlumatlarla bağlı jurnalist tədqiqatlarının aparılmasına ehtiyac var”.

    Hacıqulu Bağırov qeyd edib ki, həkimin özünü əməliyyat etməsi praktiki baxımdan mümkün ola bilməz: “İndi bütün dünyada əməliyyatların hamısı keyləşdirmə altında aparılır. Keyləşdirmə mərkəzi sinir sisteminə təsir göstərir. Keyləşdirmə altında olan şəxs öz-özünü necə əməliyyat edə bilər?! Ona görə də bunlar ciddi məsələlər deyil”.

  • Bahalı, saxta və zərərli: Bazarda təhlükəli mallar dolaşır

    Ekspert: Satılan xəz dərilərin üzərinə vurulmuş yarlıqlar orijinal deyil, onların 40%-i saxtadır

    Qış mövsümünün gəlişi ilə xəz dəridən hazırlanmış üst geyimləri də dəbə düşür. Qadınların əksəriyyəti gözəl və cazibədar görünmək, eyni zamanda soyuq havada üşüməmək üçün xəz dərili üst geyimlərə üstünlük verirlər. Təbii ki, fərqli heyvanların xəzindən hazırlanmış bu geyimlər müştərilərə çox baha qiymətə təklif olunur. Buna baxmayaraq, əksər hallarda baha qiymətə alınan xəz dəridən hazırlanmış geyim keyfiyyətsiz çıxır, heç bir mövsüm belə istifadə edilməmiş yararsız hala düşür. Bir sözlə, xəz geyimlərin qiyməti ilə keyfiyyəti bir-birini təkzib edir.

    Median.Az xəbər verir ki, Sputnik Azərbaycan bu gün ölkədə satılan xəz dəridən hazırlanmış geyimlərin keyfiyyəti ilə qiymətinin nə dərəcədə uzlaşdığını mütəxəssislərdən öyrənib.

    İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycana xəz dəridən hazırlanmış geyimlər müxtəlif ölkələrdən idxal olunur:”Çindən, Türkiyədən və Avropa ölkələrindən ölkəmizə xəz dərilər gətirilir. Təbii ki, Çindən gətirilən xəz dərilər ucuz başa gəldiyi üçün ticarətçilər çin mallarına daha çox üstünlük verirlər”.

    Bayramovun sözlərinə görə, bir neçə il əvvələ nisbətən hazırda xəz dərilərə maraq azalıb, amma yenə də tələbat var.
    “Bu geyimlərin qiymətləri həqiqətən bahadır. Xüsusilə, Çindən gətirilən xəz dərilərin qiymətləri baha, keyfiyyəti isə aşağıdır. Beləliklə, istehlakçılar aldadılır. Hətta onu da qeyd edim ki, qonşu ölkələrə nisbətən Azərbaycanda eyni xəz dərilər daha baha qiymətə satılır” – deyə ekspert əlavə edib.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər il xəz dərilərlə bağlı Azad İstehlakçılar Birliyinə 1-2 şikayət daxil olur:

    “İstehlakçılar aldıqları xəzin keyfiyyətindən narazıdır. Azərbaycanda xəz dərilərin gətirilməsində heç bir standart yoxdur. Azad bazar olduğu üçün ticarətçilər hansı ölkədən istəsələr, xəz dəri gətirirlər, neçəyə istəyirlər, o qiymətə də satırlar”.

    E.Hüseynov xəz dəridən hazırlanmış geyimlərin saxta yarlıqlarla satıldığını da bildirib: “Onu da qeyd edim ki, satılan xəz dərilərin üzərinə vurulmuş yarlıqlar heç də orijinal olmur. Bazarda xəz dəridən hazırlanmış üst geyimlərinin 40 faizdən çoxu saxta yarlıqlarla satılır. Qiymətlərə gəlincə, hər kəs istədiyi qiymətə malını sata bilər. Sadəcə onu deyə bilərəm ki, istehlakçılar xəz dəri alarkən diqqətli olsunlar və saxta mallara aldanmasınlar”.

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirib ki, xəz dərilərlə bağlı heç bir standart yoxdur: “Bizə bu günə kimi xəz dərilərlə bağlı heç bir şikayət daxil olmayıb”.

    Həkim Rasif Bağırov isə Sputnik Azərbaycan-a xəzdən hazırlanmış geyimlərin insan sağlamlığına zərərli təsirlərindən danışıb:
    “Dəridən geyim hazırlanan zaman elə aşılanmalıdır ki, insan orqanizmi üçün gigiyenik olaraq heç bir problem yaratmasın. Xəz dəri hazırlanan zaman lazımi səviyyədə aşılanmayanda, ətraf mühitdə olan mikroorqanizmlər həmin xəz dəridə özünə yer edir və münbit şərait olduğu üçün çoxalmağa başlayır. Həmin mikroorqanizmlər xüsusilə allergik xəstəliklər, mədə-bağırsaq xəstəlikləri yarada bilir”.

    “Xəz dəridən hazırlanmış geyimləri xüsusi rejimdə saxlamaq lazımdır, tez-tez xüsusi qaydada təmizlənməlidir ki, insan orqanizminə problem yaratmasın” –deyə həkim əlavə edib.

  • Gəncədə bir gecədə yol nişanları söküldü – FOTO

    Gəncə şəhərində bir gecəyə xeyli sayda yol nişanı yararsız hala salınıb.

    Bu barədə Baku.ws-ə şəhərin 1-ci mirkorayon sakinləri məlumat veriblər.

    Bildirilir ki, 1-ci mikrorayonda, xüsusilə Nigar Rəfibəyli adına 43 nömrəli məktəbin yaxınlığında yeni yol nişanları quraşdırılsa da ötən gün gecə saatlarında naməlum şəxslər tərəfindən sındırılıb, aşırılıb.

    Ehtimal edilir ki, həmin şəxslər sərxoş vəziyyətdə olublar.

    Hazırda onların tapılması istiqamətində araşdırma aparılır.







  • Pakistanlı “Şah” Azərbaycanda saxlanıldı

    Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14 nəfər Pakistan İslam Respublikası və bir nə­fər Hindistan Respublikası vətəndaşı saxlanılıb.

    DMX-dən Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz yaşadığı üçün DMX tərəfindən saxlanılmış Hindistan vətəndaşı Nema Devi Haibamın Şərq ölkələri vətəndaşlarının Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə, Avropa, Ukrayna, Rusiya Fede­ra­siyası və Türkiyə istiqamətində qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.
    Digər şəxs – “Şah” ləqəbi ilə tanınan Pakistan vətəndaşı Syyed Muhammed Farrukh Razı Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vasitəçilik etməklə onların N.D.Haibamın qurbanlarına çevrilməsinə şərait yaradıb.

    N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayan şəxslərin köməyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin adıçəkilən Pakistan vətəndaşlarının  bu il yanvarın 12-də Azərbaycan ərazisini İtaliya istiqamətində tərk etmək cəhdləri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və “viza”ları onlara təqdim etməyib.

    Həmçinin N.D.Haibam daha altı əcnəbi ilə birbaşa razılaşma əl­də edib, onların hər birini yalan vədlərlə aldatmaqla qanunsuz miqranta çe­vir­ib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın ABŞ-a və digər ölkələrə əcnəbilərin qanunsuz yollarla göndərilməsini beynəlxalq səviyyədə təşkil edən şəxslərlə əlaqələr ya­rat­dığı müəyyən olunub.

    Beləliklə, Nema Devi Haibam və Syyed Muhammed Farrukh Razı əcnəbiləri inandırmaqla onların külli miqdarda vəsaitini mənimsəyib və qanunsuz miqrasiyaya zəmin yaradıb. Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib, faktlar öz təs­diqini tapıb və qanunsuz miqrasiya kanalını təşkil edən şəxslər ifşa edilərək zərərsizləşdirilib.

    Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

  • Azərbaycanda qadağan olunan telekanalda Mübariz İbrahimovdan bəhs edildi – VİDEO

    Türkiyənin “FOX” telekanalında yayımlanan “Savaşçı” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edilib.

    Serialın 28-ci bölümündə hərbçilər bir-birilə danışarkən M.İbrahimovun qəhramanlığından söhbət açıb.

    Onun 24 saat ərzində ermənilərlə döyüşməsindən bəhs edilib.

    Məlumat üçün bildirək ki, sözügedən serialda dəfələrlə Qarabağ, Azərbaycan Ordusu barədə səhnələr yer alıb.

    Qeyd edək ki, “FOX” telekanalının ölkəmizdə kabel televiziyası üzərindən yayımına MTRŞ tərəfindən qadağa qoyulub.//minval.info

  • İlhamə Quliyevanın adına şərab hazırlandı – FOTO

    Mərhum xalq artisti İlhamə Quliyevanın adına şərab hazırlanıb.

    Minval.info-nun xəbərinə görə, bu barədə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB vitse-prezidenti Hacı Quliyev məlumat verib. O qeyd edib ki, şərab Almaniyada hazırlanıb.

    “Məhz İlhamə Quliyevanın şərəfinə məhdud sayda buraxılıb” – deyə H.Quliyev bildirib.

    Onun sözlərinə görə, şərabın üzərində mərhum xalq artistinin imzası qeyd olunub.

  • Bakıda maşından “oğurluq” etmək istəyən şəxslər belə yaxalandı – VİDEO

    Bakıda gənclər maraqlı sosial test edib. 

    Baku.ws-in məlumatına görə, avtomobil oğurluğu ilə bağlı prank çəkən gənclər insanları oğurluqla ittiham edərək reaksiyalarını yoxlayıb.

    Yoldan keçən şəxslərə yaxınlaşan bir nəfər maşının qapısını açmaqda köməklik etməsini istəyir. Bu zaman qəfil bir neçə nəfər peyda olur və əlində sim olan şəxsin oğurluğa cəhd etdiyini bildirir. 

    Gözlənilməz vəziyyətə düşən şəxslər vəziyyətdən çıxmağa və özlərinin günahsız olduğunu sübut etməyə çalışır. 
    Həmin görüntüləri təqdim edirik: 

  • Almaniyadan qovulan azərbaycanlıların sayı açıqlandı

    Ötən ilin ilk yarısında sığınacaqla bağlı mənfi cavab alan 138 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib.

    “Report” xəbər verir ki, həmin şəxslərdən 98-i təyyarə, 40 nəfər isə quru yolu vasitəsilə Azərbaycana geri qaytarılıb.

    Hava limanında göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə səhhətində problem yaşandığı üçün onu ölkədən çıxarmaq mümkün olmayıb.

    Məlumata görə, 85 azərbaycanlı Dublin konvensiyasına uyğun olaraq Avropa İttifaqında gəldikləri ilk Şengen dövlətinə göndəriliblər. Onların 27-si 18 yaşına çatmamış şəxslər olub.

    Sığınacaqla bağlı mənfi cavabı alan 333 azərbaycanlı Almaniyanı könüllü olaraq tərk edib. 269 Azərbaycan vətəndaşı isə Almaniya hökümətinin həyata keçirdiyi Repatriasiya Proqramı çərçivəsində maliyyə yardımı müqabilində ölkəni könüllü tərk etməyə razı olublar. Bundan başqa, ötən ilin ilk yarısında altı azərbaycanlı Almaniya hava limanlarındakı sərhəd buraxılış məntəqələrindən, bir nəfər isə quru sərhəddən ölkəyə buraxılmayıb.

    2016-cı ildə isə sığınacaq müraciətinə mənfi cavab alan 93 azərbaycanlı ölkədən deportasiya edilib. Onların 87 nəfəri təyyarə ilə Azərbaycana, yerdə qalanları isə başqa ölkələrə göndərilib. Ötən il olduğu kimi 2016-cı ildə də hava limanlarında polisə göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə halı qəfil pisləşdiyi üçün deportasiyası təxirə salınıb.

    2015-ci ildə isə ümumilikdə 26 azərbaycanlı Almaniyadan çıxarılıb. Onlardan 19-cu təyyarə ilə Azərbaycana göndərilib, digərləri başqa ölkələrə. Bir nəfər hava limanında müqavimət göstərdiyi üçün deportasiyası təxirə salınıb. 136 Azərbaycan vətəndaşı maliyyə yardımı müqabilində Almaniyanı könüllü tərk edib.

    Bildirilib ki, 23 nəfər hava limanından, bir nəfər isə quru sərhəddən ölkəyə buraxılmayıb. Səkkiz nəfərə qarşı Dublin konvesiyası tətbiq edilərək digər Aİ ölkələrinə göndəriliblər.

    Almaniya Bundestaqının rəsmi saytında yerləşdirilən hesabatda bu ölkədən deportasiya edilən digər dövlətlərin vətəndaşları barədə məlumatlar da yer alıb. Məlumata görə 2014-cü ildə Almaniyadan 120-dən artıq ölkənin 8557 vətəndaşı məcburi çıxarılıb. Həmin il ölkədən çıxarılanlar arasında birinci yeri Serbiya vətəndaşları (2 127 nəfər), ikinci yeri İtaliya vətəndaşları (830 nəfər), üçüncü yeri Makedoniya vətəndaşları (635 nəfər) tutub. 27 nəfər isə Azərbaycan vətəndaşları olub.

  • Bakıda marketdən alınan çörəyin içindən əlcək çıxdı – VİDEO

    Bakıda marketdən alınan təndir çörəyinin içərisindən əlcək çıxıb.

    Nərmin Xıdırova adlı paytaxt sakininin Baku.ws-ə verdiyi məlumatına görə, Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən OBA marketdən təndir çörəyi alıb.

    N.Xıdırovanın sözlərinə görə, evdə çörəyi kəsərkən içərisindən əlcəyin bir hissəsi çıxıb.

    Məsələ ilə bağlı Baku.ws OBA marketlər şəbəkəsinə sorğu göndərib.

    OBA-dan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı sorğu daxil olan kimi dərhal araşdırma aparılıb.

    “Öncəliklə onu qeyd edim ki, OBA marketlər şəbəkəsinə bu halla bağlı heç bir müştəri şikayəti daxil olmayıb. 9-cu mikrorayon ərazisində yerləşən OBA marketdə satılan zavod çörəkləri “Binə Çörək zavodu”na, təndir çörəyi isə “Gəncə təndiri” adı altında fəaliyyət göstərən müəssisəyə məxsusdur.

    Qeyd edim ki, məhsulun keyfiyyətinə istehsalçı şirkət məsuliyyət daşıyır. Biz istehsal müəssisələrindən məhsul almazdan öncə istehsal şəraiti ilə tanış olur, müvafiq laboratoriya analizləri aparırıq. Bundan başqa hər iki müəssisənin müvafiq gigiyena və keyfiyyət sertifikatları vardır.

    Müştərilərimizdən hər-hansı bir neqativ hal yaşandıqda dərhal qaynar xəttimizə (012924) zəng edərək, facebook və instagram səhifəmizə yazaraq bizə məlumat verməsini xahiş edirik. Məqsədimiz müştərilərimizin hər zaman razı qalması və onların məmnunluğudur”, – deyə OBA marketlər şəbəkəsindən bildirib.

  • “iPhone X”in istehsalı dayandırılır

    “KGI Securities” şirkətinin analitiki Ming-Chi Kuo “iPhone X”in istehsalının cari ilin yazında dayandırılacağını bəyan edib. 

    Bundan əvvəl sadəcə “iPhone 5C”nin istehsalı dayandırılıb.

    Bu, telefonun satış rəqəmlərinin aşağı olmasından irəli gəlib. 

    İstehsalın dayandırılmasının səbəbi isə Çindir. Belə ki, çinlilər “iPhone X”i bəyənməyiblər və “iPhone 8 Plus” almağa üstünlük verirlər. 

    “iPhone X”in satışı 87,6 faiz azalıb. Bununla belə, “Apple”ın satışları artıb.