Category: Cəmiyyət

  • Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu

    Azərbaycanda 2 yaşlı uşağın ağciyərlərinə manna sıyığı dolub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq əməliyyat olunaraq, yenidən sağlamlığına qovuşub.

    Qeyri-adi hadisə ilə bağlı Ailem.az-a məlumat verən uşaq cərrahiyyəsi və urologiya uzmanı Fuad Hüseynov deyir ki, 2 yaşlı uşağı onların yanına gətirərkən sol ağciyəri tamamilə bağlı olub, yəni işləməyib. Səbəb isə belə olub: “Valideynlərinin dediyinə görə, uşaq manna sıyığı yedikdən sonra yatıb və gecə saatlarından başlayaraq, onda təngnəfəslik, temperaturun yüksəlməsi müşahidə olunub. Buna görə də onlar müxtəlif klinikalara müraciət ediblər. Artıq bizə müraciət etdiklərində hadisənin üzərindən 24 saat keçmişdi”.
    F.Hüseynov bildirir ki, uşaqda ciddi təngnəfəslik, 38.5-39.0 dərəcə temperatur, SPO2, yəni qanda oksigenin səviyyəsi düşməyə meylli olub: “Aparılan müayinələrə əsasən müəyyənləşib ki, uşağın sol ağciyəri tamamilə bağlıdır.

    Gec saat olmasına baxmayaraq, uşaq təcili əməliyyat otağına alındı. Bronxoskopiya, yəni işıqlı alətlə nəfəs borusuna baxılarkən sol ana bronxun manna sıyığı ilə dolu olduğu görüldü. Bu barədə ailə dəqiq məlumat vermir, amma böyük ehtimalla uşaq yeyərkən ya öskürüb, ya da qusub və nəticədə manna bronxlara qaçıb. Uşağın bronxlarını yuyaraq təmizlədik. Əməliyyatdan bir gün sonrakı rentgendə sol ağciyərin tamamilə açıldığını gördük. Uşağı 2 gün sonra pediatr nəzarətində olmaq şərti ilə sağlam şəkildə evə yola saldıq”.


  • Novruz Məmmədov: “Davos” dünyanı anlaşmaya çağırır

    Davos Forumu problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır.

    Bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Facebook” səhifəsində qeyd edib.

    O qeyd edib ki, Davos İqtisadi Forumu dünəndən işə başlayıb.

    “Davos Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən üç minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı, prezident İlham Əliyev görüşlərə başlayıb. Prezidentimizin 30-a yaxın görüş və panel iclaslarında iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”,  – deyə PA rəsmisi vurğulayıb.

  • Rusiyanın “FSB” kursantı İŞİD-ə qoşulmağa çalışıb

    Rusiya Federal Təhlükəsizlik xidmətinin  tacik əsilli, 23 yaşlı kursantı Novruz Sanqov Tacikistan hüquq-mühafizə oqranları tərəfindən ekstremizm və İŞİD qruplaşmasına qoşulmağa cəhd etməkdə təqsirləndirilir.

    Oxu.az “Радио Озоди”yə (“Azadlıq radiosununun” tacik xidmətinə) istinadən xəbər verir ki, Moskvada Federal Təhlükəsizlik Xidməti Akademiyasının V kurs kursantı olan Novruz Sanqov ötən ilin noyabr ayında Azərbaycanda saxlanılıb və Tacikistana ekstradisiya edilib.

    “Novruz yoxa çıxdıqdan sonra Tacikistan tərəfi bu haqda məlumatlandırılıb. Bir ay sonra o, Bakı aeroportunda aşkarlanıb və İstanbula uçmağa çalışan zaman saxlanılıb”, – deyə hüquq-mühafizə orqanlarından olan mənbə bildirir.

    İşin təfərrüatı haqqında məlumat verilməsə də, kursantın Türkiyəyə, oradan isə Suriya ərazisinə keçməyə çalışıdığı güman edilir.
    Ancaq kursant bu ittihamları rədd edir və hər hansı ekstremist qruplaşmalara biət etməyə hazırlaşmadığını bildirib.
    Gəncin yaxınları bildirirlər ki, bu ilin yay aylarında Novruz öz vətənində, milli təhlükəsizlik üzrə dövlət komitəsinin yerli şöbələrindən birində təcrübə keçib.  Əlaçı olub və təhsili başa vurduqdan sonra Tacikistana qayıtmaq və yerli xüsusi xidmət orqanlarında çalışmaq niyyətində olub.   

    Novruzun anası Nixolbi Rəhimova yanvarın 22-də “Радио Озоди”ə verdiyi açıqlamada oğlu ilə təcridxanada görüşdüyünü bildirib.
    “Mənim balamı kimsə yoldan çıxarıb. O mənə dedi ki, Türkiyəyə müalicəyə getmək istəyib. Son vaxtlar mədə və baş ağrılarından əziyyət çəkib. O, məzuniyyətin verilməsi üçün bir neçə dəfə müraciət etsə də, iczə ala bilməyib. Ona görə sonradan bu axmaq hərəkəti edib. And-aman edir ki, Türkiyəyə yalnız müalicə məqsədilə gedib. Ötən yay Tacikistanda müalicə kursu keçib”, –  deyə kursantın anası bildirib.

    O bildirib ki, oğlu üçün vəkil tuta bilmir, hər kəs məsələnin qarışıq olduğunu bildirərək, işi götürməkdən imtina edir.

  • Sumqayıtda 20 ədəd top mərmisi tapılıb – FOTO

    Sumqayıt şəhərində 20 ədəd 125 mm-lik top mərmisi tapılıb.

    Bu barədə oxu.az-a Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
    Bildirilib ki, yanvarın 22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri tərəfindən beton zavod ərazisinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunmuş, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat yanvarın 23-də davam etdirilib, nəticədə aşkar olunan mərmilər götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Aşkar olunmuş top mərmilərinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

  • Mikayıl Cabbarov işə “Naz-Lifan”la gedib-gəlir

    Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra nazirliyə “Naz-Lifan” markalı avtomobillə gəlib.

    Median.Az xəbər verir ki, modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, nazir bəzi günlərdə Azərbaycan istehsalı olan “Naz-Lifan” markalı xidməti avtomobildən istifadə edir.

    Bununla yanaşı, onun xidmətində “BMW” markalı avtomobil də var. Mikayıl Cabbarov daha çox “BMW”dən istifadə edir.

    Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziri vəzifəsində çalışır.

  • Nərgiz Paşayevanın qızı Monika Belluççi ilə bir arada (FOTO)

    “Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova Parisdə keçirilən moda həftəsinə qatılıb.

    Median.Az-ın axşam.az-a istinadən məlumatına görə, Mahmudova gecədən fotolarını İnstaqram səhifəsində paylaşıb. 

    Onlar arasında ən diqqətçəkən şəkil Ü.Mahmudovanın dünya ulduzu Monika Belluççi ilə bir araya gəlməsi olub.

  • Narkomanların müalicəsi ilə bağlı YENİ QƏRAR

    Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulan barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicə olunacaqlar.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”na dəyişiklik edib.

    Bu qərar Daxili İşlər Nazirliyinin narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir.

  • Bakı-Sumqayıt marşrutu üzrə REYD – 5 mikroavtobus saxlanıldı

    Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi (DYP) qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydlərini davam etdirir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, yanvarın 23-də səhər saatlarında növbəti reyd keçirilib.

    Sumqayıt Şəhər Nəqliyyat Departamenti ilə birgə keçirilən reyd zaman,ı əsasən, Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlanıb.

    Reyd zamanı 5 mikroavtobus qanunsuz sərnişin daşıdığı üçün saxlanılıb və duracağa yerləşdirilib.
    Reydlər davam etdirilir.

  • Cəbhə bölgəsində olan kəndə yol çəkilib, amma…- VİDEO

    Ermənistanla həmsərhəd Tovuz rayonunun Ağdam kəndinin sakinləri yeni yolda məlumatverici-göstərici nişanların qoyulmamasından narahatdırlar.

    Bizimyol.info-ya müraciət edən Tovuz rayon Ağdam sakin Nəsimi Bağırov bildirib ki, Tovuz rayonunun bir neçə kəndinə asfalt yol çəkilsə də, yolda məlumatverici-göstərici nişanların qoyulmamasını təəssüflə qeyd etdi: “Yuxarı Öysüzlü, Vahidli və Ağdam kəndlərinin yolsuzluq problemi həll olunub. Kəndlərin yoluna asfalt örtük çəkilib. Amma yolun üzərində məlumatverici-göstərici nişanlar qoyulmayıb. Vahidli və Ağdam kəndlərinə getmək üçün Yuxarı Öysüzlü kəndinə gedən yoldan keçmək lazımdır. Yuxarı Öysüzlü kəndi ilə bağlı yolda məlumatverici-göstərici nişan olsa da, təəssüf olsun ki, Vahidli və Ermənistanla həmsərhdə olan Ağdam kəndi ilə bağlı belə bir nişan qoyulmayb. Vahidli və Ağdam kəndlərinə gələnlər məcbur qalıb addımbaşı maşını saxlayıb yerli sakinlərdən istiqaməti soruşub, maraqlanırlar”.

    Ağdam sakini N.Bağırov yeni yolda məlumatverici-göstərici nişanların qoyulmasının vacibliyini bildirib.

  • Bakıda torpağa basdırılmış odlu silah tapıldı – FOTO

    Bakıda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş odlu silah aşkarlanıb.

    Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

    Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb.

    Fakt üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.