Category: Cəmiyyət

  • “Külli miqdarda pul xərclədik, bu qanun işimizi puç edir” – VIDEO

    Bildiyimiz kimi, ötən ilin sonunda Azərbaycanda uzun müddət müzakirə olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib.

    “Qafqazinfo” xatırladır ki, qanunun tələblərinə əsasən, tütün məmulatlarının məhdudlaşdırılmasına nəzarət, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi iki qurumun – Fövqəladə Hallar Nazirliyinin (FHN) və Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətinə verilib. İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İXM-in 212.2. maddəsi ilə, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər.

    “Qafqazinfo” da bu məsələdən yola çıxaraq Bakıda fəaliyyət göstərən bir sıra çay evi və restoranlara baş çəkib qanunun tələblərinə əməl edib-edilməyini araşdırıb. Çəkiliş zamanı məlum olub ki, artıq əksər obyektlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlığı qoyulub, ancaq bəzi sahibkarlar bu qanunun tələblərindən razı olmadıqlarını bildiriblər.

    Onların sözlərinə görə, hələ qanunun 3 ay müddətində tam qüvvəyə minməsi gözlənildiyinə görə, sahibkarlar da müştərilərə kəskin reaksiya verə bilmirlər.

  • Azərbaycandan bu ay üçün nəzərdə tutulan Ümrə ziyarəti səfəri ləğv olundu

    Yanvar ayında kiçik Həcc ziyarəti (Ümrə) üçün Azərbaycanda nəzərdə tutulan səfər ləğv olunub.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsindən bildirilib.

    Qeyd olunub ki, növbəti qrupun səfəri fevralın 4-ü başlayacaq: “40-50 nəfərlik həmin qrup fevralın 13-də Azərbaycana qayıdacaq”.

    QMİ rəsmisi əlavə edib ki, digər qrupun gedişi mart ayı üçün planlaşdırılır.

    Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox uzuclaşıb. 

    Ümrə ziyarətinin 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə yekunlaşır.

  • Ramil Usubov yol polislərini topladı

    Baş Dövlət Yol Polisi İdarəsində 2017-cı il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr edilmiş geniş əməliyyat müşavirəsi keçirilir.

    Median.Az-in APA-ya istinadən məlumatına görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edir.

    Müşavirədə hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov məruzə ilə çıxış edəcək.

  • Alpinistlərin axtarışları nə vaxta qədər davam etdiriləcək? – Klub rəhbərindən cavab

    Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

    Z.Qasımlının sözlərinə görə, alpinistlərin axtarışları Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində davam etdirilir: “Hazırda ərazidə hava şəraiti də normaldır. Axtarışlarda Türkiyədən dəvət edilən mütəxəssislər də iştirak edir. Hələlik axtarışlar nəticə vermir. Alpinistlər tapılana qədər axtarışlar dayandırılmayacaq”.

    Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

    Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

  • Teleqüllə yaxınlığında yeni çatlar yaranıb

    Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.

    Median.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, “Teleqüllə” sürüşmə sahəsi aktiv fazadadır.

    Onun sözlərinə görə, hazırda onlar ərazidə araşdırmanı davam etdirirlər: “Çatlar üzərində mayaklar quraşdırılıb. Ərazidə yeni çatlar əmələ gəlib. Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb”.

    Ə. Qaralov qeyd edib ki, sürüşmə sahəsinə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət edilir.

    Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb. 

  • Bakı zooparkında yenilik: Heyvanlar vəhşi təbiətə buraxılacaq – VİDEO

    Bakı zooparkındakı bəzi heyvanlar təbiətə buraxılacaq.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, artıq bir neçə ildir ki, planlanan layihə reallaşmaq üzrədir. Zooparkdakı bəzi heyvanlar ötən illər ərzində bol bala veriblər.

    Elə bu səbəbdən də onların sayı artdığından təbiətə buraxılması nəzərdə tutulur.

    Bakı zooloji parkının direktoru Azər Hüseynovun sözlərinə görə,həmin heyvanlar təbiətə buraxılmadan öncə Şamaxı Safari parkında xüsusi sahədə saxlanılacaqlar.

    Qeyd edək ki, bundan öncə Bakı zooparkına tək olan bəzi heyvanların erkək və dişiləri gətirilib.Həmin heyvanların da nəslini artırmaq planlaşdırılır.

  • Aytən Səfərova hipnozla dələduzluq edən şəxsi ifşa etdi – VİDEO

    Tanınmış aparıcı Aytən Səfərova sosial media hesabında Bakıda müxtəlif sahibkarları və şəxsləri aldadaraq onlardan pul alan dələduzun video görüntüsünü yayıb.

    O bildirib ki, sözügedən dələduz insanları hipnoz edir:

    “Hüquq mühafizə orqanlarının nəzərinə! Bu, videoyazıda furajkası olan şəxs günün günorta çağı müxtəlif obyekt sahiblərinə yaxınlaşır, onlardan hansısa qohumunun adını verərək söhbət əsnasında hipnoz edir. Sonra müxtəlif məbləğlərdə pul alır və pul müqabilində guya ucuz mal verəcək adı ilə müxtəlif istiqamətlərə maşın sürdürür. İstədiyi əraziyə çatdıqda isə uzaqlaşaraq qayıtmır. Əvvəl zənglərə cavab verir, sonra isə ümumiyyətlə cavablandırmır və telefonu söndürür. Verdiyi nömrə isə heç kimin adında qeydiyyatda deyil. Xahiş edirəm vətəndaşları, sahibkarları aldadaraq pulu alıb aradan çıxan bu dələduzu ifşa edəsiniz. Nömrəsi isə 070-555-65-59-dur. Maraqlandıq, heç kimin adına deyil”.//oxu.az

  • Bakıda dörd yaşlı uşağın bağçada döyüldüyü iddia edilir – FOTO

    Oxu.az-a müraciət edən Gülnarə Quliyeva övladının bağçada döyüldüyünü iddia edir.

    O deyir ki, “I-Kids” adlı bağçada onun övladına xəsarətlər yetiriblər:

    “Oğlum dörd yaş yarımlıqdır. Nitq geriliyi var, ancaq psixoloji problem yoxdur.

    İki ildir “I-Kids” adlı özəl bağçaya gedir. Montesori proqramı ilə işlədiyi üçün buranı seçdik. Bağçaya ayda 350 AZN pul ödəmişik. Son altı ayda uşağın bədənində göyərti, yaxud yaraya oxşayan bir qızartı olurdu. 

    Məsələ ilə bağlı bağçaya müraciət etdim, cavab olaraq bildirdilər ki, uşaq hiperaktivdir, özünü ora-bura çırpır. Sonuncu dəfə evə gətirəndə bədənində dərin cızıq var idi. Görəndə narahat oldum ki, niyə mənə heç bir xəbərdarlıq etməyiblər”.




  • Vəkillər Kollegiyası yeni qərarlar qəbul edib

    Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə danışıb, 28.01.2018-ci il tarixdə vəkilliyə qəbul üzrə keçiriləcək imtahan hazırlıq işləri barədə məlumat verib.

    Oxu.Az-ın xəbərinə görə, iclasda “Vəkil vəsiqəsi”nin yeni nümunəsinin təsdiqi məsələsi müzakirə olunub və qərara alınıb ki, artıq vəkillərə verilən vəsiqələr üç il müddətinə deyil, qeyri-müəyyən müddətə – vəkilin səlahiyyəti müddətinə verilsin.

    Eyni zamanda, iclas ərzində fərdi qaydada fəaliyyət göstərmək istəyən vəkillərin müraciətlərinə, vəkillərin mükafatlandırılması məsələlərinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.

    Vəkillər Kollegiyasının Rəyasət Heyəti aşağıdakı məsələləri Vəkillər Kollegiyasının üzvlərinin diqqətinə çatdırıb:

    Məlum olduğu kimi, Vəkillər Kollegiyasının 13.01.2018-ci il tarixli iclasında aşağıdakı iki məsələ qaldırılmış və bununla bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət ünvanlanması ilə bağlı qərar qəbul olunmuşdu. 

    Qeyd olunan problemlərin həlli ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi ilə Qeydiyyat və notariat baş idarəsi arasında əldə olunmuş razılığa görə:

    1. Notariat qurumlarında vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi üçün müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı, qanunvericilikdəki boşluqlar səbəbindən anlaşılmazlıqlar yaranırdı. 

    Bu, onunla bağlı idi ki, bir sıra hallarda vəkillər notariat orqanlarına qeyd edilən məsələ ilə əlaqədar müraciət edərkən, onların üzərində bu və ya digər səbəbdən vəkilin səlahiyyətlərini təsdiq edən vəsiqələr olmurdu. Belə olan halda, notariat orqanları qeyd edilən hüquqi hərəkətin icrasını həyata keçirə bilmirdilər.

    Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestr məlumatları elektron-notariat sisteminə əlavə olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təqdim olunub. Növbəti günlərdən etibarən artıq üzərində vəkil vəsiqəsi olmayan və ya vəsiqəsinin müddəti keçmiş vəkillər öz şəxsiyyət vəsiqələrini notariat orqanlarına təqdim etməklə müvafiq əməliyyatlar apara biləcəklər.

    2. Məlumdur ki, vəkillər öz müvəkkillərinə hüquqi yardım göstərmək üçün onlarla müqavilə bağlayır, order alırlar. Məsləhətxanada vəkillərə verilən orderlər müdirin möhürü və imzası ilə təsdiqlənir, fərdi vəkillər isə orderləri özləri təsdiqləyirlər. Məlumdur ki, hər bir order unikal reyestr nömrəsi olan sənəddir. Təcrübədə məhkəmə təmsilçiliyi ilə bağlı orderin əsli məhkəmələrə təqdim olunur. Sonradan məhkəmədə baxılan iş ilə bağlı vəkillər sübutların toplanılması məqsədilə notariat orqanlarına sorğu verilməsi və ya təmsilçilik üzrə etibarnamənin alınması üçün həmin orderlərin surətini ya məsləhətxana müdirlərinə təsdiqlətdirir və ya fərdi vəkildirsə, özü təsdiqləyib, notariusa təqdim edir. 

    Lakin bu günədək notariuslar həmin orderlərin təsdiq olunmuş surətlərini “müəyyən edilmiş qaydada təsdiq olunmadığı” üçün (Qeyd: MPM-nin 73.5-ci maddəsi) qəbul etmirdilər.

    Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əldə olunmuş razılığa əsasən, bundan sonra vəkil qurumlarının müdirləri və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin özləri tərəfindən təsdiq edilmiş orderlərin surətləri notariat orqanları tərəfindən qəbul olunacaq və hər hansı əlavə notarial təsdiqə ehtiyac olmayacaq.

    Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsindən verilən məlumata görə bu barədə tapşırıq ölkə üzrə bütün notariat orqanlarına ən yaxın günlərdə göndəriləcək.

  • Sumqayıtda körpəni xəstəxanaya atıblar – VİDEO

    Sumqayıtda insanlığa sığmayan hadisə yaşanıb. 

    Median.Az Xəzərxəbər-ə istinadən məlumat verir ki, beşgünlük körpə sırf xəstə olduğu üçün valideynləri tərəfindən atılıb. 
    Hazırda körpə Sumqayıt xəstəxanalarından birindədir.

    Körpə ötən ilin sentyabr ayında Sumqayıt şəhər uşaq xəstəxanasına nənəsi tərəfindən yoxlanma adı ilə gətirilib. 
    Üzərindən dörd ay keçsə də, balaca qızın nənəsindən və valideynlərindən bir xəbər yoxdur.

    Tibb müəssisəsindən bildirilib ki, körpənin valideynləri əslən Yardımlı rayonundan olan Namiq Əliyev və Gülmirə Əliyeva kimi qeyd olunub. Valideynlərin tapılması üçün artıq hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.

    Həkimlər deyir ki, balacanın sağlamlığında olan problemlər aradan qaldırılıb. Hazırda körpə tam sağlamdır.

    Uşağın yaxın vaxtlarda Səhiyyə Nazirliyinin qərarı ilə Bakı şəhərindəki körpələr evlərindən birinə köçürülməsi nəzərdə tutulub.