Category: Cəmiyyət

  • Bölgə sakinlərinə şad xəbər – FOTO + VIDEO

    Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur

    Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) tərəfindən mühüm tədbirlər həyata keçirilir. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Balakən rayonunda da bu tədbirlər çərçivəsində 2017-ci ildə 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən 24.5 km uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu yenidən qurulub.

    O bildirib ki, cari ildə isə ümumi uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub: “Artıq həmin yollardan birində təmir-tikinti işlərinə start verilib. Söhbət Balakən-Qazbinə-İtitala avtomobil yolundan gedir. Uzunluğu 29 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı”.

    “Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək. Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır. Yol əssı hazır olan hissələr isə asfaltlanır. Artıq yolun 3 km-ə yaxın hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınması yekunlaşıb. Ümumilikdə isə yolun 170 min m2-dən çox sahəsinə yeni asfalt-beton örtük döşənəcək” — A.Nəcəfli bildirib.

    “Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq 21 ədəd suötürücü borunun quraşdırılması və 5 metr uzunluğunda 1 dördbucaqlı su keçidinin inşası işləri yekunlaşdırılıb. Hazırda daha 1 ədəd 5 metr uzunluğunda dörbucaqlı su keçidin və 12 metr uzunluğunda körpünün inşası işləri aparılır” — o, əlavə edib.

    AYDA sözçüsünün bildirdiyinə görə, tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq: “Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib”.



  • O məşum gecənin şahidləri: “Xalq həmin tanklara qərənfil sancardı…”

    “Üç nəfər azərbaycanli lider olmasaydı, bəlkə də, xalq özünə gələ bilməzdi”

    Tarix boyu xarici qüvvələrin təsiri ilə Azərbaycan xalqının başına dəfələrlə faciələr gətirilib. Belə hadisələrdən biri də 1990-cı ilin 19 yanvardan 20-nə keçən gecə baş verən faciədir. Həmin gecə Sovet qoşunları rəsmi versiyaya görə, “asayişi bərpa etmək” adı ilə paytaxt Bakıda və ətrafında yüzlərlə dinc vətəndaşı qətlə yetirib və yaralayıb.

    Yaxın keçmişdə baş verən hadisənin canlı şahidləri və bu hadisələrdə birbaşa iştirak edən Azərbaycan SSRİ Ali Soveti sədrinin sabiq müşaviri Cahangir Nəcəfov və Aydınlar Partiyası sədrinin birinci müavini, 1990-cı illərdə Azərbaycan Xalq Hərəkatının fəallarından olmuş Qorxmaz İbrahimli həm tarixdə şahidi olduqlarını, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə danışıblar.

    Cahangir Nəcəfov həmin tarixi belə xatırlayıb: “O zaman Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın müşaviri idim. Yanvar ayının əvvəllərindən artıq Bakıda gərginlik mövcud idi. O vaxtı Mərkəzi Komitənin birinci katibi, demək olar ki, Azərbaycanı idarə edən Əbdürrəhman Vəzirov idi. Açığını deyim ki, Vəzirov bacarıqsız adam idi. Azərbaycan xalqının mentalitetini bilməyən biri gəlib burada rəhbərlik edirdi”.

    “Elmira xanım Moskvaya getdi ki, Qarbaçovun başçılığı ilə Kremeldə keçiriləcək iclasda iştirak etsin. İclas əvvəlcə təxirə salındı, daha sonra iclas başladı, Dağlıq Qarabağda və sərhədyani ərazilərdə fövqəladə vəziyyət elan olundu. Vəzirov Moskvanı o zaman aldatmışdı, çünki kvorum yox idi. İllər sonra mən arxivə gedəndə sənədlərdə gördüm ki, kvorumda Elmira xanımın adı var. Halbuki o zaman Elmira Qafarova Moskvada idi. Bu, cinayətdir” — keçmiş müşavir danışıb.

    Qorxmaz İbrahimli də canlı şahidi olduğu hadisələr haqqında danışıb. O deyib ki, sonu müstəqilliklə nəticələnən faciə xalq üçün böyük zərbə idi: “Xalq həmişə əsgər görməyə öyrənmişdi. Amma xalqın gördüyü əsgərlər heç vaxt kimisə öldürməzdi. Hətta tanklarına qərənfil sancardılar. Xalq Hərəkatı həm müstəqillik, həm Qarabağ uğrunda savaşa çevrildi. 20 yanvarda ermənilər bizə arxadan zərbə vurmağa başladılar. SSRİ-nin öncə qurduğu “A” planı baş tutmadı və yanvar ayının 20-də “B” planına keçdilər”.

    “Hadisə 19 yanvar axşam 23:00-də başladı. Əsgərlər güllə atmağa başladılar. Hətta biz yolda avtobusda gedərkən bizim də avtobusa güllə atdılar. Cəmi iki saatda nə qədər günahsız insanı öldürdülər. Qarşılarına kim çıxırdısa, vururdular. O zaman mən Ali Hərbi Məktəbdə idim, oradan Səttarxan adına zavoda getdik. Orada olduğumuz zaman əsgərlər zavodu əhatəyə aldılar. Nədənsə oranı partlatmadılar, içəri də daxil olmadılar. Elə olsaydı, yəqin ki, mən də 20 Yanvar şəhidi olardım” — deyən Q.İbrahimli bildirib ki, ermənilər də 20 Yanvar faciəsindən istifadə edib Naxçıvana hücuma keçdilər və bizə arxadan zərbə vurmağa çalışdılar.

    “Xalq həmin gecə özünü itirmişdi. Üç nəfər azərbaycanli lider olmasaydı, bəlkə də, xalq özünə gələ bilməzdi. Heydər Əliyev ev dustağı olmasına baxmayaraq, qorxmadan konfrans keçirib Mixail Qorbaçovu və Sovet ordusunu tənqid edirdi. Elmira Qafarova bəyanat yaydı. Bəyanatda deyilirdi ki, Azərbaycan xalqı şəhidlərinin qanını heç vaxt bağışlamayacaq. Bəxtiyar Vahabzadə bu prosesdə xalqa çox kömək olub”, – deyə Cahangir Nəcəfov qeyd edib.

  • Azərbaycana külli miqdarda pul gətirən şəxs tutuldu

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

    Baş Gömrük İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarətindən keçərkən, hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

    Vətəndaşa məxsus əşyaların yoxlanılması zamanı, onun çantasının içərisində və daha sonra əynindəki pencəyinin cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 2 milyon 200 min Rusiya rublu aşkarlanıb.

  • Azərbaycanda ticarət mərkəzində YANĞIN – Sahibkar dükanda yandı – YENİLƏNİB – FOTO

    Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb.

    Median.Az APA-ya istinadən məlumatına görə, hadisə rayon bazarındakı gül dükanında baş verib.

    Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb. Qadın ətrafadakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

    Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə göndərilib. Hadisə nəticəsində qadının bədəninin 65 faizinin yandığı bildirilir.

    Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.

    Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.

    Faktla bağlı araşdırma aparılır.

    ———–

    Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.

    Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.






  • Azərbaycan at ətinin ixracına başlayıb

    Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın “AZMEAT777” şirkətinə Gömrük İttifaqı ölkələrinə at əti ixrac etmək icazəsi verib. Şirkət indiyədək yalnız Qazaxıstana at əti tədarük edirdi.

    Median.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Modern.az-a deyib ki, şirkət Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyinin reyestrinə daxil edilib:

    “Bununla da Azərbaycanda Gömrük İttifaqı ölkələrinə at əti ixracına icazə verilib. Qeyd edim ki, at diri şəkildə göndərilməyəcək. Atlar ayrıca kəsim məntəqəsində müqavilə əsasında kəsiləcək, baytar həkimlər tərəfindən müayinə ediləcək. Yalnız bundan sonra at ətinin ixracına icazə veriləcək. Bu gündən etibarən prosesə start verilib”.

    Y.Xanvəli deyib ki, qurum ətin tibbi-gigiyenik baxımdan sağlam, insan orqanizminə heç bir zərəri olmaması məsələlərinə nəzarət edəcək.

    Nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev deyib ki, indiyədək yalnız Qazaxıstana at əti ixrac edilib:

    “Respublikanın müxtəlif ərazilərində atlar yetişdirilir. Yaşlı atlar istisna olmaqla, il ərzində təxminən 5 minə yaxın at ixrac etmək potensialımız var. Hətta şəxsi təsərrüfatçılar istəyindən asılı olaraq, at ixracı artırıla bilər”.

    A.Abduləliyevin sözlərinə görə, hazırda ölkədə at yetişdirilməsinə maraq artıb.

  • Lənkəranskinin qardaşı danışdı: “Rövşənlə bir şəklim də yoxdur”

    Bir müddət öncə “Lotu Quli”yə sui-qəsddə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, azərbaycanlı qanuni oğru “Hacı Beylaqanski” kimi tanınan Hacıbaba Talıbxanlı və digər iki azərbaycanlının məhkəməsi başa çatıb.

    Median.Az xəbər verir ki, lent.az-a bu barədə Namiq Canıyevin yaxınları məlumat verib.

    Məlumatda qeyd edilib ki, İstanbul Bakırköy Məhkəməsinində Namiq Canıyev, Hacı “Beylaqanski”, Əli Abdullayev və Camal Həsənov barəsində məhkəmə bəraət hökmü çıxarıb.

    Məhkəmədə çıxış edən Namiq Canıyev bildirib ki, o, hər zaman kriminal aləmdən uzaq olub: “Azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durur. Mən də uzaq durmuşam. Hətta qardaşım Rövşənin sağlığında da bu məsələlərə aiddiyyətim olmayıb, onunla birgə bir dənə fotom yoxdur. Bunu demək istəyirəm ki, mənim bu məsələlərlə əlaqəm yoxdur”.

    Onlar barəsində ölkədən çıxışına qadağa qoyulma bağlı hissə ləğv edilib.

    Xatırladaq ki, Namiq Canıyev 2017-ci ilin noyabr ayında Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad olunub.

    Qeyd edək ki, Namiq Canıyevin qardaşı qanuni oğru Rövşən Lənkəranski 2016-ci il avqustun 18-də İstanbulda öldürülüb.

  • Azərbaycanda 52 yaşlı qadının əkiz uşağı oldu (FOTOLAR)

    Bir neçə gün əvvəl Azərbaycanda nadir rastlanan hadisə baş verib. Belə ki, 52 yaşlı qadın əkiz övlad dünyaya gətirib.

    Median.Az ailem.az-a istinadən xəbər verir ki, doğuş Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mama-ginekologiya şöbəsinin həkimi Arzu İsmayılova tərəfindən həyata keçirilib. Doğuş qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə baş tutub. Həkimin bildirdiyinə görə, bu, 52 yaşlı ananın ikinci hamiləliyidir. Onun ilk hamiləliyi 48 yaşında olub:

    “Ana və əkizlər tam sağlamdırlar və özlərini çox yaxşı hiss edirlər. Qeyd edim ki, bu qadın ilk dəfə 48 yaşında ana olmuşdu. Bu, onun ikinci hamiləliyidir. Bu dəfə əkiz oğlanları dünyaya gəlib”.


  • Pakistan mətbuatında 20 yanvarla bağlı məqalə dərc edilib

    Pakistanın “National Herald Tribune” qəzetində “20 Yanvar – Qara Yanvar və Azərbaycanın müstəqilliyi” sərlövhəli məqalə dərc olunub.

    Azərbaycanın Pakistandakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, məqalənin girişində Azərbaycanın Pakistandakı səfirliyinin 22 yanvar tarixində Pakistan Daxili İşlər Nazirliyi və İslamabad Polisi ilə birlikdə şəhidləri anma tədbirinə hazırlaşdığı, eyni zamanda Pakistan-Azərbaycan Media Forumu tərəfindən 18 yanvar tarixində İbn Xaldun Akademiyasında bu səpkidə bir tədbirin keçirildiyi ilə bağlı məlumat verilir.

    Daha sonra 20 Yanvar hadisələri ilə bağlı hissəyə keçən müəllif, ölkəmizdə həmin dövrdə baş qaldırmış etirazı yatırmaq və Azərbaycan xalqına “dərs vermək” məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik erməniləşmiş Sovet qoşunun Bakıya girdiyi, dinc əhalini atəşə tutduğu, tanklarla qabağına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, digər millətlərin də nümayəndələrinin olduğu 130-dan çox insanın həlak olduğu, 700 nəfərin yaralandığı və 841 nəfərin həbs edildiyi vurğulanır.

    Bildirilir ki, bütün təzyiqlərə baxmayaraq növbəti gün Azərbaycan SSR-in Moskvadakı Nümayəndəliyinə gələn məhz ümummilli lider Heydər Əliyev, həyatına olan təhlükəni də gözə alaraq, ilk dəfə olaraq qətliamın baş verməsində Sovet rəhbərliyini açıq şəkildə həmin dövrdə ittiham edir və hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırır.

    Məqalədə 1990-cı ilin 22 yanvar tarixində bir milyondan çox insanın şəhidləri dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük ümumi tətilin elan olunduğu diqqətə çatdırılır və bunun Azərbaycan neftindən asılı olan Sovet iqtisadiyyatına ciddi zərər yetirildiyi qeyd olunur. Həmçinin, hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatları vurğulanır.

    Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş və qurur nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkilir.

    Sonda, Azərbaycan Prezidentinin sərəncamı ilə “20 Yanvar Şəhidləri” ailələrinin dövlət himayəsi altına alındığı və onların hər cür ehtiyaclarının qarşılandığı qeyd olunur, Azərbaycan xalqının da öz qəhrəman oğullarını və qızlarını unutmayaraq hər il yüz minlərlə insanın Şəhidlər Xiyabanını ziyarət etdiyi bildirilir.

  • Allahla yanaşı, bu sözlər də böyük hərflə yazılacaq – Yeni orfoqrafiya qaydaları

    İddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılıb. İkincisi, Allah sözü ilə ekvivalent olan Tanrı, Rəbb sözlərinin də ilk hərflərinin böyük hərflə yazılması daha məqsədəuyğundur”.

    Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

    B.Məhərrəmlinin sözlərinə görə, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanıb və ictimaiyyətə geniş müzakirə üçün təqdim olunub. Orfoqrafiya qaydaları yalnız geniş müzakirədən sonra təsdiq olunmaq üçün Nazirlər Kabinetinə göndəriləcək:

    “Son zamanlar mətbuatda bu qaydalarla bağlı müzakirələr aparılır, həm haqlı, həm də haqsız fikirlər səsləndirilir. Hətta bəzi tanınmış ziyalılar yeni orfoqrafiya lüğətinin və qaydalarının tərtibinə ehtiyac olmadığını bildirirlər. Xatırladırıq ki, Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli “Dövlət dili haqqında” Qanununun 13-cü bəndinə əsasən orfoqrafiya lüğəti 5 ildən bir dəyişdirilməlidir. Yəni orfoqrafiya lüğətinin dəyişdirilməsi dövlətimizin qanunu ilə tənzimlənir. Dilçilik İnstitutu bu işi özbaşına həyata keçirə bilməz. Əgər yeni orfoqrafiya lüğəti tərtib edilirsə, həmin lüğətin əvvəlində orfoqrafiya qaydaları da verilməlidir. Bu, hər zaman belə olub. Həmin qaydalar da Nazirlər Kabineti tərəfindən təsdiq edilir”.

    B.Məhərrəmli qeyd edib ki, “Orfoqrafiya lüğəti”nin sonuncu, 2013-cü ildə çap olunmuş 110 563 sözdən ibarət 6-cı nəşrində yol verilən qüsurları aradan qaldırmaq üçün yeni orfoqrafiya lüğətinin tərtib olunmasına ehtiyac var:

    “Uzun müddətdir mətbuatda həmin lüğət kifayət qədər tənqid edilmişdir. Çünki həmin lüğətdə artıq dilimizi tərk etmiş ərəb və fars sözləri, süni sözlər, arxaik sözlər, dialekt sözləri yer alıb. Həmin lüğətdə dilimizə daxil olan yeni sözlər öz əksini tapmayıb. Yeni orfoqrafiya lüğətinə iki minə yaxın yeni sözün daxil edilməsi nəzərdə tutulur. Təəssüf ki, mətbuatda bu məsələ ilə bağlı bəzən qərəzli münasibət də öz əksini tapır, verilən informasiyalar reallığı əks etdirmir, elmi dəlillərə əsaslanmayan, həqiqətə uyğun olmayan məlumatlar yayılır. Məlumatlarda göstərilir ki, guya bu qaydalar artıq təsdiqlənmişdir. Halbuki “Yeni orfoqrafiya qaydaları” hələ layihə səviyyəsindədir. Bu qaydaların müzakirəyə verilməsinin məqsədi odur ki, ictimaiyyət yeni qaydalarla tanış olsun və ona münasibət bildirsin, nəticədə, layihə ilə bağlı dəyərli fikirlər sonda nəzərə alınsın. Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu yeni qaydalarla bağlı təklifləri, müsbət fikirləri mütləq nəzərə alacaq, bütün tənqidi mülahizələri təhlil edəcək və ortaq qərar qəbul edəndən sonra Nazirlər Kabinetinə təqdim edəcək. Biz razıyıq ki, qaydalarda kifayət qədər müzakirə olunmalı, izaha ehtiyacı olan məsələlər mövcuddur. Ancaq bu məsələləri səbrlə, təmkinlə həll etmək lazımdır. Bu qaydaların müzakirəsi adı altında Dilçilik İnstitutuna hücum etməyə isə heç bir lüzum yoxdur”.

    B.Məhərrəmli bildirib ki, sosial şəbəkələrdə orfoqrafiya qaydaları ilə bağlı Dilçilik İnstitutunda çalışan alimlərimizin təhqir dolu ifadələrlə alçaldılması nə mədəniyyətimizə, nə də mənəviyyatımıza yaraşan hadisədir.

    İnstitutun direktor müavini əlavə edib ki, müzakirəyə verilən qaydalar 69 maddədən ibarətdir. Əvvəlki lüğətdə isə 38 maddə verilmişdi. Ancaq həmin maddələr yazımızda ortaya çıxan bir sıra sualları cavablandıra bilmirdi:

    “Məsələn, apostrof işarəsi orfoqrafiyamızda ləğv olunandan sonra cürət, məşəl, vüsət tipli sözlərin sətirdən sətrə keçirilməsi məsələsində bir anlaşılmazlıq yaranmışdı. İndiki qaydalarda yazılır ki, həmin sözlər sətirdən sətrə cü-rət, mə-şəl kimi keçirilməlidir. Bu izah da mövcud anlaşılmazlığa son qoyur. Mətbuatda iddia olunur ki, yeni orfoqrafiya qaydalarında Baş Nazir sözünün ilk hərflərinin böyük hərflə yazılması təklif edilir. Halbuki “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində bu qayda verilmişdir, yəni həmin qayda heç də yeni deyil. Eyni zamanda iddia edilir ki, Allah, Quran sözlərinin böyük hərflə yazılması ilk dəfə təklif olunur. Birincisi, Allah və Quran sözləri orfoqrafiya lüğətinin əvvəlki nəşrində də böyük hərflə yazılmışdır. İkincisi, Allah sözü ilə ekvivalent olan Tanrı, Rəbb sözlərinin də ilk hərflərinin böyük hərflə yazılması daha məqsədəuyğundur. Yəni bu tipli məlumatlar sübut edir ki, bəzi insanların əvvəlki qaydalardan xəbəri yoxdur”.

    Qeyd edək ki, Rəbb və Tanrı sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapıb.

  • Bu avtobusların fəaliyyəti dayandırılacaq

    134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib.

    Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində hərəkət edən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. 

    Bakı Nəqliyyat Agentliyindən “Ölkə.Az”a verilən məlumata görə, dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) – “Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin tələbatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.

    Qeyd edək ki, dəyişiklik edilməsinə səbəb 134 nömrəli marşrutun hərəkət sxemi Goradil (Fatmayı) bağları – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilmiş 108 nömrəli müntəzəm marşrutun hərəkət sxemi ilə (“Azadlıq prospekti” metrostansiyasından Goradil qəsəbəsinə “Dəniz” marketə qədər) 76% (29.68 km)  üst-üstə düşməsidir. Məlumat üçün bildiririk ki, eyni səbəbdən 155 nömrəli marşrut xətti isə tamamilə ləvğ edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.
    Yanvar ayının 21-dən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək. Elə həmin tarixdən 155 nömrəli marşrut xətti üzrə avtobusların fəaliyyəti də dayandırılacaq.