Category: Cəmiyyət

  • Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

    20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də, səhər saat 08:00-dan etibarən tədbir tam başa çata qədər paytaxtın Parlament prospektinin Şəhidlər xiyabanı istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq, hərəkət istiqaməti dəyişdiriləcək.

    Bu barədə Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

    Məlumata görə, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-də saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

    Vaqif Əsədov sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırıb:

    “Sürücülərdən xahiş edirik ki, mövcud vəziyyətlə bağlı alternativ yollardan istifadə etsinlər. Ziyarətçilərin də ictimai nəqliyyatlardan istifadə etməsi arzuolunandır. Eyni zamanda həmin gün bir dəqqiqəlik sükut elan edilməsi ilə bağlı (saat 12:00 – red.) həmin ərazidə yol polisi əməkdaşları sürücülərə işarə verdiyi an sürücülər dayanmalı və səs siqnallarından istifadə etməlidir”.

  • Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti İKİ NAZİRLİYƏ verildi

    Son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr sürür.

    Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət (inzibati cərimələr) necədir?

    Qanunda nəzərdə tutulan həmin inzibati xətaları (cərimələri) kim tətbiq edir və ya bu işlərə hansı orqanlar baxmalıdır?

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məsələ ilə bağlı bildirib ki, İnzibati Xətalar Məccələsində bəzi yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutan xüsusi normalar var.

    “Məsələn, İnzibati Xətalar Məccələsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İnzibati Xətalar Məccələsinin 212.2. maddəsi ilə, yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər”.

    Deputat bildirib ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.

    “Belə ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Prezidentin fərmanı var.

    Fərmana əsasən İnzibati Xətalar Məcələsinin 212.1. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, məcəllənin 212.2. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Fövqəladə Hallar Nazirliyi baxır. Deməli, mövcud qanunvericiliyə əsasən, idarə, müəssisə və təşkilatlar barəsində inzibati cərimə tətbiq etmək səlahiyyəti FHN-ə (212.2), fiziki şəxslər barəsində (212.1) isə DİN-ə verilib”.

    V.Hüseynov deyib ki, qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir.

    “Yeni qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, siqaret tütün məmulatlarının bir növüdür. Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir. İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 212-ci maddəsi isə sadəcə siqaretin adını çəkir. Məcəllədə yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar Milli Məclisin yaz sessiyasında dəyişiklik edildikdə bu məsələlər daha aydın müəyyən ediləcək”.

  • Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi – FOTO

    Paris yaxınlığındakı müsəlman qəbiristanlığında Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü… Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün Kulis.az“Gözü yol çəkən məzarlar” adlı yeni layihəyə başlayır.
     
    Fransa hökuməti hələ Birinci Dünya Müharibəsi illərində bu ölkənin tərəfində vuruşaraq yaralanan müsəlman hərbçilərə xüsusi qayğı göstərib. Bu qayğının təzahürü kimi 1934-cü ildə Fransa uğrunda döyüşən müsəlmanların dəfn edilməsi ucun Paris yaxınlığındakı Bobinyi (fr. De Bobigny) qəsəbəsində xüsusi bir ərazi ayırıb. Bu, o vaxtlar Fransada yeganə müsəlman qəbiristanlığı olub.
     
    1) Azərbaycan parlamentinin sabiq üzvü və Xalq Cümhuriyyətinin ilk nazirlərindən olan Mirzə Əsədullayevin məzarı da Bobinyi qəbiristanlığındadır. O, 1938-ci ildə Parisdə vəfat edib və burada torpağa tapşırılıb.
     
    Mirzə Əsədullayev tanınmış Bakı milyonçusu Şəmsi Əsədullayevin oğludur, 1875-ci ildə Bakının Əmircan kəndində dünyaya gəlib. Azərbaycan müstəqilliyini elan etdikdən sonra parlamentə üzv seçilib. Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi üçüncü hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini tutub.


    1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra həbs edilib. Lakin tezliklə həbsdən azad olunub və ailəsi ilə birlikdə Fransaya köçüb. 1927-ci ildə Parisdə Azərbaycan Neft Sənayeçiləri İttifaqı adlı təşkilat yaradıb və həmin təşkilatın prezidenti olub.
     
    1938-ci il aprelin 14-də Parisdə vəfat edib və Bobinyi qəbiristanlığında dəfn olunub.

    2) Mirzə Əsədullayevin 20 yaşlı qardaşı oğlu Nadir Əsədullayev isə əmisinin yanında dəfn edilib. O, 1939-cu ildə vəfat edib. Nadir Əsədullayevin anası Hacı Zeynalabdin Tağıyevin qızı Leyla xanım olub. Bir vaxtlar Bakının iki ən varlı adamının – Şəmsi Əsədullayev və Hacı Zeynalabdin Tağıyevin nəvəsi olan nakam gəncin qəbri indi belədir… Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasından sonra bir çox məşhur mülkədarların övladları da yaşayış yeri kimi Fransanı seçiblər.
     

    3) Əkbər ağa Şeyxülislamov: 1891-ci ildə doğulub. Peterburq Dəmiryol Mühəndisləri İnstitutunda təhsil alıb. Zaqafqaziya Seyminin üzvü olub. 27 yaşında müstəqil Azərbaycanın əkinçilik və əmək naziri vəzifəsinə təyin edilib. 1919-cu ilin yanvarından Paris Sulh Konfransında Azərbaycan nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərib. 1920-ci ildən mühacirətdə qalmağa məcbur olub. 1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzinin üzvü olub, Qafqazın İstiqlal Komitəsində Milli Mərkəzi təmsil edib.

    Ömrünün sonuna qədər Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb. Əkbər ağanın qəbri, bir vaxtlar sözün əsil mənasında itmək üzrə olub. Ramiz Abutalıbovun sözlərinə görə, vaxtilə onu bu qəbiristanlığa başqa bir mühacir soydaşımız – Qədir Süleymanov aparıb.

    O, Əkbər ağanın qəbrinin təxmini yerini göstərə bilib. Çünki qəbir tamamilə tanınmaz vəziyyətdə olub. Məzar Ramiz Abutaıbovun təklifi ilə Azərbaycan dövləti tərəfindən bərpa olunub.

    Orda dəfn olunan azərbaycanlıların siyahısı:
     
    1. Akbərağa Şeyxülislamov, Azərbaycan Cümhuriyyət naziri,
    2. Əsədullayev Mirzə, Azərbaycan Cümhuriyyət naziri,
    3. Əsədullayev Nadir
    4. Xurşhud xanım Vəzirova (heç bir məlumat yoxdur)
    5. Zülqadar Anouşiravan (Allahyar bəy Zülqadarovun oğlu)
    6. Havar xanım Çermoeva (Dağlılar respublikasının prezidenti Abdul Məcid Çermoevin həyat yoldaşı).
    7. Mahrux xanım Zülqadar (Allahyar bəy Zülqadarovun oğlu Əli bəyin həyat yoldaşı).
    8. Bir məzarda iki nəfər Gogoberidze ve Axundov (adları oxunmur)

  • Əxlaqsızlığını siğə ilə pərdələyən müsəlman

    “Çox yaxşı, namaz qılan oğlandır”. Adətən belə deyirlər. Yəni əgər namaz qılandırsa, deməli süddən çıxmış ağ qaşıqdır, heç bir qüsuru yoxdur.
     
    Ya da “namazqılan qızdır, nə eyibi olacaq?” Qəribə təfəkkürdür. Deməli namaz qılan qızdırsa, digərlərindən üstündür. Nə qədər yanlış bir düşüncə tərzi.
     
    Elə adam tanıyıram ki, günahını yumaq, tövbə etmək üçün namaz qılır. Həm də tövbələrin sayı yoxdur.
     
    Əksəriyyətin dinə baxışı yanlışdır. Ona görə sui-istifadə edirik, dinlə pərdələnirik. Amma yenə də eybimiz görünür.
     
    Məsələn, mən hicab taxıb, bir müddətdən sonra ondan imtina edib açıq-saçıq geyinənləri anlaya bilmirəm. O nə idi, bu nədir?
     
    Tanıdığım iki bacı var. İkisi də hicablı idi. Böyüyü evli idi, həyat yoldaşı onun qapalı olmasını qəbul edir və dəstəkləyirdi.
     
    Kiçik bacı subay idi, böyük bacısından görüb-götürürdü. Məclislərdə Qurandan ayələr oxuyurdu.
     
    Bir müddətdən sonra kiçik bacı da ailə qurdu. İki övladı oldu. Çox da sabit fikirli olmayan kişi evlilikdən az sonra başqa qadınlara nəzər salmağa başladı.
     
    Yəqin ki, evliliklərində də bəzi-para anlaşılmazlıqlar var idi.
     
    Sözün qısası, kişi başqa bir qadınla tanış olub evi tərk etdi. Hicablı qadın iki uşaqla tək-tənha qaldı. Tezliklə rəsmi olaraq boşandılar.
     
    Qadın yanlış olaraq belə düşünməyə başladı ki, həyatında baş vermiş istənməyən hadisələrin səbəbi hicabdır. Və hicabdan birdəfəlik imtina elədi.
     
    İkinci mərhələdə qarderobunu dəyişdi. Qısa ətəklər, dəbli libaslar aldı.
     
    Üçüncü mərhələdə estetik əməliyyat etdirdi. Və tamamilə başqa bir qadına çevrildi. Qısa ətəkli, boyalı sarı saçlı, makiyajlı bu qadını görənlər onun nə vaxtsa hicablı ola biləcəyini ağıllarına belə gətirmirdilər. 
     
    Halbuki hicab onun görünüşünə xələl gətirmirdi, əksinə bir qadın kimi zərafətini vurğulayırdı.
     
    Sadəcə olaraq bu qadın problemi başqa yerdə axtardı.
     
    Əgər hicab münasibətlərdə əngəl idisə, normal evliliyi olan böyük bacısı da bu problemlə qarşılaşa bilərdi.
     
    Və ya özü hicabdan imtina etdikdən sonra həyat yoldaşının qəlbini yenidən qazana bilərdi.
     
    Demək ki, problem hicab deyilmiş.
     
    Və nəticədə hicab bir ailənin gözündə öz dəyərini itirdi, lazımsız əşya kimi bir kənara atıldı. Yəqin ki, bu qadın hər dəfə hicabı gözünə dəyəndə öz küskün taleyi yadına düşür və onu görməmək üçün dolabın ən qaranlıq guşəsinə itələyir.
     
    Bu münasibət isə ona heç də başucalığı gətirmir.
     
    Bu günlərdə mənə “din icazə verir” deyə saysız münasibətlər quran bir qadından danışdılar. Bu qadın oturaq bir tip deyil. Yəni kişilərlə münasibət qurmağı sevən bir qadındır.
     
    Günlərin birində qadın günahlarını yumaq qərarına gəlir və hansısa müqəddəs bir ziyarətgaha gedir. Ziyarətdən gələndən sonra hicab taxır və artıq həyat tərzinin dəyişdiyini elan edir.
     
    Qohum-qonşu da elə bilir ki, həyat tərzini dəyişdiyini etiraf edən qadın artıq ayağını qatlayıb evində oturacaq, saleh əməllər yiyəsi olub övladlarını da yığacaq başına.
     
    Elə qadın özü də bunu inkar eləmir. Ona görə kişilərlə münasibət qurmazdan əvvəl siğə elətdirir.
     
    Qadın deyir ki, əvvəl səhv yolda imiş. Naməhrəmlərlə görüşürmüş. Nə yaxşı, ağlı başına gəlib. Yaşı 40-ı ötəndə islah olub.
     
    Rəfiqələrinə də böyük ciddiyyətlə tövsiyə edir ki, günaha batmayın. Siğə kağızı olmadan intim münasibətdə olmaq böyük qəbahətdir.
     
    Amma sabit fikirli olmadığından, yenə də sevgililərini dəyişməli olur. Hər dəfə də siğə kağızı kara gəlir. Bu kağızla işlərini düzüb-qoşur.
     
    İlahiyyatçılar deyir ki, siğə əxlaqsızlığa dini don geydirmək cəhdidir. İslamda belə anlayış yoxdur. Düzdür, əksini də iddia edirlər.
     
    Hər halda siğənin də öz şərtləri var. Kor-koranə “dinimiz yol verir deyə” hər istədiyini etmək eyibləri ört-basdır etməkdir.
     
    Əgər siğə kağızıyla kiminə bir saatlıq, kiminə beş günlük arvad olan bu qadın özünü düz yola qayıtmış sayırsa, onda ona ancaq ağıl duası kömək edər.//lent.az

  • Qəbiristanlıqlar barədə qanun dəyişdi

    “Bələdiyyələrin statusu haqqında” qanuna edilmiş dəyişikliklər təsdiq edilib. Median.Az AzərTAc-a istinadən xəbər verir ki, qanunun 4-cü maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilib:
     
    1. İkinci abzasda “abadlaşdırılması” sözü “saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz edilsin və həmin abzasda “mərasim” sözündən sonra “və dəfn” sözləri əlavə edilsin.
     
    2. Aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
     
    “Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.”.
     
    Prezidentin digər sərəncamı ilə qanunun 7.2-ci maddəsində “stadionların və idman meydançalarının” sözləri “stadionların, idman meydançalarının və qəbiristanlıqların” sözləri ilə əvəz edilib.

  • Nazirlik azərbaycanlılara qadağa qoyan hotelləri yoxlamağa başladı

    “O cür hotel və hostellər məsuliyyət daşıyır”

    Xəbər verdiyimiz kimi, paytaxt Bakıda bir çox hostel və hotellərə Azərbaycan vətəndaşlarının girişi qadağandır. Bir neçə gün əvvəl “Yeni Müsavat”ın əməkdaşı bu haqda araşdırma aparmışdı və məlum olmuşdu ki, paytaxtın mərkəzində yerləşən “Baygan Hostel”, “Hostel 44″ və ”Old City İnn” hoteli birmənalı olaraq öz qapılarını Azərbaycan vətəndaşlarının üzünə bağlayıb.

    Məsələ ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi də araşdırma aparmağa başlayıb. Bu haqda nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov “Yeni Müsavat”a açıqlamasında qeyd edib: “Bildiririk ki, Azərbaycanda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri turistlərə xidmət göstərdikləri zaman yerli və ya əcnəbi bölgüsü aparmamalı, onların hüquqlarını pozmamalıdılar.

    Mədəniyyət və Turizm Nazirliyi turizm siyasətini aparan dövlət qurumu olaraq, ölkəyə əcnəbi turistlərin cəlb olunması ilə yanaşı, daxili turizmin inkişaf etdirilməsi, daxili turist dövriyyəsinin sayının daha da artırılmasında maraqlıdır. 2017-ci ilin son 6 ayının araşdırılmasına əsasən qeyd etmək olar ki, bu müddətdə daxili turist səfərlərinin sayı təxminən 900000-ə çatıb. Ölkədə turizm sahəsinə göstərilən dövlət dəstəyinin məntiqi nəticəsi olaraq, bu rəqəmlərin 2018-ci ildə daha da artacağı mütəxəssislər tərəfindən proqnozlaşdırılır”.

    Qurum rəsmisi həmçinin qeyd edib ki, istehlakçıların hüquqlarını birbaşa və ya dolası yolla məhdudlaşdırmağa çalışanlar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır: “Yerli turistlərə bu və ya digər formada hər hansı mehmanxana və ona bərabər yerləşdirmə obyektləri tərəfindən xidmət göstərməkdən imtina edilməsi ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu qanunvericiliyə görə, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar”.

    Onu da qeyd edək ki, ölkədə fəaliyyət göstərən bəzi hotellər də var ki, onlar azərbaycanlıların girişinə qadağa qoymasa da, əcnəbi turistlərdən fərqli olaraq yerli vətəndaşlardan nikah sənədi tələb edilir. Dəfələrlə bu məsələ mətbuatda müzakirə edilib, hətta nazir səviyyəsində reaksiya verilib. Belə ki, nazir Əbülfəs Qarayev mətbuata verdiyi açıqlamalarının birində hotellərdə nikah kağızının tələb olunması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd etmişdi ki, qanunvericilikdə belə bir şey yoxdur: “Qanunvericilikdə heç kəs tələb etmir ki, hər hansı nikah kağızı, hansısa izahat verilməlidir. Hesab edirəm ki, əgər insan öz pasportunu təqdim edərək öz otağında yaşayırsa, onun yanına gələn qonaqların haqqında soruşmağa dəyməz”.

    Bütün bunlara baxmayaraq problem hələ də öz həllini tapmayıb.

  • Ramil Usubovdan polislərə sərt XƏBƏRDARLIQ

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, uğurla davam etdirilən hüquq-mühafizə siyasəti, Nazirlik tərəfindən bununla əlaqədar icraya yönəldilən əmr və göstərişlər hesabat dövründə paytaxt polisinin fəaliyyətinə də öz müsbət təsirini göstərib. Ötən il Bakı şəhəri və onun ayrı-ayrı rayonları üzrə əməliyyat şəraitinin kompleks təhlil edildiyi, cinayətkarlığın dinamikasında əsas təmayüllər, neqativ proseslər və dəyişikliklər öyrənilməklə qarşılıqlı əlaqələrin təkmilləşdirildiyi, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflərin hazırlanaraq icra edildiyi diqqətə çatdırılıb.

    Daxili işlər naziri çoxsaylı beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlər zamanı asayişin mühafizəsinin daha da gücləndirilərək mümkün təxribat hallarının qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü xüsusi vurğulayıb.

    Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər istiqamətlərində həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə edib.

    Bildirilib ki, əvvəlki illə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 6, qəsdən adam öldürmə cinayətləri 4,8, soyğunçuluqlar 10, quldurluqlar 16, dələduzluqlar 3,4, avtonəqliyyatın qaçırılması 6,3, xuliqanlıq cinayəti isə 12,2 faiz azalıb.

    Cinayətlərin 80, onun ağır növlərinin 78,7, qeyri-aşkar şəraitdə baş verənlərin 69,7, şəxsiyyət əleyhinə olan cinayətlərin 94,4, o cümlədən qəsdən adam öldürmələrin 92,9, adam öldürməyə cəhdlərin 96,9, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,2, adam oğurluqlarının 80 faizinin açılması təmin olunub.

    Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olduğunu deyən polis general-mayoru M.Seyidov tədbir iştirakçılarıının nəzərinə çatdırıb ki, baş idarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5.301 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 316 bağlı cinayət açılıb. Həmçinin o da qeyd olunub ki, təqsirləndirilən şəxs qismində axtarışda olanların 73,7, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 55,1 faizi tutulub. Narkotiklərlə bağlı aşkar edilmiş 802 fakt üzrə qanunsuz dövriyyədən 272 kiloqramdan çox narkotik vasitə çıxarılıb. 2016-cı illə müqayisədə paytaxtda yol-nəqliyyat hadisələrinin sayı 5,6 faiz, xəsarət alanların sayı isə 20 faiz azalıb, habelə avtoxuliqanlıq edən 92 sürücü barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib. Məruzədə vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işinin il ərzində ciddi nəzarətdə saxlanıldığı, 74.283 ərizə və müraciətin daxil olduğu, 1.915 vətəndaşın qəbul edildiyi bildirilib.

    Baş idarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlara da toxunaraq onların aradan qaldırılması üçün görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

    Məruzə ətrafında çıxış edən aidiyyatı xidmət və rayon polis idarələrinin rəisləri əldə olunmuş müsbət nəticələrdən, həmçinin nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar.

    Müşavirəyə yekun vuran nazir 2017-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.

    Ramil Usubov baş idarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, paytaxt üzrə qeydə alınmış cinayətlərin əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyədən daha çox çıxarılması üçün əməliyyat tədbirlərinin gücləndirilməsini tələb edib.

    Nazir tələb edib ki, hər bir əməkdaş şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini, vəzifə borcunu daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, öz fəaliyyətlərində başlıca məqsəd kimi vətəndaş məmnunluğunu təmin etməlidir.
    General-polkovnik R.Usubov əmin olduğunu bildirib ki, paytaxtın polis orqanlarının şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin ictimai-siyasi, mədəni və idman həyatında mühüm hadisələrlə, beynəlxalq əhəmiyyətli yarışlarla, kütləvi tədbirlərlə, əlamətdar bayramlarla zəngin olacaq bu il də Bakı şəhərində təhlükəsizliyin, əmin-amanlığın yüksək səviyyədə qorunmasına öz töhfəsini verəcək.
     

  • Tahir İmanovdan xalq artistinə cavab: “Nə istəyir, desin”

    Xalq artisti Ramiz Əzizbəylinin “Bəxt üzüyü”nün davamını çəkən “Planet Parni iz Baku” komandasının rəhbərləri Tahir və Cabir İmanov qardaşları barədə inciklik etməsinə qarşı tərəf münasibət bildirib.

    Yenicag.az-a açıqlama verən əməkdar artist Tahir İmanovun xalq artistinə cavabı belə olub:

    “Ramiz Əzizbəyli böyük sənətkarımızdır, Allahdan ona şəfa diləyirik. Qaldı ki, onun bizim barəmizdə mənfi və ya müsbət fikirlərinə, özü bilər, nə deyir, desin. Haqlı da olsa, haqsız da olsa, özü bilər. Bu fikir başqalarına da aiddir. Kim nə istəyir danışsın, biz heç kimə reaksiya verməyəcəyik”.

    “Niyə xalq artistindən xeyir-dua almamısınız?” sualına əməkdar artistin cavabı belə olub:
    “Mən bu məsələyə şərh vermək istəmirəm”.

  • Naxçıvanlı sahibkar sakinlərin suyunu kəsib, balıq saxlamaq istəyir – FOTO

    Xaçmaz rayonundan bir qrup kənd sakini sahibkardan şikayətçidir. Rayonun pərdıqran kənd sakini Əmrah Nurmətovun nümayəndəsi Amil HüseynovCriminal.az saytına yazdığı şikayət məktubunda qeyd edir ki, kənd ərazisindən keçən çaydan içməli su kimi istifadə edirlər. Lakin əslən naxçıvandan olan sahibkar Məcid Bağırov öz biznesinə görə insanları susuz qoyub. 

    Çayın keçdiyi ərazidə bələdiyyədən torpaq alıb və orada balıq saxlamaq üçün süni göl yaradır. Gölü yaratmaq üçün isə çayın istiamətini yaratdığı gölə yönləndirib. 

    A.Hüseynov yazır ki, sakinlərin problemi ilə bağlı lazımı qurumlara müraciət etsə də, tədbir görülmür. Məsələn Susayqıslaq kənd bələdiyyəsinin sədri Mehriban Mustafayeva sakinlərin etirazına məhəl qoymur.

    Bu azmış kimi, M.Bağırov meşə ərazisindəki ağacları kəsərək öz balıq yetişdirəcəyi sahə üçün yol açır. Kəndin keçmiş bələdiyyə sədri olmuş Qaflan adlı şəxs isə sakinlərə ”Mən satmışam, yaxşı eləmişəm. Hara şikayət etsəniz də heç kim mənə bata bilməz” deyir. 
    Məsələ ilə bağlı Xaçmaz rayon icra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. 



















  • Ukraynalı model katibə, “Hilton”da qazaxıstanlı məşuqə, müavinlərə ayda 10 min manat maaş… – EMİN PULLARI BELƏ TALAYIRDI

    Xəbər verdiyimiz kimi, Azərbaycanın və qonşu dövlətlərin hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri məşhur tüfeyli, komfort və bahalı qadınlar həvəskarı Emin Sadiq Moskvada saxlanılaraq Bakıya ekstradisiya edilib. Gur informasiya axınında, əlbəttə ki, bu ad daha vacib hadisə və xəbərlər arasında asanlıqla itə bilərdi. Oxucunu yaxşı mənada heç nə ilə fərqlənməyən bu şəxsin adının və cinayət əməllərinin axtarışları ilə yormamaq üçün onun tarixçəsini qısaca xatırladaq.

     Emin son illərdə virtualaz.org-un dərc etdiyi iqtisadi mövzuda detektivlər seriyasının əsas “qəhrəman”larından biridir.

    Onun bədnam məşhurluğuna gətirib çıxarmış bütün fəaliyyəti neftlə bağlıdır. Bir müddət BP şirkətində çalışıb, lakin tezliklə onu saxtakarlıqda ittiham edərək işdən çıxarıblar. Xarici şirkətlər işçilərinin əliəyrilikləri barədə məlumat verməyi xoşalmırlar və bu başabəla işçinin BP-dəki əməlləri barədə ətraflı məlumat yoxdur. Lakin tam təfərrüatı ilə məlumdur ki, Azərbaycan və Böyük Britaniya vətəndaşı olan Emin Sadiq tezliklə özü neft şirkətinə rəhbərlik etməyə başlayır. Özü də hardasa Afrikada, yaxud Cənubi Amerikada deyil, doğma Azərbaycanda. Bəli, kriminal aləmdə Canik ləqəbi ilə tanınan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev iş adamı Hafiz Məmmədovun “Bahar Operating Company” şirkətini ona həvalə edir.
    Bu şirkəti Canik cinayət yolu ilə ələ keçirmişdi. Kriminal reyder ilhaqı Canikin qudası – keçmiş miuli təhlükəsizlik naziri Eldar Mahmudovun işə qarışmasından sonra baş tutmuşdu. Bu iş üçün Mahmudov MTN-in xüsusi təyinatlılarını göndərmişdi ki, bunların da başında Ziya Məmmədov dururdu. Daha bir keçmiş nazir – bu dəfə nəqliyyat naziri. Əlbəttə, Emin ölkənin maliyyə və güc strukturlarına başucalığı gətirməyən bu işlərdə iştirak edə bilməzdi – o səviyyənin adamı deyildi. Lakin onların məğzi barədə eşitməyə bilməzdi.

    Onu da eşitməyə bilməzdi ki, şirkətin əvvəlki rəhbərliyi qısa müddətdə bir çox mütəxəssislərin fikrincə bitib tükənmiş “Bahar” yatağını nəinki bərpa edə bilmiş, hətta qiymətli karbohidrogenlərin hasilatını kəskin şəkildə artıra bilmişdi. Lakin bir var eşidəsən, bir də var öz sələfinin nümunəsini davam etdirməyi istəyəsən və bacarasan. Emin isə bu keyfiyyətlərdən məhrum idi. İşləmək həvəsi, işə bacarıqlı adamların cəlb edilməsi onluq deyildi. Britaniya vətəndaşlığı alandan sonra Bakıda açdığı “Lacoste” mağazalarının sahibi kimi məşhur olan yeni rəhbər başqa yolla getdi.

    Təyinatından sonrakı elə ilk aylarda o, bütün mütəxəssisləri işdən qovaraq, onların yerinə öz dostlarını və tanışlarını gətirdi və onlara olduqca yüksək əməkhaqları verməyə başladı.

    Misal üçün, katibə kimi özünə kimi-kimi, ukraynalı məşhur model Ninel Kolomiytsevanı gətirdi. Canikin bu cür iri şirkətin rəhbərliyinə belə şübhəli nüfuza malik adamı bilərəkdən gətirib-gətirmədiyini söyləmək çətindir. Emin özü də gizlətmirdi ki, ikili vətəndaşlığa malikdir, halbuki Azərbaycan qanunvericiliyi buna yol vermir. Lakin caniklər və eminlər üçün Azərbaycan qanunları əhəmiyyət kəsb etmirdi, onların başqa dəyərləri vardı. Düzdür, daha yüksək vəzifəni tutan Canik bu barədə açıq danışmırdı, amma Emin heç nəyi gizlətmirdi.

    Bundan əlavə, yaxın ətrafında o deyirdi ki, Əliyevlərin hakimiyyəti altında yaşamaq onluq deyil, bəs burda ancaq varlanmaq lazımdır. Yeri gəlmişkən, o, Bakıdakı mənzilində yaşamırdı, bunu öz şərəfinə sığışdırmırdı. Özünü dahi iş adamı hesab edən Emin şirkətin hesabına ən bahalı otellərdən biri olan “Hilton”da 3200 manata mənzil tutmuşdu.

    Burada o, daha bir gözəlçə – 2004-cü ildə “Miss Qazaxıstan” titulunu qazanmış Kseniya Cibova ilə əylənirdi. Təəssüf ki, əməliyyat şirkətinin bütün rəhbərliyi bu cür yanaşmaları ilə fərqlənirdi. Təcrübəli mütəxəssisləri işdən azad edən Emin Sadiq şirkətin kommersiya üzrə vitse-prezidenti vəzifəsinə neft-qaz sferasından xəbəri olmayan Samir Hüseynovu təyin etmişdi – ayda 11 min manat maaşla! Lakin Emin Sadiq əslində peşəkarları və mütəxəssisləri axtarmırdı, ona pulları sağa-sola səpələməyə imkan yaradan adamlar lazım idi. Əks halda, qalmaqallı “Texnikabank”ın idarə heyətinin keçmiş sədri, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi (dələduzluq, xidməti səlahiyyətlərindən sui-istifadə etmə, sənədlərin saxtalaşdırılması və s…) ilə mühakimə olunan Hüseynov bu cür asanlıqla şirkətin vitse-prezidenti postuna təyin edilməzdi.

    Yeri gəlmişkən, Emini təkcə cinayətlər və pulları talama hərisliyi cəlb etmirdi, şirkət prezidenti özünün siyasi ambisiyaları ilə də alışıb yanırdı. E.Sadiqin ətrafında fətullahçılar az deyildi. Onların arasında icraya nəzarət üzrə vitse-prezident, ayda 10 min manat maaşla vəzifəyə təyin olunan Anar Əliyev, təchizat departamentinin rəis müavini Eldar Məmmədzadə və maliyyə menecerinin müavini Sultan Quliyev (maaşları 4 min manat) yer alırdı. Şirkətdə hələ də başa düşə bilmirlər ki, təzəcə işə qəbul olunmuş strateji planlaşdırma üzrə direktor Əsmər Daşdəmirovaya ayda 10 min manat maaşı nəyə görə verirdilər. Və Emin Sadiq ona cəmi 3 aydan sonra 50 min manat mükafatı niyə yazmışdı.

    Doğrudur, SOCAR-da onun işçiyə həmin mükafatı verməsini əngəlləmişdilər. Hansı ki, bu qızın Bakıda mənzili olduğu halda, şirkətin hesabına “Mariott Absheron” otelində ayı 5 min manata yaşayırdı. “Canik”in adamı hələ uzun müddət bu cür dəbdəbə içərisində üzə, həyatın bütün keyfini çıxara və bahalı xidmətlərdən istifadə edə bilərdi. Ancaq həmin “Canik”in özünü götürdülər, bizim bədnam neft şirkəti prezidenti isə o qədər odun qırmışdı ki, ancaq bir yolu qalırdı – Azərbaycandan mümkün qədər uzağa qaçsın. Təkcə bunu qeyd etmək yetər ki, SOCAR-la razılaşdırmadan Sadiq “Bahar Energy” şirkətindən neftçiləri kütləvi işdən çıxarmışdı və kollektiv hiddətlənib mitinqlər keçirməyə hazırlaşırdı.

    Yeri gəlmişkən, Sadiqin irsi təkcə Bakı ilə yekunlaşmır. Deyilənlərə görə, o, Azərbaycan hüquq-mühafizə orqanlarından qaçandan sonra Qazaxıstanda və digər ölkələrdə də öz maxinasiyaları ilə ad çıxara bilib. Həmin Moskvada isə Sadiqi bir neçə dəfə saxlayıblar, lakin hər dəfə kimsə ona kömək əlini uzadıb. Lakin kəndir nə qədər uzun olsa da, axırda sonu çatacaq. İndi o, əlləri qandallı Bakıya gətirilib. Və öz əməllərinə görə hökmən cavab verəcək. Bunu təkcə ədalət mühakiməsi yox, onun şər əməllərindən zərər çəkən çoxsaylı neftçilər də gözləyir…