Category: Dünya

  • İsrail ordusu Qəzzada silahlı qruplaşmanı məhv etdi

    İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsində silahlı dəstəni məhv ediblər.

    Bu barədə rəsmi açıqlamanı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti yayıb.

    Bildirilib ki, terrorçu qruplaşmanın irəliləməsinə şərait yaradan silahlılar zərərsizləşdirib.

  • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır

    İranda müharibənin başlaması fonunda aviasiya yanacağının kəskin bahalaşması ABŞ-ın iri aviaşirkətlərinə artıq yüz milyonlarla dollar zərər vurub. Nəticədə daşıyıcılar biletlərin qiymətini artırmağa və uçuş sayını azaltmağa hazırlaşırlar.

    Bu barədə “Business Insider” yazır.

    İran müharibəsi başladıqdan sonra Brent markalı neftin qiyməti 41% artaraq təxminən 107 dollar/barel səviyyəsinə yüksəlib. Reaktiv yanacaq isə daha sürətlə bahalaşır və aviaşirkətlər üçün əməkhaqqından sonra ikinci ən böyük xərc maddəsi olaraq qalır.

    “Delta Air Lines” – Bu şirkətin yanacaq xərcləri ötən illə müqayisədə 332 milyon dollar artıb. Bununla belə, “Delta” Pensilvaniyada öz neft emalı zavoduna sahib olduğu üçün müəyyən üstünlüyə malikdir və növbəti rübdə təxminən 300 milyon dollar qənaət edə bilər.

    Şirkətin baş icraçı direktoru Ed Bastian bildirib ki, “Delta” uçuş həcmini “əhəmiyyətli dərəcədə” azaldır və yanacaq qiymətlərinin artımını kompensasiya etməyə çalışır.

    “United Airlines” – Şirkət yanacaq xərclərinin 340 milyon dollar artdığını, bunun ötən illə müqayisədə 12,6% çox olduğunu açıqlayıb. “United” artıq reysləri azaldır və xərcləri tam kompensasiya etməyi planlaşdırır, lakin bunun üçün hər sərnişindən əldə edilən gəlirin 15–20% artırılması tələb olunur.

    Baş direktor Skott Kirbi bildirib ki, 2026-cı ildə tam kompensasiya ehtimalı zəifdir, lakin 2027-ci ildə buna nail oluna bilər. Maliyyə direktoru Mayk Leskinen isə qeyd edib ki, şirkət artan xərcləri sərnişinlərə ötürmək imkanına malikdir.

    “American Airlines” – Şirkət yanacaq və əlaqəli vergilər üzrə xərclərin 13,2% artdığını, bu artımın 341 milyon dollar təşkil etdiyini bildirib. Baş direktor Robert Aysomun sözlərinə görə, şirkət yanvar ayından bəri əlavə 400 milyon dollar xərcləyib. Kommersiya direktoru Nat Pipper isə 2026-cı ildə xərclərin 4 milyard dollara qədər arta biləcəyini qeyd edib.

    “Southwest Airlines” – Şirkət yanacaq xərclərinin birinci rübdə 164 milyon dollar artdığını açıqlayıb. Baş direktor Bob Cordan bildirib ki, yanacaq qiymətləri yüksək qalarsa, bu artım bilet qiymətlərinə ötürüləcək. Şirkət artıq əlavə rüsumları da artırır: baqaj haqqı 10 dollar yüksəldilib. Oxşar addımlar American, Delta və United tərəfindən də atılıb.
    //qaynar.az

  • “WhatsApp” və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu (FOTO)

    İlon Maskın X sosial şəbəkəsi mesajlaşma üçün ayrıca tətbiq – “XChat”ı ictimai istifadəyə açıb. Yeni messencer artıq “iPhone” istifadəçiləri üçün əlçatandır və “WhatsApp”, “Telegram” və digər platformalara birbaşa rəqib kimi təqdim olunur.

    Valyuta.az xəbər verir ki, tətbiqin təsvirinə görə, burada bitkoin protokoluna bənzər E2E şifrələmə, hər iki tərəf üçün yazışmaların silinməsi və ekran görüntüsü və ekran yazısının qadağan edilməsi kimi funksiyalar var. Həmçinin reklamların olmadığı vurğulanır.

    “XChat”a giriş yalnız X hesabı vasitəsilə mümkündür. Yəni tətbiqdən istifadə etmək üçün təkcə messenceri yükləmək kifayət etmir, həm də Maskın sosial şəbəkəsində qeydiyyat tələb olunur.

    Xatırladaq ki, messencerin təqdimatı barədə ilk məlumat 2025-ci ilin iyununda yayılmışdı. O vaxtdan bəri xidmət test rejimində bəzi istifadəçilər üçün açıq idi. Hazırda “XChat” yalnız “iPhone” üçün mövcuddur, Android versiyasının isə daha sonra çıxacağı gözlənilir.

    Media yazır ki, “XChat” sürətlə populyarlıq qazanır: tətbiq “App Store”da iki kateqoriyada – pulsuz tətbiqlər və sosial şəbəkələr bölməsində – birinci yerə yüksəlib.

  • Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Rusiya hərbçiləri Xarkov vilayətinin Boçkovo yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.

  • Volodimir Zelenski: “Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır”

    Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Moskvanın razılığı ilə Rusiya ilə danışıqların növbəti mərhələsini Azərbaycanda keçirməyə hazır olduğunu bildirib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, o, bu açıqlamanı Qəbələdə Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

    Zelenskinin sözlərinə görə, Ukrayna üçtərəfli danışıqlar formatını bərpa etməyə hazırdır.

    “Biz Azərbaycan Prezidentinə üçtərəfli danışıqlara hazır olduğumuzu bildirdik. Bu cür görüşlər artıq Türkiyədə, daha sonra isə İsveçrədə amerikalı tərəfdaşların iştirakı ilə keçirilib. Təbii ki, Rusiya diplomatiyaya hazırdırsa, biz də yaxın gələcəkdə bu cür danışıqları Azərbaycanda keçirə bilərik”, – deyə o qeyd edib.

  • “X” sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdi

    “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) “XChat” adlı mesencer istifadəyə verilib.

    Yeni xidmətin xüsusiyyətləri barədə şirkətin saytında və rəsmi hesablarında məlumat verilib.

    Tətbiq “iOS” əməliyyat sistemi istifadəçiləri üçün əlçatandır. Qeydiyyat telefon nömrəsinə ehtiyac olmadan mövcud “X” sosial şəbəkə hesabı vasitəsilə mümkündür.

    Tərtibatçılar mesencerdə başdan-başa şifrələmənin tətbiq olunduğunu bəyan ediblər.

    Həmçinin elan edilmiş funksiyalar arasında audio və videozənglər, faylların göndərilməsi və qrup çatların yaradılması imkanı var.

    Ayrıca tətbiq daxilində ekran görüntülərinin çəkilməsinin bloklanması funksiyasının mövcudluğu vurğulanır.

  • Ümumdünya Meteorologiya Təşkilatından XƏBƏRDARLIQ: İstilik dalğası yenidən aktivləşəcək

    Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) dünyada havanın kəskin isinməsi ilə xarakterizə olunan “El-Ninyo” iqlim fenomeninin yaxın gələcəkdə yenidən aktivləşəcəyini ehtimal edir.

    Bu məlumat beynəlxalq qurumun hesabatında öz əksini tapıb.

    Agentliyin hesabatında bildirilir ki, 2026-cı ilin ortalarından etibarən qlobal miqyasda yağıntıların miqdarına və temperatur göstəricilərinə təsir edəcək “El-Ninyo” prosesinin bərpa olunacağı gözlənilir. ÜMT ekspertləri artıq ekvatorial Sakit okean sularının üst qatında temperaturun sürətlə artdığını müşahidə edirlər. Analitiklər hesab edirlər ki, mövcud qlobal tendensiya 2026-cı ilin may-iyul aylarında yenidən “El-Ninyo” şəraitinə qayıdış ehtimalından xəbər verir. ÜMT-nin iqlim proqnozları idarəsinin rəhbəri Vilfrank Mufuma Okiyanın açıqlamasına əsasən, bu fenomenin təsir gücü kifayət qədər böyük ola bilər, ancaq dəqiq vəziyyət yalnız aprel ayından sonra müəyyənləşəcək.

    Planetimizin hava və iqlim şəraiti əsas etibarilə “El-Ninyo” və “La-Ninya” (ispan dilindən tərcümədə “oğlan” və “qız” mənasını verir – red.) adlandırılan iki fərqli təbii fenomenin gedişatından asılıdır. Birinci hadisə Sakit okeanın mərkəz və şərq hissələrində suyun səthinin qəfil isinməsi ilə xarakterizə olunursa, ikinci hal əksinə, həmin suların soyuması ilə müşayiət edilir. Bir neçə ildən bir bir-birini əvəz edən “El-Ninyo” və “La-Ninya” atmosfer küləklərinin və okean cərəyanlarının hərəkətində ciddi fərqlər yaradır. Nəticə etibarilə, bu cür iqlim dəyişiklikləri yer üzünün bəzi bölgələrində şiddətli quraqlıqlara, digər yerlərdə isə fəlakətli yağışlara gətirib çıxarır. Nümunə olaraq, ötən əsrin sonlarında Avstraliyada qeydə alınan və 1996-2010-cu illəri əhatə edən “minillik quraqlıq” çox güclü “El-Ninyo” axını nəticəsində yaranmışdı. Bu qlobal böhran yalnız yeni “La-Ninya” dövrünün başlaması ilə sona çatmışdı.
    //oxu.az

  • ABŞ İranla əlaqəli yüzmilyonlarla dollarlıq kriptovalyuta hesablarını dondurub

    ABŞ 344 milyon dollar həcmində İranla əlaqəli kriptovalyuta cüzdanlarını dondurub və Tehranın maliyyə əməliyyatlarını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcəyini açıqlayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

    Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi “İqtisadi qəzəb” kampaniyası çərçivəsində İranın vəsait toplamaq, köçürmək və ölkəyə qaytarmaq imkanlarını sistemli şəkildə məhdudlaşdırmağa davam edəcək.

    Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranla əlaqəli çoxsaylı kriptovalyuta cüzdanlarına qarşı sanksiyalar tətbiq edib və nəticədə 344 milyon dollar dəyərində kriptovalyuta dondurulub.

    “Biz Tehranın ölkədən çıxarmağa çalışdığı bütün vəsaitləri izləyəcək və rejimlə əlaqəli maliyyə kanallarını hədəfə alacağıq”, – deyə Bessent vurğulayıb.

    Paralel olaraq ABŞ Maliyyə Nazirliyi İranın “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən təxminən 40 gəmiçilik şirkəti və tankerə qarşı da sanksiyalar tətbiq edib. Bundan əlavə, Çinin Dalian şəhərində yerləşən “Hengli Petrochemical” şirkətinə də İran yanacağının “qanunsuz ticarəti” ilə əlaqədar məhdudiyyətlər qoyulub.

  • “Porsche” “Bugatti” brendindən imtina edir

    Almaniyanın idman və lüks avtomobil istehsalçısı “Porsche” şirkəti “Bugatti Rimac” və “Rimac Group” şirkətlərindəki payının beynəlxalq investorlar konsorsiumuna satıldığını elan edib.

    Median.Az TASS-a istinadən xəbərinə görə, bu barədə şirkətdən açıqlama verilib.

    Məlumata görə, “Porsche” “Bugatti Rimac” və “Rimac Group” şirkətlərindəki payını Nyu-Yorkdan olan “HOF Capital” investisiya şirkətinin rəhbərlik etdiyi konsorsiuma satmağa razılıq verib.

    “Əməliyyat üzrə müvafiq müqavilələr aprelin 24-də imzalanıb. Yekun müqavilələr müvafiq tənzimləyici orqanların təsdiqləri də daxil olmaqla, standart ilkin şərtlərin yerinə yetirilməsindən asılıdır”, – deyə şirkət açıqlamasında bildirib.

    “Porsche” və “Rimac Group” şirkəti 2021-ci ildə “Bugatti Rimac” birgə müəssisəsini təsis ediblər.

    “Bu birgə müəssisədə “Porsche” 45%-lik minoritar (minoritar paket – ölçüsü müəssisənin səhmlərinin 50%-dən az olan səhmlər bloku) paketə sahibdir, “Rimac Group” isə 55% paya sahibdir. Bundan əlavə, “Porsche” “Rimac Group”un özündə də 20.6% paya sahibdir. Elan edilən müqavilə çərçivəsində “Porsche” səhmlərini “HOF Capital”ın rəhbərlik etdiyi konsorsiuma satmaqla, hər iki şirkətin kapitalından tamamilə çıxacaq. Bu konsorsiuma ən böyük investor kimi “BlueFive Capital”, eləcə də ABŞ və Aİ-dən olan institusional investorlar qrupu daxildir. Müqavilə başa çatdıqdan sonra “Rimac Group” “Bugatti Rimac”ı öz nəzarətinə götürmək və gələcək böyüməni dəstəkləmək üçün “HOF Capital” və “BlueFive Capital” ilə strateji tərəfdaşlıq qurmaq niyyətindədir”, – deyə açıqlamada qeyd edilib.

  • Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı

    Everest zirvəsinə gedən marşrutda böyük buz kütləsi uçub, nəticədə yüzlərlə səyahətçi və bələdçi baza düşərgəsində mühasirədə qalıb. Yer kürəsinin ən hündür dağına yürüşlər qeyri-müəyyən vaxtadək dayandırılıb.

    Bu barədə “The Guardian” nəşri Nepalın Alpinizm Departamentinə istinadla məlumat paylaşıb.

    Qurumun təmsilçisi Himal Qautamın sözlərinə görə, baza düşərgəsi ilə birinci düşərgə arasındakı buz təbəqələri kəskin dərəcədə qeyri-sabitləşib və insan həyatı üçün böyük risk yaradır. Mövcud şərait rəsmi orqanlar və ekspedisiya rəhbərləri tərəfindən diqqətlə yoxlanılır, buna baxmayaraq, alpinistlər hələ ki, gözləmə mövqeyindədirlər.

    Rəsmi statistikaya əsasən, yaz mövsümündə dırmanmaq üçün 410 xarici vətəndaş artıq lisenziya əldə edib. Qaydalara görə, xüsusi buzqıran qruplar marşrutu aprel ayının ortalarınadək təmizləməlidirlər, ancaq bu il təhlükə səviyyəsi həddindən artıqdır. Yerli komitə rəhbəri Lama Kazi Şerpa isə qeyd edib ki, hazırda riskli buzlağın təbii yolla əriməsini gözləməkdən başqa çarə yoxdur.

    Xumbu buzlağının təxminən onmərtəbəli bina hündürlüyündə olan bu zonası ən təhlükəli ərazi kimi tanınır. Xatırladaq ki, 2014-cü ildə qopan buz kütləsi 16 bələdçinin həyatına son qoymuşdu. Yürüşlərin əsas mərhələsinin gələn ay, hava şəraiti nisbətən normallaşdıqdan sonra başlaması proqnozlaşdırılır.
    //oxu.az