Category: Dünya

  • Aİ-nin Tbilisidəki səfiri Gürcüstan XİN-ə çağırıldı – SƏBƏB

    Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinski Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb onun Gürcüstan hakimiyyətinin siyasətini çox sərt tənqid etməsidir.

    Bu barədə məlumat nazirliyin saytında dərc olunub.

    “Xarici işlər naziri Maka Boçorişvili səfirlə görüşdə vurğulayıb ki, Brüsselin Gürcüstana qarşı hazırkı siyasəti, rəsmi Tbilisi ilə bağlı atılan addımlar və verilən bəyanatlar tərəflər arasında etimadı sarsıdır və tərəfdaşlığa xələl gətirir”, – deyə açıqlamada qeyd edilib:

    “Təəssüf ki, Brüsselin hərəkətləri yalnız Gürcüstan cəmiyyətini daha da qütbləşdirmək və radikal gündəmi təşviq etmək istiqamətində atılan addımlar kimi qəbul edilə bilər”.

    Nazir qeyd edib ki, Gürcüstan hökuməti konstruktiv dialoqa hazır olduğunu ardıcıl olaraq ifadə edib və Avropa İttifaqından ədalətli və hörmətli münasibət gözləyir.

    Xatırladaq ki, bundan əvvəl Herçinski mətbuat nümayəndələrinə bildirib ki, Avropa İttifaqı gürcü xalqının zorakılığa, vətəndaş müharibəsinə, yoxsulluğa, korrupsiyaya və qaranlıq dövrə qayıtmasına imkan verməməlidir.

  • Günəşdə iki partlayış baş verib

    Aprelin 27-də Günəşdə sondan əvvəlki güc sinfinə aid iki partlayış qeydə alınıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Aprelin 27-də Moskva vaxtı ilə saat 01:57-də (Bakı vaxtı ilə saat 02:57) 4420 günəş ləkəsi qrupunda (N15W18) rentgen diapazonunda 11 dəqiqə davam edən M6.0 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 09:45-də (Bakı vaxtı ilə saat 10:45) 4425 günəş ləkəsi qrupunda (N08E51) rentgen diapazonunda 23 dəqiqə davam edən M1.1 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Bundan əlavə, qeyd olunub ki, həftəsonu ərzində Günəşdə M sinfindən olan 6 partlayış baş verib.

    Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • Monqolustanda güclü zəlzələ oldu

    Monqolustanın qərbində 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

    Məlumata görə, Moskva vaxtı ilə saat 07:23-də (Bakı vaxtı ilə 08:23 – red.) baş vermiş yeraltı təkanların episentri Rusiya-Monqolustan sərhədindən təxminən 400 kilometr, Monqolustanın Çinlə sərhədindən isə 150 kilometr məsafədə yerləşib.

    Məlumata görə, episentrdə seysmik hadisənin intensivliyi MSK-64 şkalası üzrə 9.1 bal olub.

    İtki və dağıntı barədə məlumat verilməyib.

  • Vaşinqtonda atəş açılan tədbirdən qaçanlar spirtli içkiləri niyə götürüblər?

    “Aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının atışma baş verən tədbirində iştirak edən qonaqlar özləri ilə spirtli içki şüşələrini aparıblar”.

    Bu barədə “The New York Post” qəzeti məlumat yayıb. Nəşrin xəbərinə əsasən, Prezident Donald Trampın da qatıldığı tədbirdə atəş açılması səbəbindən iştirakçılar “Washington Hilton” otelinin banket zalını tərk edərkən, bəzi şəxslər yemək masasına yaxınlaşaraq spirtli içki şüşələrini götürərək otaqdan çıxıblar. Bu anlar kameralar tərəfindən qeydə alınıb və həmin görüntülər internet resurslarında geniş yayılıb. Qəzet əlavə edib ki, bu hərəkəti edən tədbir iştirakçılarının şəxsiyyəti hələlik müəyyən edilməyib.

    Sosial şəbəkələrdə insanların bir qismi dəvət olunmuş qonaqların bu hərəkətini biabırçılıq adlandırıblar. Digərləri isə qəbulda iştirak haqqının 350 dollardan çox olduğunu və tədbirin vaxtından əvvəl başa çatdığını əsas gətirərək, bu cür davranışın normal olduğunu qeyd ediblər.
    //oxu.az

  • Somalidə daha bir yük gəmisi qaçırıldı

    Somalidə, Qarakad yaşayış məntəqəsindən altı dəniz mili şimal-şərqdə yük gəmisi qaçırılıb.

    Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

    İddia edilir ki, naməlum şəxslər yük gəmisini ələ keçirib, Somalinin ərazi suları istiqamətində irəliləyirlər.

    Qeyd edək ki, daha əvvəl Somali dəniz quldurları 18 min barel neft daşıyan “Honour 25” gəmisini də qaçırıblar.

  • Rusiyalı milyarderin yaxtası Hörmüz boğazından keçib – FOTO

    Rusiyalı milyarder Aleksey Mordaşova məxsus 142 metrlik “Nord” superyaxtası aprelin 25-nə keçən gecə Hörmüz boğazından keçib.

    Bu barədə “Delovoy Peterburq” nəşri “Marinetraffic” xidmətinin məlumatlarına istinadən məlumat yayıb.

    Bildirilib ki, gəmi aprelin 24-də Dubay limanından çıxaraq Oman istiqamətinə yollanıb. Məlumata görə, beynəlxalq məhdudiyyətlərə baxmayaraq, yaxta boğazdan uğurla keçə bilib.

    Bundan əvvəl isə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından gizli keçməyə çalışan iki gəmini saxladığı bildirilmişdi.

    //oxu.az

  • Şəkil çəkdirməyi sevənlər üçün yeni platforma istifadəyə verilir

    “Instagram” şirkəti şəkil mübadiləsi üçün nəzərdə tutulan yeni “Instants” tətbiqinin sınaqlarına başlayıb.

    Bu barədə “TechCrunch” məlumat yayıb. Bildirilib ki, hazırda İtaliya və İspaniyada istifadəçilər üçün əlçatan olan bu xidmət vasitəsilə 24 saat ərzində mövcud olan və yalnız bir dəfə baxıla bilən fotolar göndərmək mümkündür.

    Proqram ani və sürətli paylaşımlara yönəlib: istifadəçilər qalereyadan şəkil yükləmək və ya redaktə etmək imkanı olmadan yalnız bir toxunuşla foto çəkirlər. Sadəcə mətn əlavə etməyə icazə verilir və bütün kadrlar yalnız daxili kamera vasitəsilə yaradılır. Şirkətdən bildirirlər ki, “Instants” redaktə edilmiş məzmunla dolu əsas “Instagram”dan fərqli olaraq, daha təbii və sərbəst ünsiyyət vasitəsi kimi düşünülüb.

    Yeni xidmət yoxa çıxan məzmuna və orijinallığa üstünlük verən “BeReal”, “Locket” və “Snapchat” kimi platformalardan ilhamlanıb. Əvvəllər “Instants” birbaşa “Instagram” daxilində funksiya kimi test edilirdi, lakin indi “Android” və “iOS” sistemlərində müstəqil proqram kimi təqdim olunur.

  • Dünyanın ən romantik 10 şəhəri açıqlanıb

    Dünyanın ən romantik şəhərlərinin siyahısı açıqlanıb.

    Bu barədə səyahət rezervasiyası şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrində qeyd olunub.

    Araşdırma zamanı “Tripadvisor”da qeydiyyatdan keçmiş romantik restoran və hotellərin sayı, cütlüklər üçün məkanlar və “Google” sistemində toylarla bağlı axtarışlar analiz edilib. Nəticədə ilk onluq müəyyənləşdirilib.

    İtaliyanın Venesiya şəhəri 10 üzərindən 9.65 xal toplayaraq Paris və Roma kimi şəhərləri geridə qoyub. Şəhərdə hər 100 min nəfərə düşən romantik restoran və hotellərin sayı ən yüksək olub.

    İkinci yerdə Florensiya, üçüncü yerdə Mərrakeş, dördüncü pillədə Roma, beşinci yerdə Hindistanın Udaypur şəhəri, altıncı yerdə Edinburq (Şotlandiya), yeddinci yerdə London, səkkizinci yeridə isə San-Fransisko qərarlaşıb.

    Reytinqin ilk onluğunu Paris, Vyana və Barselona tamamlayıblar.
    //lent.az

  • Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?

    Bu il Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli fəlakətdən 40 il ötür.

    Qaynarinfo xəbər verir ki, britaniyalı reportyor Çarlz Bremner 26 aprel 1986-cı il partlayışından sonra hadisə yerinə gəldiyi anları “The Times” üçün danışıb.

    “1986-cı ilin may ayının əvvəlində Kopılov sovxozuna çatanda Ukrayna kəndinin yaz mənzərəsi günəş işığı və çiçək açan alma ağacları ilə ideal görünürdü. Lakin şabalıd ağacının altında Qırmızı Ordunun qaranlıq tibbi çadırı bu mənzərəyə narahatlıq hissi qatırdı. Ağ xalatlı və yüksək çəkməli tibb işçiləri, Çernobılın zədələnmiş reaktorundan cəmi 17 mil (27 kilometr) məsafədə yerləşən evlərindən yeni çıxarılmış kəndli ailələrini dozimetrlərlə yoxlayırdı”, deyə jurnalist bildirib.

    Onun sözlərinə görə, bu, soyuq müharibənin son dövrü idi. Qəza internetin mövcud olmadığı dövrdə baş verdiyi üçün sovet hakimiyyəti bütün ictimai məlumatları nəzarətdə saxlaya bilirdi:

    “Mən o vaxt “Reuters” informasiya agentliyinin Moskva bürosunun rəhbəri idim. Ofisdə yalnız telefonlar və teleqraflar var idi: KQB bizi diqqətlə izləyirdi, səfərlər üçün icazələr tələb olunurdu və Qərb jurnalistləri ilə ünsiyyətə görə insanlar cəzalandırıla bilərdi”.

    Lakin 26 apreldə İsveç müşahidəçilərinin Ukrayna ərazisindən radiasiya sızması barədə məlumat yaymasından sonra dünya xəbər tələb edirdi.

    “Biz axşama qədər 8-ə saat gözlədik, sonra Kremlin mediada 4 cümləlik açıqlaması yayımlandı. Orada Çernobılda qəza baş verdiyi, lakin “nəticələrin aradan qaldırılması üçün tədbirlər görüldüyü” deyilirdi”, deyə reportyor xatırlayıb.

    Beləliklə, Kreml dünyanın ən böyük nüvə fəlakətinin miqyasını gizlətməyə çalışırdı. Məlum olduğu kimi, sovet hakimiyyəti Moskvadakı rəhbərliyə belə tam məlumat verməmişdi, halbuki atmosferə ölümcül radioaktiv hissəciklər yayılırdı və dünya hələ də isti reaktor nüvəsinin peyk görüntülərinə sahib idi. Rəsmi məlumatlara görə, 2 nəfər ölüb, 240 nəfər yaralanıb, 84 min insan Çernobıl zonasından evakuasiya edilib.

    Məlumatın olmaması xarici mediada minlərlə ölüm barədə şayiələrə səbəb olurdu və bunlar “antisovet təbliğatı” kimi rədd edilirdi. Xarici səfirliklər və kəşfiyyat xidmətləri kimi jurnalistlər də məlumat əldə etməyə çalışırdı.

    Bremner bildirib ki, onun daxil olduğu qrup 8 mayda Kiyevə dövlət təyyarəsi ilə aparılıb və onlara hər şeyin nəzarətdə olduğu deyilib.

    “İnsanlar parklarda gəzirdi və həyat zahirən normal görünürdü, amma bəzi əlamətlər bunun belə olmadığını göstərirdi. Kiyev vağzalında bilet almağa çalışan insanlar uzun növbələr yaradırdı. Küçələrdə yük maşınları yuyulurdu, məktəblər “erkən tətilə bağlanmışdı”, insanlara isə pəncərələri bağlı saxlamaq tapşırılmışdı”, deyə müəllif qeyd edib.

    O həmçinin bildirib ki, uşaqlar dozimetrlə yoxlanılarkən həkim evakuasiya edilən hər 1000 nəfərdən yalnız üçünün xəstəxanaya yerləşdirildiyini deyib.

    80 yaşlı Marına İlyiçenko isə ailə evinin fotosunu göstərərək belə deyib:

    “Onlar gəlib hər şeyi izah etdilər və bizi buraya gətirdilər. Bir neçə əşya, iki-üç kiçik yorğan və yastıq götürdüm. Yeni ev tikmişdik. İtimizi orada qoymalı olduq. Bu gün evə qayıtmaq istərdim, amma bizə deyəndə qayıdacağıq”.

    Jurnalistlər Moskvaya qayıtdıqda ABŞ səfirliyinin ekspertləri onların geyimlərinin çirkləndiyini bildirərək onları atmağı tövsiyə ediblər.

    “20 mil (32 km) radiusda evakuasiyanın gecikməsi qurbanların sayını artırdı. Rəsmi məlumatlara görə, ilk üç ayda 31 nəfər radiasiya və yanıq nəticəsində ölüb. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, sonradan Çernobıl radiasiyası ilə bağlı xərçəngdən təxminən 4 000 nəfər həyatını itirib”, deyə Bremner qeyd edib.

    O, həmçinin evakuasiya edilənlər arasında 18 yaşlı bir qızın sözlərini xatırladıb:

    “Əgər radiasiya güclü olsaydı, bizi çıxarardılar. Biz bunu düşünürdük, amma nə edə bilərdik?”

  • Ərdoğan Quran oxudu – Video

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çamlıca məscidində Quranı əzbərləyən 333 tələbə üçün keçirilən məzun mərasimində iştirak edib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə Ərdoğan Quran oxuyub.

    Prezident Ərdoğan Çamlıca məscidində tələbələrin “Allahu Əkbər” sədaları ilə qarşılanıb. Prezident Ərdoğan mərasim zamanı “Əşr-i Şərif” oxuyub.

    O, mərasimdən sonra iştirakçılarla birlikdə cümə namazı qılıb. Xütbə türk, ərəb, ingilis və yapon dillərində oxunub.

    Ərdoğanın bu görüntüləri sosial mediada sürətlə yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.