Category: Dünya

  • Qahirədə terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO

    Müşahidə kamerasına düşmüş görüntüdə iki polis əməkdaşının velosipeddə olan və özünü şübhəli aparan kişiyə yaxınlaşmalarını, onu saxlamağa çalışdıqları an partlayışın baş verdiyini görmək olur.

    Median.Az oxu.az-a istinadən bildirir ki, terrorçu kamikadzenin 37 yaşlı Həsən Abdulla olduğu müəyyənləşib. Misir Daxili İşlər Naziliyinin bəyanatına əsasən, terrorçu partlayışı törətməzdən bir neçə saat əvvəl asayiş keşikçilərinin nəzərini cəlb edib. Onun velosipedi ilə şəhərdə gəzərək, hücum üçün hədəf axtardığı bildirilir.

    Rəsmi məlumata əsasən, hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, üç nəfər yaralanıb. Ancaq Abdullanın intihar partlayışı törətdiyi dəqiq deyil. Belə ki, onun üzərindəki kustar üsulla hazırlanmış partlayıcı qurğunun ehtiyatsızlıq nəticəsində işə düşdüyü istisna edilmir.

    Oxşar hadisə Qahirədə ötən ilin sentyabr ayında da qeydə alınıb. Terrorçu içində partlayıcı qurğu olan çantanı hasardan ABŞ səfirliyinin ərazisinə atmağa çalışsa da, o, vaxtından əvvəl işə düşüb.

  • ABŞ-da öldürülən azərbaycanlı gəncin qatili tutuldu

    ABŞ polisi mobil telefonların təmiri mağazasının sahibi olmuş azərbaycanlı gənc Elçin Xəlilovun qatili Tayron Lamark Milleri Texas ştatının Dallas şəhərində həbs edib.

    Elçin bu il yanvarın 14-də, səhər saatlarında Şimali Karolina ştatının Şarlott şəhərində yerləşən öz mağazasında qarət cəhdi zamanı qətlə yetirilib.

    Azərbaycanlı gəncin qətlindən sonra polis Millerin videosunu yayıb və Federal Təhqiqat Bürosu qatilin həbs olunması üçün onun yeri barədə informasiya verənlərə 15 min dollar məbləğində mükafat təyin edib. Qatilə qarşı adam öldürmə, təhlükəli silahla qarət və odlu silah gəzdirmə maddələri üzrə cinayət işi qaldırılıb.Polisin məlumatına görə, Miller mağazanı qarət edərkən Elçin heç bir müqavimət göstərməyib. Xəlilov xəstəxanaya çatdırılıb və boyun nahiyəsindən aldığı yaradan dünyasını dəyişib. 29 yaşlı azərbaycanlı gənc əslən Sumqayıt şəhərindən olub.

  • Canavarlar kəndlərə hücum edir – Nazirlik hərəkətə keçdi

    Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrupu yaradılıb.

    Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    ETSN-nin və “Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət İşçi Qrupu vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.

  • 16 ştat Trampı məhkəməyə verdi

    ABŞ-ın 16 ştatının rəhbərliyindən ibarət koalisiya (başda Kaliforniya ştatı olmaqla – red.) Meksika divarının maliyyələşməsi məqsədilə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən prezident Donald Trampı məhkəməyə verib.

    Bu barədə BBC məlumat yayıb.

    Kollektiv şikayət ərizəsi Kaliforniya ştatının Northern District məhkəməsinə təqdim olunub.

    Qeyd edək ki, bir neçə gün əvvəl Ağ Ev rəhbəri hələ prezident seçilməzdən əvvəl vəd etdiyi Meksika divarının inşası üçün ona əngəl olan Konqresin öhdəsindən gəlmək məqsədilə Birləşmiş Ştatlar ərazisində fövqəladə vəziyyət elan edib.

    Trampın bu addımla səlahiyyətlərini aşdığını iddia edən demokratlar hər vəchlə onun ləğvinə nail olmağa çalışacaqlarını bildirib.

    Kaliforniyanın baş prokuroru Xavyer Bekkera prezidentin vəzifəsindən sui-istifadə etməsinə əngəl olmaq üçün Trampı məhkəməyə verdiklərini açıqlayıb.

    “Vergi ödəyicilərindən yığılmış və Konqresin qanuni şəkildə ştatların əhalisi üçün ayırdığı vəsaitdən özbaşına istifadəsini dayandırmaq üçün prezident Trampı məhkəməyə veririk”, – deyə Bekkera bildirib.

  • Yeni Zelandiyada “Google” və “Facebook” üçün yeni vergilər barədə düşünürlər

    Yeni Zelandiya hökuməti “Google” və “Facebook” kimi informasiya texnologiyaları nəhəngləri üçün vergiləri artırmağa hazırlaşır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Yeni Zelandiyanın Baş naziri Casinda Arden bu kompaniyaların ölkədə böyük pullar qazandıqları, lakin büdcəyə az vəsait ödədikləri üçün hazırkı vergi sisteminin ədalətli olmadığını hesab edir.

    Bununla bağlı hökumət beynəlxalq informasiya texnologiyaları kompaniyalarına Yeni Zelandiyada əldə etdikləri gəlirlərinin 2-3 faizi həcmində vergi tətbiq etmək istəyir. Analoji qərarın bu sahədə vergi qanunvericiliyini dəyişməyə hazırlaşan digər dövlətlər tərəfindən də müzakirə edildiyi bildirilir.

    Yeni Zelandiyada yeni vergilər artıq növbəti ildən tətbiq oluna bilər.

  • Honkonqda “ağıllı” həbsxanalar hazırlanır

    Honkonq İslah Xidməti İdarəsi “ağıllı” həbsxanalar hazırlamaq niyyətini elan edib. Belə həbsxanalarda avtomatlaşdırılmış sistemlər məhbusların izlənməsi prosesinin bir hissəsini öz üzərinə götürəcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni sistem cəzaların çəkilməsini daha effektiv, insanların həbsxanada olmasını daha təhlükəsiz etməyə imkan verəcək. Bundan başqa, nəzarətçilərin xidməti daha təhlükəsiz olacaq.

    Cəzaçəkmə müəssisələrində əsas çətinlik məhbuslara nəzarət edilməsidir, onların sayı bəzən nəzarətçilərin sayını ötə bilər. Honkonq həbsxanalarında nəzarətçilər xidmətinin asanlaşdırılması üçün bir neçə “ağıllı” sistem quraşdırmaq planlaşdırılır.

    Məsələn, Honkonq İslah Xidməti İdarəsi bütün məhbusları ditnes-trekerlə təchiz etməyi planlaşdırır, istənilən vaxtda məhbusların yerini və onların nəbzini izləmək mümkün olacaq. Kameralarda qeyri-adi davranış, dava-dalaş hallarını və məhbusların özlərinə zərər vurmaq cəhdlərini tanımaq qabiliyyətinə malik videomüşahidə sistemlərinin quraşdırılması nəzərdə tutulur.

  • Gürcüstanda qrip virusunun daha çox yayılmasının səbəbləri açıqlanıb

    Son vaxtlar qrip virusunun, xüsusən də “donuz qripi”nin Gürcüstanda daha çox yayılması ilə bağlı müxtəlif fikirlər səslənir.

    Median.Az xəbər verir ki, bəzi ekspertlər qonşu ölkələrlə müqayisədə Gürcüstanda qripin daha çox yayıldığını bildirirlər və bunun səbəblərini araşdırırlar. Bildirilir ki, Gürcüstanda vəziyyətin daha kəskin olmasının ciddi səbəbləri var: Gürcüstan güclü islahatlar həyata keçirib, Avropa standartlarına uyğun klinikalar yaratsa da, xəstəliklərə mərkəzləşdirilmiş nəzarət zəifləyib.

    Mütəxəssislərin fikrincə, bu gün Xəstəliklərə Nəzarət Milli Mərkəzinin istər sərhədlərə nəzarət, istərsə də virusla bağlı vəziyyətə təsir edəcək mexanizmləri yoxdur. Epidemioloji təhlükəsizliyə cavabdeh olan xidmət orqanları isə demək olar ki, fəaliyyət göstərmir. Ona görə də virusoloji xəstəliklər Gürcüstanda daha çox tüğyan edir.

    Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru, sabiq səhiyyə naziri Amiran Qamkrelidze bildirib ki, hazırda ölkədə əhalinin hər 100 min nəfərindən 186-sı qripə yoluxub. “Donuz qripi”ndən ölənlərin sayı isə 22 nəfərdir. Məktəblərdə demək olar ki, dərslər keçirilmir. Bu, böyük rəqəmdir və ciddi riskdir. Ona görə ki, bu cür hal hətta 2009-2010-cu illərdə də olmayıb.

  • Rusiyada Azərbaycana qarşı növbəti təxribat — FOTO

    25-28 fevral tarixlərində Moskvada “CPM – Collection Premiere Moscow” adlı irimiqyaslı sərgi keçiriləcək. Tədbirdə iştirak üçün təşkilatın saytında (pm-moscow.com) və ya birbaşa olaraq https://service.md-rus.ru/anketa.php saytında qeydiyyatdan keçmək lazımdır.

    Median.Az-ın media.az-a istinadən verdiyi məlumatına görə, saytda bilet sifariş vermək istəyən zaman əlaqə məlumatları bölməsində (ölkələrin göstərildiyi bənddə) “Dağlıq Qarabağ Respublikası” adı peyda olur.

    Halbuki tədbirin keçirildiyi ölkə, yəni Rusiya Federasiyası, dünyanın digər ölkələri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır.

    Qeyd etmək lazımdır ki, bu sərgi Almaniyanın “Messe Düseldorf Moskva” MMC şirkəti və “İgedo Company” şirkəti tərəfindən təşkil olunub.

    CPM sərgisi Rusiyanın paytaxtı Moskvada ildə iki dəfə keçirilir. Ekspo mərkəzdə keçirilən sərgidə “CPM Premium”, “CPM accessoires & shoes” və “CPM Body& Beach” seqmentlərində yaradılmış 1418-ə yaxın kolleksiya ilə tanış olmaq üçün 21 min nəfərdən çox (sahə ilə əlaqəsi olan) qonaq iştirak edir. Beynəlxalq tədbiri səkkiz televiziya və radio kanalı və təxminən 300 beynəlxalq jurnalist işıqlandırır.

    Bu barədə Azərbaycan Respublikasının Rusiya və Almaniyadakı səfirlikləri məlumatlandırılıb. Həmçinin, Rusiyadakı diaspor təşkilatların nəzərinə çatdırılıb.

    Azərbaycan XİN mətbuat xidməti məsələni araşdırıb, qısa zamanda məlumat verməyə söz verib.
    Bu arada, Moskvanın Azərbaycan icmasının sədri Şamil Tağıyev Rusiya şirkətlərinin vaxtaşırı olaraq öz ölkələrinin qanunvericiliyini pozduğunu və Qarabağı ayrıca respublika kimi göstərdiyini diqqətə çatdırıb.

    “Yuxarıda qeyd olunan hadisədən başqa, bir gün əvvəl daha iki analoji halla da qarşılaşmışıq. Mobil rabitə xidmətləri göstərən Rusiya telekommunikasiya şirkəti “Meqafon”un saytında – zənglərin tarifləri bölməsində digər ölkələr bəndində “Dağlıq Qarabağ” göstərilib. Azərbaycan isə ayrı qeyd olunub.

    Bundan başqa, “Vostok” dövlət muzeyinin Qafqaza həsr olunmuş zalında xəritə asılıb. Həmin xəritədə “Dağlıq Qarabağ” və onun “paytaxtı” Xankəndi ayrıca göstərilib. Biz hər şeyi muzey əməkdaşlarına izah etdik, bu barədə şikayət və təkliflər kitabında qeydlər apardıq. Bizimlə əlaqə saxlayacaqlarına və məsələni çərşənbə axşamına kimi müzakirə edəcəklərinə söz verdilər. Biz dövlət muzeyinə və “Meqafon” şirkətinə müvafiq məktub göndərəcəyik.

    Sərgiyə gəlincə, onun təşkilatçıları ilə əlaqə yaradıb, situasiyanı aydınlaşdırmağa çalışacağıq. Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Ancaq nədənsə Rusiya ərazisində fəaliyyət göstərən şirkətlər, qanunları pozmağı və bu ölkədə yaşayan və ölkə üçün çalışan azərbaycanlıların heysiyyətinə toxunmağı özlərinə rəva bilirlər”, – deyə Ş.Tağıyev bildirib.

  • Ermənistanın sabiq prezidenti Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb

    Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedraka qarşı cinayət işi qaldırılıb.

    Median.Az Azərtac-a  istinadla xəbər verir ki, istintaq orqanları Sedrak Köçəryana qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürüblər. Sabiq prezidentin oğlundan ölkəni tərk etməmək barədə iltizam alınıb.

    S.Köçəryan, həmçinin “Konqres” mehmanxanasının özəlləşdirilməsi üzrə cinayət işinin istintaqında da ifadə verib. İstintaqa nəzarət edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib ki, Köçəryanın oğulları həmin obyekti 6 milyon dollar rüşvət müqabilində ələ keçiriblər.

  • Polis zabiti “50 Cent”in güllələnməyini əmr edib

    Nyu-York Polis Təşkilatı məşhur reper “50 Cent”i ölümlə hədələyən bruklinli polis zabiti Emanuel Qonzalesi axtarır.

    Median.Az axşam.a-a istinadən xəbər verir ki, Sanset Park bölgəsində rəis müavini olan şəxs 7 iyun 2018-ci il tarixində “50 Cent”in güllələnməsi üçün əmr verib.

    Bununla bağlı reperin özü İnstaqramda post paylaşaraq məlumat yayıb. Nyu-York Polis Təşkilatı isə məsələnin araşdırıldığını söyləyib.

    Qonzalesin bundan başqa, “Love and Lust” adlı klubun sahibini şantaj etməsi də iddialar arasındadır.